XANIM FATIMEYI-ZƏHRA (Ə.S)-IN EVINƏ HÜCUM
Bu bəhsi bəyan etməkdə məqsəd, şiələrin əqidələrini isbat etmək deyil, Əbu Bəkrin hakimiyyəti dövründə baş verən hadisələri araşdırmaqdır. Buna əsasən, bizim istifadə etdiyimiz mənbələrin çoxunu əhli-sünnə kitabları təşkil edir.
Hadisələri bəyan etməzdən öncə bir neçə məsələni qeyd etməyi lazım görürük:
a) Qeyri-şiə kitablarında xanım Fatimeyi-Zəhranın (ə.s) evinə hücum etmək təfərrüatı ilə nəql olunmasa da, hadisənin mahiyyəti, evə hücum edənlərin məqsədi və onların adları açıq-aydın göstərilmişdir.2
b) Şiə və sünnülərin hədis mənbələrində aydın şəkildə göstərilir ki, Rəsuli-Əkrəm (s)-ın qızı həzrət Fatimeyi-Zəhra (ə.s) təbii əcəllə dünyadan getməmiş və qəbri öz vəsiyyətinə görə, gizli saxlanılmış və bu günə qədər də qəbri mə`lum deyildir.
v) Bu hadisə Peyğəmbər (s)-in vəfatından bir həftə sonra baş vermiş və bu göstəriş dövrün xəlifəsi tərəfindən verilmiş, icraçısı isə Ömər ibn Xəttab olmuşdur.1
q) Əhli-sünnə baxımından mö`təbər olan bir çox rəvayətlər2 Əbu Bəkrin ölüm ayağında acı bir həqiqəti e`tiraf etdiyini təsdiqləyir. Belə ki, Əbu Bəkr demişdir: “Kaş, Rəsuli-Əkrəm (s)-in qızı Fatimənin evini təftiş etməyəydim və mə`murları onun evinə girməyə dair göstəriş verməyəydim, hərçənd, onu mənimlə müharibə etmək üçün bağlamış olsaydı belə!”3
d) Həzrət Fatimənin (ə.s) evinə od vurulmaqla bağlı hadisənin təfərrüatı bir çox mənbələrdə nəql olunmasa da, hücum edənlərin sərkərdəsinin evdəkiləri atəşlə hədələməsi haqda fikir birliyi vardır.
s) Əli ibn Əbi Talib (ə)-dan bey`ət almağa tələsməyin – həzrət Fatimənin (ə.s) evinə hücum çəkməklə yanaşı olsa da belə, – müəyyən səbəbləri var idi ki, bu məsələ burada xüsusi şəkildə araşdırılmalıdır.4
HADISƏLƏRIN ŞƏRHI
Əbu Bəkr hakimiyyətə gəlib, Mədinə əhalisi ixtiyar, yaxud icbar və təhdid üzündən bey`ət etdikdən sonra Ömər ibn Xəttab ona dedi: “Əli ibn Əbi Talibdən haçan bey`ət alacaqsan?” Bu zaman Zübeyr, Salman, Miqdad, haşimilərdən olan başqaları və digər səhabələr Fatimeyi-Zəhra (ə.s)-ın evində Əli (ə)-ın yanında saatlar belə qalırdılar. Əbu Bəkr, Öməri onlara doğru göndərib dedi: “Onları bey`ətə də`vət et, əgər imtina etsələr, hamısını öldür!”
Əvvəlcə Qunfuz5 və ondan başqa bir neçə nəfər iki dəfə Fatimənin (ə) evinə gedib, nəticəsiz qayıtdılar. Bundan sonra Ömər əlinə od tutduğu halda, bir neçə nəfərlə birlikdə onun evinə üz tutdular.6 O, qapının arxasında durub “Çölə çıxın və hamılıqla Peyğəmbərin xəlifəsi ilə bey`ət edin, yoxsa Allaha and olsun ki, evi içindəkilərlə birgə yandıracağam!” – deyərək qışqırdı.7
Fatimeyi-Zəhra (ə.s) onun səsini eşitcək, qəmgin səslə fəryad edərək dedi: “Ey atacan, ey Allahın Rəsulu! Bax, gör, səndən sonra Xəttab və Əbu Qühafənin oğulları bizə necə zülm edirlər!”1
O həzrət evin içindən Öməri səsləyərək buyurdu: “Ey Ömər! Bizdən nə istəyirsən? Bizim evimizi yandırmağa gəlibsənmi?”
Ömər dedi: “Bəli, ya Əbu Bəkrə bey`ət etməlisiniz, ya da sizi yandırmaq üçün özümlə od gətirmişəm! Ey Peyğəmbərin qızı! Allaha and olsun, mənim nəzərimdə atandan sevimli bir şəxs yox idi, bu gün isə ən sevimli şəxs sizsiniz. Allaha and olsun ki, bununla belə, yenə də bu adamlar sizin evinizə yığışsalar, əmr edəcəyəm ki, evi onlarla birgə yandırsınlar.2 Bəli, bu bey`ət atanın gətirdiyi ən mühüm məsələdir...”3
Həzrət Fatimənin (ə.s) evinə hücum etmək məsələsi o qədər dərdli olub ki, Ibn Əbil-Hədid yazır: “Şiələr və bə`zi hədis əhli Fatimənin (ə.s) evinin qapısının yandırılması ilə bağlı hadisəni nəql etsələr də, ona inanmaq qeyri-mümkündür.”4 Bununla belə Məs`udi belə yazır: “Əlinin evinə hücum çəkdilər, evinin qapısını yandırıb, onu zorla evindən çıxartdılar. Qadınların sərvərini qapı ilə divar arasında qoydular və nəhayət, (bətnindəki) Möhsini siqt oldu.”5
Bir çox şiə və sünnü alimləri yazmışlar: “Xanım Fatimeyi-Zəhranın (ə.s) Həsən və Hüseyndən başqa, Möhsin adlı bir oğlu da var idi.”6
“Ən-nəqz” kitabının müəllifi yazır: “Xəttab oğlu Ömər qapını Fatimənin bətninə çırpması nəticəsində Rəsuli-Əkrəm (s) tərəfindən Möhsin adlandırılan bətnindəki uşağının siqt olunması” – şiə və sünnülərin kitablarında qeyd olunan doğru xəbər və rəvayətdir. Amma bu da Mühəmməd Müstəfanın (s) kəlamıdır ki, belə buyurmuşdur: “Innəməl-ə`malu bin-niyyat!” (Həqiqətən, əməllər niyyətlərə bağlıdır!) Yə`ni əgər Ömərin məqsədi Fatimənin bətnindəki körpənin siqt olunması yox, yalnız Əlinin evdən çıxıb, Əbu Bəkrin xəlifəliyinə bey`ət etməkdirsə, bunun heç bir maneəsi yoxdur. Çünki mümkündür ki, Ömər, Fatimənin qapı arxasında olduğunu bilməsin. Belə olan təqdirdə, ona “səhvən olan qətl” deyilir. Əgər bunu bilə-bilə etmiş olsa da, bilməliyik ki, o, mə`sum deyildir.”7
Qeyd etmək lazıdır ki, Əbu Bəkrin ömrünün son anlarında bə`zi hadisələrdən peşmançılıq hissi keçirməsi yalnız Fatimə (ə.s)-ın evinin təftiş və yandırılması ilə bağlı hadisə deyil. O demişdir: “Kaş, Fatimənin evinə hücum çəkməyib, onun hörmətini saxlayaydım, yad kişiləri onun evinə göndərməyəydim, hərçənd, onu mənimlə müharibə etmək üçün bağlamış olsaydı belə!1
ƏBU TALIBIN OĞLUNDAN BEY`ƏT ALMAQ
Xəlifənin mə`murları qapını açan kimi, onlarla evdəkilər arasında çəkişmə yarandı. Əli ibn Əbi Talib (ə) də onlara hücum etdi. Lakin özünü hücumdan saxladı və yadına Peyğəmbəri-Əkrəm (s) düşdü ki, ona səbir etməyi tövsiyə etmişdi. Müxaliflər onun səbir edib əl saxladığını gördükdə, ona tərəf yürüdülər, boğazından möhkəm yapışıb, köynəyini boynunun arxasına yığdıqları halda, çəkə-çəkə evdən çıxartdılar2 və dərhal məscidə apardılar. O həzrət ətrafındakılara buyurdu: “Nə üçün ixtilaf yaratmaq əzmində olmayan, üstəlik müəyyən səbəblər (Qur`anı yığmaq, yaxud Peyğəmbər (s)-i dəfn etmək) üzündən bey`ətə gecikən şəxsi vurursunuz?!” Hər kəs o həzrətlə rastlaşırdısa, ona deyirdi ki, get, bey`ət et!3
Onlar Əlini zorla Əbu Bəkrin yanına apardılar. Ömər dedi: “Bey`ət etməyincə, səni buraxmayacağıq!”4 Əli onların cavabında dedi: “Əgər bey`ət etməsəm, nə baş verəcəkdir?” Ona dedilər: “Bu zaman tək olan Allaha and olsun ki, boynunu vuracağıq!” O dedi: “Əgər bu işi görsəniz, onda Allahın bəndəsi və Peyğəmbəri-Əkrəm (s)-in qardaşını öldürmüş olarsınız!” Ömər dedi: “Bəli, Allahın bəndəsisən, lakin Peyğəmbərin qardaşı deyilsən!”5 Əbu Bəkr isə sakit qalıb tamaşa edirdi. Ömər, Əbu Bəkrə dedi: “Onun haqda bir göstəriş vermək istəmirsənmi?” Əbu Bəkr dedi: “Fatimə onunla birgə olduğu vaxta qədər, onu bir şeyə məcbur etməməliyik!”6
Xəlifənin bu sözü acı kinayə və Əli (ə)-ı bir növ qətl ilə hədələmək idi. Çünki o, Ömərin istəyini Fatimə (ə.s)-ın sağ olduğu vaxta qədər məsləhət bilmirdi. Amma ondan sonra...! Doğrusu, görəsən, xəlifə Peyğəmbəri-Əkrəm (s)-in qızının tez bir zamanda vəfat edəcəyindən xəbərdar idimi?!
Bununla belə, Əli (ə) azad edilmədi, bə`ziləri onun bağlanmış əlini qabağa uzadıb, Əbu Bəkrin əlinə sürtdülər.1
Əhli-sünnə tarixində aşağıda adı çəkilənlər Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum edənlər cərgəsində qeyd edilmişdir:
Əbu Həfs Ömər ibn Xəttab, Xalid ibn Vəlid, Əbdür-Rəhman ibn Ovf, Sabit ibn Şəmas, Ziyad ibn Lübeyd, Məhəmməd ibn Məsləmə, Səlmət ibn Vəqəş, Səlmət ibn Əsləm, Üseyd ibn Xüzeyr, Zeyd ibn Sabit, Əbu Übeydə Cərrah, Salim ibn Übeyd, Üveym ibn Saidə, Mə`n ibn Ədiyy, Bəşir ibn Üveym və Qunfuz Cəz`an.
Bu hadisədən sonra Peyğəmbər (s)-in qızı Fatimə (ə.s) sağ olduğu vaxta qədər, camaat Əli (ə)-a qulaq asırdılar, lakin Fatimə (ə.s) əbədiyyətə qovuşduqdan sonra camaat ondan üz çevirdikdə, o da məcbur olub Əbu Bəkrə bey`ət etdi. (Əlbəttə, bu əhli-sünnənin nəzəridir.)2
Dostları ilə paylaş: |