Birincisi, empirik sosioloji tədqiqatdan sosial idarəetmədə istifadə rəhbər kadrların sosioloji hazırlığının olmasını nəzərdə tutur. Bu hazırlıq mütləq empirik sosioloji tədqiqatın mahiyyəti, strukturu, metodologiyası, təşkili və zehni imkanları haqqındakı bilikləri, habelə belə tədqiqatın nəticələrinin oxuyub istifadə etmək bacarığını əhatə etməlidir.
Sosial idarəetmənin elmi səviyyəsinin yüksəldilməsində empirik sosioloji tədqiqatın konkret rolu üç əsas istiqamətdə özünü göstərir: ictimai inkişafın proqnozlaşdırılması və planlaşdırılmasında; idarəçilik barəsində qərarların qəbul edilməsində; vahid sosial informasiya sisteminin qurulmasında.
Proqnozlar sosial idarəetmə səviyyəsinin yüksəldilməsi üçün mühüm ilkin şərtdir. Empirik sosioloji tədqiqat həm qarşılıqlı sosioloji əlaqələrin bu və ya digər miqyasda proqnozlaşdırılmasında, həm də ayrı-ayrı ictimai hadisələrin proqnozlaşdırılmasında zəruridir.
Empirik sosioloji tədqiqat proqnozların işlənib hazırlanması üçün ilkin faktiki material verir. Əlbəttə ki, bu faktiki materialda mövcud hadisənin dinamikasının aşkara çıxarılması imkanları olmalıdır. Bunun üçün müəyyən fasilələrlə ardıcıl dövrlərdə eyni bir hadisənin bir neçə dəfə tədqiq olunması zəruridir.
Empirik sosioloji tədqiqatın verdiyi informasiya müstəsna dərəcədə qiymətlidir və o, mövcud qarşılıqlı sosioloji əlaqələrin gələcəyini açıb göstərir. Bu, ayrıca bir ictimai hadisənin digər hadisələrdən asılılığını, onların inkişafına təsirini görməyə imkan verir. Belə ki, məsələn, istehsalatın, ümumiyyətlə ictimai faydalı əməyin gələcəyi, şəxsiyyətin inkişaf vəziyyəti və meylləri aydınlaşdırılmasa, təhsilin inkişafını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki, təhsil bir tərəfdən ictimai həyatın bütün qalan sahələri üçün kadrlar hazırlamağa imkan verir, digər tərəfdən isə şəxsiyyətə bəşər sivilizasiyasının nailiyyətlərindən istifadə etmək üçün zəruri olan bilik və bacarıqlar əldə etməyə və bununla da daxili razılıq hissi duymağa imkan verir. Sosioloji tədqiqatlar əsasında ölkənin və ya onun bölgələrinin bütövlükdə sosioloji sistemlər kimi inkişafını proqnozlaşdırmaq olar.
Proqnozlaşdırma ictimai hadisələr arasında asılılıqların həm keyfiyyət, həm də kəmiyyət tərəflərinin açıqlanmasını tələb etdiyindən, hər addımbaşı hadisənin kəmiyyət parametrlərini müəyyənləşdirmək imkanı verən empirik, informasiyaya ehtiyac duyur. Məhz bu istiqamətdə də empirik sosioloji informasiya həyati dərəcədə zəruridir.
Bizim fikrimizcə, proqnoz və plan arasında başlıca fərq ondan ibarətdir ki, proqnoz bütövlükdə müxtəlif variantlarda cəmiyyəti və ya ayrıca hadisənin gələcək mümkün inkişaf gedişini təsvir edərək bu gedişin çoxtərəfli şərtiliyini açıb göstərdiyi halda, plan proqnozlara əsaslanaraq rəhbər strukturların fəaliyyətinin ən optimalı kimi seçilmiş müəyyən gələcək inkişaf variantına yönəldir. Əgər plan qəbul edilibsə o, inadla, ardıcıllıqla və əzmlə yerinə yetirilməlidir. Əlbəttə ki, əgər planın yerinə yetirilməsi zamanı öyrənilməmiş məsələlər və ya nəzərə alınması zəruri olan yeni elmi kəşflər meydana çıxırsa, onda plan dəqiqləşdirilir və ona əlavələr edilir. Lakin plan üçün başlıca şey ondan ibarətdir ki, yerinə yetirilməli olan bu qərar gələcək inkişafın həyata keçirilməli olan mümkün variantlarından biridir.
Planın optimallığını müəyyən meyarların köməyilə müəyyənləşdirilir. Çox vaxt plan layihəsinin göstəricilərinin bu meyarlarla müqayisəsi ictimai gerçəklik haqqında informasiyanın toplanılması və təhlili ilə ifadə olunur. Digər vasitələrlə yanaşı burada empirik sosioloji tədqiqat da özünün mühüm yerini tapır.
Planın yerinə yetirilməsi nəhəng prosesdir. Bu prosesdə milyonlarla adam iştirak edir və bu proses bilavasitə onların həyati mənafeyinə toxunur. Bu prosesi izləmək, ona nəzarət etmək lazımdır. Bu proses məhsuldar qüvvələr və istehsal münasibətlərində, sosial strukturda, kütlələrin maddi və mənəvi rifah halında elm və incəsənətdə, idarəçilik və rabitədə, dünyagörüşündə, sosial psixikada və şəxsiyyətin bütün davranışında əks olunur. Bu prosesin geniş əhatəliliyinə və rəngarəngliyinə baxmayaraq, onu ancaq və başlıca olaraq şəxsi təsərrüfat və xidməti xətlə izləmək və öyrənmək olmaz. Burada sosial elmin işə qarışması, o cümlədən tədqiqatlar zəruridir. Bu tədqiqatların içərisində özünün kompleks imkanları və ictimai hadisələr arasındakı qarşılıqlı əlaqələri öyrənmək iqtidarı ilə fərqlənən empirik sosioloji tədqiqatın əhəmiyyəti aşkara çıxır.
Empirik sosioloji tədqiqatın verdiyi informasiya regional sosioloji sistemlərin öyrənilməsinin gedişində sosial inkişaf planları şəklində zəruridir. Sosial inkişaf planlarının məqsədi müəyyən dövr və müəyyən ərazidə bütün başlıca ictimai hadisələri, onların qanunauyğun qarşılıqlı əlaqəsində, yəni sosioloji sistem kimi əhatə etməkdən ibarətdir. Sosial inkişaf planları empirik sosioloji tədqiqatlarla qırılmaz surətdə bağlıdır və çox halda onlarsız mümkün deyildir.
Empirik sosioloji tədqiqat bir sıra hallarda operativ idarəçilik qərarlarının qəbul olunmasında da faydalıdır.
İlk əvvəl empirik sosioloji tədqiqat rəhbər işçi üçün çox faydalı olan informasiya verir. Bu informasiya onun ictimai həyata baxışını zənginləşdirir, dünyagörüşünü təkmilləşdirir. Bu baxımdan empirik sosioloji tədqiqat mövcud konkret vəzifə üçün deyil, rəhbər işçinin ümumi idarəçilik fəaliyyəti üçün faydalıdır.