Gülüstan müqaviləsinin şərtləri — Danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Aşağı, 5%-lik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu. Bütün bunlar Rusiya-İran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı.