12.1. Anket və onun tərtib qaydaları Anket sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun.
Anket— müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır.
Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır.
Anket sualları, adətən, uç əsasa görə fərqləndirilir:
1) məzmununa görə;
2) formasına görə;
3) funksiyasına görə.
Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar:
1) keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar;
2) fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.
Əgər birinci qrupdan olan suallar vasitəsi ilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir.
Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar. Adətən, bu cür suallardan "anketin demoqrafik, hissəsi" və ya "pasportçası" adını almış bölməsi tərtib edilir və anketin sonunda yerləşdirilİr.
Əgər demoqrafik suallar cavabların qəti birmənalılığını nəzərdə tutan dəqiq və tamamilə aydın sözlərlə ifadə olunmuşdursa, onda onlara cavab vermək prosesində özü, adətən, rəyi soruşulanlar üçün xüsusi çətinlik təşkil etmir. Bu çur suallara verilən cavabların doğruluq dərəcəsi olduqca yüksəkdir. Lakin bəzi istisnalar da olur. Əgər respondent anketin anonimliyinə şübhə edərsə və onda verdiyi səmimi cavabları ilə özünə hər hansı bir tərzdə ziyan vura biləcəyi barədə qorxu yaranarsa, onda o, özü haqqında olduqca yanlış məlumatlar verər və ya "pasportçası" ona məhz anonimliyi təmin olunacağında şübhəli görünən suallara cavab verməyə bilər.
Fərdin davranışı və fəaliyyəti məhsulları ilə bağlı və sosioloqun onların köməyi ilə hadisələrlə, faktlarla dolu məlumatlar aldığı suallara gəldikdə isə, onlara verilən cavabların əksəriyyəti həmçinin kifayət qədər düzgün və səmimi olur. Adətən, rəyi soruşulanlar onlara böyük həvəslə və heç bir çətinlik çəkmədən cavab verirlər. Lakin qeyd etmək dazımdır ki, verilən suallar cəmiyyət tərəfindən bəyənilməyən hərəkətlərə və ya respondentin keçmiş həyatında çoxdan olmuş hadisə və hərəkətlərə aid olduqda qeyri-mötəbər cavabların alınacağı ehtimalı kəskin surətdə artır. Birinci halda, hansı davranış tipinin cəmiyyət tərəfindən bəyənildiyini, hansının isə pisləndiyini yaxşı bilən respondent öz həyatının mənfi faktlarını gizlətməyə və hansısa müsbət hərəkətləri həddindən çox şişirtməyə və ya həyatında heç mövcud olmamış davranışı öz ayağına yazmağa meyl göstərəcəkdir. İkinci halda qeyri-mötəbərlilik, yaddaşın səhvləri, respondent tərəfindən hər hansı bir keçmiş hadisənin fikrən canlandırılması çətinliyi nəticəsində yaranır.
Rəyi soruşulanların motivləri, qiymət və rəylərinin aydınlaşdırılmasına yönəldilmiş ikinci qrupun sualları respondentlər üçün birinci qrupdakı suallardan çətindir, buna görə də onlara verilən cavabların düzgünlüyü və səmimiliyi birinci qrupun suallarına verilmiş cavablara nisbətən həmişə daha az olur. Sualların ümumi sayının hər hansı bir cavabsız qalanların çox faizi məhz bu suallara düşür. Məhz həmin suallara cavab verilərkən sosioloq respondentin ya cavab verə bilmədiyi, ya da istəmədiyi halları qeyd edir. Belə hallarda tədqiqatçının vəzifəsi müxtəlif texniki üsullar və vasitələrin köməyi ilə lazımi məlumatların alınmasına nail olmaqdan ibarətdir.
"Niyə?" tipli birbaşa və nəzakətsiz ("Siz niyə belə fikirləşirsiniz?" və s.), respondentdə yalnız mənfi reaksiya və cavab verməmək arzusu doğuran suallar əvəzinə tədqiqatçı detallaşdırılmış suallar silsiləsi tərtib edir və onlara verilən cavabların məcmusu tədqiqatçı respondentdə müəyyən bir rəyin yaranması səbəbləri haqda təsəvvür yaradır.
Respondentin davranış motivasiyasını daha dərindən və düzgün başa düşmək, onun niyyətlərini, yönümlərini üzə çıxartmaq üçün projektiv (xəyali) suallar böyük əhəmiyyətə malikdir: "respondentə onun həyatda rast gələ biləcəyi hallar toplusu təklif olunur və xahiş edilir ki, verilmiş şəraitdə üstün tutulmağa layiq davranış və ya rəy variantını göstərsin". Adətən bu suallar şərt cümlələri şəklində ifadə edilir. "Təsəvvür edin ki,..", "Fərz edək ki...". Projektiv suallar tərtib etmək metodu hal-hazırda bir çox sosioloqlar tərəfindən çox geniş istifadə olunur.
Rəyin yalnız məzmunu deyil, onun həm də intensivliyini müəyyənləşdirmək üçün bu və ya digər rəyin aydınlaşdırılmasına yönəlmiş sualın tərkibinə qiymətlərin intensivliyi şkalasını da daxil etmək üstün tutulmağa layiqdir. Məsələn: "Bəzi adamlar belə deyir:"; "Mən razı olmadığım bir şeyə məni inandırmaq istəyənləri xoşlamıram". "Bəs siz necə hesab edirsiniz?"
1. Onlarla tamamilə razıyam;
2. Onlarla razıyam;
3. Razıyam, amma tam yox;
4. Onlarla razı deyiləm;
5. Onlarla qətiyyən razı deyiləm.
Respondentlərin rəylərinin bilavasitə aşkar etmə üsullarının birləşdirilməsi, şübhəsiz, daha müsbət nəticələr verir və lazım olan məlumatların alınmasına çox kömək edir.
2. Sualların formasına görə tipləri. Formasına görə suallar bu cür olur:
a) açıq və qapalı;
b) birbaşa və dolayı (bilavasitə və vasitəli).
Əgər müəyyən bir suala cavab hər hansı, istənilən bir formada verilə bilərsə, hansısa bir qaydaya tabe edilərək məhdudlaşdırılmırsa və respondent istədiyi cavabı istədiyi formada verə bilərsə, bu sual açıq və ya sərbəst sual adlanır.
Əgər sualın ifadə olduğu formada mümkün cavabların variantları (müəyyən alternativ siyahısı) varsa və respondent onlardan birini və ya bir neçəsini seçməlidirsə, həmin sual qapalı adlanır.
Adları çəkilmiş sual tiplərindən hər birinin öz müsbət və mənfi cəhətləri vardır. Açıq sualların yaxşı cəhəti cavabın sərbəst formada olmasından, spontan, təbii xarakter daşımasından ibarətdir ki, bunun sayəsində tədqiqatçı respondent üçün ən böyük mənası olan rəyləri, qiymətləri üzə çıxartmağa, onda hansısa tamamilə gözlənilməz və əvvəllər güman edilməyən fikirləri aşkar etməyə imkan qazanır.
Nöqsanlara gəldikdə isə onların, əsasən, ikisini göstərmək olar. Birincisi, açıq suallar istifadə olunan zaman onların respondent tərəfindən subyektiv, ixtiyari yozulması ehtimalı çox yüksəkdir və bu, nəticə etibarı ilə yekun məlumatlarının müqayisə edilməz olmasına gətirib çıxarır. İkincisi, açıq suallara alınan cavabların təhlili həddindən artıq zəhmət tələb edən və baha başa gədən işdir.
Bunun əksinə olaraq, qapalı sualların üstünlüyü məhz ondan ibarətdir ki, onlar dəqiq və birmənalı izah olunur, asanlıqla standartlaşdırılır, işlənməsi və təhlili üçün xüsusi zehni, fiziki və maddi ehtiyatların sərf olunmasını tələb etmir. Lakin, təəssüf ki, qapalı suallarda respondentin bu və ya digər məsələ üzrə, ümumiyyətlə, öz formalaşmış fikri olmadıqda, yaxud onun tamamilə müəyyən bir fikri olduğu halda, təqdim olunmuş alternativlərdən heç biri onun həmin məsələyə nöqteyi-nəzərini tam əks etdirmədiyi üçün onu qane etmədikdə respondentə cavabların qəbul etdirilməsi təhlükəsi çox böyükdür.
Bu iki müxtəlif sual tiplərini "daha yaxşıdır — daha pisdir" mövqeyindən müqayisə etməyin və qiymətləndirməyin heç bir mənası yoxdur. Onlardan hər birinin öz vəzifəsi vardır və buna görə də bu və ya digər sualın istifadə olunması məqsədəuyğunluğu bütünlüklə sorğunun məqsədləri və keçirildiyi şəraitlə müəyyənləşdirilir. Öz həcminə görə böyük olmayan, sorğu vərəqəsinin işlənildiyi və sorğunun standartlaşdırılmamış müsahibə formasında aparıldığı sınaq tədqiqatı mərhələsində əsasən açıq suallar tipindən istifadə edilir. Əsas tədqiqatda üstünlük qapalı suallar tininə verilir, çünki bu halda anketlərin işlənməsi asanlaşır, bunun isə kütləvi səciyyə daşıyan sorğuda böyük əhəmiyyəti vardır.
Son vaxtlar yarımqapalı adlanan suallar geniş yayılmışdır. Sual o zaman yarımqapalı sayılır ki, alternativlər siyahısında "başqası" tipli, sərbəst əlavə şərh və qeydlər etməyə imkan verən alternativ olsun.
Qapalı suallar tərtib edilərkən yadda saxlamaq və çalışmaq lazımdır ki:
1) cavabların bütün mümkün variantlarının hamısı göstərilməli;
2) bütün alternativlər qarışdırılmamalı;
3) kəmiyyət alternativləri siyahısında müsbət və mənfi tərəflər eyni ölçüdə olmalıdır.
Əgər siyahıda bütün mümkün alternativ cavabların göstərildiyinə qəti inam yoxdursa, mütləq respondentə ya siyahıya "bilmirəm", "başa düşmədim", "cavab verməyə çətinlik çəkirəm", "bu barədə düşünməmişəm" tipli alternativləri daxil etməklə yalnız verilmiş alternativləri seçməkdən yayınmaq, ya da siyahıya "başqası" tipli alternativ daxil etməklə, ona özü istədiyi kimi cavab söyləmək imkanını vermək lazımdır.
Yaxşı anket, adətən, özündə sualların bütün növlərini — açıq, qapalı və yarımqapalı sualları cəmləşdirir. Onların məharətlə seçilməsi və əlaqələndirilməsi alınan məlumatların dəqiqliyini, dolğunluğunu, tamlığını və etibarlılığını əhəmiyyətli dərəcədə artırır. Respondentdən açıq, səmimi məlumatların alınmasına yönəldilmiş sual birbaşa (bilavasitə) sual adlanır. Adətən o, şəxsi formada ifadə olunur: "Bilirsinizmi ki,..", "...haqqında nə düşünürsünüz", "...barədə sizin fikriniz necədir? ", "Siz necə hesab edirsiniz?"
Əgər tədqiqatçıda respondentin hər hansı bir sual üzrə müəyyən məlumatı açıq söyləmək istəyəcəyinə qəti inam yoxdursa, o, dolayı, vasitəli sual verir. Bu suala verilən cavab onun sonradan respondentdən gizli mənada izah olunacağını nəzərdə tutur. Məsələn, respondentdən onun ailə gəlirinin nə qədər olduğunu birbaşa soruşmaq əvəzinə tədqiqatçı bir sıra dolayı sualların vasitəsi ilə respondentin şəxsi avtomobili, bağı, televizoru, soyuducusunun olub-olmadığını öyrənərək, onun ailə gəliri barədə təsəvvür əldə edə bilər.
Bir çox hallarda dolayı suallar şəxssiz və yarım şəxssiz formada ifadə edilir: "Bəzi adamlar belə hesab edir ki, ", "Bəs Siz necə fikirləşirsiniz?"
Təcrübə göstərir ki, respondent (məsələn, söhbət müəyyən, olduqca fərdiləşmiş, adi baxışlardan kəskin surətdə fərqlənən fikirlərin aşkar edilməsindən gedirsə) birbaşa şəxsi suallardan çox, dolayı şəxssiz suallara daha böyük həvəslə cavab verir.
3. Funksiyasına görə sualların tipləri. Funksiyasına görə suallar süzgəc suallara və yoxlama suallara bölünür.
Süzgəc suallar öncə yuxarıda adları çəkilmiş məzmununa görə hər iki sual qrupuna, yəni həm respondentə aid faktlar və hərəkətlər haqqındakı, həm də onun rəy, motiv və qiymətləri barədəki suallara tətbiq edilir.
Bu sualların funksiyaları məzmununa görə birinci qrup suallara nisbətən faktlar barədə bir və ya bir neçə növbəti suallara cavab verməli olan respondentləri bu suallara cavab verməli olmayan respondentlərdən ayırmaqdan ibarətdir. Məsələn, əgər tədqiqatçını respondentin ictimai işi, onun ictimai özünüidarənin hansı formalarında iştirak etdiyi, seçkili orqanlarda çalışıb-çalışmadığı ilə bağlı suallar maraqlandırırsa, onda bu suallar qrupundan əvvəl mütləq "Siz ictimai işdə, iştirak edirsinizmi?" süzgəc sualı gəlməlidir. Yuxarıda göstərilmiş bütün suallara bu sonuncu suala yalnız müsbət cavab vermiş adamlar cavab söyləyə bilər.
Bir çox hallarda rəyi soruşulanlar heç bir təsəvvürləri olmayan şeylərə qiymət verir, bu haqda fikirlərini bildirirlər. Süzgəc sualların vəzifəsi də elə məhz respondentlərin nə dərəcədə məlumatlı olduğunu yoxlamaq, onların arasındakı səriştəsiz adamları seçib ayırmaqdan ibarətdir.
Yoxlama sualların funksional vəzifəsi respondentin anketin əsas suallarına verdiyi cavabların doğruluğunu yoxlamaqdan ibarətdir. Onların köməyi ilə alınan məlumatların keyfiyyəti qiymətləndirilir. Adətən, bütövlükdə tədqiqatın əsas məqsəd və vəzifələri ilə daha sıx əlaqədə olan suallar üzrə yoxlama aparılır, çünki belə hallarda məlumatların etibarlılıq dərəcəsini bilmək xüsusilə vacibdir.
Adətən, əsas və yoxlama suallar anketdə elə yerləşdirilir ki, respondent onların arasında hər hansı birbaşa əlaqənin olduğunu sezməsin, əks təqdirdə həmin sualların yoxlama funksiyası heçə enə bilər. Yoxlama suallar kimi, adətən dolayı və açıq suallar işlədilir.
Sorğunun keyfiyyəti və nəticələri anketin nə dərəcədə yaxşı tərtib edilməsindən, onun tərtibi ilə bağlı əsas tələbləri bilməkdən və onların gözlənilməsindən çox asılıdır.
Anketin aşağıdakı tərtib edilməsi qaydalarını göstərmək olar:
1. Anketdə yalnız elə ən mühüm suallar göstərilməlidir ki, onlara verilən cavablarda məhz tədqiqatın qarşısında duran əsas məsələlərin həlli üçün zəruri və yalnız anket sorğusu vasitəsi ilə alına bilən məlumatlar olsun.
2. Sualların ifadə edildiyi forma dil, konseptual səviyyə və sistematik məna cəhətdən respondent üçün asan anlaşılan, onun bilik və təhsilinə uyğun olmalıdır.
3. Suallar elə ifadə edilməlidir ki, rəyi soruşulanlar ümumiyyətlə onlara cavab verə bilsinlər.
4. Anketdə respondentdə səmimi və doğru məlumatlar verməmək oyada bilən suallar olmamalıdır.
Anket, sualların adi xaotik yığımı deyil, onların müəyyən tərzdə təşkil olunmuş ardıcıllığı olmalıdır. Hər bir ayrı halda sualların spesifik sistem şəklində təşkili, sorğunun məqsədləri və rəyi soruşulanların ümumi xarakteristikaları ilə müəyyən edilir. Lakin sualları təşkil edərkən tədqiqatçı sorğu vərəqəsinin tərtibi ilə bağlı bəzi ümumi tələbləri də nəzərə almalıdır:
a) sorğu nəticələrinin etibarlılığını və səhihliliyini artırmaq məqsədi ilə hər hansı bir mövzu üzrə bir neçə sualın verilməsi yeganə bir sualın verilməsindən daha yaxşıdır. Bu mürəkkəb problemlər tədqiq edilərkən xüsusilə böyük əhəmiyyət kəsb edir;
b) respondentdən irəli sürülən fikirlə razılıq formasında cavab tələb edən dixotomik suallardan istifadə edilərkən, təsdiq formalarını növbələmək çox vacibdir. Belə tədbirlər bəzi respondentlərdə yaranan yalnız "Bəli" və ya yalnız "Xeyr" cavabını vermək adətini aradan qaldırmaq məqsədini güdür;
v) rəyi soruşulanlarda göstərilmiş alternativli suallara cavab verərkən diqqəti ilk alternativlər üzərində saxlamaq meylinin formalaşmasının qarşısını almaq üçün alternativlərin ardıcıllığını daim dəyişmək lazımdır;
q) mənaca vahid mövzu çərçivəsində suallar seriyası elə planlaşdırılmalıdır ki, respondent tədricən şüurlu surətdə ən ümumi və açıq suallardan daha spesifik və konkret suallara keçsin;
d) anketdə toxunulan mövzular ardıcıllığı elə planlaşdırılmalıdır ki, respondentdə anketin bütöv, tam və düşünülmüş, mənalı olduğu haqqında təsəvvür yaransın;
e) mövzudan mövzuya keçid tədrici və rəvan olmalıdır. Anketin mənaca müxtəlif hissələri arasında heç bir kəskin keçid və fərq olmamalıdır. Bir mövzudan digərinə keçidlərdə mütləq bir neçə ya tamamilə neytral, ya da ki, toxunulmuş mövzular arasında əlaqəni aydın göstərən sual yerləşdirmək lazımdır.
Elmi cəhətdən əsaslandırılmış anketin tərkibində tamamlayıcı və zəruri mərhələ suallarının ifadə formasının keyfiyyətini, onların düzgün təşkil olunduğunu yoxlamaq məqsədini güdən sınaq tədqiqatının keçirilməsi təşkil edir.
Adətən anketin kompozisiyası mənaca müstəqil bölmələrin aşağıdakı ardıcıllığı ilə səciyyələnir:
1) giriş hissəsi;
2) əsas hissə;
3) demoqrafik hissə ("pasportça").
Anketin giriş hissəsi əslində "rəyi soruşulana müraciət"dir və burada:
a) anket sorğusunu hansı təşkilat və ya elmi müəssisənin apardığı göstərilir;
b) sadə və aydın şəkildə tədqiqatın məqsədi və onun nəticələrinin gələcəkdə necə istifadə ediləcəyi izah edilir;
v) respondentin aparılan sorğuda şəxsən iştirak etməsinin (cavabların) vacibliyi və əhəmiyyəti qeyd edilir;
q) cavabların anonimliyinə təminat verilir;
d) anketi doldurmaq qaydaları və geri qaytarmaq üsulları aydın və dəqiq ifadə olunur.
Anketin giriş hissəsinin vəzifəsi rəyi soruşulanda rəğbət doğurmaq, onu sorğunun mövzusu ilə maraqlandırmaq və onda aparılan tədqiqatda səmimi iştirak arzusu oyatmaqdan ibarətdir.
Rəyi soruşulana müraciəti tərtib edərkən həmişə yadda saxlamaq lazımdır ki, müraciət son dərəcə qısa olmalı və respondent üçün anlaşılmaz ola bilən heç bir şeyi nəzərdən qaçırmamalıdır. Respondentlərin bir çoxunun həddindən çox böyük mətnləri oxumağa bir o qədər də həvəsi olmur və buna görə də giriş hissəsinin çox uzadılması mənfi təsir göstərə bilər. Nəticə etibarı ilə tədqiqatçının bütün səyləri puça çıxa bilər.
Anketin əsas hissəsi sözün əsl mənasında suallardan ibarətdir və onların ardıcıllığında tədricən tədqiq olunan mövzunun məzmunu açılır. Anketin bu hissəsi həcmcə ən böyük və məzmununa görə ən mürəkkəb hissədir. Buna görə də o, əsasən, respondentin psixologiyasını nəzərə almaqla, xüsusi hissələrə (sual bloklarına) bölünərək strukturlaşdırılır və həmin hissələrin ardıcıllığı və vəzifələri tədqiqatçı-sosioloq tərəfindən müəyyənləşdirilir.
Anketin əsas hissəsi, sualların ilk üçdə bir payının başlıca məqsədi rəyi soruşulanı maraqlandırmaqdan, onu əməkdaşlıq etməyə həvəsləndirməkdən və onun anket üzərində işə tədricən və tam qoşulmasına kömək etməkdən ibarətdir. İlk sualları seçərkən onların arasında respondent üçün çox çətin və son dərəcə prinsipial sualların olmamağına xüsusi fikir vermək lazımdır. Anketin əsas hissəsinin başlanğıcında yerləşən suallar respondent üçün asan və başa düşülən olmalıdır. Hər hansı bir faktiki, müəyyən hadisələrlə bağlı məlumatların alınmasına yönəlmiş suallar məzmununa görə, adətən, məhz bu cür suallardır.
Əsas hissənin ikinci qismində, bir qayda olaraq, ən çətin, adətən, fərdin rəy və qiymətlərinin, yəni tədqiqatın əsas mövzusuna bilavasitə aidiyyəti olan məlumatların üzə çıxarılmasına yönəlmiş suallar yerləşdirilir.
Anketin əsas hissəsinin üçüncü son qisminə əvvəlki suallara verilən cavablardan əldə ediləcək məlumatları dərinləşdirmək və dəqiqləşdirmək məqsədini güdən daha məhrəmanə və müxtəlif yoxlama suallar daxil olur. Konkret sosioloji tədqiqatların təcrübəsi göstərir ki, respondentlərin əksəriyyəti onlar üçün hədsiz dərəcədə prinsipial, incə suallara cavab verərkən, keçirdikləri qorxu və şübhələri həmin suallar anketin sonunda yerləşdirildikdə dəf edirlər. Respondent anketin doldurulması üzrə işin xeyli hissəsini gördükdən sonra psixoloji cəhətdən işi başa çatdırmağa və hətta əvvəllər onu, ola bilsin, utandıran suallara belə cavab verməyə hazır olur.
Anketin demoqrafik hissəsində ("pasportçada") rəyi soruşulanın şəxsiyyətinin obyektiv vəziyyəti və statusu (cinsi, yaşı, ailə vəziyyəti, peşəsi və s.) haqqında suallar yerləşir. Adətən, onlar çox qısa, aydın və rəyi soruşulandan xüsusi gərginlik tələb etmir.
"Pasportçanın" anketdə tutduğu yer haqqında məsələ uzun müddət mübahisəli olaraq qalmaqda idi. Nə daha yaxşıdır, "pasportçanı" anketin əvvəlində və ya sonunda yerləşdirmək, yoxsa respondentin statusu haqqında sualların bir yerdə cəmləşdirilməsindən, ümumiyyətlə, imtina edərək, onları bütün anket üzrə bərabər paylamaq? Uzun sürən mübahisələrdən və təcrübi yoxlamalardan sonra yekdilliklə belə bir nəticə çıxarılmışdır ki, "pasportçanın" yeri anketin sonundadır. Bununla belə, respondentlə əlaqə yaratmaq və onun etimadını qazanmaqdan ötrü demoqrafik səciyyəli suallardan bəziləri qismən anketin əsas hissəsinin əvvəlində də yerləşdirilə bilər.
"Pasportcanın" əsas rolu ondan ibarətdir ki, toplanmış məlumatların onların respondentativliyi baxımından etibarlılığını yoxlamağa və tədqiqatın nəticələrinin yekun təhlilini daha da keyfiyyətli etməyə imkan verir. :
Anket tərtib edildikdən sonra onun keyfiyyətini qiymətləndirmək üçün sınaq tədqiqatı (pilotaj) aparılır. Anketin əsas sorğu üçün yararlılığı baxımından bu, ilkin aprobasiya suallarının məzmununu, ifadə olunduğu formanı və ardıcıllığını yoxlamağa və dəqiqləşdirməyə, anketdə təklif edilmiş sayda sualların respondenti yorub-yormadığını aydınlaşdırmağa imkan verir. Bir çox hallarda pilotaj sorğu vərəqəsinə müəyyən əlavə sualların daxil edilməsi və uqursuz sualların çıxarılması zərurətini üzə çıxarır.
Sınaq tədqiqatını şəxsi müsahibə şəklİndə keçirmək daha yaxşıdır. Sorğu üçün gələcəkdə kütləvi sorğunun m aparılacağı adamlar sırasından bir neçə nəfər seçilir. Onların arasına gərək yaşına, cinsinə, təhsilinə və ümumi mədəniyyətinə görə müxtəlif şəxslər daxil edilməlidir, çünki, anket müxtəlif demoqrafik və şəxsi xarakteristikalara malik fərdlər üçün başa düşülən olması baxımından sınaqdan keçirilməlidir. Sınaq tədqiqatı üçün xüsusi, əsas sorğu üçün nəzərdə tutulmuş seçmənin (toplunun) kiçik surəti olan yarımseçməni ayırmaq daha yaxşı olardı.
Sınaq tədqiqatını müsahibə keçirəcək şəxslər hər şeydən əvvəl tədqiqatın məqsədlərini aydın təsəvvür etməlidirlər. Onlar hər bir sualın vəzifəsi və spesifik məzmunu haqqında tam məlumatlı olmalıdırlar, çünki müsahibədə onlar bu və ya digər sualın düz başa düşülüb-düşülmədiyini və ondan tələb olunan sualın alınıb-alınmadığını müəyyənləşdirməlidir. Müsahibə prosesində onlar rəyi soruşulanların hər bir suala verdiyi bütün reaksiya və şərhləri qeyd etməlidirlər. Əgər anketdə qoyulmuş sual respondentə kifayət qədər aydın deyilsə, müsahibə aparanın sualın ifadə olunduğu formada müvafiq zəruri dəyişiklik etməyə ixtiyarı vardır və bütün bu cür dəyişikliklər dəqiq qeydə alınır.
Müsahibə qurtarandan sonra hər bir respondentlə sorğu vərəqəsinin məzmununun müzakirəsi sınaq sorğusunun mühüm hissəsini təşkil edir. Şəxsi söhbətdə respondentin suallara cavab verərkən hansı çətinliklərlə rastlaşdığını, bu və ya digər sualın qoyuluşu ilə əlaqədar onlarda hansı fikirlərin yarandığını, onların fikrincə, müəyyən bir sualın daha yaxşı şəkildə necə ifadə oduna biləcəyini, onların "bilmirəm", "başa düşmədim" və bu kimi cavabların nə demək olduğunu və s. aydınlaşdırmağa çalışmaq olduqca vacibdir.
Sorğu gedişində müsahibə alan özünün şəxsi müşahidələrini, tənqidi qeydlərini, müxtəlif mülahizələrini (müsahibə alan zaman hansı çətinlikləri keçirdiyi, hansı sualların respondentdə çaşqınlıq və ya cavab verməmək arzusu yaratdığı, respondentin həyəcan və ya hövsələsizlik keçirib-keçirmədiyi, hansı sualları əlavə izah tələb olunduğu, anket blankında cavab üçün yerin çatıb-çatmadığı və s. barədə) mütləq qeydə almalıdır.
Sınaq sorğusunun nəticələrini təhlil edərkən, sorğu vərəqəsinin tərtibində yol verilmiş səhvlərin zahiri əlamətlərini tez müəyyən etmək çox vacibdir. Yalnız bu halda sosioloq sorğu vərəqəsində nəyin və necə yaxşılaşdırılmalı olduğunu dəqiq biləcəkdir. Amerika sosioloqları V. Qud və P. Hatt1 çoxillik sosioloji tədqiqatların təcrübəsi əsasında bir sıra bu cür zahiri, anket tərtib edilərkən yol verilən ən tipik və daha çox rast gəlinən səhvləri göstərən əlamətləri ayırmışlar:
1. Cavablarda ardıcıllığın çatışmazlığı. Bu əlamət daha çox ona dəlalət edir ki, sualların ifadə edildiyi formaya daxil olan istilahlar bir o qədər də uğurlu seçilməyib, onlar respondent üçün çətin və anlaşılmazdır, buna görə də respondent onların mənasını başa düşmür. Görünür sualları tərtib edərkən, sosioloq respondentlər arasında ümumi mədəniyyət və təhsil səviyyəsində peşə yönümündə olan fərqləri nəzərə almamışdır.
2. "Hər şey və ya heç nə" tipli cavablar. Əgər respondentlərin istisnasız olaraq hamısı hər hansı bir suala cavab verərkən gözlənilmədən qeyri-adi, heç bir çaları, fərqi olmayan oxşarlıq nümayiş etdirirsə, bu, tədqiqatçının diqqətini cəlb etməlidir. Adətən, bu oxşarlıq sualların respondent üçün artıq məlum, onun alışdığı formada ifadə olunmasının nəticəsidir. Bu ifadə forması demək olar ki, avtomatik surətdə stereotip cavablar və ya "klişe" yaradır. Belə hallarda sualı yenidən, başqa formada ifadə etmək lazımdır,
3. Xeyli miqdarda "bilmirəm" və ya "başa düşmədim" tipli cavabların olması. Bu əlamət onu göstərir ki, suallar bir o qədər də yaxşı ifadə olunmayıb və ya seçmə (toplu) pis tərtib olunubdur. Bir çox hallarda həmin əlamət sualların həddindən çox qeyri-müəyyən, yayğın və ya o qədər mürəkkəb olduğunu göstərir ki, səriştəli anket tərtib edən və ya müsahibə aparanın köməyi olmadan respondent bu suallara sadəcə olaraq cavab verə bilmir.
4. Xeyli miqdarda yersiz şərhlər, qeydlər. Bu əlamətdə sualların yaxşı ifadə edilmədiyini və qeyd edilmiş cavablarda alternativlərin siyahısının tam olmadığını göstərir. Görünür ki, qapalı suallara cavabların anketdə sadalanmış mümkün variantları sualların özlərinin məzmununu tam açmır.
5. Cavab verməkdən imtina edənlərin faiz göstəricisinin yüksək olması. Bu, anketin giriş hissəsinin pis tərtib edildiyinə dəlalət edə bilər, anketi doldurmaq qaydaları aydın deyil, anonimlik təmin edilmir, tədqiqatın məqsədi kifayət qədər yaxşı izah olunmayıb. Bu həm də müsahibə alanın texniki hazırlığının və ixtisasının çox aşağı səviyyədə olmasını və ya anketi tərtib edənin sorğu vərəqəsini kompozisiya baxımından pis qurduğunu göstərir. Anket çətin, son dərəcə prinsipial suallardan, yaxud "pasportçadan" başlayır və s.
6. Sualların və onlara cavab variantlarının ardıcıllığının dəyişdirilməsi ilə əlaqədar olaraq cavablarda mühüm dəyişikliklər. Əsas sorğuda məlumatların etibarlılığını yüksəltmək üçün rəyi soruşulanların müxtəlif yarımseçməsi (qrupu) üçün sualların ardıcıllığını dəyişdirmək məsləhətdir; qapalı suallarda cavabların mümkün variantların əvəzlənməsi ardıcıllığı isə mütləq dəyişdirilməlidir.
Sualların məzmunu və ifadə olunduğu formaların sınaq sorğusu mərhələsində baş verən dəqiqləşdirilməsi və təkmilləşdirilməsi nəticə etibarı ilə anketin bir konkret sosioloji tədqiqat vasitəsi kimi etibarlı və əsaslandırılmış məlumatların alınmasını təmin etməsinə nail olmaq məqsədini güdür. Anketin sualları yalnız sabit cavablar doğurmaqla kifayətlənməməli, bununla bərabər həm də məhz tədqiqatçının əldə etmək istədiyi məlumatların alınmasını təmin etməlidir. Yalnız bu halda anket sosioloji tədqiqat üçün tam yararlı hesab edilə bilər.
Əgər ilk tədqiqatın bütün şərtlərinin gözlənilməsi ilə müəyyən bir vaxtdan sonra aparılmış təkrar tədqiqatda çox oxşar nəticələr alınarsa, anket etibarlı sayılır. Anketin müxtəlif vaxtdan sonra kifayət qədər sabit nəticələr verə bilməsi sorğu vərəqəsinin həm məzmun, həm də forma cəhətdən yüksək keyfiyyətli olduğunu göstərir. Lakin təkrar tədqiqatlarda anketin etibarlılığını qiymətləndirərkən bilavasitə sorğu vərəqəsinin özündən asılı olmayan, fəqət əvvəlki tədqiqatın bütün şərtlərinin dəqiq təkrar edilməsinin qeyri-mümkünlüyündən irəli gələn itkiləri (ötən vaxt ərzində tədqiq edilən seçmədə (topluda) baş verən dəyişikliklər, anketlə iş aparanların dəyişməsi və s.) həmişə nəzərə almaq lazımdır.
Əgər anket ölçməli olduğu şeyi ölçürsə, əgər onun köməyi ilə tədqiqatçı məhz almaq istədiyi məlumatı əldə edirsə, bu anket əsaslandırılmış sayılır. Anketin əsaslandırılmış olması problemi ondan ibarətdir ki, respondent sualın məzmunu və mənasını məhz tədqiqatçının başa düşdüyü kimi anlasın və məhz sualın mənasından çıxış edərək verilməsi zəruri olan cavabı versin.
Sınaq sorğusu tədqiqatın yalnız sadəcə olaraq mühüm deyil, həm də zəruri mərhələsidir, çünki tədqiqatın bütövlükdə uğurla nəticələnməsi xeyli dərəcədə ondan asılıdır. Yalnız tədqiqat keçirildikdən və sorğu vərəqəsi müvafiq keyfiyyətə çatdırıldıqdan sonra cürətlə əsas sorğuya başlamaq olar.
2. Anketləşdirmə üsulları
Konkret sosioloji tədqiqatların təcrübəsində anketləşdirmənin üç növü məlumdur:
1) poçtla;
2) mətbuatla;
3) paylama ilə.
Buna müvafiq olaraq adətən anketlər bu cür təsnif edilir:
a) poçt (yəni poçtla göndərilən anketlər);
b) mətbuat (yəni mətbuatda çap edilənlər);
v) paylama (yəni rəyi soruşulanın şəxsən özünə verilən).
Poçtla anketləşdirmənin mahiyyəti ondan ibarətdir ki, anketlər respondentlərə poçtla göndərilir və onlardan tədqiqatçıya yenə də poçtla qaytarılır. Anketləşdirmənin bu üsulunun çox geniş yayılması, bir tərəfdən, onun daha ucuz başa gəlməsi, digər tərəfdən isə təşkilinin sadə və asan olması ilə izah edilir.
Anketləşdirmənin bu üsulunun qüsurlarından biri anketlərin qaytarılma faizinin çox az (orta hesabla 5%) olmasıdır. Adətən anketlərin geri qaytarılma faizini artırmaq üçün sosioloqlar buna kömək edən bir sıra tədbirlər həyata keçirirlər. Məsələn, bir qəzetin oxucularını öyrənərkən sosioloqlar nümunə üçün, eksperiment xatirinə ünvanları və ya familiyaları onlara əvvəlcədən məlum olan oxuculara 1000 anket göndərirlər. Oxucuya zərfdə onun adı və familiyası göstərilməklə şəxsi müraciət qaytarılmış anketlərin ümumi sayı 15 %-ə qədər artır. Onu da qeyd etmək lazımdır ki, anketlərin qaytarılmasında radio, televiziya və mətbuatın rolu daha böyükdür, çünki aparılan sosioloji tədqiqatın məqsədi və əhəmiyyəti haqqında bu kütləvi informasiya vasitələrinin verdiyi xəbərlər adamları aldıqları anketləri qaytarmağa sövq edir. Bu vasitələrdən istifadə edərək, sosioloqlar anketlərin 20 %-ə qədər qaytarılmasına nail olurlar.
Poçt anketlərinin qaytarılması probleminin müsbət həllinə anketlə birlikdə zərfə qoyulan və bilavasitə respondentə ünvanlanmış qoşma məktub xeyli dərəcədə kömək edir. Qoşma məktubun məzmunu paylama anketləşdirilməsi üçün nəzərdə tutulmuş anket blanklarının üzərində çap edilən "rəyin, soruşulana müraciətin" məzmunu ilə oxşardır. Məktubda adətən sadə, aydın və qısa formada tədqiqatın məqsəd və vəzifələri göstərilir, onun əhəmiyyəti əsaslandırılır və nə üçün məhz həmin respondentin rəyinin soruşulduğu izah olunur (bu zaman seçmə prinsipləri izah edilir. Onu da qeyd etmək lazımdır ki, burada qoşma məktubun və anketin hansı rəngdə kağız üzərində və hansı şriftlə çar olunması kimi detalların da böyük əhəmiyyəti vardır. Əgər qoşma məktub və anketlə birlikdə respondentə boş və üzərində tədqiqatın təşkilati qərargahının ünvanı yazılmış markalı zərf göndərilərsə bu daha yaxşı olar. Yuxarıda göstərilən bütün tədbirlər nəticəsində sosioloqlar poçtla qaytarılmış anketlərin ümumi sayının əhəmiyyətli dərəcədə artmasına nail ola bilirlər.
Bu cür anketləşdirmə üsulunun digər mühüm qüsuru ondan ibarətdir ki, qiyabi yazılı sorğu tədqiq üçün nəzərdə tutulmuş seçməni (toplunu) xeyli pozmuş olur. Poçtla anketləşdirmə aparılarkən sosioloq bəzən əmin ola bilmir ki, o məhz rəylərini soruşmaq istədiyi adamları sorğudan keçirmişdir.
Məsələn, qəzet oxucularını öyrənərkən sosioloqlar aşkar etmişlər ki, rəyi soruşulanlar və anketləri poçtla qaytaranlar arasında təqaüd yaşlı adamların faizi olduqca böyükdür (bütün oxucular arasında yaşı 60-ı ötmüş adamlar 1 %, anketləri qaytaranlar arasında isə 18 %). Rəyi soruşulanların müəyyən yaş tərəfə bu cür dəyişməsi nəticəsində alınmış məlumatlar əsl vəziyyəti o qədər də düzgün əks etdirməyəcəkdir.
Mətbuatla anketləşdirmənin mahiyyəti ondan ibarətdir ki, anket qəzetlərin birində dərc olunur və cavab vermək arzusunda olanlar anketi müvafiq surətdə doldurandan sonra onu qəzetin ünvanına göndərirlər.
Mətbuat vasitəsi ilə anketləşdirmənin üstünlük və qüsurları əsasən poçtla anketləşdirmənin müsbət və mənfi cəhətləri ilə oxşardır.
Anketləri yaymağın ən geniş istifadə olunan üsulu paylama anketləşdirməsidir. Bu üsul tətbiq edilərkən anket tədqiqatçı tərəfindən bilavasitə respondentə təqdim edilir və respondent anketi doldurandan sonra onu geri qaytarır.
Paylama anketləşdirməsi anketin verilməsi və onun yerindəcə doldurulması, yaxud onun evdə doldurulub sonradan tədqiqatçının təyin etdiyi vaxtda geri qaytarılması kimi aparıla bilər.
Sorğu yerindəcə aparıldıqda anket tədqiqatçının yanında doldurulur və o dəqiqə ona qaytarılır. Anketin tədqiqatçının yanında doldurulması həm fərdi, həm də qrup halında ola bilər. Yerindəcə anketləşdirmə anketləri yaymağın ən yaxşı üsuludur, çünki bu üsul onların tamamilə hamısının qaytarılmasını təmin edir. Anketləşdirmənin bu üsulunun digər üstün cəhəti ondan ibarətdir ki, burada tədqiqatçının anketi doldurma prosesinə nəzarət etmək imkanı vardır.
Anketlərin evdə doldurulması ilə yerinə yetirilən anketləşdirməyə gəldikdə isə, onun qüsurları ondan ibarətdir ki, əvvəla, bu üsulun istifadəsi anketin məhz onun verildiyi adam tərəfindən doldurulacağına heç bir təminat vermir, ikincisi isə anketlərin bir hissəsi, adətən, geri qaytarılmır.