Büdcə gəlirləri – dövlətin funksiyalarının yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləridir. Onlar pul vəsaitləri fondlarının formalaşması prosesində dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranmış iqtisadi münasibətləri əks etdirir və müxtəlif səviyyəli hakimiyyət orqanlarının fəaliyyətinin həyata keçirilməsinə xidmət edir.
Büdcə gəlirlərinin tərkibi, pul vəsaitlərinin büdcəyə səfərbərliyə alınma formaları təsərrüfatçılıq sistemi və metodlarından, habelə dövlətin qarşısında duran iqtisadi vəzifələrdən asılı olaraq müəyyənləşdirilir. Büdcə gəlirləri bir tərəfdən ÜDM-un dəyərinin geniş təkrar istehsal prosesinin müxtəlif iştirakçıları arasında bölgüsünün nəticəsi kimi, digər tərəfdən isə dövlətin əlində cəmləşdirilmiş dəyərin sonrakı bölgüsünün obyekti kimi çıxış edir. Ölkənin dövlət quruluşundan asılı olaraq büdcə gəlirləri mərkəzi (dövlət) büdcənin və yerli büdcələrin gəlirlərini təşkil edir.
Büdcə gəlirləri dövlət gəlirlərindən fərqli olaraq daha dar məna kəsb edir. Dövlət gəlirlərinə bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri, habelə büdcədənkənar fondların və bütün dövlət sektorunun vəsaitləri daxildir. Büdcə gəlirlərinin əsas maddi mənbəyini milli gəlir təşkil edir. Əgər maliyyə tələbatının ödənilməsi üçün bu vəsait kifayət etməzsə, dövlət milli sərvəti maliyyələşdirməyə cəlb edir. Milli gəlirin bölüşdürülməsinin əsas hissəsi vergilər vasitəsilə bölüşdürülür. Dövlət büdcəsi gəlirlərində vergilərdən daxilolmalar onun 9/10 hissəsini təşkil edir. Büdcə gəlirləri dedikdə – müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli (bələdiyyə) büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmaların məcmusu başa düşülür.
Büdcə gəlirlərinin təsnifatı
Dövlət büdcəsi gəlirlərinin təsnifatı müxtəlif səviyyəli büdcələrin gəlirlərinin qruplaşmasını təşkil edir və həmin səviyyəli büdcələrin gəlirlərinin formalaşması mənbəyini müəyyən edən qanunvericilik aktlarına əsaslanır. Büdcənin gəlirlər bölməsi onların mənbələri və alınması qruplarına görə konkret gəlir növlərini birləşdirir. Büdcə gəlirlərini dörd bölmə üzrə təsnifləşdirmək olar:
1. Vergilərdən daxilolmalara Vergi Məcəlləsinə əsasən tətbiq edilən vergi növləri üzrə gəlirlər aiddir;
2. Vergi olmayan gəlirlərə inzibati tədiyyələr və rüsumlar, cərimə və sanksiyalar və vergi olmayan sair daxilolmalar aiddir;
3. Əsaslı gəlirlərə əsaslı vəsaitlərin özəlləşdirilməsindən, dövlət maddi ehtiyatlarının satışından daxilolmalar, qeyri-maddi aktivlərin satışından daxilolmalar və s. daxildir;
4. Rəsmi qaydada alınan vəsaitlərə xaricdən, digər səviyyəli büdcələrdən alınan kreditlər və transferlər aid edilir.
Dostları ilə paylaş: |