2 Nİzami GƏNCƏVİ



Yüklə 2.84 Mb.
PDF просмотр
səhifə1/23
tarix29.12.2016
ölçüsü2.84 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23

                                                                                                            

1

  



                                                                                                            

2

NİZAMİ GƏNCƏVİ 



İSKƏNDƏRNAMƏ 

Şərəfnamə 

"LİDER NƏŞRİYYAT" 

BAKI-2004 

  


                                                                                                            

3

Bu əsər “Nizami Gəncəvi. İskəndərnamə" (Bakı, Yazıçı, 1982) 



kitabı əsasında təkrar nəşrə hazırlanmışdır 

Tərcümə edəni: 

 

Abdulla Şaiq

İzahların müəllifi:   



Əkrəm Cəfər 

On sözün müəllifı:   



Qəzənfər Əliyev 

Elmi redaktor: 

 

Xəlil Yusifli 

894.361'1 - de 21  

AZE 

Nizami  Gəncəvi.  İskəndərnamə.  Şərəfnamə.  Bakı,  "Lider 

nəşriyyat", 2004, 432 səh. 

Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq 

incisi sayılan "İskəndərnamə" "Xəmsə"nin beşinci kitabıdır. Dahi şair yaradıcılığının 

əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, lıəyatda görmək istədiyi 

ideal cəmiyyəti təsvir etmişdir. 

"Şərəfnamə"də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir, 

onun  tərbiyəsindən,  təhsilindən,  hökmdarlığından,  yürüşlərindən  və  ümumiyyətlə, 

onun böyük şan-şöhrətə çatmasından bəhs olunur. 

  

ISBN 9952-417-03-7 

                                                            © "LIDER N.SRIYYAT", 2004.  


                                                                                                            

5


                                                                                                            

6

QƏHRƏMANLIQ DASTANI 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün dünyada 

şöhrət  tapmış  ölməz  "Xəmsə"si,  "İskəndərnamə"  poeması  ilə  bitir.  Bu  son 

əsərində böyük söz ustasının məfkurəsi, bədii qayəsi, şair təxəyyülü özünün 

ən yüksək zirvəsinə çatmışdır. 

Nizami bu əsəri yazmağa başlayarkən altmış yaşını ötmüş, sözün ən geniş

mənasında,  hərtərəfli  və  dərin  həyat  təcrübəsi  əldə  etmişdi.  Şair  keçdiyi 

yaradıcılıq yoluna nəzər salaraq hiss edirdi ki, "İskəndərnamə" onun əvvəlki 

əsərlərində  söylədiyİ  fikirlərin,  əks  etdirdiyi  ümidlərin  yekunu  olmalıdır. 

Bunu  biz  "Şərəfnamə"nin  giriş  fəsillərində  aşkar  duyuruq.  Doğrudan  da, 

Nizami  mütərəqqi  ideallarını  və  müqəddəs  arzularını  məhz  bu  son  poeması

ilə bağlayır və deyir: 

Dastanı sevənlər, şeiri duyanlar  

Nəğmələr dinləməz bir çox zaman var.  

Yazmalı elə bir uğurlu dastan, 

Onda bir incəlik duysun oxuyan.  

Bildim bu naxışı bəyənər dostlar,  

Verdim bu dastanı yazmağa qərar. 

Nizaminin sonuncu poemasının əsas mövzusunu bir sıra Şərq xalqlarının 

yazılı  və  şifahı  ədəbiyyatında  geniş  yayılmış  Makedoniyalı  İskəndər 

(Aleksandr)  dastanı  təşkil  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  qədim  İran 

ədəbi  ənənələrində  bir  amansız  fateh,  Əxəmənilər  sülaləsinin  qatı  düşməni 

kimi  təcəssüm  Olunan  İskəndər  surəti  Nizami  dövründə  bir  çox  yazılı

abidələrdə  ədalətli  hakim,  elmə,  biliyə  yüksək  qiymət  verən,  ümumiyyətlə, 

müsbət qəhrəman kimi təsvir olunurdu. Mənbələrdə İskəndərin səciyyəsinin 

belə  dəyişməsinin  bir  səbəbini  də  islam  dini  kitablarında  onun  peyğəmbər 

dərəcəsinə qaldırılması olmuşdur. 

Dahi  şair  həmişə  olduğu  kimi,  "İskəndərnamə"  poeması  üzərində

işləyərkən  bir  sıra  tarixi  mənbələri  ciddi  surətdə  öyrənmiş,  onların  içindən 

özünün ideya bədii qayəsinə uyğun olan məlumatları seçmiş və ustad qələmi 

ilə nəzmə çəkmişdır. 

Üzərində işlədiyi mənbələr haqqında şair özü belə söyləyir: 

  


                                                                                                            

7

İskəndər haqqında heç bir əsərdə 



Məlumat görmədim yığcam bir yerdə.  

Sözlərlə dolmuşdu xəzinə içi,  

Ancaq hər nüsxədə dağınıq inci.  

Hər köhnə nüsxədən əsas alaraq,  

Onu öz şeirimlə bəzədim ancaq.  

Ən qədim tarixi əsərlərdən mən,  

Yəhudi, nəsrani, pəhləvilardən  

Ən incə sözləri əlimə saldım,  

Qabığı ataraq, məğzini aldım.  

Müxtəlif dillərdən yazdığım sözlər,  

Bunlardan doğuldu yığdığım əsər.  

Saydığım dilləri ətraflı bilən  

Saxlar öz dilini mənə töhmətdən. 

Görundüyü kimi, şair ərəb və fars dilində olan mənbələrlə yanaşı, yəhudi, 

nəsrani  (xristian)  və  pəhləvi  mənbələrini  araşdırdığını  xatırladır.  Doğrudan 

da, İskəndər əhvalatı barəsində bu mənbələrdə çoxlu məlumat olduğu bu gün 

elm  aləminə  bəllidir.  Məsələn,  "İskəndərnamə"də  təsvir  olunan  bəzi 

hadisələrin əksini biz talmud rəvayətlərində və qədim yəhudi (ibrani) dilində

olan ayrı-ayrı İskəndər haqqımda anonim kitablarda görə bilirik. 

Nəsrani  mənbələri  dedikdə,  Nizami,  şübhəsiz,  yunan  dilində  olan  tarix 

kitablarını,  ilk  növbədə,  "Saxta  Kallisfen"i  nəzərdə  tuturdu.  Məlum  olduğu 

üzrə,  yunan  dilində  Makedoniyalı  İskəndər  haqqında  olan  ilk  roman  uzun 

illər  onun  şəxsi  həkimi  Kallisfenin  adına  yazılırdı.  Lakin  əsərin  eramızın 

birinci  əsrində  meydana  gətirildiyi  məlum  olduqda  həmin  roman  "Saxta 

Kallisfen"  adını  aldı.  Məhz  bu  əsər  XV  əsrə  qədər  siryani,  yəhudi,  pəhləvi 

dillərinə  tərcümə  edilmişdi  ki,  Nizami  də  bu  tərcumələrin  bəzilərindən 

istifadə edə bilərdi. 

Nizaminin  istifadə  etdiyi  mənbələrdən  biri  də  pəhləvi  dilində  yazılmiş, 

sonralar  isə  ərəb  istilası  (VIII-IX  əsrlər)  vaxtı  məhv  edilmiş  "Xvatak-

namak"lar  ("Xudayamə")  olmuşdu.  Bu  salnamələrin  epik  xarakter  daşıyan 

hissələri ərəb dilinə çevrilmiş, tarixə və xüsusilə "ədəb" janrına mənsub olan 

ərəb dilli kitablarda özünə yer tapmışdır. "Yeni tarix abidələri" dedikdə şair, 

heç şubhəsiz, bu növ əsərləri nəzərdə tuturdu. 

Doğrudan  da,  bu  gün  biz  pəhləvi  mənbələri  -  "Karnatnoki-Arrakşiri-

Papakan", "Namaki-Tansar", "Artak-Viraz-namak" ilə yanaşı, İskəndər  


                                                                                                            

8

Urmik  (ər-Rumi)  haqqında  geniş  məlumatları  Həmzə  İsfahani,  ad-



Dinəvəri ət-Təbəri və başqa ərəb tarixçilərinin məşhur əsərlərində müşahidə

edirik. 


Ət-Təbəri  özunün  iri  həcmli  "Tarix"  əsərində  İskəndər  haqqında 

rəvayətlərə  daha  geniş  yer  verir  və  tez-tez  özündən  əvvəlki  mənbələrə, 

xüsusilə  Hişam  ibn  Məhəmmədə  istinad  edir  ki,  bu  da  İskəndər  haqqında 

rəsmi  məlumatlarla yanaşı, "Qərb və Şərq fatehi"ni xoşa gələn tərzdə təsvir 

eləyən rəvayətlərin də yayılmasına dəlalət edir. 

Nizaminin  "İskəndərnamə"sində  təsvir  olunmuş  hadisələrin  çox  qısa 

məzmununu  bir  sıra  incəliklərilə  bərabər  biz  ət-Təbərinin  salnaməsində

görürük. Lakin bu heç də o demək deyildir ki, Nizami öz poemasını yazarkən 

bir  çox  epizodları  ət-Təbəri  salnaməsindən  olduğu  kimi  iqtibas  etmişdir. 

Əksinə,  Nizami  özü  əsərin  fəsillərin  giriş  hissəsində  dəfələrlə  qeyd  edir  ki, 

onun məqsədi daha çox deyilməyənləri ehya etməkdir. Bunu biz Nizaminin 

fars-tacik  şeirinin  böyük  nümayəndəsi  Firdovsiyə  olan  münasibətində  daha 

aydın hiss edirik. "İskəndərnamə"də oxuyuruq: 

Köhnə söz ustası, o Tuslu şair  

Söz gəlinlərini bəzədi bir-bir.  

Düzdü dastanlara çox inci, gövhər,  

Yenə də qaldı çox bakirə sözlər.  

Yazsaydı tarixdə bütün olanı,  

Çox uzun sürərdi onun dastanı. 

Ümumbəşəri  mütərəqqi  ideyalar  tərənnümçüsü  Nizami  "Şuubilik"  (İran 

və  Orta  Asiya  xalqları  arasında  IX-X  əsrlərdə  yayılmış,  ərəb  hakimiyyətinə

qarşı  mübarizə  bayrağına  çevrilmiş  cərəyan)  tərəfdarı  və  aludəcisi  olan 

"Şahnamə"  müəllifinin  İskəndər  haqqındakı  rəvayətlərə  olan  qərəzli 

münasibətini  duymaya  bilməzdi.  Məhz  buna  görə,  Nizami  yuxarıda 

gətirdiyimiz beytlərdən sonra bilavasitə Firdovsinin bu qərəzli münasibətinə

işarə edərək: 

Sevmədiklərinə etmədi hörmət,  

Bəyəndiklərinə göstərdi rəğbət, - 

yazır və həmin fəsli aşağıdakı fikirlərlə tamamlayır: 


                                                                                                            

9

                            Nizami bu sapa düzərkən gövhər  



Qələmdən silindi qələm görənlər.  

Hansı bir incini keçirdi ələ,  

Onları çəkdi öz soz çəkisiylə.  

Uğurla ucaltdı "Şərəfnamə"ni,  

Köhnəni bununla eylədi yeni. 

Nizami  Firdovsinin əsərilə  yaxından  tanış  idi  və bunu  şair  özü  dəfələrlə

"Xosrov  və  Şirin",  "Yeddi  gözəl"  və  "İskəndərnamə"də  xatırladır,  ona  öz 

ehtiramını  xüsusilə  qeyd  edir.  Bununla  yanaşı,  Azərbaycan  şairi  "özündən 

əvvəlkiləri  təkrar  etmək  onun  yaradıcılığına  xas  olan  cəhət  deyildir" 

söyləyərək, özünün bu sahədə novator olduğunu qeyd edir. 

Bunu da xatırlatmaq lazımdır ki, Nizaminin novatorluğu heç də mənbələr 

üzərində  işləməklə,  onların  içindən  tez  ideya-bədii  qayəsinə  uyğun 

məlumatlar  çıxarması  ilə  məhdudlaşmır.  Şair  öz  əsərinin  yüksək  sənət 

nümunəsi  olduğunu  bilir  və  səmimi  hisslərlə  (fəxr  xatirinə  yox!) 

"İskəndərnamə"nin gizli sirlərlə dolu olduğunu bəyan edir: 

Belə bir dəyərli gövhərlə, dostlar,  

Bir gövhər sevənə ehtiyacım var.  

İstərəm eylə bir kamil dinləyən, 

Şairlik sirrini öyrənsin məndən! 

Şairin  bu  əsərdə  izlədiyi  ən  mühum  qayə  həqiqətdir  -  insan  həqiqəti. 

Doğruluq,  həqiqət  müəllifə  görə  "İskəndərnamə"nin  səciyyəvi  cəhətidir.  O 

deyir: 


Doğrular yanında varmıdır bundan  

Daha xoş simalı, sevimli dastan?  

Başqa dastanları arasan bir az,  

Millətlər yanında doğru sayılmaz. 

Doğrudan da, insan həqiqəti, daha geniş mənada deyilərsə, bəşər həqiqəti 

"İskəndərnamə"  müəllifinin  diqqət  mərkəzində  dayanır.  Böyük  şair  və

mütəfəkkir  faydalandığı  tarixi  və  eləcə  də  digər  mənbələrə  bu  baxımdan 

yanaşmışdır. 

"İskəndərnamə"  poemasının  yazılma  tarixinin  dəqiq  müəyyənlik 

qazanmaması bir sıra çətinliklər törədir. Məsələ burasındadır ki, şairin özü də 



                                                                                                            

10

"Xəmsə"yə daxil olan əvvəlki əsərlərindən fərqli olaraq, "İskəndərnamə"nin 



yazılma tarixini göstərməmişdir. Əsərin iri həcmi 

  

(iyirmi min misradan çox) və mürəkkəb quruluşu bizi şairin poema üzərində



uzun  müddət  işləməsi  qənaətinə  gətirir.  Hər  halda  "İskəndərnamə"  (197-ci 

ildən  ("Xəmsə"nin  dördüncü  hissəsi  olan  "Yeddi  gözəl"  poemasının  yazılış

tarixidir)  sonra  yazılmışdır.  Nizami  "Şərəfnamə"nin  giriş  hissəsində  əvvəlki 

dörd əsərini sadalayır və deyir ki: 

İndi soz mülkündə büsat qururam,  

İskəndər dövründən təbil vururam. 

"Şərəfnamə"  əsəri  Nüsrətəddin  Əbu  Bəkr  Bişkinə  (1191-1210)  həsr 

olunmuşdur.  "İskəndərnamə"nin  ikinci  hissəsində  ("İqbalnamə")  isə  Məlik 

İzzəddinin  adı  çəkilir.  Əgər  I  İzzəddin  Məsud  nəzərdə  tutulursa  o,  1180-

1193-cü  illərdə  hökmranlıq  etmişdir.  Deməli,  həmin  İzzəddin  əsərin 

yazılmasından dörd il əvvəl ölmüşdür. Söhbət II İzzəddin Məsuddan gedirsə, 

o da 1211-ci ildə, yəni Nİzaminin qəbul olunmuş ölüm tarixindən iki il sonra 

hakimiyyətə gəlmişdir. 

Bu xronoloji qarma-qarışıqlıq "İqbalnamə"nin son hissələrinin guya şairin 

ölümündən  sonra  başqaları  tərəfindən  tamamlanması  barəsində  fikrin 

meydana gəlməsinə səbəb olmuşdur. Bu fikir bizə görə əsassızdır. 

Bir  növ  təəccüb  doğuran  ikinci  məsələ  əsərin  quruluşu  ilə  bağlıdır; 

məlumdur ki, "İskəndərnamə" iki hissədən ibarətdir. Bunu əsərin bizim dövrə

gəlib  çatmış  əlyazmaları  aydın  göstərir.  Lakin  Nizami  "Şərəfnamə"nin  giriş

hissəsində  İskəndəri  üç  cəhətdən,  yəni  fateh,  hakim  və  peyğəmbər  kimi 

səciyyələndirəcəyini iqrar edir: 

Öncə söz açaram padşahlığından,   

Cahangirliyini ederəm elan.  

Hikmətlə bəzəkli söz yazaram mən,  

Köhnə tarixləri təzələrəm mən.  

Döyərəm qapını peyğəmbərliyə,  

Tanrı da bəyənmiş, peyğembər, - deyə. 

Sonra Nizami əsərin üç hissədən ibarət olduğunu aydın şəkildə soyləyir: 

Üç qapı tikdim, üç xəzinə demək,  


                                                                                                            

11

Çəkdim hər qapıda ayrıca əmək.  



Üç qapı ya bu üç inciylə yenə  

Tökərəm dünyaya ağır xəzinə. 

  


                                                                                                            

12

Burada  qapı  (dər)  ərəbcə  "bab"ın  (qapı,  fəsil)  tərcüməsidir.  Bəzi  ədəbi 



mənbələrdə  əsərin  ikinci  hissəsinə  "Xirədnamə"  (əql,  hikmət  kitabı)  adı  da 

verildiyinə  təsadüf  edirik  (Məsələn,  1852-ci  il  "Biblioteka  İndika" 

silsiləsindən çap olunan ikinci hissə məhz belə adlandırılmışdır). 

Bu mübhəm məsələnin dəqiq həlli üçün əlimizdə olan faktlar heç də kafi 

deyildir. Ona görə də hər cür fərziyyədən imtina etməyə məcburuq. Hər halda 

əsərin bu gün əlimizdə olan mətnində İskəndər surəti fateh, hakim, fəlsəfə və

imanla  qarışıq  din  carcısı  kimi  öz  səciyyəsini  tapmışdır.  Yaxın  Şərq,  o 

cümlədən  Azərbaycan  ədəbiyyatında  geniş  yayılmış  janr  ənənələrinə  riayət 

edərək,  Nizami  əsərin  baş  qəhrəmanı  olan  İskəndəri  anadan  olduğu  gündən 

təsvirə  başlayır.  Məlumdur  ki,  İskəndərin  milli  mənşəyi  barədə  iki  rəvayət 

var. 

Bu adi rəvayətlərin birində İskəndərin sadəcə bir tərki-dünya oğlu olması



və  Makedoniya  hakimi  Feyləqus  (Filipp)  tərəfindən  oğulluğa  götürülməsi, 

digərində isə onun İran şahı Daranın oğlu olması təsdiq edilir. Nizami hər iki 

rəvayət haqqında məlumat verir, lakin o təsdiq edir ki, İskəndər Feyləqusun 

oğludur. 

Beləliklə,  İskəndərin  İran  taxtının  varisi  olması  məqsədilə  quraşdırılan 

rəvayəti  Azərbaycan  şairi  rədd  edir.  Əslində  Nizami  İskəndərin  rumlu 

olduğunu  tarixi  həqiqətə  sadiq  qalmaq  naminə  təsvir  edir;  İskəndər 

Nizaminin sevdiyi, onun arzu və amallarını ifadə edən bir bədii surət, ədəbi 

qəhrəmandır. 

Bütün  yaradıcılığı  boyu  onu  daim  düşündürmüş  ictimai  həyat 

həqiqətlərini  aramış  olan  böyük  mütəfəkkir  şair  insan  və  cəmiyyət 

münasibətlərini öz fəlsəfi konsepsiyası əsasında aydınlaşdırmağa cəhd etmiş, 

bu  ictimai  problemlərlə  bağlı  olan  suallara  isə  İskəndər  vasitəsilə  cavab 

tapmaq istəmişdir. 

Hələ  ilk  iri  həcmli  əsəri  olan  "Sirlər  xəzinəsi"ndən  başlayaraq,  Nizami 

feodal  cəmiyyətində  müşahidə  etdiyi  ictimai  və  mənəvi  nöqsanları  ifşa 

edərək,  onları  hansı  yollarla  aradan  qaldırmaq  mümkün  olacağı  haqqında 

düşünmüşdür. Dövrünə görədir ki, Nİzami həmişə öz əsərlərinin bədii qüdrəti 

və  ideya  məzmunu  ilə  feodal  hakimlərə  təsir  göstərmək  və  onları  ədalətə

çağırmaq,  bir  sözlə,  onları  "yaxşılaşdırmaq"  istəmişdir.  "Xosrov  və  Şirin", 

"Yeddi  gözəl'  poemalarında  da  ideya  istiqamətinin  məhz  bu  hədəfə

yönəldiyini biz asanlıqla görür və duyuruq. 

  


                                                                                                            

13

Bu baxımdan İskəndər bir müsbət qəhrəman kimi şairin yaratdığı bu tipli 



surətlərdən çox yuxarıda durur. Nizami bir fateh olan qəhrəmanının müsbət 

cəhətlərini daha bariz şəkildə verməyə çalışmışdır. 

Əsərin  "Şərəfnamə"  hissəsində  görürük  ki,  İskəndərin  müharibələr 

aparmaqda  məqsədi  hər  yerdə  ədaləti  bərpa  etməklə  yanaşı,  bu  ölkələrdə

yayılmış  biliklərə  sahib  olmaqdır.  Məsələn,  İran  şahənşahlığı  məğlubiyyətə

uğrayandan  sonra  İskəndər  atəşpərəstlərin  hikmətlə  dolu  kitablarını  yunan 

dilinə  çevirməyə  fərman  verir.  İskəndəri  biz  bu  yürüşlər  ərzində  həmişə

məşhur  yunan  alimləri  arasında  görürük.  O,  Dərbənd  qalasını  yolkəsən 

quldurlardan xilas etdikdən sonra Dağıstanda yerləşən, vaxtilə İran şahlarının 

yay  istirahət  sarayı  olan  Sərir  qalasına  gedir,  Keyxosrovun  məqbərəsinin 

sirlərini öyrənmək istəyir. 

Doğrudur,  Makedoniyalı  İskəndər  haqqında  yaranmış  tarixi  və  əsatiri 

mənbələrdə (məsələn, yəhudi dilində olan romanda) onu qədim padşahlardan 

olan  Altinüsün  məqbərəsində  görürük. Nizami  İskəndəri  o  vaxtkı  oxuculara 

daha yaxın və tanış olan Keyxosrov məqbərəsinə getməyə məcbur edir. Şair 

öz qəhrəmanına bilici Bəlinasın diliylə başa salır ki, dünyada taxt-tac, şöhrət 

və  dövlət  hamısı  müvəqqətidir,  yaxşı  ad  isə  daimidir.  İnsan  çalışmalıdır  ki, 

özündən  sonra  yaxşı  ad  qoyub  getsin,  buna  isə  ancaq  yaxşı  əməllərlə  nail 

olmaq mümkündür. Padşahlar taxtına gəlincə: 

Faydasız olan bu taxt nəyə gərək?  

Üstündə başqası ömür sürəcək  

Faydasız bu taxta uyma, saxtadır,  

Yerimiz taxt deyil, quru taxtadır.  

Bu qızıl baxt deyil, versəniz fikir,  

Ayağa vurulmuş ağır kündədir.  

Bir taxt ki əbədi yer deyil sana,  

Onu ta dirisən parçalasana! 

Bu  beytler  şairin  bütün  ömrü  boyu  inam  bəslədiyi  "ədalətli  şah",  "ideal 

hökmdar" konsepsiyasında dönüş əmələ gəldiyinə dəlalət edir, 

Humanist  sənətkar  tədricən  "ədalətli"  hakimlərin  də  bəşər  cəmiyyətinə

insanların  həmişə  arzulamış  olduğu  səadəti  gətirə  biləcəyi  fikrindən  əl 

çekməyə  başlayır  və  əsərin  ikinci  hissəsini  təşkil  edən  "İqbalnamə"də

İskəndəri azad cəmiyyət münasibətlərinin hökm sürdüyü xoşbəxtlər ölkəsinə

gətirir və bununla da təsdiq edir ki, bəşər 

  


                                                                                                            

14

cəmiyyətinin  səadət  dolu  gələcəyi  ədalətli  şah  konsepsiyası  ilə  deyil,  ancaq 



maddi və mənəvi azadlıq ideyaları ilə bağlıdır. 

Şairin  bu  "sosial  utopiyası",  onun  təsvir  etdiyi  azad  cəmiyyət  haqqında 

görüşləri o zamankı dünya ədəbiyyatında misilsiz bir hadisə idi. 

"İskəndərnamə" əsərində şairin yüksək vətənpərvərlik hissləri də öz əksini 

tapmışdır. Bu vətənpərvərlik ideyalarının ən bariz təmsilçisi şairin dərin sevgi 

duyğuları  ilə  yaratdığı  Bərdə  hakimi  Nüşabə  surətidir.  Nüşabə  "Xosrov  və

Şirin"  poemasında  rast  gəldiyimiz  Məhinbanu  surətinin  davamıdır.  Maraqlı

burasıdır ki, Nizami İskəndəri öz doğma yurdu Azərbaycana gətirmək üçün 

bilərəkdən tarixi anaxronizmə yol verir. 

Bərdə  hakimi  Nüşabə  eyni  zamanda  şairin  "ədalətli  hökmdar"  haqqında 

görüşlərinin  də  ifadəçisidir.  Nüşabənin  rnüdrik  bir  hakim  olmasını  eşidən 

fateh  özü  adi  elçi  sifətilə  Bərdə  hakiminin  sarayına  gedir.  Lakin  İskəndərin 

adi  elçi  qayda-qanunları  xilafına  etdiyi  hərəkətlər  Nüşabənin  nəzərindən 

yayınmır. Onu artıq tanımışlar. İskəndərin fütuhatının şöhrətini eşitmiş olan 

ağıllı  qadın  onun  rəsmini  öz  xəzinəsində  saxlayırdı.  Amansız  fateh  insan 

əqlinin gücü qarşısında aciz qalır və Nüşabənin ölkəsi fəth olunmur. 

Nüşabə  İskəndərin  qarşısında  süfrə  açır  və  onu  cavahiratla  doldurur. 

İskəndər  əlbəttə  anlayır  ki,  var-dövlət  uğrunda  çalışmaq  faydasız  işdir.  O 

deyir: 

Sənin xonçandakı bu daş-qaş daşır,  



Bu danlaq, bu töhmət kimə yaraşır?  

Süfrəyə cavahir saçmaq nə gərək?!  

Gövhərdən qaçmağı mənə öyrətmək?!  

Eşq olsun bu fikri sağlam qadına,  

Mərdliyin yolunu öyrədir mana.  

Ey uzaqgörən qız, gəl məni dinlə,  

Qızıl sikkəsini nəsihətinlə;  

Ataram bir kərə torpaqlara mən,  

Qızıla torpaqdır təbii mədən. 

Nizamimn  vətənpərvərlik  duyğularını  doğma  Azərbaycanın  təbiət 

lövhələrinin  təsvirində,  xüsusilə  Bərdəyə  həsr  olunmuş  parçada  hiss  edirik, 

Şair  qeyd  edir  ki,  Bərdə  vaxtilə  qədim  mədəniyyət  və  elm  ocağı  olmuş,  öz 

təbiətinin  gözəllikləri  ilə  bütün  Yaxın  Şərqdə  tanınmışdır.  Həmin  hissləri  o 

öz  doğma  diyarı  olan  qədim  Gəncə  haqqında  da  söyləyir,  özünün  qırılmaz 

tellərlə Gəncəyə bağlılığını bildirir. Nizami bö- 

  


                                                                                                            

15

  



                                                                                                            

16

yük iftixar hissilə deyir ki, onun müqəddəs sirlərlə dolu şeirləri aşkar olaraq 



Buxaraya aparılarsa da, Gəncə torpağından olduğunu zövq əhli bilir. 

Böyük humanist şair olan Nizaminin dərin vötənpərvərlik duyğuları onun 

beynəlmiləlçi  görüşləri  ilə  sıx  bağlıdır.  Nizami  xalqlar  dostluğu  və  sülh 

ideyalarının  carçısıdır.  Onun  əsərlərində,  eləcə  də  "Şərəfnamə"sində

yunanlıların  və  ərəblərin,  gürcülərin,  rusların,  çinlilərin  və  hindlilərin, 

Dağıstan  və  İran  xalqlarının  həyatından,  adət  və  ənənələrindən  hörmətlə

danışılır. Şairin məqsədi öz həmvətənlərinin həmin xalqların tarixi keçmişi və

yaxud ona müasir olan həyat tərzilə yaxından tanış etmək olmuşdur. Bu nəcib 

vəzifənin öhdəsindən dahi şairimiz böyük ustalıqla gələ bilmişdir. 

"Şərəfnamə"  qəhrəmanlıq  dastanıdır.  Təbiidir  ki,  biz  bu  əsərdə  çoxlu 

döyüş  səhnələrinə  təsadüf  edirik.  Şairin  müharibələrə  olan  münasibəti  onun 

beynəlmiləlçilik görüşlərilə üzvi surətdə bağlıdır. Nizami müharibələri İnsan 

cəmiyyəti  üçün  fəlakət  sayırdı.  Böyük  mütəfəkkir  şair  ədalətli  və  ədalətsiz 

müharibələri bir-birindən seçməyi bacarmışdır. O, "bir ovuc torpaq" üstündə

insanları qırğma verən feodal hökmdarları öz bədii söz sənətinin gücüylə ifşa 

edirdi. 


"Şərəfnamə"də  müharibələri  təsvir  edərkən  Nizami  ilk  növbədə

  dövrün 

feodal  hakimlərinin  ölkələri  viranlığa  döndərən  ədalətsiz,  mənasız 

döyüşlərini  nəzərdə  tuturdu.  Məhz  buna  görədir  ki,  şair 

('İskəndərnamə"nin  giriş  hissəsində  dəfələrlə  işarə  vurur  ki,  bu  əsərə

uzaq keçmişdən bəhs edən sadəcə əfsanə kimi baxılmamalıdır. 

Nizami öz dövrünün qabaqcıl fikir sahiblərini həyəcana gətirən bir 

sıra  mühüm  və  aktual  problemləri  bu  son  əsərində  əks  etdirməyi  öz 

qarşısına qoymuş və həmin istəyinə də yüksək bədii səviyyədə nail ola 

bilmişdir. 

Nəhayət, bir neçə kəlmə də hazırda əsərin oxuculara təqdim olunan 

Azərbaycan  dilinə  tərcüməsi  haqqında  qeyd  etmək  istərdik.  Böyük 

şairimizin  başqa  əsərlərindən  fərqli  olaraq  "Şərəfnamə"  görkəmli 

Azərbaycan  şairi  və  ədibi  Abdulla  Şaiq  tərəfindən  bilavasitə

orijinaldan  tərcümə  olunmuşdur.  Şübhəsiz,  müəyyən  bədii 

xüsusiyyətləri ilə yanaşı Abdulla Şaiqin tərcüməsi orijinal mətnə məna 

və obrazlar baxımından öz uyğunluğu ilə yüksək dərəcədə fərqlənir. 

Qəzənfər Əliyev 


                                                                                                            

17


                                                                                                            

18

Ey tanrı, dünyaya sənsən padşah



Biz kiçik bəndəyik, sən böyük allah. 

Tək sənə sığınır hər yüksək, alçaq, 

Hər varlıq yoxluqdur, sən varsan ancaq. 

Yuxarı, aşağı - hər gözə çarpan 

Nə varsa, onları sənsən yaradan. 

Sənsən hər biliyi bizə öyrədən, 

Torpağın köksündə qələm işlədən. 

Sənin varlığına tapınca bürhan, 

Ağıl ilk inandı sənə, yaradan. 

Sən ağlın gözünü işıqlandırdın, 

Sən doğru yollarda çıraq yandırdın. 

Göyləri sən qurdun, ucaltdın, allah, 

Ona yer üzünü etdin güzərgah

1



Sənsən bu aləmdə bir damcı sudan 

Günəşdən işıqlı gövhər yaradan

2



Gövhəri lütfünlə etdin aşikar, 



Sərrafın əlinə sən verdin açar. 

Daşların bağrına düzdün gövhəri, 

Rənglərlə boyadın hər bir cövhəri. 

Buludlar yağdırmaz, sən deməsən: "Yağ!" 

Sən "bitir!" deməsən, bitirməz torpaq. 

Özün də kimsədən kömək almadan 

Yaratdın nə gözəl, səfalı cahan. 

Istidən, soyuqdan, qurudan, yaşdan 

Yoğurub yaratdın gözəl bir cahan. 

Nə gözəl naxışlar vurdun xilqətə, 

Ağıllar heyrandır bu məharətə. 

Bu sirri mühəndis axtarır hər an, 

Bilməyir ən əvvəl başladın hardan. 

Uca sənətini seyr edirik biz, 

Yeməkdir, yatmaqdır yalnız işimiz. 

Hər nəyi bəzədin, var etdin yoxdan 

Onlara ehtiyac duymadın bir an. 


                                                                                                            

19

Sən elə qurdun ki, yerin işini, 



Göyün, ulduzların bu gərdişini, 

Göyə ucalsa da düşüncə, fikir, 

Bu kəmənddən başı çıxa bilməyir. 

Sən vardın varlıqlar olmayan zaman, 

Onlar yox olacaq, sən qalacaqsan. 

Sən düzdün göylərə şux ulduzları, 

Insanla bəzədin hər bir diyarı. 

Fələyi uca bir hasara aldın, 

O yerdə idrakı kəməndə saldın

3



Elə bir tağ vurdun daşsız, dirəksiz, 

Düşüncə o yerə yol tapmaz, şəksiz. 

Zatına düşüncə, ağıl əl atmaz, 

Böyük qüdrətinə qüdrəti çatmaz. 

Sənin varlığındır o laməkandan 

Idrak elçisini hər an daşlayan

4



Dağınıq deyilsən ki, birləşəsən, 



Artıq da deyilsən, əskiləsən sən. 

Xəyal da, nəzər də yolunda məhrum, 

Nə qədər axtarsa deyilsən məlum. 

Ey tanrı, sən hansı başı ucaltsan, 

Əyə bilməyəcək onu bir insan. 

Qəhrinlə hər kimin əysən boynunu, 

Kimsənin köməyi dikəltməz onu. 

Biz sənə bəndəyik, sənindir fərman, 

Hər kömək səndədir, sənsən əl tutan. 

Fildə, qarışqada zəiflik, qüvvət 

Sənin əmrindədir, ey ulu qüdrət. 

Sənin qüdrətindən qüvvət alınca 

İlahi məhv edər zəif qarınca. 

Yollardan tüstünü qaldırsan əgər, 

Bir çibin Nəmrudun beynini yeyər

5



Istəsən əzilsin düşmənin beli, 

Quşlarla qırarsan əshabi-fili

6



Gah kiçik nütfəyə qoydun qızıl tac, 



Gah xırda çərdəkdən yaratdın ağac

7



Gah Xəlil alırsan bütxanələrdən, 

                                                                                                            

20

Gah dost yaradırsan biganələrdən



8

Qiymətli cəvahir doğan bir evdən 



Əbutalibi də çıxaran sənsən

9



Kimdə var cəsarət, qorxundan sənin 

Təslimdən başqa bir kəlam söyləsin? 

Yanına yol tapmaz məxluqun əli, 

Gizlin bir xəzinə sevməz məşəli. 

Əsrarın hər zaman qalmaqçın gizlin 

Bağlarsan dilini əsrar bilənin. 

Sən məni yaratdın qara torpaqdan, 

Sən verdin işıqlı ürək, təmiz can. 

Aludə olsam da məndə yox təqsir, 

Torpağın peşəsi aludəlikdir. 

Günahdan qaçsaydı bu üzüqara, 

Bəs kim yol tapardı bağışlanmağa? 

Olmasaydı mənim günahım hərgah, 

Sənə kim deyərdi: "Ey qəfur allah!" 

Gecələr, gündüzlər, hər axşam, səhər 

Qəlbimdə, dilimdə bir sənsən əzbər. 

Yuxuya getməzdən əvvəl, hər gecə

Mübarək adını çəkərəm öncə. 

Gecələr yuxudan qalxınca başım, 

Anaram səni, hey axar göz yaşım. 

Sənə üz çevirrəm hər səhər erkən, 

Gecə də, gündüz də pənahım sənsən. 

Hər zaman köməyə çağırram səni, 

Qapından ümidsiz qaytarma məni. 

Ey tanrı, dərdimə sən eylə əlac, 

Bu möhtac kəslərə olmayım möhtac. 

Hər zaman bəndəlik yoluyla gedən, 

Zatına könüldən pərəstiş edən 

Olsun bu dünyada xəzinənlə şad, 

Qiyamət günündə əzabdan azad. 

Insanı dünyaya sənsən gətirən, 

Öldürən də sənsən, dirildən də sən. 

Əldə nə hesabım, nə kitabım var, 


                                                                                                            

21

Yalnız sən bilirsən nə hesabım var. 



Yaxşının, yamanın açarı sənsən, 

Yaxşılıq səndəndir, yamanlıq məndən. 

Bağışla bir suçum varsa, ey allah, 

Məndəndir yamanlıq, məndəndir günah. 

Nə ki ilk naxışın sərgüzəşti var 

Səndəndir, son söz də sənə qayıdar. 

Kəsərli ayəni öyrətmək səndən, 

Şeytanın gözünü tikməksə məndən

10



Adın mehribanlıq etsə bir qədər, 



Mənimlə oynaya bilərmi divlər?

11

Yararmı söz açmaq səninlə məndən. 



"Sən" demək, sonra da söyləmək ki, "mən". 

Ya qayğı içində, ya sakit, aram, 

Nə cür yaratdınsa, o cür yaşaram. 

Ey tanrı, ümidim bunadır ancaq, 

Bu köhnə dəzgahdan düşərsəm uzaq,

12

 



Elə ki, pozular tərkibim mənim, 

Dəyişər qurduğun tərtibim mənim. 

Əsdikcə tozumu dağıdar yellər, 

Pak olan canımı görməz bir nəfər, 

Halımı arayıb, edəndə heyrət, 

Varıma yox deyə, edərkən töhmət, 

Sən yoxdan əlinə ver elə açar, 

Bilsin ki, bu yatan ölməmiş, yaşar. 

Sənin varlığına bu gücsüz əlil 

Göstərmiş nə qədər tutarlı dəlil. 

Ölürsəm, bunu sən hamıya bildir: 

"Bədəni yatmışsa, canı diridir". 

Elə bir mətanət qızışdır məndə, 

Şad ürəklə gəlim sənə gələndə. 

Mənimlə qapıya qədərdir dostlar, 

Məzara girdimmi, düşməndir onlar. 

Tərk edər məni bu gözüm, qulağım, 

Bədəndən ayrılar əlim, ayağım. 

Ey tanrı, mənimlə yalnız sən varsan, 

Əliboş qaytarma məni qapından. 



                                                                                                            

22

Qapında üzümü sürtərəm yerə, 



Bir tacla əvəz ver bu səcdələrə. 

Bu başı qapından əsirgəmədim, 

Sən ona qılınc yox, tac ver, ey rəbbim. 

Əzəldən verdiyin hökmlər sönməz, 

Yazdığın silinməz, qələmin dönməz. 

Hökmündə hazıram canla-başla mən, 

Təsəlli tapıram yalvarışla mən. 

Sən dedin: dar gündə köməkçi mənəm, 

Hər dilək istəsən, qəbul edənəm, 

Sənsən acizlərə hər zaman pənah, 

Mən də bir acizəm, kömək ol, allah. 

Tək sənin işindir bəndəpərvərlik, 

Mənim vəzifəmdir etmək bəndəlik. 

Qırdı varlığımı, əzdi bu fələk, 

Bütün şənliyimi sovurdu külək. 

Tək sənsən qurtaran bu sınıqlıqdan, 

Qırsan da yenə sən verirsən dərman. 

Zülmətin qəlbindən üzümə yol aç, 

Fəzilət ayından yoluma nur saç. 

Məni yol kəsəndən sən özün qurtar, 

Elə et, üstümə gülməsin əğyar. 

Əvvəl şükrə çatdır, sonra dövlətə, 

Əvvəl səbrə çatdır, sonra zillətə. 

Səbrimi tükədən bəlaları sən 

Uzaq et, ey tanrı, sən ki adilsən. 

Məni hər bəlaya etsən mübtəla, 

Əvvəlcə səbr ver, sonradan bəla. 

Qırsan da, səlamət qoysan da, ancaq 

Tələbin bir ovuc tozdur, ya torpaq.  

Çürüyüb toz kimi dağılsa bədən, 

Yenə əl çəkmərəm bəndəliyimdən. 

Düşsəm hər bucağa səni anaram, 

Səni mən hər yerdə tanrı sanaram. 

Bütün varlıqların heçlikdir sonu, 

Tək sənə biçilmiş varlığın donu. 

Kim səni, arasa əlində açar, 



                                                                                                            

23

Əli boşa çıxar, dolanar naçar. 



Kim sənə gözünlə baxarsa əgər 

Ömrü vərəq kimi yellərə verər. 

Səni tapmaq olur səninlə ancaq, 

Boşdur hər qapıda yüyən parlatmaq. 

Mənzili göz tanır buraya qədər, 

Buradan keçdikdə taparsan xətər. 

Varımı, yoxumu tapşırdım sənə, 

Hesabım aydındır o xəlq edənə. 


  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə