13.2. Müsahibə aparma üsulu Konkret sosioloji tədqiqatlarda (kütləvi sorğular keçirilərkən) müsahibə aparmaq prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
1) müsahibənin sorğu vərəqəsinin hazırlanması;
2) müsahibənin aparılması (sorğu aktının özü).
Müsahibənin sorğu vərəqəsinin hazırlanması. Standartlaşdırılmış müsahibə tətbiq olunduğu halda işin müvəffəqiyyətlə başa çatması, əsasən, hazırlıq mərhələsinin ən mühüm və vacib cəhətlərindən biri olan sorğu vərəqəsinin keyfiyyəti ilə müəyyənləşdirilir.
Yuxarıda artıq qeyd edildiyi kimi sorğu vərəqəsi, müəyyən ardıcıllıqla ifadə edilmiş sualların və bəzi fərz edilən, ehtimali cavabların siyahısından ibarətdir. O, özünəməxsus və kifayət qədər səmərəli standartlaşdırıcı vasitə vəzifəsini yerinə yetirir. Məhz o, müsahibə alanlar qrupuna bir-birindən asılı olmayaraq respondentə həm forma, həm də məzmununa görə eyni sualları müəyyən ardıcıllıqda təqdim etməyə və onların cavablarını standartlaşdırılmış qayda ilə qeyd etməyə imkan verir. Bütün bunlar müsahibə alanların işini əhəmiyyətli dərəcədə asanlaşdırır və onları respondentə hansı anda hansı sualları və hansı ardıcıllıqla vermək lazım olduğu haqqında düşünmək zərurətindən azad edir. Bundan başqa əgər sorğu vərəqəsi əsasən qapalı suallardan ibarətdirsə, bu halda respondentlərin cavablarını əvvəlcədən ifadə olunmuş, sorğu vərəqəsində yazılmış alternativ cavab variantlarından birinin sadəcə olaraq altından xətt çəkməklə və ya onu dairəyə almaqla asanlıqla qeyd etmək olar.
Sorğu vərəqəsi nə qədər yaxşı tərtib edilmiş olarsa, müsahibə alma prosesi bir o qədər çox standartlaşdırılar və sorğunun nəticələri də bir o qədər etibarlı və müqayisə edilə bilən olar. Təsadüfi deyildir ki, sosioloqlar müsahibənin sorğu vərəqəsinin mükəmməl və keyfiyyətli hazırlanmasına bu qədər çox vaxt və diqqət ayırırlar.
Sorğu aktı. Müsahibə alma texnikası. Sorğu-müsahibə alma aktının özü müsahibə alanla respondentin sual vermə və cavab alma əsnasında bilavasitə əlaqə, qarşılıqlı sosial-psixoloji təsir prosesində ifadə olunur. Sorğunun axır nəticəsi xeyli dərəcədə müsahibə aparanın respondentlə sıx əlaqə yaratmasından, onu səmimi söhbətə razı sala bilməsindən, onu mövzu ilə maraqlandırmasından, sualları düzgün qoymasından və cavablardan, tədqiqatın məqsədinə daha çox uyğun olan məlumatları seçməsindən və nəhayət respondentin cavablarını qeydə ala bilmək bacarığından asılıdır. Müsahibə alma prosesində müsahibə alanın həm təbii, fitri psixoloji qabiliyyətləri, həm də əldə etdiyi sırf texniki vərdişləri ifadə olunur.
Müsahibənin uğurlu olması müsahibə almaq texnikasından çox asılıdır. Bu texnika aşağıdakı məsələlərin həllində müsahibə alanın müxtəlif, dəyişkən, spontan sorğu vərəqəsi ilə proqramlaşdırılmamış situativ davranış formalarını əhatə edir:
1) müsahibə prosesində mehribançılıq, xeyirxahlıq və səmimilik şəraitinin yaradılmasında (özünü respondentə təqdim etmək, onunla sıx əlaqə yaratmaq və bu əlaqəni söhbətin sonuna qədər saxlamaq);
2) sualların düzgün qoyuluşu və etibarlı cavabların alınmasında;
3) cavabların və özünün bütün qeydlərinin tam və dəqiq protokollaşdırılmasında.
Müsahibə alanın ilk andan respondentlə yaxşı əlaqə yarada bilmək bacarığı müsahibənin müvəffəqiyyətlə nəticələnəcəyini əhəmiyyətli dərəcədə müəyyən edir.
Adətən müsahibə alan özünü təqdim etməkdən başlayır və təmsil etdiyi təşkilatın adını deyir, sorğunun, tədqiqatın hansı vəzifə və məqsədlər naminə keçirildiyini izah edir. Başa düşülən tərzdə, aydın və sadə ifadələrlə, xüsusi texniki dilə müraciət etməyərək, müsahibə aparan, respondentə seçmənin mahiyyətini başa salmalı və onu arxayın etməlidir ki, o, hansısa başqa məqsədlə deyil, sırf təsadüfi prinsip üzrə sorğunun obyekti seçilmişdir. Onu inandırmaq lazımdır ki, seçmənin nümayəndəsi kimi onunla aparılan söhbət tam, reprezentativ məlumat almaq üçün zəruridir.
Bəzi adamlarda müsahibə alanın görünməsi və onun verdiyi suallar mənfi reaksiya oyadır. Onlar tanış olmayan adamla söhbət ərəfəsində daxili inamsızlıq keçirir, söhbətə ehtiyatla və ya qabaqcadan əmələ gəlmiş yanlış mənfi fikirlərinə müvafiq hisslərlə yanaşırlar. Bu təbii etimadsızlığı aradan qaldırmaq üçün müsahibə alan özünün respondentə giriş səciyyəli ilk müraciətində söhbətin məxfi olduğunu qeyd etməli, onu cavablarının sirrinin tam qorunacağına inandırmalı və sorğu nəticələrinin kəmiyyət təhlilinin statistik anonimliyi bu zəmanət üçün əsas olduğunu onun nəzərinə çatdırmalıdır. Adətən giriş müraciətinin sonunda müsahibə aparan respondentə onun nə qədər vaxtını alacağını bildirir.
Əksər hallarda bu cür giriş müraciətləri müsahibə alanı öz məqsədinə çatdırır — respondent söhbətə başlamağa hazır olur, onda söhbətə müəyyən maraq və həvəs oyanır.
Seçməyə düşmüş adamlardan müsahibə alma prosesində müsahibə aparan respondent tərəfindən müsbət, laqeyd və mənfi kimi uç mümkün reaksiya tipi ilə rastlaşır. Məhz sonuncu iki halda müsahibə aparandan böyük məharət tələb olunur. Müsahibə alanın vəzifəsi onunla söhbətə və əməkdaşlığa meyli olmayan adamları müsahibə aparmağın vacib və zəruri olduğuna inandırmaqdan ibarətdir.
Müsahibə alan bu və ya digər respondent üçün söhbətin keçiriləcəyi vaxtın münasib olmayacağına, bəzilərinin təklif edilmiş mövzu haqqında söhbət aparmağa hazır olmayacaqlarına və ya ümumiyyətlə, sorğulara şəkk-şübhə ilə, mənfi yanaşacaqlarına həmişə hazır olmalıdır.
Müsahibə aparan həmçinin həmişə yadında saxlamalıdır ki, onun gəlişi rəyi soruşulan adamların asudə vaxtlarının müəyyən bir hissəsini alır. Bəzi adamlar bu barədə öz narazılığını açıq ifadə edir, başqaları susur, amma daxilən açıqlanır və söhbət etməyə, vaxt "itirməyə" bir o qədər də meylli olmurlar. Belə hallarda müsahibə alan respondentdən onu narahat etdiyi üçün üzür istəməli və bununla belə inadla onunla söhbətin baş tutmasına çalışmalıdır. Müsahibə almaq praktikası göstərir ki, təcrübəli müsahibə alan, adətən, laqeyd və ya hətta acıqcasına ədavətli əhval-ruhiyyəli respondentlərlə əlaqə yaratmaq yolunda rastlaşdığı bütün maneələri müvəffəqiyyətlə dəf edir və nəhayət, onlardan müsahibə almağa nail olur.
Arzu olunan nəticələri əldə etmək üçün müsahibə aparan xeyirxah, nəzakətli, söhbətcil və qərəzsiz olmalıdır. Respondentlə görüş zamanı özünü çox soyuq tərzdə təqdim edən, bir qədər lovğalıqla, rəsmiyyətlə davranan müsahibə alan tamamilə qəbuledilməzdir. Müsahibə aparan həddən çox təmkinli, ciddi və ya artıq dərəcədə coşqun, olduqca çoxdanışan və ya ağciyər olmamalıdır. O, həmişə bu ifrat hallar arasında nə isə optimal bir mövqe tapmalıdır. Respondentlə əlaqəyə ilk andan nə isə şəxsi bir şey daxil etmək üçün müsahibə aparana məsləhət görülür ki, bilavasitə müsahibəyə başlamamışdan əvvəl hər hansı bir mücərrəd mövzularda hava, ailə, uşaqlar, idman hadisələri haqqında söhbət aparsın.
Müsahibə aparmaq prosesinin təbiiliyi müsahibə alanın sorğu vərəqəsinin məzmununa nə dərəcədə yiyələnməsindən və ona bələd olmasından çox asılıdır. O, sualların necə ifadə edildiyini, onların ardıcıllığını az qala əzbər bilməli, onları respondentə verərkən tələsməməlidir. Müsahibə alanın növbəti sualı yadına sala bilmədiyinə görə, müsahibə prosesində sorğu vərəqəsini öyrənməyə başladığı üzündən söhbətin gedişində sıxıntılı və üzücü fasilələrin yaranmasına heç bir vəchlə yol vermək olmaz.
Müsahibə aparan çalışmalıdır ki, respondent söhbətin özündən emosional və intellektual razılıq hissi keçirsin. Müsahibə alan mütləq respondentin rəğbətini qazanmalı, yaxşı, səbirli dinləyici olmalı, onun fikirlərinə ciddi maraq göstərməlidir. Respondentə, adətən müsahibə alan şəxsə onu başa düşməyə çalışan, onun fikirlərini tənqid etməyən və pisləməyən, öz fikrini zorla qəbul etdirməyən adamı görmək xoş gəlir. Müsahibə alan heç bir vaxt tərbiyəçi və ya hakim rolunda çıxış etməməlidir.
O, elə bir şəraiti yaratmalı və qorumalıdır ki, bu şəraitdə respondent özünün yaxşı başa düşüldüyünü, xüsusi olaraq çəkinmədən öz fikirlərini, rəyini sərbəst surətdə, hər hansı bir pisləmə və ya məzəmmətdən qorxmayaraq ifadə edə bildiyini hiss etsin. Bununla belə, müsahibə aparan söhbətin istiqamətini diqqətlə izləməli, mövzudan həddən çox kənara çıxılmasına yol verməməli və respondenti hər vasitə ilə hər bir sual üzrə öz fikrini tam, əsaslı surətdə və səmimi bildirməyə həvəsləndirməlidir. Müsahibənin məqsədi isə məhz bunu tələb edir.
Əsaslı surətdə formallaşdırılmış müsahibə nəzərdə tutularsa, onu keçirən zaman sualların bilavasitə verilməsi prosesində müsahibə aparan aşağıdakı tələbləri həmişə yadda saxlamalı və onlara əməl etməlidir:
1) sualların ifadə olunduğu formada heç bir dəyişikliyə yol verməməli;
2) sualların hər hansı bir subyektiv yozum və izahına yol verməməli;
3) sualların sorğu vərəqəsində nəzərdə tutulmuş ardıcıllığa ciddi surətdə riayət edərək verməli;
4) sorğu vərəqəsində göstərilmiş suallardan bəzilərini bilərəkdən ötürmək və ya üstündən keçmək qadağandır.
Bütün bu qaydaların gözlənilməsi eyni müsahibə şəraitinin yaradılması üçün böyük əhəmiyyətə malikdir, bu isə, artıq qeyd olunduğu kimi, kütləvi sorğular zamanı xüsusilə vacibdir. Müsahibənin sorğu vərəqəsinə daxil edilmiş sınaq tədqiqatı gedişində hərtərəfli işlənmiş hər bir sual öz mənasına görə olduqca müəyyən, zəruri məlumatların alınması məqsədinə yönəlmişdir. Buna görə də sualların ifadə olunduğu formada hər bir, hətta cüzi dəyişiklik belə onların mənasının respondent tərəfindən tamamilə başqa cür başa düşülməsinə gətirib çıxara bilər ki, bu da cavablarının dəqiqliyinə təsir göstərməyə bilməz. Müxtəlif formalarda ifadə olunmuş eyni bir sual respondentlər tərəfindən müxtəlif mənalarda başa düşülə bilər.
Əgər respondent sualı başa düşmürsə onda sualı sadəcə olaraq asta-asta təkrar edib respondentə fikirləşmək imkanı vermək məsləhətdir. Sualı izah etməyə yönəlmiş hər bir cəhd isə, sualların ifadə olunduğu formanın dəyişdiriləcəyi təqdirdə ola biləcəyi kimi, onun əsl, dəqiq mənasına xələl gətirə bilər və sual, buna müvafiq olaraq, respondent tərəfindən heç də tədqiqatçı planlaşdırdığı mənada başa düşülməyə də bilər.
Yaxşı nəticələrin əldə edilməsi üçün sualların ardıcıllığı da həmçinin vacibdir. Adətən, sorğu vərəqəsinin yaradılması və işlənməsi gedişində tədqiqatçı sualları müəyyən ardıcıllıqla yerləşdirərkən, bir tərəfdən mövzunun tədricən getdikcə artan dərinliklə açılması, digər tərəfdən isə sualların bir-birinə təsirinin qarşısının alınması barədə düşünür. Buna görə də, təbiidir ki, bu tələbin yerinə yetirilməməyi respondentin cavablarının keyfiyyətinə mənfi təsir göstərir və onların müqayisəsini çətinləşdirir.
Sorğu şəraitinin standartlaşdırılmasının son dərəcə mükəmməl olması üçün müsahibə aparan sorğu vərəqəsində nəzərdə tutulmuş bütün sualları verməlidir. İş ondadır ki, bir çox hallarda müsahibənin gedişində müsahibəni aparana elə gəlir ki, respondent əvvəlki suallara verdiyi cavablarında, sonrakı sualların birinə veriləcək cavabdan alınması nəzərdə tutulmuş məlumatı artıq vermişdir. Bəzi müsahibə aparanlar belə hallarda bu cür sualı ötürməyi mümkün hesab edirlər. Bu cür hallar yolverilməzdir, çünki bu, sorğu şəraitinin eyniliyi tələbini pozur.
Əgər aldığı cavaba görə müsahibə aparan sualın başa düşülmədiyini hiss edirsə, sualı başqa intonasiya ilə və daha asta, yenə də təkrar etmək lazımdır. Belə hallarda bəzən başqa, yeri gəlmişkən, kifayət qədər səmərəli üsuldan istifadə olunur: müsahibə alan sadəcə olaraq susur və respondentə baxır. Təcrübə göstərir ki, bu cür pauza yarandıqda respondent özünü daha çox narahat hiss edir və müsahibə alanın mənalı-mənalı susmasının təsiri altında, adətən, öz təşəbbüsü ilə öncə verilmiş suala daha dəqiq və dolğun cavab verməyə başlayır.
Müsahibə alan üçün ən çətin məsələlərdən biri respondentlərdən verilən suallara tam və dəqiq cavab almaqdır. Müsahibə prosesində tez-tez respondentlərin cavab verməkdən imtina etmələri, öz fikirlərini ifadə etməkdən yayınmaları, sualın mənasını düz yozmamaqları, yersiz mübahisələrə başlamaları, söhbətin əsas mövzusundan yayınmaları, nədə isə özlərinə zidd çıxmaları və s. halları olur. Bütün bu hallarda müsahibə aparan son dərəcə diqqətli olaraq, inad və təkidlə lazım olan məlumatı almağa çalışmalıdır.
Müsahibə alanların əksəriyyətinin respondentlərin cavablarını stimullaşdırmaq, daha dolğun və dəqiq məlumat almaq məqsədi ilə istifadə etdiyi çox geniş yayılmış vasitələri göstərmək məqsədəuyğundur:
Razılıq ifadəsi (diqqətli baxış, razılıq əlaməti olaraq başın tərpədilməsi, təbəssüm, sözlə təsdiq etmək).
Qısa pauzalardan istifadə etmək.
Əsas sualı təkrar etmək.
Qismən razılaşmamaq. Misal: "Siz deyirsiniz ki,... Lakin çoxları başqa cür düşünür."
İzah tələb etmək. Misal: a) "Mənim üçün bu tam aydın deyil. Nəyi nəzərdə tutduğunuzu izah edə bilərsinizmi? b) "Beləliklə, Siz indicə dediniz: ki;...Xahiş edirəm, dəqiqləşdirin".
Cavabın səhv təkrar etmək yolu ilə dəqiqləşdirilməsi. Misal: müsahibəni aparan: "Deməli, Siz fikir verdiniz ki, iş tapşırığı haqqında adətən mübahisələr yaranır". Respondent: "Xeyr, mən dedim ki, bəzən". Müsahibəni aparan: "Bağışlayın, görünür ki, yaxşı eşitmədim".
Cavablarda ziddiyyətin olduğunu göstərmək. Misal: "Siz bayaq dediniz ki,...İndi isə nəsə başqa şey qeyd etdiniz. Bəlkə mən sizi səhv başa düşmüşəm?"
Respondentin son sözlərinin təkrar etmək bu cür adlanan "əks-səda" metodu. Misal: respondent: "Mən bu müalicə kursunu altı ay ərzində qəbul etmişəm və halımın yaxşılaşdığını hiss etmirəm". Müsahibə aparan: "halınızın yaxşılaşdığını hiss etmirsiniz?"
Bitərəfliklə əlavə məlumat tələb etmək. Misal: "Bu maraqlıdır. Mən sizin bu haqda fikriniz barədə daha çox şey bilmək istərdim. Siz bunu daha ətraflı işıqlandıra bilərsinizmi?"
Son dərəcə müəyyən məlumatın tələb edilməsi. Misal: "Siz niyə məhz bu cür fikirləşirsiniz? Bu nəticəyə Siz necə gəlmişsiniz? Nə zaman?"
Respondentin cavablarının doğurduğu şübhənin və ya razılaşmanın hər dəfə səmimi ifadəsindən və ona bu haqda əlavə izahın verilməsindən sonra müsahibəni aparan özünün başa düşdüyünü, razı olduğunu, məmnun qaldığını, bəraətini qeyd etməlidir: "Bəli, bəli, Siz haqlısınız, indi mənə aydın oldu ki, Siz nəyi nəzərdə tuturdunuz. Bu çox maraqlıdır".
Əgər müsahibə prosesində "bilmirəm" tipli cavab alınmışdırsa, müsahibə aparan hər şeydən əvvəl bu cavabın arxasında nəyin gizləndiyini başa düşməlidir:
a) həqiqi xəbərsizlikmi?
b) sualın mənasının dərk edilməməyini?
v) öz fikrini sözlə ifadə edə bilməməyini?
q) öz şəxsi fikrini camaat qarşısında "ucadan" bildirmək qorxusumu və ya sadəcə olaraq, "səhv" cavab vermək qorxusu?
Bütün bunlardan asılı olaraq müsahibə aparan müəyyən respondentə nisbətən hansı daha münasib strateji davranış xəttini seçməli olduğu haqda qərara gəlir. Məsələn, əgər respondentin verilmiş sual üzrə səriştəli olduğuna şübhə varsa, onda bir neçə açıq, daha ətraflı və detallaşdırılmış sual vermək məsləhətdir. Lakin əgər respondentdə sualın mahiyyətini sadəcə olaraq başa düşmədiyi haqqında fikir yaranarsa, onda sualı təkrar etmək, onu başqa formada ifadə etmək lazımdır. Respondentin öz şəxsi fikrini açıq, "ucadan" söyləməkdən "qorxduğu" güman edildikdə isə əsas sualı vasitəli, şəxssiz formada vermək məsləhət görülür.
"Bilmirəm" cavabının əsl mənasının aydınlaşdırılması zamanı müsahibə aparan çox ehtiyatlı olmalıdır ki, öz şübhəsi ilə əvvəlcədən yanlış məlumat daşıyan hər hansı bir əsassız, ixtiyari cavabın verilməsinə səbəb olmasın. Bəzən isə elə olur ki, respondent müsahibə alandan çəkinərək nəyisə bilmədiyini etiraf etməyə utanır və belə hallarda bunu gizlətməyi üstün tutaraq müsahibə aparanın öz əlavə sualları ilə ona qəbul etdirdiyi ilə razılaşır.
Təbii, səmimi, məhrəmanə söhbət şəraiti, müsahibə aparanın söhbəti lazımi istiqamətə yönəldə bilməsi, sualları düzgün qoymaq bacarığı əvvəl-axır respondentdən hər bir sual üzrə daha tam və dəqiq məlumatın alınmasını təmin edir.
Müsahibə aparılarkən cavabların yazılmasını, adətən, müsahibə alanın özü yerinə yetirir. Amma, əlbəttə ki, daha yaxşı olardı ki, söhbəti bir adam aparırsa, başqa birisi cavabları qeydə alsın. Müsahibənin protokollaşdırılması heç də sadə iş deyil və müsahibə aparandan müəyyən vərdişlərin olmasını tələb edir: söhbəti idarə etmək və eyni zamanda onun gedişində sürəti pozmayaraq məlumatları qeydə almaq lazımdır. Bu zaman müsahibə aparan cavabların qeydə alınmasında son dərəcə diqqətli və səliqəli olmalıdır, çünki tədqiqatın nəticələri söhbətin nə dərəcədə əsaslı və keyfiyyətli yazılmasından çox asılıdır.
Əvvəlcədən kodlaşdırılmış suallar üzrə söhbət yazılarkən müsahibə aparanın vəzifəsi respondentin cavabına daha çox müvafiq olan şifri müəyyənləşdirib rəmzi işarə (dairə) ilə qeyd etməkdən ibarətdir.
Sual verərkən müsahibə aparan eyni zamanda həm sualın düzgün başa düşülməsinə fikir verməli, həm cavabların kifayət qədər dolğun və müəyyən olmasına diqqət yetirməli, həm də sonrakı sualın nədən ibarət olduğunu dəqiq bilməlidir. Təəccüblü deyildir ki, belə bir şəraitdə müsahibə aparan, bəzən respondentin müəyyən bir cavabına müvafiq olan lazımi şifri qeyd etməyi unudur. Əgər, müsahibə aparan bundan əvvəl artıq xeyli adamdan müsahibə almış və yorulmuşdursa belə səhvlərin ehtimalı və miqdarı kəskin surətdə artır.
Açıq suallara verilən cavabları qeydə alarkən hər bir müsahibə aparan, hər şeydən əvvəl, onların olduğu kimi yazılması vacibliyini dərk etməlidir. Respondentin cavabının müsahibə aparanın öz sözləri ilə yazılmasına, cavablarda hər hansı bir ümumiləşdirmələr aparılmasına, respondentin nitq üslubunu jarqon və ya qrammatika baxımından düzgün olmayan ifadələrdən təmizləyərək onun yaxşılaşdırılmasına heç bir vəchlə yol vermək olmaz. Çox vaxt respondentin cavablarının məhz bu cür, hərfən qeydə alınması sorğunun təhlili zamanı tədqiqatçıya bu və ya digər respondentin şəxsi yönümlərinin mahiyyətini daha dərindən dərk etməyə imkan verən həlledici amillərdən biri olur.
Suallara verilən cavablardan başqa, müsahibə aparan, adətən, protokolda respondentin müsahibə zamanı zahiri davranışı, müəyyən suallara göstərdiyi reaksiyası (üzünün ifadəsi, danışanda əl-qolunun, başının hərəkətləri, səsinin tonu və s.) barədə öz təəssüratlarını qeyd edir, respondentin müsahibəyə münasibətinin xarakterini (müsbət, bitərəf, ehtiyatlı, düşməncəsinə), göstərir, onun cavablarının etibarlılıq dərəcəsini qiymətləndirir. Müsahibə aparan suallara cavabların əsas yazısına öz şərhlərindən nə qədər çox əlavə edərsə, bir o qədər yaxşıdır, çünki bu cür əlavə məlumat sorğunun yekunları təhlil edilərkən tədqiqatçıya daha əsaslandırılmış nəticələr çıxarmağa imkan verəcəkdir.
Real sosial-psixoloji qarşılıqlı təsir prosesində müsahibə aparanla respondent arasında müxtəlif və olduqca möhkəm psixoloji, mənəvi və sırf funksional əlaqələr kompleksi yaranır və formalaşır. Nadir sosial və şəxsi xarakteristikalara malik olan müsahibə aparan və respondent bilavasitə ünsiyyət aktında bir-birinə göstərdikləri təbii təsirə məruz qala bilməzlər.
Konkret sosioloji tədqiqatlarda müsahibənin istifadə olunma təcrübəsi göstərir ki, müsahibə aparanla respondentin cins, yaş, təhsil səviyyəsi, sosial mənsubiyyəti kimi xarakteristikaları söhbətin gedişi xüsusiyyətinə və onun nəticələrinə çox böyük təsir göstərir. Bu cür şəxsi xarakteristikalar üzrə həddindən çox böyük fərqlərin olması qarşılıqlı anlaşmanı olduqca çətinləşdirir, bu isə müsahibə aparanla respondentin bütün qarşılıqlı təsir prosesinə mənfi təsir göstərir.
Müsahibə iştirakçılarının bir-biri haqqındakı ilk təəssüratları kimi həmin şəxsi xarakteristikalar müsahibə (həmsöhbətə) nisbətən müəyyən yönəlişliklərin, təsəvvürlərin yaranmasına çox böyük təsir göstərir.
Qeyd etmək lazımdır ki, müsahibə aparanla respondent arasında dərin və dolğun ünsiyyət əksər hallarda məhz onların bir-biri haqqında qarşılıqlı təsəvvürlərinin aydınlığı və düzgünlüyünün sayəsində təmin olunur. Lakin, digər tərəfdən, onlarda bir-biri haqqında yanlış təsəvvürlərin yaranması ehtimalı da istisna edilmir, bu isə etibarlı və doğru məlumatlar almaq prosesində meydana çıxan müxtəlif təhriflərin ən əsas səbəblərindən biridir. Məsələn, yaşla və peşə ilə bağlı qabaqcadan əmələ gəlmiş yanlış fikir respondentlərin qavranılmasında müəyyən stereotiplərin formalaşmasına böyük təsir göstərərək müsahibə aparanı mütləq mühakimələrində və respondentin rəylərinin şərhində qabaqcadan hasil olmuş qənaətə əsaslanmaq meylinə gətirib çıxardır. Əgər müsahibə aparan respondentin hər hansı bir xüsusiyyəti və ya onu əhatə edən mühitə pis yanaşırsa, bu onun sual vermək tərzində və respondentin cavablarına reaksiyasında özünü göstərməyə bilməz. Adətən, belə hallarda respondentin cavabları müsahibəni aparan tərəfindən onun oxşar tipli şəxslər haqqında malik olduğu təsəvvürlər baxımından izah edilir.
Müsahibənin nəticələrinin təhrif olunması səbəblərindən biri müsahibə aparanın respondentə verilən suallar barədəki aşkar, gizlədilməyən və özünü, adətən, açıq suallar ifadə edilən zaman respondentə cavabların müəyyən qədər qəbul etdirilməsində bariz şəkildə göstərir. Bəzən isə elə olur ki, respondentin artıq ilk cavablarından müsahibə aparan onun yönümləri haqda bəzi məlumatlar əldə edir, sonra isə fikirləşmədən onun bütün cavablarını buna uyğunlaşdırır.
Respondentin davranışı ilə bağlı təhriflərə gəldikdə isə onların mahiyyəti həqiqi məlumatların təqdim edilməsində ifadə olunur. Respondentin şüurlu və ya qeyri-ixtiyari olaraq verdiyi yanlış cavabların əksəriyyəti onun müsahibə aparanın davranışı və "surətinə" müvafiq reaksiyasının bilavasitə nəticəsidir. Müsahibə alanın gözündə, mədəniyyətsiz adam kimi görünməmək üçün respondent özünün teatr, konsert zallarına əslində olduğundan daha çox getdiyini və s. söyləyə bilər. Müsahibə aparanın etimadını və hörmətini qazanmaq üçün respondent bəzən onun hər bir sual üzrə güman edilən fikri ilə həvəslə razılaşır. Lakin, təbiidir ki, başqa cür də ola bilər. Respondentin sadəcə olaraq özü üçün böyük əhəmiyyət kəsb etməyən hansısa hadisələri unutması ilə bağlı səhvlər də olur.
Müsahibə gedişində əmələ gələ bilən təhriflərin uğurla aradan qaldırılmasına müsahibə aparanları, onların həm şəxsi xüsusiyyətlərinə görə, həm də seçmə vahidlərinin xarakterinə, sırf təsnifat-texniki əlamətlərə görə bacarıqla seçməklə nail olmaq olar.