11) “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” haqqında məlumat verin. Bu Strategiya gənc və gənc ailə hesab olunan aşağıdakı hədəf qruplarını əhatə edir: gənclər - yaşı 14-dən 29-dək olan şəxslər; gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn.
Gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq baxımından, bu qrupların statusunu və identifikasiya meyarlarını müəyyənləşdirmək zəruridir.
Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Bunun üçün Strategiya aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- gənclər forumlarının təşkili və keçirilməsi barədə gənclərlə məsləhətləşmələr aparmaq, forumlararası dövrdə vəziyyətin təhlili və əldə edilmiş təcrübə barədə müzakirələr təşkil etmək, illik hesabatlar hazırlamaq və maraqlı tərəflərə təqdim etmək;
-gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək;
- gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək;
- televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasına və yayımlanmasına diqqəti artırmaq;
- televiziya və radio kanallarında formal və qeyri-formal təhsil, məşğulluq, sosial məsələlərin həlli, sağlamlıq və digər mövzularda verilişlərin hazırlanmasına və yayımlanmasına nail olmaq;
- internet, jurnalistika, bloqçuluq və digər sahələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil etmək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə çıxarmaq və onların inkişafını dəstəkləmək;
- bütün kateqoriyalardan olan gənclər, o cümlədən xüsusi qayğıya ehtiyacı olanlar üçün təlimlərin təşkili vasitəsilə informasiya texnologiyaları barədə bilik səviyyəsinin artırılmasını təmin etmək;
- gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclər evlərində (mərkəzlərində) ixtisaslaşmış mütəxəssislər vasitəsilə karyera məsləhət xidmətlərini inkişaf etdirmək;
- gənclərin məşğulluğunun təmin edilməsi üçün onların peşəkarlığını artıran tədbirlər görmək, aztəminatlı gənc ailələrə şəxsi təsərrüfatlarını qurmaq, inkişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək;
- əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirmək, onların əmək fəaliyyəti üçün müvafiq şərait yaratmaq;
- regionlarda yaşayan gənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək;
- gənclərin qeyri-hökumət təşkilatlarının elektron şəbəkəsini yaratmaq və ardıcıl inkişaf etdirmək;
- gənclərə sistemli sosial xidmət göstərən gənclər evlərinin (mərkəzlərinin) fəaliyyətini genişləndirmək;