Bölmə 1. Həyat fəaliyyəti təhlükəsizliyinin tibbi əsasları.
Mövzu 1. İnsan orqanizminin müxtəlif şəraitdə adaptasiyası. Stress. Ümumi adaptasiya sindromu
Adaptasiya adaptation sözündən götürülüb, mənası latınca uyğunlaşma deməkdir. Fizioloji proseslər əsasında təmin olunan anadangəlmə və qazanılmış uyğunlaşma reaksiyalarıdır. Bu termindən geniş mənada uyğunlaşma proseslərini xarakterizə etmək üçün istifadə olunur: hüceyrə zülallarının adaptiv sintezi, müəyyən iqlim şəraitinə uyğunlaşma, insanların sosial adaptasiyası, və s.
Adaptasiyanın şərti olaraq bir neçə növü ayırd edilir: fizioloji, sosial və bioloji.
Fizioloji adaptasiya dedikdə orqanizmin mühit dəyişkənliyinə uyğunlaşmasına əsaslanan və daxili mühitin (homoe stass) nisbi sabitliyinin qorunması fizioloji reaksiyalarının cəmi nəzərdə tutur. Bu zaman orqanizm və onun hissələri, orqan və toxumalar dayanıqlı aktivlik səviyyəsinə çatır və mühitin dəyişilmiş şəraitində orqanizmin normal həyat fəaliyyətini təmin edir. Uyğunlaşma qabiliyyəti insanın optimal yaşaması üçün şərait yaradır, fərdin əmək fəaliyyəti və sağlam nəsil yetişdirmə qabiliyyəti bərpa olunur. Sosial adaptasiya sosializasiyanın bir növüdür və müxtəlif sosial vasitələrlə insanın dəyişkən sosial mühitə uyğunlaşmasıdır. Sosial adaptasiyanın üç növü var: dezz adaptasiya, passiv adaptasiya, fəal adaptasiya.
Dezz adaptasiyada insan yeni sosial mühitə uyğunlaşa bilmir: bəzən ona müqavimət göstərir. Bu uğursuz adaptasiyadır.
Passiv adaptasiyada insan yeni sosial mühit normalarını adi, olduğu kimi qəbul edir və bu mühitin şəraitini dəyişdirməyə çalışmır.
Fəal adaptasiyada isə fərd cəmiyyətlə ünsiyyət qurur. Yeni mühitə tam uyğunlaşır. Yüksək sosial status əldə edir. Yeni mühit normalarından tam məlumat alır.
Bioloji adaptasiya – evolyusiya (təbii inkişaf) prosesində orqanizmin xarici mühit amillərinə uyğunlaşması deməkdir. Insanın doğulması bioloji adaptasiyaya misal ola bilər. Bətndaxili yaşayış şəraitində bətnkənarı yaşayışa keçid zamanı orqanizmin vacib sistemlərindən – məs: qidalanma, qan dövranı, köklü dəyişikliklər tələb olunmur ki, bu dəyişikliklər körpənin yeni düşdüyü şəraitə tez uyğunlaşmasına səbəb olur. Müxtəlif fərdlərin eyni mühit amillərinə adaptasiya sürəti və səviyyəsi fərqlidir. Bu fərdin sağlamlığından, tipoloji xüsusiyyətindən, cinsiyyətindən və s. asılıdır.
Müxtəlif zərərverici amillərin (mexaniki və psixi travmalar, toksik və infeksion amillər, radioaktiv şüalar, soyuq, isti və s.) təsirinə məruz qalan orqanizmdə spesifik və qeyri – spesifik reaksiyalar müşahidə edilir. Qeyri – spesifik reaksiyalar müxtəlif amillərin təsiri ilə yarandığına baxmayaraq, bir – birinə oxşayır, oxşar olur. Onlar bir sıra hallarda spesifik reaksiyalara nisbətən qüvvətli təzahür edərək, xəstəliyin gedişində və nəticəsində həlledici rol oynayır. Belə reaksiyalar adətən mühafizəedici xarakter daşıyır və orqanizmdə zərərverici amillərin təsirinə uyğunlaşdılırmasına xidmət edir. Bu dəyişikliklərin yaranma mexanizmi tibb mütəxəssisləri tərəfindən öyrənilməkdədir. Lakin adaptasiya proseslərində neyrohumoral amillərin rolu olduğu heç bir şübhə doğurmur.
Qüvvətli qıcıqlandırıcıların orqanizmdə yaratdığı qeyri – spesifik xarakterli ümumi reaksiyaların mexanizminin aydınlaşdırılmasında Kanada alimi H. Selyenin elmi işlərinin böyük əhəmiyyəti olmuşdur. H. Selye orqanizmin qeyri – spesifik uyğunlaşma reaksiyalarına “ ümumi adaptasiya sindromu” adı vermişdir. O, orqanizmdə sterotip xarakterli dəyişikliklər törədən amilləri “stressorlar”, onların təsiri ilə yaranan reaksiyaları isə “stress ” adlandırmışdır. Ölkəmizin tibb ədəbiyyatında “stressor” terminin qarşılığı kimi “fövqəladə qıcıqlandırıcı” terminindən də istifadə edilir.
Ümumi adaptasiya sindromunun inkişaf mexanizmi hipofizin ön payının və böyrəküstü vəzinin qabıq maddəsinin fəaliyyəti ilə əlaqədardır. Təcrübələr göstərmişdir ki, fövqəladə zərərverici amillərin təsirinə məruz qalan heyvan orqanizmində aşağıdakı morfoloji dəyişikliklər yaranır:
Böyrəküstü vəzilər hipertofiyaya uyğrayır (xüsusən, qabıq maddəsinin hesabına) və onların sekretor fəaliyyəti artır.
Limfoid toxuma artofiyaya uğrayır, preferik qanda limfopeniya və eozinopeniya aşkar edilir
Mədənin və on iki barmaq bağırsağın selikli qişasına qan sızır.
Hipofizi və ya böyrəküstü vəzisi çıxarılmış heyvan orqanizmində yuxarıda göstərilənlərin əksəriyyətinə təsadüf edilmir. Bu dəyişikliklər ümumi adaptasiya sindromunun morfoloji əsasını təşkil edir.
Məhşur Kanada alimi fizioloq H. Selye ümumi adaptasiya sindromunun üç stadiyasını ayırmışdır.
Həyəcan,
Uyğunlaşma (davamlılıq, adaptasiya, uyğunlaşma, rezistentlik, sabitlik, müqavimət və s.),
Üzülmə (tükənmə, davamsızlıq, disfunksiya və s.). Bu distress adlanır.
H. Selye birinci stadiyanın qəfildən təhlükə ilə qarşılaşarkən qeyd edilən həyəcanın və orqanizmin müdafiə qüvvələrinin səfərbərliyə alınmasının ifadəsi kimi qiymətləndirmişdir.Lakin orqanizmin patogen amillərin zərərli təsirlərindən kənar etmək üçün məqsədəuyğun olmayan cəhətləri elə həmin stadyada da orqanizmin məhvinə gətirib çıxara bilər. Həyəcanlanma mərhələsi timusun, dalağın və limfa vəzilərinin ki-çilməsi ilə xarakterizə edilir. Bunlar böyrəküstü vəzin qabıq hissəsinin fəallaşması və qlükokortikoid sekresiyasının sürətlənməsi ilə əlaqədardır.H.Selyenin fikrinə əsasən həyəcanlanma mərhələsi iki fazadan ibarətdir. (şok və antişok fazaları). Birinci fazada orqanizmin bəzi funksiyaları pozulur. İkinci fazada isə hipofiz böyrəküstü vəzi sisteminin fəallaşması sayəsində daxili mühitin sabitliyinin bərpa edilməsi üçün şərait yaranır. Ümumi adaptasiya sindromunun rezistentlik (müqavimət) mərhələsində böyrəküstü vəziləri hipertrofiyaya uğrayır və kortikostereoidlərin sekresiyası yüksək səviyyədə qalmaqda davam edir, dövran edən qanın həcmi artır, arterial təzyiq yüksəlir, qlikoneogenez sürətlənir. Bu dəyişikliklər həm kortikostereoidlərin bilavasitə təsiri ilə, həm də simpatik sinir sisteminin aktivləşməsi ilə əlaqədardır. Bu mərhələdə orqanizmin potogen qıcıqlandırıcılara müqaviməti artır. Lakin bəzi hallarda həmin amillərə qarşı həssaslıq arta bilər. Stressor amilin təsiri kəsildikdə və ya qüvvəsi zəif olduqda yaranan dəyişikliklər tədricən aradan qalxır. Lakin potogen amil orqanizmə çox qüvvətli və ya uzun müddət təsir göstərdikdə böyrəküstü vəzin qabıq maddəsinin funksiyası zəifləyir və orqanizm tələf olur. Bu dəyişiklik ümumi adaptasiya sindromunun 3–cü (üzülmə) mərhələsinin əsasını təşkil edir. Üzücü mərhələ isə ümumi adaptasiya sindromunun patoloji xarakter daşıyır. Bunu nəzərə alaraq H. Selye orqanizmin sağlamlığının mühafizəsinə şərait yaradan dəyişiklikləri «eustress sindromu», amilin təsirinin üstünlüyü ilə keçən prosesi isə «distress sindromu» adlandırmışdır. Deməli, üçüncü mərhələ üzülmə «distress» adlanır.
H. Selye ümumi adaptasiya sindromu haqqında təlimin ilkin variantında hipotalamusun neyrosekretor nüvələrinin rolunu düzgün qiymətləndirməmişdir. O, ömrünün son illərində (1979-1982) öz tələbələri ilə birlikdə apardıqları tədqiqatlardan aydın olmuşdur ki, beyin qabığından, retikulyar formasiyadan və limbik sistemdən gələn implusların təsiri ilə hipotalamusda yaranan dəyişikliklər stress reaksiyasının başlanğıc mərhələsini təşkil edir. Hipotalamusun neyrosekretor nüvələri sinir sisteminin digər şöbələrindən afferenet qıcıqları qəbul edir və qana neyrohormonlar (liberinlər və statinlər) ifraz edir. Hipofizin ön payında hormonların sekresiyası məhz hipotalamusun neyrohormonları vasitəsilə tənzim edilir. Məlumdur ki, ağrı, travma, qan itirmə, hipotermiya, hipertermiya, bəzi zəhərlənmələr, infeksion xəstəliklər və emossional gərginlik nəticəsində böyrəküstü vəzin beyin maddəsində adrenalin sekresiyası reflektor yolla sürətlənir. Bu zaman qana keçən adrenalin hipotalamusa təsir edərək kortikoidlər sekresiyasını sürətləndirir. Kortikoliberin hipofizin ön payında (AKTH) sekresiyasını artırır. (AKTH) hormon isə öz növbəsində böyrəküstü vəzin qabıq maddəsinin situmulyasiya edir.Göstərilənlər ümumi adaptasiya sindromunu hipotalamusun, hipofizin və böyrəküstü vəziləri mühafizəedici neyrohumoral reaksiyası kimi xarakterizə etməyə əsas verir. Bu sistem orqanizmin qeyri-spesifik rezistentliyini müəyyən müddət yüksəltməklə zədələyici amilin təsirinin dəf ediliməsinə şərait yaradır. H. Selyenin eksperimentində müşahidə etdiyi ümumi adaptasiya sindromuna klinik şəraitdə heç vaxt təmiz halda təsadüf edilmir, çünki əslində hər bir xəstəliyin etioloji amilin xassəsindən patogenetik reaksiyalardan irəli gələn spesifik əlamətlərə də malik olur. Hər bir xəstə orqanizmin daxili mühit şəraiti eyni növdən olan və eyni xəstəliyə tutulmuş digər orqanizmlərdən müxtəlif əlamətlərlə (yaş, irsiyyət və irsi xüsusiyyətlər, qidalanma şəraiti və s.) fərqlənir. Buna görə hətta eyni bir etioloji amil də müxtəlif şəxslərdən az və ya çox miqdarda fərqlənən dəyişikliklər törədə bilər. Ümumi adaptasiya sindromu üçün səciyyəvi olan dəyişikliklərin formalaşmasında müxtəlif fərdlərin eyni bir stressora qarşı fərqli reaksiyalar verməsinin də rolu vardır. Orqanizmin fərdi reaksiyaları irsiyyətdən, temperamentdən, həyat boyu keçirilən xəstəliklərdən və digər amillərdən (o cümlədən cinsiyyət, yaş, peşə, məişət şəraiti və s.) asılıdır.
Bəzi çatışmazlıqlara baxmayaraq, H. Selyenin “Ümumi adaptasiya sindromu ” haqqında nəzəriyyəsi təbabətin inkişafına böyük təsir göstərmiş və göstərməkdədir.
Mövzu 2. Fövqəladə hallarda əhalinin tibbi təminatı və tibbi xidmətin təşkili
Respublikamızda səhiyyə sistemi daima əhalinin sağlamlığının keşiyində dayanmaqla yanaşı, düşmən basqını olduqda ölkəmizdə əhalinin mühafizəsinə yönəldilmiş mülkü-müdafiə tədbirlərinin həyata keçirilməsində də iştirak edərək ən vacib bir vəzifəni yerinə yetirir. Səhiyyə orqanları mülkü – müdafiənin tibb xidmətini yaradır və səhiyyə sisteminin xüsusi təşkilatı sayılır. Bu təşkilat düşmən tərəfindən kütləvi qırğın silahlarına məruz qalmış tədbirlər kompleksini həyata keçirmək üçün ixtisaslı dəstələr, müəssisələr yaradır və hazırlayır, onların daim əhaliyə tibbi yardım göstərmək üçün hazır olamsını təmin edir.
Mülkü-müdafiənin tibb xidmətinə muxtar vilayət, şəhər, kənd və rayonlarda dinc quruculuq illərində səhiyyə xidmətinə başçılıq edən şəxslər rəhbərlik edir.
Mülkü müdafiənin tibb xidməti öz fəaliyyətində həmişə əhalinin köməyinə arxalanır.
Mülkü - müdafiənin səyyar tibb xidmətinə aiddir:
Sanitar drujinalar;
Sanitar drujina dəstəsi;
İlk tibbi yardım dəstəsi;
İxtisaslaşdırılmış tibbi yardım dəstələri;
Səyyar epidemiya əleyhinə dəstələr;
Mülkü - müdafiənin tibb müəssisələrinə aiddir:
1) şəhərdənkənar zonalarda yerləşən xəstəxana bazalarının tərkibindəki xəstəxanalar;
2) aptek müəssisələri;
3) sanitar epidemioloji stansiyalar;
4) qan köçürmə stansiyası;
5) tibbi və sanitar təsərrüfat əşyalarının anbar və bazaları
Sanitar drujinaları
Mülkü müdafiənin tibb xidmətinin kütləvi şəkildə səfərbərliyə alınmasında sanitar, bölmə və manqalar mühüm yer tutur. Fəlakət baş vermiş yerlərdə, yaralı və xəstələrə ilk yardım göstərilməsində başlıca vəzifə sanitarların üzərinə düşür. Sanitar drujinaları sənaye müəssisələrində, məktəblərdə, dəmiryol nəqliyyatında və ev idarələrində 18 yaşından 50 yaşınadək qadınlar, 16 yaşından 60 yaşınadək kişilərdən təşkil olunur. Sanitar drujinası 24 nəfərdən ibarətdir:
Komandir – bir nəfər
Siyasi nəfər – bir nəfər
Sürücü – bir nəfər
Rabitəçi – o həmçinin drujinada təsərrüfat işləri müdiri vəzifəsini daşıyır – bir nəfər
Manqa komandirləri – beş nəfər
Manqa üzvləri – 15 nəfər
Sanitar drujinalarının hər biri dörd nəfərdən ibarət beş sanitar manqasına bölünür. Sanitar drujinaları təyin olunmuş tabel üzrə aşağıdakı vəsaitlə təchiz olunur.
Pambıq parçadan olan kombinezon
Fərdi müdafiə vasitəsi ilə (əleyhqazlar, qoruyucu paltar, rezin uzunboğaz çəkmə,rezin əlcək)
Fərdi kimyəvi maddələr əleyhinə paket
Su üçün flyaqa
Başa qoymaq üçün beretka
Qırmızı xaç nişanlı qol üçün sarğı
Dərman və sarğı ləvazimatı ilə təmin olunmuş sanitar çantası – 23 ədəd
Sanitar xərəyi – beş ədəd
əl fənəri - iyirmi üç ədəd
fit – səkkiz ədəd
Hər manqa 3№-li sanitar xərək gəzdirir, 2№-li və 4№-li saniatarlar isə özləri ilə xəstə və yaralılar üçün ehtiyyat əleyhqaz gəzdirirlər.
Sanitar drujina komandiri və siyasi rəhbər sol qolunun üzərində qırmızı xaç nişanından aşağı iki qırmızı zolaq olan ağ sarğı gəzdirirlər, manqa komandirləri isə sol qolunda gəzdirdiyi sarğıda bir qırmızı zolaq olur.
Rabitəçinin qolundakı sarğının emblemasının altında “ rabitəçi” yazılır, qalan bütün drujinaların sarğılarında qırmızı aypara və xaç nişanı olur.
Sanitar drujinaçılarının əsas vəzifəsi:
kütləvi fəlakət baş verən yerlərdə xəstə və yaralılara ilk tibbi yardım göstərmək;
onları yaxınlıqdakı tibb məntəqələrinə aparmaq;
xəstə və yaralıları nəqliyyat vasitəsilə daşıyan zaman onlara qulluq etmək;
epidemiyalara qarşı görülən tədbirlərin həyata keçirilməsi üçün tibb işçilərinin rəhbərliyi altında istifadə etmək
Bir neçə sanitar drujinaları iri sənaye obyektlərində, tədris müəssisələrində onları idarə etmək məqsdilə sanitar drujina dəstələri yaradılır.
Sanitar drujina dəstəsinin idarə heyəti beş nəfərdən ibarətdir:
dəstə komandiri – bir nəfər
siyasi müavin – bir nəfər
rabitəçi – üç nəfər
Sanitar dəstəsində 97 nəfər olur. Sanitar drujina dəstəsi eyni sanitar drujinalarının gördüyü işləri icra edir. Sanitar drujinaların hazırlanması məktəblərdə, ali tədris müəssisələrində, ilk qırmızı aypara cəmiyyətlərində təşkil olunur.
Sanitar drujina üzvləri əldə etdikləri bilikləri əyani surətdə təkmilləşdirmək üçün müalicə müəssisələrində xəstələrə quluq etməklə növbətçi sanitar kimi təhkim olunurlar. Bundan başqa təcili tibbi yardım məntəqələrində və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsində iştirak etməklə təkmilləşirlər. Sanitar drujinalarından müəssisə və təşkilatlarda, qırmızı xaç və qırmızı aypara komitələrində ilk təcili yardım göstərmək üçün sanitar postları yaradılır ki, onlar da istehsalat və məişətdə əhaliyə yardım göstərmək üçün cəlb olunurlar.
Sanitar postu dörd nəfərdən ibarətdir.
Sanitar postunun təchizatı eynilə sanitar drujinasının tərkibinə daxil olan sanitar manqasının təchizatı kimidir.
Düşmən hücumu zamanı sanitar postları bilavasitə öz ərazisində zərər çəkmiş əhaliyə ilk tibbi yardım göstərir.
Sanitar drujinalarının və sanitar bölmələrinin şəxsi heyəti xəstə və yaralıların xərəklə daşınmasını nəinki yaxşı bilməli eləcə də əlaltında olan başqa vasitələrdən bacarıqla istifadə etməlidir. Bundan başqa sanitar drujinalarının şəxsi heyyəti müxtəlif sarğıları, şina qoymağı, dərmanların eyni təsir qüvvəsinə malik olan bir dərmanın başqası ilə əvəz etməyi bilməlidirlər. Hərdən də bəzi sanitar drujinanın bir hissəsi başqa dəstələrə kömək üçün müvəqqəti köçürülə bilər. Sanitar drujinaları, sanitar postları əsasən aşağıdakı məqsədlə istifadə olunur:
Kütləvi qırğın ocağında ilk tibbi yardım göstərmək üçün;
Səyyar epidemiya əleyhinə dəstələrdə epidemiya əleyhinə aparılan işlərdə kömək üçün (həyətləri gəzib qızdırmalı şəxsləri axtarmaq, profilaktik dərmanlar vermək, dezinfeksiyada iştirak etmək).
İlk tibb dəstəsinin tərkibində işləyəndə tibbi şöbələrin açılmasında xəstələrə qulluq etməkdə, sarğı otağında tibb işçilərinə köməkdə, xəstələri nəqliyyata mindirdikdə kömək edirlər.
İxtisaslaşmış xəstəxanalar açılanda onlara kömək etmək.
Mövzu 3. İlk tibbi yardım və onun təşkili
İlk tibbi yardım – zədələnmənin və ya xəstəliyin mümkün olan ağırlaşmalarının qarşısını almaqla, onların gedişini yüngülləşdirməklə, zədələnmiş şəxsin həyatını xilas edə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir.
İlk tibbi yardım – sanitar drujinaları, sanitar postları və mülki-müdafiə dəstələrinin şəxsi heyəti tərəfindən, zədələnmə yerində və ən tez müddətdə, özünəyardım və qarşılıqlı yardım qaydası ilə göstərilir.
Nüvə zədədələnməsi ocağının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu zaman külli miqdarda adam bir neçə dəqiqə ərzində ən ağır və müxtəlif zədələnmələrə məruz qalır. Dağıntı ocağında binaların dağılması nəticəsində yaranan, habelə geniş yanğınlar və ərazinin radioaktiv zəhərlənməsi, zədələnmiş adamlara vaxtında tibbi yardım göstərilməsini xeyli çətinləşdirir. Zədələnmiş adama ilk yardım dağıntı ocağında dərhal göstərilməlidir. Nüvə zədələnmə ocağında göstərilən ilk tibbi yardım aşağıdakılardır:
qanaxmaların müvəqqəti dayandırılması;
yara və yanıq yerinə steril sarğı qoyulması;
sınıq, çıxıq və əzilmə zamanı şina qoymaqla immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);
süni tənəffüs vermək və ürəyi xaricdən masaj etmək;
fərdi apteçkadakı (AU-2) tibbi dərman vasitələrindən istifadə etməklə şüa zədələrinin qarşısının alınması (profilaktikası);
radioaktiv maddələrlə zəhərlənmə zamanı bədənin açıq hissələrinin qismən sanitariya təmizlənməsi, habelə paltar və ayaqqabılarının dezaktivasiya edilməsi.
Yüngül yaralanma zamanı hazırlıqlı adam özü-özünə dərhal ilk tibbi yardım göstərə bilər. Ağır yaralanma zamanı isə özünə yardım göstərən adam ilk tibbi yardımın hamısını göstərə bilməz. İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son nəticəsinə, bəzən isə yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Güclü qanaxma zamanı, elektrik cərəyanı vurarkən, boğulma, ürəyin fəaliyəti dayanan zaman, nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər eyni zamanda çox yaralıya ilk tibbi yardım göstərmək tələb olunursa, onda belə yardımın göstərilməsi müddəti (təcililiyi) və növbəsi müəyyən edilir. İlk növbədə yardım uşaqlara, habelə dərhal yardım göstərilməsə, məhv ola biləcək yaralılara göstərilir. Belə hallarda yüngül yaralılar isə özünəyardım və qarşılıqlı yardım göstərirlər. Özünəyardım və qarşılıqlı yardımın həcmi :
zədələnmiş şəxslərin uçuqların altından çıxarılması;
süzücü əleyhiqazların geyindirilməsi;
müxtəlif nahiyələrdə yaralara sarğı qoyulması;
turna qoyulması, burma, sıxıcı sarğı qoyulması;
bazu, bud, baldır sümüklərinin sınıqlarına şina qoyulması;
şpris-tyubik vasitəsilə antidotların vurulması.
Kombinasiyalı, yəni qarışıq zədələnmələr zamanı ilk tibbi yardım göstərmək çətin olur. İlk tibbi yardım göstərməyə başlayarkən onun müxtəlif üsullarının ardıcıllığını öyrənmək lazımdır.
İlk tibbi yardımın bütün üsulları ciddi göstərilməlidir. Əgər ilk yardımı bir adam deyil eyni zamanda bir neçə adam göstərirsə, onda onlar bir-birinə uyğun hərəkət etməlidirlər. Belə hallarda yardım göstərənlərdən biri başçı sayılmalı və ilk tibbi yardım üzrə bütün tədbirlərin yerinə yetirilməsinə başçılıq etməlidir. İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən vasitələrdən, həm də əlaltında olan yardımçı vasitələrdən istifadə edilir. Tabel vasitələri ilə sanitar drujinaları və sanitar postları təchiz edilir, inşaat və istehsalat sahələrində və sexlərdə, ferma və briqadalarda və tədris müəssisələrində və idarələrdə, ilk tibbi yardım apteçkaları komplektləşdirilir və saxlanılır.
İlk tibbi yardım göstərmək üçün lazım olan tabel vasitələri: sarğı materiallarından-bintlərdən, fərdi sarğı paketindən, böyük və kiçik steril sarğı və salfetlərdən, pambıqdan, qandayandırıcı yastı və boruvarı turnalardan, xüsusi faner, top şinalardan, bir sıra dərmanlardan yodun 5%-li spirt məhlulu, göy brilyantın 1-2%-li spirtli məhlulu, validol həbi, valerian damcısı, naşatır spirti, çay sodası, vazelin və s. ibarətdir. Yardımçı vasitə kimi ilk tibbi yardım göstərmək üçün: sarğı qoymaq üçün təmiz döşəkağı, altköynək, cürbəcür parça, qanaxmanı dayandırmaq üçün- şalvar qayışı, parça burmac, sümük sınığı zamanı şina əvəzinə bərk karton və faner lövhə, taxta çubuqlar və s.-dən istifadə olunur. Sanitar postlarının, sanitar drujinalarının və dəstələrinin zədələnmə ocağında göstərdikləri ilk tibbi yardımın həcmi:
yaralanma, zədələnmə və yanıqlarda ilk sarğı qoymaq;
yaralılara, zədələnmiş şəxslərə, yanan şəxslərə əleyhiqaz və ya respirator geyindirmək;
qanaxmanın qarşısını almaq (turna, burma yaxud sıxıcı sarğı qoymaq);
sınıqlarda və külli miqdarda yumşaq toxumaların yaralanması zamanı standart şinalar və yaxud əl altında olan materiallardan istifadə edərək bədənin zədələnmiş hissəsini mütləq rahatlamaq lazımdır.
şok əleyhinə tədbirlər(sakitlik, morfin vurulması, promedol, ürək damarları) və təcili surətdə ilk tibbi yardım göstərmək;
süni tənəffüs (ağızdan-ağıza);
ürək fəaliyyətini bərpa etmək (ürəyin qapalı masajı);
antidot, keyləşdirmə və başqa müalicə-profilaktik dərmanların verilməsi;
yaralının xərəyə düzgün qoyulması (yaranın xarakterinə uyğun olaraq);
Yaralıların, zədələnmiş və yanmış şəxslərin kütləvi zədələnmə ocağından çıxarılması, xərək daşıyan manqalara tapşırılır. Bu manqalar xilasedici dəstələrdən yaradılır. Xilasedici dəstələr uçqun altında qalmış, sığınacaqların qazılıb açılması və oradan zədələnmiş adamların çıxarılmasını təşkil edirlər. Xilasedici dəstələrlə ilk sanitar drujinaları arasında əlaqə yaradılır və bu işə ilk tibb dəstəsi rəisinin köməkçisi başçılıq edir. Xilasedici dəstələr olmadıqda sanitar drujinaları özləri xilasetmə işləri ilə məşğul olurlar.
Kütləvi qırğın ocağında tibbi yardım göstərmək üçün MM tibb xidmətlərinin tibbi əşyalarından istifadə olunur.
Sanitar drujinalarının sanitar sumkalarında aşağıdakı vəsait olmalıdır:
Sarğı paketləri;
Steril bintlər;
Pambıq, qayçı, bağban bıçağı;
Süni tənəffüs vermək üçün alət;
Sancaqlar, ləçəklər;
Qanaxmanın qarşısını almaq üçün turnalar;
5%-li yod məhlulu, naşatır spirti, göy briliyant məhlulu;
promedol (2%-şpris-tyubikdə);
sulfadimetoksin, taren, sistamin, tetrasiklin həbi.
Sanitar drujinalarına əlavə olaraq ürək-damar sisteminə təsir edən dərmanlar, şokla mübarizə üçün sadə vasitələr, immobilizasiya üçün şinalar verilir.
Sanitar-drujinalarını, sanitar postlarını, sanitar-dəstələrini lazımi ləvazimatla təmin etmək ilk tibbi yardım dəstələrinin rəislərinə tapşırılır. 10 saatlıq iş ərzində sanitar sumkalarını 1-2 dəfə doldurmaq lazımdır. Sanitar sumkalarını doldurmaq üçün ilk material tibb dəstəsinə qayıdan boş nəqliyyatla çatdırılır. Göndərilən materialı ilk tibb dəstəsindən göndərilən şəxs müşaiyət edir. Materialı sanitar-drujinanın rabitəçisi alır və komandirin göstərişi ilə drujinanın üzvlərinə paylayır.
Sanitar-drujinasının və xilasedici dəstənin şəxsi heyəti radiasiya şəraitini düzgün qiymətləndirməy bacarmalıdırlar. Radiasiyanın normadan artıq olduğu yerdə sanitar drujinasının heyəti ilk yardım göstərmə qaydalarını bilməlidirlər. Radiasiya 0.5 rentgen/saat olduqda şəxsi heyət fərdi mühafizə vasitələrindən istifadə etməlidir.
Radioaktiv maddələrdən çirklənmiş yerlərdə işlədikdə şəxsi heyəti elə dəyişmək lazımdır ki, onlar normadan artıq dozada şüa qəbul etməsinlər.
Kütləvi qırğın ocağında sanitar-drujinalar ilk tibb dəstəsindən ayrılan tibb bazasının sərəncamına verilir və onun rəhbərliyi altında işləyir. Rəisdən sərəncam aldıqdan sonra sanitar-drujinanı komandri öz rəyini şifahi əmr halinda öz işçilərinə aşğıdakı formada bildirir:
- iş yerinin sərhəddi;
- tələb olunan iş;
- zədələnmənin xarakteri barədə məlumat, tibbi köməyin həcmi və işləmə şəraiti;
- yaralıların daşınması yolu və ilk tibb dəstənin yeri;
- obyektdə işləyən başqa dəstələrlə əlaqə;
- materiallarla təchiz olunma qaydası müvəqqəti yığılma məntəqəsi və nəqliyyata minmə yeri;
- dozimetrik rolu təşkili və qorxulu radiasia zamanı dəsələrin dəyişmə qaydaları;
- şəxsi heyətin qorunması;
- yemək və istirahət qaydaları;
- özünün olduğu yer, rabitə və məlumat vermə qaydası.
Komandir əmrin hamıya məlum olduğunu bildikdən sonra öz drujinalarını işinə rəhbərlik edir.
Bütün zədələnənlər ilk tibbi yardım aldıqdan sonra ilk tibb dəstəsinə gətirilir, burada həkim zədələnmiş şəxsin nə dərəcədə müalicəyə ehtiyacı olduğunu təyin edir. Ilk tibb dəstəsi nüvə dağıntı ocağından 10km uzaqlıqda ola bilər, belə halda zədələnənlər avtomaşınla daşınmalıdırlar.
Ilk tibbi yardim dəstələrinin vəzifələri
Mülkü-müdafiə sistemində yaralılara və xəstələrə göstərilən tibbi yardım aşağıdakı növlərə ayrılır:
Ilk tibbi yardım;
Ilk həkim yardımı;
Ixtisaslaşdırılmış yardım.
İlk tibbi yardım bilavasitə zədələnmə ocağında və ya onun yaxınlığında göstərilir. İlk tibbi yardım qanaxmanın müvəqqəti dayandırılmasından, süni tənəffüs verməkdən, sarğı, şin qoymaqdan və bir sıra digər tədbirlərdən ibarətdir. Belə yardımın sanitar drujinaları, mülkü – müdafiə dəstələrinin şəxsi heyəti, habelə əhalinin öz-özünə və qarşılıqlı yardım qayğısı ilə göstərilir. Belə yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi proqram əsasında hələ sülh dövründə öyrədilir.
İlk həkim yardımı ilk tibbi yardım dəstlərinin , zədələnmə ocağında salamat qalmış müalicə müəssisələrinin həkimləri tərəfindən göstərilir. Belə yardımdan əsas məqsəd – yaranın və xəstəliyin qarşısını almaq, orqanizmin pozulmuş həyat fəaliyyətini bərpa edib saxlamaq və yaralıları müalicə müəssisələrinə köçürməyə hazırlaşmaqdır.
İxtisaslaşdırılmış tibbi yardım mütəxəssisləşmiş həkimlər tərəfindən xəstəxanalar bazasının müalicə müəssisələrində göstərilir.
MM – tibb xidmətinin birinci köçürmə mərhələsi ilk tibbi yardım dəstələridir. İlk tibbi yardım dəstəsi şəhər və kənd müalicə - profilaktika idarələrinin əsasında yaradılır və mülkü – müdafiə tibb xidmətinin əsas formsıdır. Ilk tibb dəstəsi zərbəyə məruz qalmış ocağa əsasən ilk tibbi yardımı və ilk həkim yardımı göstərən tibb məntəqəsidir.
Bu dəstənin əsas vəzifələri aşağıdakılardır:
Əhali arasında zədələnmiş şəxslərin axtarılmasını təşkil etmək. İlk tibbi yardım göstərmək və xəstəni tibb məntəqəsinə gətirmək.
Sanitar drujinalarının, xilasedici dəstələrin işinə rəhbərlik etmək.
Köçürmənin birinci mərhələsi olan tibb məntəqəsi açmaq, xəstəni tibbi növlərə ayırmaq, ilk həkim yardımının göstərilməsini və həyati göstəriş olduqda, cərrahi və terapiya yardımının göstərilməsini təşkil etmək.
Köçürülməsi mümkün olmayan zədələnmiş şəxslərin müalicəsini təşkil etmək.
Dəstənin işlədiyi ərazidə dozimetrik nəzarətin təşkili, qismən sanitar təmizliyinin aparılmasının, ayaqqabıların və paltarların dezinfeksiyasını təşkil etmək.
Ikinci mərhələyə köçürülməsi lazım olan şəxsləri köçməyə hazırlamaq və sanitar nəqliyyatına yerləşdirmək
Öz dəstəsini və ona kömək üçün verilmiş sanitar drujinalarını tibbi ləvazimatla təchiz etmək.
İlk tibbi yardım dəstəsi 146 nəfərdən, o cümlədən 8 həkimdən, 36 tibb bacısından, 8 siyasi işçidən, 72 sanitardan və qulluq edəndən təşkil olunur.
İlk tibbi yardım dəstəsinin işləyən şöbələri:
Idarə heyəti;
Əsas şöbələri:
qəbul şöbəsi;
növlərə ayırma şöbəsi;
operasiya və sarğı şöbəsi;
qospital şöbəsi;
köçürmə şöbəsi;
Köməkçi şöbələr:
aptek;
laboratoriya;
sanitariya təmizliyi və dezaktivasiya şöbəsi;
təsərrüfat şöbəsi;
İlk tibbi yardım dəstəsinin başında təcrübəli və təşkilatçı həkim durur.
Onun iki köməkçisi olur:
Siyasi hissə üzrə köməkçi - o zərərçəkmiş şəxslər arasında iş aparır.
Sanitar drujinaların işinə nəzarət edən - zədələnmiş şəxslərin axtarılmasına və onlara ilk yardım göstərilməsinə rəhbərlik edir.
Ilk tibb dəstəsi təsdiq olunmuş siyahı üzrə tibbi təsərrüfat ləvazimatı alır. Bundan başqa ilk tibb dəstəsinin ixtiyarına səyyar elektrostansiyalar, radiostansiya, yük və minik maşınları, su üçün stansiyalar verilir. Köçürmə şöbəsində də zədələnmiş şəxsləri köçürmək üçün avtomaşınlar olur.
İlk tibb dəstəsi şəraitindən asılı olaraq 100 və 180 nəfərdən ibarət ola bilər. 100 nəfərli dəstədə ən azı 5 həkim və 22 tibb bacısı olmalıdır.
İlk həkim yardımının həcmi
İlk həkim yardımının həcmi aşağıdakılardır:
Zədələnmiş şəxslərin hansı növbədə və hansı həcmdə ilk tibb dəstəsinin köməyinə ehtiyacı olduğunu təyin etmək;
Şəhərkənarı zonaya göndərilənlərin təyin edilməsi və növbələndirilməsi;
Ilk tibb vəsiqəsinin doldurulması:
ilk tibb dəstəsində qalanlara;
xəstəxana bazasına göndərilənlərə.
4. Göstəriş olduqda tetanus əleyhinə zərdab vurulması;
5. Profilaktika məqsədilə antibiotiklərin verilməsi;
6. Qanaxmanın tamamilə dayandırılması;
7. Şok əleyhinə mübarizə aparmaq :
a) qan və ya qanəvəzedicilərin köçürülməsi;
b) sakitləşdirici dərmanların verilməsi;
c) ürək qan damarlarını nizama salan dərmanların verilməsi;
ç) qızdırma əleyhinə tədbirlərin aparılması;
8. Yaralılara sarğı qoymaq və ya əvvəlcədən qoyulmuş sarğıların düzəldilməsi, sınıqlara və iri yaralara şina qoymaq;
9. Tənəffüs pozğunluğunda oksigen və süni tənəffüs verməklə tənəffüsü bərpa etmək.
10. Həyati göstəriş olduqda operasiya etmək :
a) traxeotomiya borusu qoymaq;
b) daxili üzvlərin qanaxmasında laporatomiya etmək ;
c) açıq pnevmotoraksları tikmək;
d) ətrafın təcili amputasiyasını etmək ;
e) kəllə daxilində təzyiq artdıqda kəllədə operasiya etmək;
f) böyük sahəli yanıqlarda cərrahi işləmə aparmaq;
İlk tibb dəstəsində işin həcmi daxil olmuş zədələnmiş şəxslərin miqdarından, dəstənin tibb işçiləri ilə, tibb ləvazimatı ilə təmin olunması dərəcəsindən asılıdır.
Nüvə və kimyəvi silahlarla zəhərlənmələr zamanı ilk həkim yardımının həcminə daxil olan tibbi tədbirlər
Nüvə partlayışının birinci saatlarında əvvəlcə yüngül zədələnmiş şəxslərin özləri başqasının köməyi olmadan ilk tibb dəstəsinə daxil olurlar. Bu zaman yardımın həcmi minimal olur ki, ilk tibb dəstəsini yüngül zədələnmiş şəxslərdən azad etsinlər ki, orta və ağır dərəcəli zədələnmiş şəxsləri qəbul etməyə hazır olsunlar. Bundan sonra tibbi yardımın həcmi artır. Buna baxmayaraq zədələnmiş şəxslərin sayı həddindən artıq olduqda köməyin həcmi bir qədər azaldılır, bu ancaq zədələnmiş şəxsləri köçürmək üçün lazım olan əməliyyatdan ibarət olur.
İlk tibb dəstəsinin rəisi konkret şəraitdən asılı olaraq ilk həkim yardımının həcmini dəyişə bilər.
Nüvə partlayışı təsiri azalanda dəstənin işi aşağıdakı prinsip əsasında qurulur. Zədələnmişlərin yolu üstündə bölüşdürmə postları təyin edilir və onun tərkibində bir tibb bacısı və 1-2 dozimterist daxil edilir. Bölüşdürmə postunda zədələnmişləri qruplara ayırırlar:
Yüngül zədələnmişlər;
Ağır zədələnmişlər.
Radioaktiv maddələrlə zədələnmişlər sanitariya təmizliyi şöbəsinə, yoluxucu maddələrlə zədələnmişlər izolyatora göndərilirlər. İlk tibb dəstəsi hücumdan sonra salamat qalmış müəssisələrdə aşağıdakı funksional şöbələr açır:
Qəbul və növlərə ayırma şöbəsi ;
Operasiya və sarğı qoyma şöbəsi;
Qospital şöbə;
Köçürmə şöbəs;i
Izolyator;
Aptek;
Klinik laboratoriya;
Qismən sanitariya təmizliyi meydançası və ilk tibb dəstəsinə duş aparatı verilibsə, onda sanitariya buraxıcısı açılır.
Bundan başqa ilk tibb dəstəsinin işlədiyi yerdə, köçürmə şöbəsinin avtomaşınları üçün dayanacaq yeri, şəhərkənarı zonadan gələn maşınlar üçün dayanacaq yeri ayrılır. Dəstələrin işçilərinin istirahəti və yeməyi üçün otaq ayrılır, səyyar elektrostansiya, morq və başqa köməkçi şöbələr üçün otaqlar ayrılmalıdır. Qəbul və növlərə ayırma şöbəsi sahəsi böyük olan binalarda açılmalıdır. Meterololoji şərait və hava əlverişli olduqda yüngül yaralıları qəbul etmək üçün bu şöbəni açıq havada da düzəltmək olar. Yüngül yaralıların sarğı şöbəsini qəbul və növlərə ayırma şöbəsi ilə qurmaq əlverişli olar. Qəbul və növlərə ayırma şöbəsində iki briqada işləyir. Biri yüngül yaralılara, o biri isə ağır yaralılara qulluq edir. Briqadanın tərkibində bir həkim, bir tibb bacısı, bir qeydə alan olmalıdır.
Qəbul və növlərə ayıran şöbənin əsas vəzifəsi tibbi növbələşdirmədən və həmin zədələnmiş şəxsin ilk tibb dəstəsində köməyə ehtiyacı olub – olmadığını, hansı növbədə yardım almasına və hansı şöbəyə göndərilməsini təyin edir.
Qəbul və növlərə ayırma şöbəsində göstərişə görə tetanus əleyhinə zərdab yeridilir, ilk tibb hesabatı vərəqəsi doldurulur, sarğıların qoyulması yoxlanılır, göstəriş olanlara antibiotiklər və başqa dərmanlar verilir. Bu şöbədə zədələnmiş şəxslər isti çay içmək və yemək vermək imkanına malik olmalıdırlar. Qəbul və növlərə ayırma şöbəsinə zədələnmiş şəxslər göndərilə bilər:
Ilk həkim yardımına ehtiyacı olanlar, operasiya şöbəsinə;
Şok halında olanlar – şokla mübarizə palatasına;
Köçürməyə ehtiyacı olanlar – köçürmə meydançasına;
Ilk tibb dəstəsində qalanlar - qospital şöbəsinə;
Yolxucu xəstələr bölmə postuna – izolyatora göndərilirlər.
Yüngül yaralıları yüngül yaralılar üçün sarğı otağına və oradan da yüngül yaralılar üçün meydançaya göndərilir.
Operasiya sarğı şöbəsi mümkün qədər örtülü binada yerləşdirilməlidir. Bu şöbədə bir cərrahi briqada üçün iki operasiya stolunda işləmək imkanı yaradılmalıdır. Sarğı otağında bir cərrahi briqada üçün üç sarğı stolu olmalıdır.
Şərait imkan verdikdə sterilizasiya otağı da ayrılmalıdır. Şok əleyhinə palata qospital şöbəsində olmalıdır.
Zədələnmiş şəxslərin sayı çox olduqda işi elə qurmaq lazımdır ki, cərrah ancaq cərrahi işlə məşğul olsun, qalan işləri isə tibb bacıları görsünlər.
Köçürmə şöbəsində xərəkçilər və köçürməni gözləyən ağır zədələnmişlər olurlar. Zədələnmiş şəxslərin köçürməyə hazırlanması və nəqliyyat növbələndirilməsi ilə (oturmuş və ya uzanmış halda) nəqliyyata mindirilməsi işi ilə qospital şöbəsinin işçiləri məşğul olurlar. Qismən sanitariya təmizliyi ilə tibb dəstəsinin şöbəsindən paltarların dezaktivasiyası ilk tibb dəstəsindən 100 – 200 metr kənarda külək tutmayan tərəfdə düzəldilməlidir.
Salamat qalmış tibb müəssisələrinin işi ilk tibb dəstəsinin quruluş prinsipi əsasında qurulmalıdır. Zədələnmiş şəxslər ilk tibb dəstəsindən şəhərkənarı zonaya köçürmənin ikinci mərhələsində əsasən avtomaşınlarla daşınır.
Ilk tibbi yardım dəstəsinin ayrı – ayrı şöbələrinin təşkili
Ayırma postu qəbul və növlərə ayırma şöbəsindən ilk tibb dəstəsinə gələn yol üzərində yolxucu xəstələr 50 – 60 metr məsafədə yerləşdirilir və üstündə qırmızı xaç olan ağ bayraqla işarə edilir.
Ayırma postuna 1 tibb bacısı, 1-2 sanitar drujinası, 1-2 xərək daşıyan, manqaçı və dozimetris daxil olur. Ayırma postuna gələnlər iki yerə ayrılır: özləri gəzən və xərəkdə aparılanlar. Bunlar öz növbəsində göstərişə görə ya sanitar təmiziyi şöbəsinə, ya da qəbul və növlərə ayırma şöbəsinə göndərilir. Qəbul və növlərə ayırma şöbəsi iki hissəyə bölünür: ağır zədələnmişlər və yüngül zədələnmişlər. Hər hissədə də iki növlərə ayırma briqadası işləyir. Bu şöbənin ümumi sahəsi 300 – 400 m2 qədər ola bilər. Yay zamanı yüngül zədələnmişlərin növlərə ayırmasını açıq havada keçirmək lazımdır. Bu şöbənin əsas vəzifəsi tibbi növlərə ayırmaqdır:
Daxili növlərə ayırma;
Köçürmə nəqliyyatının növlərə ayrılması;
Ilk tibbi vərəqədə növlərə ayırmanın nəticələri yazılır və zədələnmiş şəxs ikinci mərhələyə göndərilir. Həmin vərəqə ilk tibb dəstəsində xəstəlik tarixini əvəz edir və orada xəstəliyin diaqnozu göstərilir, zərər çəkmiş nahiyyə qeyd edilir. Hansı növbədə köməyə ehtiyac olduğu göstərilir, izolyasiya edilməsi və ya xüsusi müalicə tədbirləri və göstərilən yardım qeyd edilir. Bu şöbədə qan təzyiqini ölçən aparat və sadə cərrahi alətlər olmalıdır.
Yüngül yaralılar briqadasında bir həkim, bir tibb bacısı və bir qeydedici işləyir.
Operasiya və sarğı qoyma şöbəsi ən yaxşı və təmiz otaqlarda yerləşdirilir.
Bu şöbəyə aşağıdakılar yerləşdirilir:
Operasiya otağında bir briqadada 2-3 qrupda işləmək üçün şərait yaradılmalı;
Ağır yaralılar üçün sarğı otağında 1 cərrah briqadasının 2 – 3 stolda işləməsi üçün şərait;
Avtoklav və sterilizasiya üçün otaq;
Yüngül yaralılar üçün sarğı otağında bir cərrah briqadasının işləməsi üçün şərait;
Şok əleyhinə palatalar 20 – 30 faiz zərər çəkənlər üçün;
Qospital şöbəsi.
Mövzu 4. İxtisaslaşdırılmış tibbi yardım və onun təşkili
İxtisaslı tibbi yardımda məqsəd – mexaniki, termiki və qarışıq zədələnmələrin, ağırlaşmaların qarşısını almağa, daha inkişaf etmiş olan ağırlaşmalarla mübarizəyə yönəlmiş müdaxilələrin həyata keçirilməsi, habelə zədələnənlərin tezliklə sağalması və əlverişli funksional nəticələrin əldə edilməsi üçün mümkün olan yaxşı şəraitin yaradılmasıdır.
Ixtisaslaşdırılmış tibbi yardım mütəxəssis həkimlər tərəfindən xəstəxanalar bazasının müalicə müəssisələrində göstərilir.
Ixtisaslaşdırılmış tibbi yardım dəstələri MM səyyar idarələrindəndir. O xəstəxanalar və elmi – tədqiqat institutları hesabına yüksək keyfiyyətli ixtisaslaşdırılmış həkimlərlə təmin olunur. Bu dəstələrin əsas vəzifəsi zədələnmiş şəxslərə şəhərdənkənar zonada (tibbi köçürmənin ikinci mərhələsində) ixtisaslaşdırılmış tibbi yardım göstərməkdən ibarətdir. Bəzi hallarda ixtisaslaşdırılmış həkimlər ilk tibbi yardım dəstələrində də kömək göstərə bilərlər, ancaq bu kömək şəraitdən asılı olaraq ixtisaslaşdırılmış həkimlərin biliyini və bacarığını tam istifadə olunmasına imkan verməyəcək. Tibb dəstələri 8 – dən 14-ə qədər ixtisaslaşdırılmış briqadadan təşkil olunur. Bu briqadalar ixtisaslaşdırılmış həkimlərdən və orta tibb işçilərindən ibarətdir.
Ixtisaslaşdırılmış tibbi dəstəyə aşağıdakı briqadalar daxildir:
Növlərə ayıran;
Ümumi cərrahiyyə briqadası;
Travmatoloji briqadası;
Sinir cərrahi briqadası;
Döş – qarın cərrahiyyəsi briqadası;
Göz xəstəlikləri briqadası;
Çənə - üz briqadası;
Qulaq və burun, boğaz briqadası;
Daxili və yolxucu xəstəliklər briqadası;
Qanköçürmə briqadası;
Radioloji briqada.
Briqadalar xüsusi yeşiklərdə qablaşdırılmış, lazımi dərman və alətlərlə təchiz olunurlar.
Tibbi səyyar müəssisələrdən başqa, MM tibb xidmətinə stasionar müəssisələr aiddir. Bu müəssisələr şəhər kənarı zonada yerləşdirilir.Zədələnmiş şəxslər ilk tibbi yardım məntəqəsində kömək aldıqdan sonra) ikinci mərhələyə xəstəxana bazasına köçürülür və burada sağalana qədər müalicə olunur.
Tibbi köçürmənin ikinci mərhələsini təşkil edən xəstəxana bazasının müalicə müəssisələri birləşərək xəstəxana kollektoru təşkil edir.
Xəstəxanalar kollektoru – baş xəstəxananın və ya qruplaşdırma – köçürmə qospitalların rəhbərliyi altında işləyən bir qrup müxtəlif ixtisaslı və çox ixtisaslı xəstəxanalardan ibarətdir.Hər xəstəxana kollektoru 5-6 ixtisaslaşdırılmış xəstəxanadan təşkil olunur. Xəstəxana kollektoruna daxil edilmiş tibb müəssisələri adətən 1 kənd rayonunun ərazisində yerləşdirilir. Belə xəstəxanalar açmaq üçün rayon və sahə xəstəxanalarının binalarından əlavə digər binalarda (məktəb, klub, mehmanxana, pansionat binaları və s.) ayrılır.
Bu məqsəd üçün həmçinin tibb işçiləri, lazımi qədər tibb avadanlığı və əmlakı ayrılır. Vahid rəhbər orqana tabe olan bir neçə xəstəxana kollektoruna xəstəxana bazası deyilir.
Zədələnmiş şəxslərin əksər faizi kütləvi qırğın silahının ilk 2-3 günü ərzində xəstəxana bazasına daxil olur. Xəstəxana təklikdə ancaq bir tipli zədələnmiş şəxsləri qəbul edib müalicə aparır.
Yüngül yaralıları qəbul və müalicə etmək üçün hər bir xəstəxana kollektorundan yüngül yaralıların yığılması üçün məntəqə təşkil edilir.Hər xəstəxana kollektorundan baş xəstəxana ayrılır.
Baş xəstəxanalar və qruplaşdırma köçürmə qospitalları xəstəxana kollektoruna gətirilən yaralı və xəstələrin qəbul edilməsini, qruplaşdırılmasını və ixtisaslı xəstəxanalar üzrə bölüşdürülməsini təmin edir, onlara ixtisaslaşdırılmış tibbi yardım göstərilməsini, habelə ağır yaralıların xəstəxanalarda yerləşdirilməsini təşkil edir.
İxtisas xəstəxanalarında bura göndərilən yaralı və xəstələr qəbul olunur,qruplaşdırılır(zədələnmənin ağırlığına görə), yaranın və ya xəstəliyin xarakterinə habelə xəstəxananın ixtisasına müvafiq olaraq, onlara ixtisaslaşmış tibbi yardım göstərilir və onlar müalicə edilir.
Bu vəzifələri yerinə yetirmək üçün xəstəxanalarda qəbul, növlərə ayırma şöbəsi, əsas müalicə şəbələri, yardımçı müalicə diaqnostika şöbələri açılır və xidmətçi bölmələr yaradılır. Xəstəxanaların: yanıq xəstəxanası – yanıq yarası almış xəstələr üçün, zəhərlənmə - daxili xəstəliklər xəstaxanası, şüa xəstəliyinə tutulan, zəhərli maddələrlə zədələnən, daxili xəstəlikləri olan xəstələr üçün, infeksion xəstəxana – yoluxucu xəstəliyə tutlmuş şəxslər üçün və s. kimi növləri ola bilər.
Konkret şəraitdən asılı olaraq ixtisaslaşdırılmış yardım müxtəlif həcmdə və hədd daxilində təşkil edilir. Belə ki, qospitallar, xəstəxanalar qrupu xəsarətə uğrayanlarla dolduğu dövrdə ixtisaslaşdırılmış yardım, minimum olaraq, ilk növbədə başdan, boyundan və onurğadan yaralananları, budu və qonşu oynaqları zədələnmiş yaralılar əhatə edir.
Xəstəxanalar qrupu tibbi köçürmə sistemindən sonra ixtisaslaşdırılmış yardım xəstəxanaların şöbələrinin və yardım xəstəxanaların profilləndirilməsi və həmin xəstəxana qrupu daxilində xəsarətə uğrayanların təkrar köçürülməsi hesabına olaraq daha tam inkişafını tapır. Əksər xəsarətə uğrayanlar axını çox böyük olmazsa hələ başlanğıcdan xəstəxanaların ixtisaslaşdırılması geniş miqyasda həyata keçirilir.
Baş xəstəxananın əsas vəzifəsi:
Xəstəxana kolektoruna gələn zədələnmiş xəstələrin qəbulu, növlərə ayırmaqla lazımi ixtisaslaşdırılmış xəstəxanaya göndərilməsi
Ağır zədələnmiş şəxslərə, şok halında olanlara ixtisaslaşdırılmış təcili yardım göstərmək
Kollektorun ixtisaslaşdırılmış xəstəxanalara rəhbərliyi
Baş xəstəxananın strukturası:
Idarəedici aparat
Qəbul və növlərə ayırma şöbəsi
Təcili yardım şöbəsi
Operasiya və ya sarğı qoyma şöbəsi
Şok söbəsi
Ruhi xəstəxanalar üçün izolyator
Köməkçi tibb şöbələri: əczaxana, klinik laboratoriya, qan köçürmə stansiyası, fiziki üsulla müalicə kabinəsi, patoloji – anatomiya laboratoriyası
Köməkçi təsərrüfat şöbələri.
Baş xəstəxananın əsas fəaliyyət şöbəsi qəbul və növlərə ayırma şöbəsidir. O, növlərə ayırma meydançasından, qəbul şöbəsindən, sanitariya təmizliyi, paltar və ayaqqabı dezaktivaziyası meydançasından ibarətdir.
Növlərə ayıran briqada yaralıları 2 yerə ayırır:
Baş xəstəxanada qalmış zədələnmiş şəxslər
Ixtisaslaşdırlmış xəstəxanalara göndərilənlər
Baş xəstəxanada qalanlar, dozimetrik yoxlamadan keçəndən sonra ya qəbul bölməsinə və ya sanitariya təmizliyi bölməsinə göndərilir.
Aşağıdakı hallarda xəstələr baş xəstəxanada saxlanılır:
Həyat üçün qorxulu zədələnmələrdə
Ağır şok halında
Arterial qanaxmalarda
Qalan zədələnmələri zədənin növündən asılı olaraq qruplaşdırılma, ixtisaslaşdırılma xəstəxanalarına göndərilirlər.
Tibb işçiləri növlərə ayırma meydançasında zədələnmişlərə lazımi tibbi yardım göstərirlər (sarğıları, şinaları düzəltmək, lazım olan dərmanları vermək).
Baş xəstəxananın qəbul şöbəsində zərər çəkmiş şəxsləri şöbələrə göndərmək üçün növlərə ayırırlar. 3-4 gündən sonra zədələnmişlərin miqdarı azalır, baş xəstəxanada növlərə ayırma funksiyası qurtarır və 1 yaxud 2 ixtisaslı xəstəxanaya çevrilir. Bütün cərrahi ixtisaslı xəstəxanalarda güclü qəbul və növlərə ayırma şöbəsi (sanitariya təmizliyi aparmaqla) operasiya və sarğı bloku, qospital şöbə, anaerob şöbəsi, operasiya və sarğı qoyma otaqları ilə köməkçi tibb şöbələri, aptek, laboratoriya, fiziki üsulla müalicə, qanköçürmə şöbəsi, patoloji anatomiya laboratoriyası və başqaları olmalıdır.
Ilk günlər qəbul şöbəsində və operasiya sarğı şöbəsində iş çox olduğu üçün o şöbələr hesabına gücləndirilir. Operasiya şöbələri bütün sutka ərzində işləyir. Səyyar epidemiya əleyhinə dəstələr (SEƏD) sanitar epidemioloji stansiyası əsasında yaradılır və onun səyyar növündən ibarətdir. SEƏD nüvə partlayışı, kimyəvi və bakterioloji hücum zamanı əhaliyə sanitar – gigiyenik və epidemiya əleyhinə mübarizə xidmətini yerinə yetirir.
SEƏD – nin əsas vəzifələri:
Bakterioloji kəşfiyyat və yolxucu xəstəlik yayan mikrobların indikasiyası;
ərzağın, suyun, laboratoriya analizinin təşkil edilməsi;
əhali arasında sanitar təmizliyi aparmaq;
dezinfeksiya,deratizasiya işləri aparmaq;
başqa dəstələrə metodiki kömək etmək;
MM-nin başqa xidmətlərinə nəzarət etmək;
Tikinti, texnikanı və nəqliyyatı zərərsizləşdirmə qeydlərinin yerinə yetirilməsi.
SEƏD – yə aşağıdakı şöbələr daxildir:
1. Epidemioloji laboratoriya;
2. Dezinfeksiya şəxsi heyəti 64 nəfərdən ibarətdir;
3. Avtomaşın;
4. Avtomobildə olan duş qurğularından ibarətdir.
Dostları ilə paylaş: |