VİRUSLARIN YAYILMASI Viruslar bitkiyə yalnız zədələnmiş örtülü toxuma vasitəsilə daxil olur. Bitkilərin zədələnməsi mexaniki yolla da ola bilir. Əgər infeksiyanın daşıyıcısı həşərat, gənə, torpaq nematodları və bitkinin yeraltı orqanlarında parazitlik edən göbələklərdirsə, xəstəliyin yayılma arealı daha da genişlənir. Bir sıra fitopatogen viruslar əkin materialı – yumru, soğanaq, toxum və s. ilə yayılır.
Virusların sirayətlənmiş bitkilərdən sağlam bitkilərə keçməsi əlaqə zamanı baş verirsə, onu kontakt-mexaniki keçirmə adlandırırlar. Onun mahiyyəti yarpaq, zoğ, köklərin toxunması nəticəsində şirənin virusla birgə xəstə orqandan sağlama ötürülməsi kimi izah olunur.
TMV (tütün mozaika virusu), kartofun X-virusunda bu ötürmə üstünlük təşkil edir. Əlaqəli viruslar əkinlərə qulluq zamanı daha uzaq məsafələrə yayılırlar. Belə ki, TMV, kartofun X- virusu işləyən fəhlələrin paltarında, istehsal alətlərində və s. saxlana bilir.
Daşıyıcılarla (gənə, mənənə və s.) virusun keçməsi vektor ötürməsi adlanır. Təbiətdə virusların yayılmasında bu üsulun əhəmiyyəti böyükdür. 400-dən artıq buğumayaqlı- gənə, mənənə, bağacıq və s. 200-dən çox virusların daşıyıcılarıdır.
Virusların 20%-dən çoxunun toxumlarla yayılma xüsusiyyəti müəyyən edilmişdir. Dənli paxlalı bitkilərdə olan viruslar üstünlük təşkil edir. Soyada mozaika xəstəliyini törədən virus toxumun 20-25%-də rast gəlinir. Kahı bitkisində mozaika virusu da toxumlarla yayılır. Toxumların viruslarla sirayətlənməsi daxili və səthi ola bilir. Çox davamlı viruslar, məsələn, TMV toxumların səthində saxlanma xüsusiyyətinə malikdir.