Heyvanlar həmişəki kimi sübh çağı yuxudan oyandılar. Dərhal dünənki parlaq qələbə yadlarına düşdü. Birlikdə örüşə yollandılar. Otlaq yerinin yaxınlığında təpə vardı. Oradan fermanın ərazisinə gözəl mənzərə açılırdı. Xoş, işıqlı sübh şəfəqləri altında təpəyə qalxıb ətrafa tamaşa etdilər. Bəli, bütün bu ərazi indi özlərinin idi, ətrafda göz işlədikcə uzanan nə varsa, hamısı onlara məxsus idi. Bu fikirdən vəcdə gələn heyvanlar təpənin üstündə dövrə vurmağa, şıllaq atmağa başladılar. Onlar hələ üstündən səhər şehi çəkilməmiş çəmənlikdə ağnayır, ağızlarını şirəli otla doldurur, dırnaqları ilə yumşaq yeri qazıyır və torpağın sərməstedici ətrini ləzzətlə sinələrinə çəkirdilər. Sonra lal bir heyranlıq içərisində zəmilərə, otlaqlara, meyvə bağına, nohura və pöhrəliyə baxa-baxa fermanın dörd bir tərəfini dolaşdılar. Elə bil bütün bunları əvvəllər görməmişdilər və indi nə varsa hamısının özlərinin olduğuna inana bilmirdilər.
Sonra tikililərin yanına qayıtdılar və nə edəcəklərini bilmədən sakitcə malikanənin açıq qapısı önündə dayandılar. Indi malikanə də onların idi. Lakin içəri girməyə sanki ürək eləmirdilər. Ani tərəddüddən sonra Snoubolla Napoleon çiyinləri ilə qapını itələyib açdılar və heyvanlar bir-bir içəri girdilər. Nəyə isə toxunub sındıracaqlarından qorxduqları üçün çox ehtiyatla hərəkət edirdilər. Onlar dırnaqları üstündə otaqdan-otağa keçir, heyrətlə ətrafdakı cah-cəlala baxır, səslərini çıxarmağa cəsarət etmədən aramsız udqunurdular. Qu tükündən yorğan-döşəklər, pərqu balışlar, bürünc çərçivəli güzgülər, yumşaq divanlar, Brüssel xalçaları, kraliça Viktoriyanın qonaq otağından asılmış litoqrafiyası- heyvanlar daim fermada yaşasalar da bütün bunları ilk dəfə görürdülər. Yalnız pilləkənlə aşağı enəndə Mollinin yanlarında olmadığının fərqinə vardılar. Geri qayıdıb onu ən xudmani yataq otağında tapdılar. Molli missis Consun bəzək stolundan götürdüyü mavi lentlərdən birini çiyninə ataraq səfeh görkəmlə heyran-heyran güzgüdəki əksinə tamaşa edirdi. Heyvanlar onu bərk məzəmmət elədilər, sonra birlikdə otaqdan çıxdılar. Mətbəxdə asılmış bir neçə qaxac donuz budunu ehtiyat saxlamaq üçün götürdülər. Bokser təpiyi ilə vurub pivə çəlləyinin qapağını sındırdı. Evdə başqa heç nəyə toxunmadılar. Malikanənin muzey kimi qorunub saxlanması haqqında yekdilliklə qətnamə qəbul olundu. Razılaşdılar ki, heç bir heyvan burada yaşamamalıdır.
Birlikdə səhər yeməyi yedilər. Sonra Snoubolla Napoleon yenidən heyvanların hamısını yanlarına çağırdı.
-Yoldaşlar,-deyə Napoleon sözə başladı, -artıq saat yeddinin yarısıdır və bizi uzun bir gün gözləyir. Bu gün ot biçininə başlayırıq. Amma əvvəlcə başqa bir mühüm işi yerinə yetirməliyik.
Yalnız indi məlum oldu ki, donuzlar son üç ay ərzində vaxtı ilə mister Consun uşaqlarına dərs keçilən, sonra isə yararsız əşya kimi anbarın bir küncündə atılıb qalan əlifba kitabından yazıb-oxumağı öyrənmişlər. Hapoleon çoşkalardan birini içərisində ağ və qara rənglər olan qutuları gətirməyə göndərdi. Sonra qabağa düşüb hamını fermanın əsas yolun üstündəki beş laylı darvazasının önünə gətirdi. Burada Snouboll (məhz Snouboll, çünki onun xətti hamınınkından yaxşı idi) fırçanı haça dırnaqlarının arasında tutaraq darvazanın üstündəki "MALIKANƏ" FERMASI" sözlərini qaraladı və yerinə "HEYVANISTAN" yazdı. Indən sonra fermanın yeni adı belə olacaqdı. Sonra onlar yenidən əsas binanın yanına qayıtdılar. Napoleon və Snoubollun əmri ilə nərdivan gətirildi və böyük ambarın arxa divarına söykədildi. Onlar heyvanlara izah etdilər ki, yazıb-oxumağı öyrəndikləri üç ay müddətində animalizm təliminin əsaslarını yeddi prinsip şəklinə salmağa nail olublar. Indi həmin yeddi prinsip ambarın divarına yazılacaq. Bu prinsiplər qanun qüvvəsi qəbul edəcək və Heyvanıstanın bütün sakinləri bundan sonra daim həmin prinsiplər əsasında yaşayacaqlar. Snouboll çətinliklə (donuzlar üçün nərdivan üzərində müvazinətlərini saxlamaq o qədər də asan deyildi) yuxarı dırmaşıb işə başladı. Bir neçə pillə aşağıda dayanmış Çığırğan rəng qutusunu qabaq ayaqları arasında tutmuşdu. Prinsiplər his çəkmiş divara iri hərflərlə yazıldı. Onları azı otuz metr aralıdan oxumaq mümkündü. Animalizmin əsas tələbləri belə idi:
YEDDİ PRİNSİP
1. Iki ayağı üstə gəzən hər bir canlı düşməndir.
2. Dörd ayağı üstə gəzən, yaxud uçan hər bir canlı dostdur.
3. Heyvanlar paltar geyinmirlər.
4. Heyvanlar yorğan-döşəkdə yatmırlar.
5. Heyvanlar spirtli içki içmirlər.
6. Bir heyvan başqa heyvanı öldürə bilməz.
7. Bütün heyvanlar bərabərdirlər.
Yazı səliqəli çıxmışdı. Döğrudur, bir yerdə "dostdur" əvəzinə "dsotdur" yazılmışdı, başqa bir yerdə isə "c" hərfi tərsinə çevrilmişdi. Amma bütünlükdə hər şey aydın, düzgün idi. Prinsipləri hamının anlaması üçün Snouboll onları bir-bir ucadan oxudu. Heyvanların hamısı razılıq içərisində başlarını tərpətdilər. Ən diribaşları isə vaxt itirmədən elə buradaca prinsipləri əzbərləməyə başladılar.
-Indi isə, yoldaşlar,- Snouboll dırnaqları arasında tutduğu fırçanı aşağı tullayıb zil səslə qışqırdı, - hamı ot biçininə! Qoy biçini Consdan və kölələrindən daha tez və itkisiz başa çatdırmaq hamımızın şərəf borcu olsun!
Lakin elə bu anda bayaqdan bəri səbirsizliklə ayaqlarını götürüb-qoyan üç inək bərkdən böyürməyə başladı. Artıq ikinci gün idi ki, onları sağan yox idi. Yelinləri şişib partlayırdı. Donuzlar azacıq fikirləşəndən sonra vedrə gətizdirib inəkləri kəmali-ədəblə sağdılar. Sən demə, donuz dırnaqları bu işə əməlli-başlı uyğunlaşdırılıbmış. Tezliklə beş vedrə buğlanan ağappaq, yağlı inək südü ilə doldu. Heyvanlar çoxu maraqla gözlərini vedrələrə zilləmişdilər.
-Yaxşı, bəs bu südü nə edəcəyik?-deyə kimsə soruşdu.
-Cons bəzən onun bir hissəsini bizim yemimizə qatırdı, - deyə toyuqlardan biri dilləndi.
-Indi süd haqqında düşünmək vaxtı deyil, yoldaşlar!- deyə Napoleon irəli çıxıb iri gövdəsi ilə vedrələrin qabağını kəsdi. -Südün qayğısına qalan tapılar. Bizim üçün ən vacib məsələ ot biçinidir. Yoldaş Snouboll buradan sizi birbaşa iş üstünə aparacaq. Mən də bir neçə dəqiqədən sonra özümü çatdıracağam. Irəli, yoldaşlar! Ot biçini bizi gözləyir!
Heyvanlar çəmənliyə yollanıb bütün günü ot biçdilər. Axşam fermaya qayıdanda isə südün yoxa çıxdığını gördülər.
III F Ə S İ L
Biçində nə qədər əziyyət çəkdilər, nə qədər qan-tər tökdülər! Amma zəhmətləri hədər getmədi. ümid etdiklərindən də böyük uğur qazandılar.
Bəzən işdə çətinliklər yaranırdı. Aydın məsələdir ki, əmək alətləri heyvanlara yox, insanlara uyğunlaşdırılmışdı. Heyvanların ən böyük çətinliyi arxa ayaqlar üstə dayanaraq tələb olunan aləti işlədə bilməmələri idi. Lakin donuzların ağlı sayəsində hər bir çətinlikdən çıxış yolu tapmaq olurdu. Atlara gəldikdə isə onlar tarlaların hər qarışına bələd idilər. Onlar otu biçməyi və tayaya vurmağı mister Consla işçilərindən daha yaxşı bacarırdılar. Donuzlar özləri çol işlərində işləmirdilər. Onlar yalnız təşkilati məsələləri həll edir və ümumi rəhbərliyi həyata keçirirdilər. Təbii ki, bu rəhbər rola özlərinin hərtərəfli bilikləri sayəsində yüksəlmişdilər. Bokserlə Klover gah otbiçən, gah otyığan maşına qoşulur (aydın məsələdir ki, daha döyülməkdən və zorla işlədilməkdən söhbət gedə bilməzdi!) və yorulmadan çəmənlik boyu dövrə vururdular. Arxadan isə donuzlardan biri addımlayır və vəziyyətdən asılı olaraq "Bir az da güc ver, yoldaş!", yaxud "Sürəti artır, yoldaş!" kimi tapşırıqlarla işə rəhbərlik edirdi. Otu tez biçmək və toplamaq üçün hər bir heyvan can qoyurdu. Hətta toyuqlarla ördəklər də səhərdən axşama qədər yandırıcı günəş altında yanlarını basa-basa dimdiklərində nazik ot saplaqları daşıyırdılar. Nəticədə, heyvanlar otu mister Consun vaxtındakından iki gün tez biçib qurtardılar. Ferma qurulandan belə məhsul toplanmamışdı. Heç bir itkidən söhbət gedə bilməzdi. Iti gözləri olan toyuqlarla ördəklər son yonca yarpağına qədər hər şeyi toplamıdılar. Biçin vaxtı heç bir heyvan hətta ağız dolusu ot oğurlamaq fikrinə düşməmişdi.
Bütün yay boyu fermada işlər qurulu saat kimi ahəngdar davam etdi. Heyvanlar işin öhdəsindən gələ bildiklərinə görə çox xoşbəxt idilər. Topladıqları hər çəngə ot sinələrini dağa döndərirdi. Çünki bu məhsul özlərinin idi, onu özləri üçün tədarük etmişdilər, daha acgöz sahiblərinin xəsisliklə verdiyi pay deyildi. Tüfeyli həyat keçirən insan adlı məxluq qovulduqdan sonra indi kimsə bu məhsula göz dikə bilməzdi. Artıq boş vaxtlarında heyvanlara çox şey haqqında düşünmək lazım gəlirdi. Hələ lazımi təcrübələri olmadığından bir sıra çətinliklərlə üzləşirdilər. Məsələn, yayın sonunda dənli bitkiləri biçən zaman taxılı, yaxud arpanı dədə-baba qaydası ilə təmizləyir, nəfəsləri ilə üfürərək dəni qılçıqdan və xırda saman çöplərindən arıtlayırdılar. Çünki fermada taxıldöyən maşın yox idi. Ancaq bir tərəfdən donuzların fəhmi, o biri tərəfdən isə Bokserin güclü əzələləri onları həmişə çətin vəziyyətlərdən çıxarırdı. Bokser işgüzarlığı ilə hamını heyran qoymuşdu. O, Consun zamanında da heç vaxt zəhmətdən boyun qaçırmırdı. Indi isə sanki özündə üç atın gücünü birləşdirmişdi. Elə günlər olurdu ki, fermadakı bütün çətin, ağır işləri öz qüvvətli çiyinlərinə götürməli olurdu. Gün çıxandan şər qovuşana kimi yorulmadan çalışırdı. Onu həmişə işlərin ən çətin getdiyi yerdə görmək olardı. Bokser xoruzların birinə onu səhərlər yuxudan başqalarından yarım saat tez oyatmağı tapşırmışdı. Iş günü baqşlayana qədər Bokser heç bir məcburiyyət olmadan işlərin axsadığı çətin sahələrdə əlləşib mütləq nəyi isə düzəldir, sahmana salırdı. Hər hansı maneə,yaxud çətinliklə üzləşdiyi zaman öz-özünə təkrarladığı sözlər vardı: "Mən daha çox işləyəcəyəm!". Bu sözlər Bokserin həyat şüarına çevrilmişdi.
Fermanın digər sakinləri də bacardıqları qədər işləyirdilər. Məsələn, taxıl biçini vaxtı toyuqlarla ördəklər tarlalardan bir-bir topladıqları dənlər sayəsində ümumi anbara beş buşel məhsul gətirmişdilər. Oğurluq, yemək payı üstə qanqaraçılıq, dava-dalaş, söz-söhbət, paxıllıq, qısqanclıq - keçmiş vaxtlar üçün adi sayılan bütün bu ürəkbulandıran hallar birdəfəlik aradan qaldırılmışdı. Demək olar ki, heç kəs heç nədən şikayətlənmirdi. Doğrudur, sübh tezdən yuxudan oyanmaq Mollinin o qədər də xoşuna gəlmirdi. Yaxud dırnaqlarının arasında daş qalması bəhanəsi ilə hər an işi yarımçıq atıb qaçmağa hazır idi. Pişik də bəzən özünü çox qəribə aparırdı. Tezliklə məlum oldu ki, bir iş görmək lazım gələndə onu axtarıb tapmaq mümkün olmur. Pişik saatlarla ortalıqda gözə dəymirdi. Sonra isə ya nahar vaxtı, ya da axşam iş qurtarandan sonra gəlib çıxır və özünü sanki heç nə olmamış kimi aparırdı. Amma bu zaman elə səmimiyyətlə üzr istəyir, elə nəzakətlə miyoldayırdı ki, niyyətinin xeyirxahlığına inanmamaq mümkün olmurdu. Qoca uzunqulaq Bencamin isə deyəsən, Üsyan zamanından bəri zərrəcə dəyişməmişdi. O, heç vaxt əlavə işə öz xoşu ilə can atmır, ancaq heç bir işdən də boyun qaçırmırdı. Consun zamanında olduğu kimi astagəl inadkarlıqla çalışırdı. Bencamin Üsyan və onun nəticələri haqqında danışmaqdansa susmağa daha çox üstünlük verirdi. Ondan Cons qovulandan sonra özünü xoşbəxt hiss edib-etmədiyini soruşanda burnunu altında donquldanırdı: "Eşşəklərin ömrü uzun olur. Hələ heç biriniz ölü eşşək görməmisiniz". Bu sözləri eşidənlər onun nə demək istədiyi üzərində baş sındırmalı olurdular.
Bazar günləri iş yox idi. Səhər yeməyi həmişəkindən bir saat gec yeyilirdi. Yeməkdən sonra hamı hər həftənin istirahət günləri mütləq keçirilən mərasimə tələsirdi. Əvvəlcə təntənəli şəkildə bayraq qaldırılırdı. Snouboll anbardan missis Consun köhnə yaşıl süfrəsini tapmışdı. Süfrənin üzərində ağ rənglə dırnaq və buynuz təsviri çəkmişdi. Hər bazar günü səhər bu bayraq bağın ortasındakı bayraq dirəyinin üzərinə qaldırılırdı. Snoubollun izahatına görə yaşıl rəng Ingiltərənin yaşıl çöllərinin rəmzi idi. Dırnaqla buynuz isə insan nəslinin hakimiyyəti tamam devrildikdən sonra qurulacaq Heyvanıstan Respublikasını təcəssüm etdirirdi. Bayraq qaldırma mərasimi başa çatan kimi hamı böyük anbara, Məşvərət şurasının iclasına toplaşırdı. Burada növbəti həftə ərzində görüləcək işlər planlaşdırılır, müxtəlif qətnamələr irəli sürülür və müzakirə edilirdi. Qətnamə təklifləri bir qayda olaraq donuzlardan gəlirdi. Qalan heyvanlar necə səs vermək lazım olduğunu bilirdilər, lakin heç vaxt öz qətnamələrini hazırlamaq fikri ağıllarına gəlməmişdi. Snoubolla Napoleon müzakirələrdə hamıdan fəal iştirak edirdilər. Lakin heç vaxt ümumi fikirdə olmamaları heyvanların diqqətindən yayınmamışdı. Biri nə isə təklif edən kimi digəri mütləq onun əleyhinə çıxırdı. Bəzən hətta əvvəlcədən haqqında qərar qəbul edilən və əlavə müzakirələrə ehtiyac duyulmayan məsələlərdə də onların arasında qarşıdurma yaranırdı. Məsələn, bağın arxasındakı kiçik otlaq yerində əmək fəaliyyətlərini başa vuran heyvanlar üçün istirahət guşəsi yaradılması ideyası gündəliyə çıxanda hər növdən olan heyvanların təqaüd yaşının fərdi qaydada müəyyənləşdirilməsi haqqında qızğın mübahisələr başlanmışdı. Məşvərət həmişə "Ingiltərə heyvanları" mahnısının oxunması ilə başa çatırdı. Günortadan sonra heyvanlar istirahət edirdilər.
Əvvəllər qoşqu alətləri saxlanan anbarı donuzlar öz qərargahlarına çevirmişdilər. Burada fermadan tapdıqları kitabların yardımı ilə onlar axşamlar dəmirçilik, dülgərlik və başqa vacib sənətlərin sirlərinə yiyələnirdilər. Snouboll bu işlərlə yanaşı digər heyvanların "Heyvan Komitələri" adlandırılan qurumlarda təşkilatlanması ilə məşğul olurdu. Bu işə bütün varlığı ilə bağlanmışdı. O, oxuyub-yazma kurslarından başqa toyuqlar üçün Yumurta Istehsalı Komitəsi, inəklər üçün Təmiz Quyruqlar Cəmiyyəti, siçovullar və adadovşanları ilə tərbiyəvi iş aparmaq üçün Vəhşi Yoldaşların Yenidən Maarifləndirilməsi Komitəsi, qoyunların yunlarını çirk və pıtraqdan qorumaları üçün Ağ Yun Hərəkatı və bir sıra digər ictimai qurumlar yaratmışdı. Lakin nədənsə bu layihələrin hamısı uğursuzluğa düçar olurdu. Vəhşi heyvanların əhliləşdirməsi ilə bağlı təşəbbüslərin səmərəsizliyi də çox tezliklə üzə çıxdı. Vəhşi yoldaşlar özlərini əvvəlki kimi aparır, xoş münasibət və nəcib rəftar görəndə isə bundan dərhal öz xeyirləri üçün yararlanmağa çalışırdılar. Məsələn, pişik Yenidən Maarifləndirmə Komitəsinin üzvləri sırasına daxil olmuş və bir neçə gün böyük fəallıq göstərmişdi. Onu hətta bir dəfə damda oturaraq yaxınlıqdakı qarğalarla söhbət etdiyini görmüşdülər. Pişik qarğalara danışırdı ki, indi bütün heyvanlar yoldaşdırlar və hər hansı bir qarğa çəkinmədən gəlib onun caynaqlarına toxuna bilər. Amma qarğalar arada məsafə saxlamağı daha üstün tutmuşdular.
Savad kursları isə heyvanlar arasında böyük uğur qazanmışdı. Payıza doğru demək olar ki, hər bir heyvan müəyyən dərəcədə savad əldə etmişdi.
Donuzlar mükəmməl yazıb-oxuyurdular. Itlər də oxumağı sürətlə öyrəndilər. Amma onları Yeddi Prinsipdən başqa heç nə maraqlandırmırdı. Müriel adlı keçi oxumağı itlərdən də yaxşı bacarırdı. Bəzən axşamlar zibillikdən tapdığı qəzet parçalarını digər heyvanlar üçün oxuyurdu. Bencamini də donuzların hər biri qədər savadlı saymaq olardı. Amma o, heç vaxt öz qabiliyyətini nümayiş etdirməyə can atmırdı. Söhbət düşəndə dodaqaltı oxumağa yararlı bir şey tapılmadığından şikayətlənirdi. Klover də əlifbanı axıra çıxmışdı, lakin hərfləri yan-yana düzüb söz qoşa bilmirdi. Bokserin hövsələsi isə yalnız D hərfini öyrənməyə qədər çatmışdı. O, iri dırnaqları ilə tozun üzərində A, B, C, D hərflərini cızır, sonra qulaqlarını şəkləyib yalmanını çırpır, diqqətini cəmləyib sonrakı hərfi xatırlamağa çalışırdı. Bəzən Bokser novbəti E, F, G, H hərflərini də oyrənməyə müvəffəq olurdu, lakin bu zaman təccüblə əvvəl oyrəndiyi A, B, C və D-nin yadından çıxdığını görürdü. Nəhayət o, savadını əlifbanın ilk dörd hərfi ilə məhdudlaşdırmaq qərarına gəldi. Bokser yaddaşını təzələmək üçün bu hərfləri gündə bir və ya iki dəfə toz üzərində yazırdı. Adındakı dörd hərfi öyrənəndən sonra Molli də təhsilini davam etdirməkdən boyun qaçırdı. O, kiçik budaqları hərflər şəklində düzərək adını yazır, hərflərin bəzi yerlərinə bir və ya iki gül taxır, o tərəf bu tərəfə gəzişərək yaratdığı sənət nümunəsinə heyranlıqla tamaşa edirdi.
Fermadakıların çoxu isə A hərfindən o yana keçə bilmədilər. Kütbeyinlikləri ilə ad çıxarmış qoyun, ördək, toyuq kimi heyvanların isə hətta Yeddi Prinsipi əzbərləməyə də qabiliyyətlərinin çatmadığı aşkara çıxdı. Bunu görən Snouboll çox fikirləşəndən sonra Yeddi Prinsipin mahiyyətinə elə bir ciddi xələl gətirmədən onların "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!" ifadəsi ilə əvəzlənməsini təklif etdi. Onun fikrincə, animalizm təliminin bütün mahiyyəti bu ifadədə öz əksini tapmışdı. Kim bu müdrik sözləri dərindən mənimsəsə, insanların məhvedici təsirindən həmişəlik xilas ola bilərdi. Lakin quşlar əvvəlcə ifadənin özlərinə qarşı çevrildiyini düşünüb incidilər. Çünki insanlar kimi onların da iki ayağı vardı. Snouboll isə bu fikrin yanlış olduğunu sübuta yetirərək dedi:
-Yoldaşlar, quşların qanadları fəaliyyət orqanı deyil, hərəkət orqanıdır. Başqa sözlə desək, onların qanadları da ayaq sayılmalıdır. Insanın fərqləndirici əlaməti isə ƏL-dir. O, məhz əlləri vasitəsi ilə özünün bütün yaramazlıqlarını həyata keçirir.
Quşlar Snoubollun uzun-uzadı danışıqlarından bir şey anlamasalar da, məsələnin mahiyyətini başa düşdülər. Xüsusi əqli qabiliyyəti ilə seçilməyən bütün heyvanlar dərhal yeni aforizmi əzbərləməyə başladılar. "DÖRD AYAQ YAXŞIDIR, IKI AYAQ PISDIR" kəlamı iri hərflərlə anbarın arxa divarına, Yeddi Prinsipdən baş tərəfdə yazıldı. Yeni kəlamın mənası nəhayət qoyunlara da çatdı və sözlər o dərəcədə xoşlarına gəldi ki, həmin gündən örüşdə uzandıqları zaman xorla "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!", "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!"-deyə saatlarla mələşir və yorulub əldən düşənə kimi eynu şeyi təkrarlayırdılar.
Napoleon Snoubollun yaratdığı komutələrin işinə qətiyyən maraq göstərmirdi. Onun fikrincə, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq yaşa dolanlarla işləməkdən daha önəmli idi. Napoleon yeni nəsillə bağlı fikirlərini ilk dəfə ot biçinindən sonra, Cessi ilə Blyubel dünyaya doqquz sağlam küçük gətirəndə açıqlamışdı. Balacalar analarının döşündən ayrılan kimi Napoleon onları yanına apardı və təlim-tərbiyələri ilə şəxsən özünün məşğul olacağını elan etdi. Küçüklərə çardaqda yer düzəldildi. Həmin çardağa isə yalnız donuzların qərargahı olan anbar binasından keçib getmək mümkün idi. Küçüklər burada tam qapalı şəraitdə saxlanırdılar. Bir müddət keçəndən sonra ferma sakinləri onların mövcudluqlarını yerli-dibli unutdular.
Tezliklə südün yoxa çıxması ilə bağlı sirli hadisə də aydınlaşdı. Sən demə, donuzlar onu hər gün öz yemlərinə qarışdırırmışlar. Bir azdan meyvə bağında ilk almalar yetişdi. Ağacların altındakı çəmənlik budaqlardan qopub tökülən meyvələrlə doldu. Heyvanlar bu meyvələrin hamının arasında bərabər bölünməsini təbii sayırdılar. Lakin günlərin birində yerə tökülən almaların toplanaraq donuzların istifadəsi üçün onların qərargahına gətirilməsi haqqında əmr elan olundu. Əmri eşidən heyvanlar burunlarının altında donquldandılar. Lakin bir faydası olmadı. Bütün donuzlar bu məsələdə yekdillik nümayiş etdirdilər. Hətta Napoleonla Snoubollun da mövqeləri üst-üstə düşdü. Çığırğan müvafiq izahat işləri aparmaq üçün heyvanların yanına göndərildi.
-Yoldaşlar!-deyə o, zil səsi ilə qışqırmağa başladı.- Ümid edirəm ki, donuzların bu hərəkətini onların eqoizmə qapılmaları, yaxud özlərini başqalarından artıq hesab etmələri ilə əlaqələndirməyəcəksiniz. Əslində çoxumuzun süddən və almadan xoşu gəlmir. Şəxsən mən özüm onlara baxa bilmirəm. Alma və süddən istifadədən yeganə məqsəd sağlamlığımızı qorumaqla bağlıdır. Süd və almanın tərkibində (bunu artıq Elm sübuta yetirib, yoldaşlar!) donuzların özlərini həmişə yaxşı hiss etmələri üçün zəruri olan maddələr vardır. Biz donuzlar əqli fəaliyyətlə məşğuluq. Fermadakı bütün idarəçilik və təşkilati işlərin məsuliyyətini daşıyırıq. Gecə-gündüz sizin rifahınızın keşiyində dayanırıq. Yalnız SIZIN rifahınız üçün bu südü içir, bu almaları yeyirik. Əgər donuzlar öz vəzifələrini yerinə yetirmək qüdrətində olmasalar bunun nə ilə nəticələnəcəyini bilirsinizmi? Bilmirsinizsə, bilin – o zaman Cons geri qayıdacaq! Bəli, Cons yenidən geri qayıdacaq! Yoldaşlar, mən tam əminəm ki, – nitqinin bu yerinə çatanda Çığırğan quyruğunu tərpədə-tərpədə daha sürətlə o tərəf bu tərəfə atıldı və ağlamsındı, – sizin aranızda Consun qayıtmasını istəyən bir heyvan da yoxdur!
Həmin dəqiqələrdə heyvanların tam əmin olduqları bir şey vardısa da, o da heç birinin Consun geri qayıtmasını istəməmələri idi. Məsələ bu şəkildə qoyulandan sonra etiraz etməyə heç bir heyvanın sözü qalmadı. Donuzların sağlamlığı qayğısına qalmağın zəruriliyi fikri hamıya aydın oldu. Odur ki, müzakirə aparmadan südün və yerə düşən almaların (habelə yetişəndən sonra ağaclardakı meyvənin əksər hissəsinin) donuzların istifadəsinə verilməsi haqqında qərar qəbul edildi.
IV F Ə S İ L
Yayın sonunda Heyvanıstanda baş verən hadisələrlə bağlı xəbər ölkənin xeyli hissəsinə yayıldı. Snoubolla Napoleon qonşu fermaların sakinləri ilə əlaqə yaradıb onlara Üsyanın tarixi haqqında məlumat vermək və "Ingiltərə heyvanları" manhısının melodiyasını öyrətməkçün göyərçinləri hər gün səmaya qaldırırdılar.
Fermadan qovulandan sonra mister Cons vaxtının çoxunu Uillinqdondakı "Qırmızı Şir" meyxanasının barında keçirirdi. Söhbətinə qulaq asmağa razı olan hər kəsə taleyinə yazılmış dəhşətli ədalətsizlikdən - bir sürü alçaq heyvanın bütün var-yoxunu əlindən almasından şikayətlənirdi. Qonşu fermerlər əslində onun halına acıyırdılar, ancaq hər hansı bir kömək göstərməyə tələsmirdilər. Ürəklərinin dərinliyində hər biri gizlicə mister Consun fəlakətindən öz xeyirlərinə necə istifadə etmək haqqında fikirləşirdi. Iş elə gətirmişdi ki, Heyvanıstanın qonşuluğunda yerləşən iki fermanın sahibləri arasında münasibətlər həmişə gərgin olmuşdu. Bu fermalardan Foksvud adlanan birincisi ərazicə böyük, amma başlı-başına buraxılmış, əkin sahələrini alaq basmış, otlaq yerləri örənimiş, hasarları orada-burada uçulub-dağılmağa başlayan malikanə idi. Onun sahibi mister Pilkinqton bütün il boyu mövcümdən asılı olaraq vaxtının çoxunu ov etmək, yaxud balıq tutmaqla keçirən əhlikef centlmenlərdən sayılırdı. Pinçfild adlanan digər ferma kiçik olsa da, daha yaxşı vəziyyətdə saxlanırdı. Onun sahibi gününü məhkəmə çəkişmələrində keçirən, bir şillinqdən otəri qardaşının boğazını üzməyə hazır olan mister Frederik adlı kobud, yaramaz bir adamdı. Mister Pilkinqtonla mister Frederikin bir-birlərini görməyə gözləri yox idi. Qarşılıqlı nifrətləri o qədər güclü idi ki, hətta ümumi maraq xatirinə dava-dalaşı bir tərəfə buraxıb müəyyən razılığa gəlməyi ağıllarına da gətirmirdilər.
Amma bununla belə Heyvanıstandakı üsyan xəbərindən bərk qorxmuşdular və öz heyvanlarının bu məsələdən xəbər tutmalarının qarşısını almaq üçün çalışırdılar. Xəbəri eşidəndə əvvəlcə fermanı müstəqil şəkildə idarə etmək fikrinə düşən heyvanları ələ salıb gülmüşdülər. Qonşular iki həftəyə hər şeyin dağılıb gedəcəyini deyirdilər. Onlar "Malikanə" fermasındakı (mister Pilkinqtonla mister Frederik inadla fermanı köhnə adı ilə çağırır, yeni, "Heyvanıstan" adını eşitmək belə istəmirdilər) heyvanların tezliklə ya bir-birləri ilə əlbəyaxa olacaqları, ya da sadəcə acından öləcəkləri barəsində peyğəmbərlik edirdilər. Lakin aradan bir müddət keçəndən və qonşu fermada heç bir heyvanın acından ölməyə hazırlaşmadığı məlum olandan sonra Frederiklə Pilkinqton valı dəyişmdilər. Indi onlar Heyvanıstanda hökm sürən qəddarlıq və amansızlıq barəsində danışmağa daha çox üstünlük verirdilər. Hamını inandırmağa çalışırdılar ki, Heyvanıstanda heyvanyeyənlik baş alıb gedir, güclü heyvanlar zəiflərə qızardılmış şişlə işgəncə verirlər, bütün dişi heyvanlar ümumiləşdirilib və s. "Təbiətin qanunları əleyhinə üsyan qaldırmağın cəzası budur"-deyə Frederiklə Pilkinqton müdrikcəsinə başlarını tərpədərək sözlərinə yekun vururdular.
Lakin onların danışdıqları heç vaxt tam həqiqət kimi qəbul olunmurdu. Insanların qovulduğu, idarəçiliyin tamamilə heyvanların əlinə keçdiyi əsrarəngiz ferma haqqındakı söhbətlər ağızdan-ağıza keçərək daha geniş miqyasda yayılırdı. Bütün il boyu qonşu ərazilərdə heyvanların həyəcan doğuran müqavimət təşəbbüsləri barəsində xəbərlər dolaşırdı. Həmişə itaətkarlıqları ilə seçilən öküzlər birdən-birə vəhşiləşmişdilər. Qoyunlar ağılın qapısını sındırır və yoncalıqları tapdalayırdılar. Inəklər süd vedrələrini vurub aşırırdılar. Atlar maneələrə yaxınlaşanda tərslik edir və şahə qalxaraq süvariləri bellərindən atırdılar. Bütün bunlar azmış kimi, "Ingiltərə heyvanları" mahnısının musiqisi, hətta sözləri hər yerdə yayılmağa başlamışdı. Mahnı heyrətamiz sürətlə hər tərəfə yol tapırdı. Insanlar onun gülünc olduğunu söyləsələr də, mahnını eşidən zaman qəzəblərini cilovlaya bilmirdilər. Onlar bir tərəfdən heyvanların bu cəfəng, hərzə sözlərinin mənasını başa düşmədiklərini deyirdilər, o biri tərəfdən də hansı heyvanı bu mahnını oxuyan yerdə yaxalasalar qamçı ilə cəzalandırırdılar. Lakin mahnı yenə də səslənməkdə davam edirdi. Qaratoyuqlar hasara qonub onu cəh-cəh vururdular. Goyərçinlər budaqlarda yerlərini rahatlayıb mahnının sözlərini quruldayırdılar. Dəmirçi çəkiclərinin gurultusunda, kilsə zənglərinin cingiltisində manhının melodiyaları duyulurdu. Bu səsi eşidən insanlar özləri də hiss etmədən qorxudan əsirdilər. Hiss edirdilər ki, bu səs yaxın gələcəkdəki məhşər günlərinin əks-sədasıdır.
Dostları ilə paylaş: |