Napoleon Snoubollun fəaliyyətinin ətraflı təhqiq olunması haqda sərəncam verdi. O, köpəklərin müşaiyəti ilə həyətə çıxıb (heyvanlar arada müəyyən məsafə saxlamaqla ardınca gəlirdilər) ferma tikililərinin hamısını diqqətlə nəzərdən keçirdi. Napoleon addımbaşı dayanır və Snoubollun ləpirlərini tapmaq məqsədi ilə yeri iyləyirdi. Dediyinə görə, iyin köməyi ilə iz sahibinin kimliyini öyrənmək qabiliyyətinə malik idi. Napoleon həyətin hər küncündə, anbarda, inək damında, toyuq hinində, bostanda torpağı iyləyir və az qala hər yerdə Snoubollun izini aşkara çıxarırdı. O, cəhəngini torpağa söykəyir, bir neçə dəfə dərindən nəfəs alır və hər dəfə də dəhşətli səslə bağırırdı: "Yenə Snouboll! O, burada olub. Mən onun iyini uzaqdan hiss edirəm". Hər dəfə "Snouboll" adı çəkiləndə köpəklər dəhşətli səslə mırıldayır, dişlərini qıcadırdılar.
Heyvanlar səksəkə içərisində idilər. Onlara elə gəlirdi ki, Snouboll gözə görünmədən fermada dolaşan, havanı zəhərləyən və hamını təhlükə qarşısında qoyan şər ruha çevrilib. Bir axşam Çığırğan heyvanları bir yerə topladı və sifətindəki həyəcanlı ifadəni gizlətmədən onlara ciddi yeniliklər çatdırmaq istədiyini bildirdi.
-Yoldaşlar!-deyə Çığırğan çiyinlərini əsəbiliklə dartıb qışqırdı.- Ən dəhşətli sirrin üstü açılıb. Snouboll bu gün də bizə hücum edib fermanı əlimizdən almaq niyyətindən daşınmayan pinçfildli Frederikə satılıb. Snouboll hücum başlananda ona bələdçilik etməyi boyun olub. Bundan daha dəhşətli sirlərin də üstü açılıb. Indiyə qədər biz düşünürdük ki, Snoubollun qiyamının əsas səbəbi onun özündən müştəbehliyi və iddialarıdır. Lakin səhv etmişik, yoldaşlar! Bilirsinizmi əsl səbəb bədir? Hadisələrin lap başlanğıcından Snoluboll Consun tərəfində dayanırmış! Bütün bu müddət ərzində o, Consun gizli agenti imiş! Bütün bunlar Snoubollun qoyub getdiyi və bizim yalnız indi üzə çıxardığımız sənədlərlə təsdiq olunub. Fikrimcə, bu çox ciddi məsələdir, yoldaşlar! Məgər Pəyə döyüşündə məğlub və darmadağın olunmağımız üçün onun necə canfəşanlıq etdiyini (şükür ki, qara niyyətinə çatmadı!) gözümüzlə görməmişdikmi?
Heyvanlar yerlərində donub qaldılar. Bu Snoubollun dəyirmanı dağıtmasından da dəhşətli yaramazlıq idi. Heyvanların eşitdikləri xəbəri həzm etmələri üçün bir neçə dəqiqə vaxt lazım oldu. Qəribədir, hamısı Pəyə döyüşündə Snoubollun savaşa necə rəhbərlik etdiyini, necə hücuma atıldığını, hətta Consun açdığı atəş nəticəsində belindən yaralanandan sonra da geri çəkilmədiyini xatırlayır, yaxud xatırladıqlarını düşünürdülər. Bütün bunlardan sonra Snoubollun necə Consun tərəfində olması ilk anda heyvanların heç birinə çatmadı. Hətta çox nadir hallarda sual verən Bokser də təəccüblənmişdi. O, qabaq ayaqlarını qatlayıb uzandı, gözlərini yumdu və böyük çətinliklə fikirlərini sahmana salmağa çalışdı. Nəhayət dilləndi:
-Mən buna inanmıram. Snouboll Pəyə döyüşündə hamıdan cəsarətlə vuruşurdu. Gözlərimlə görmüşəm. Bəyəm biz döyüşdən dərhal sonra ona "Birinci dərəcəli qəhrəman heyvan" ordeni vermədikmi?
-Bu bizim səhvimiz idi, yoldaşlar! Indi isə dəqiq şəkildə bilirik və bütün bunlar aşkara çıxardığımız məxfi sənədlərdə də öz əksini tapıb: əslində Snouboll o zaman bizi tələyə salmaq məqsədi güdürmüş.
-Axı o yaralanmışdı! - Bokser sakitləşmək bilmirdi.- Hamımız yarasından necə qan axdığını gözümüzlə görmüşdük.
-Bu əvəlcədən qurulmuş oyunun bir hissəsi idi!- deyə Çığırğan qışqırdı. -Consun gülləsi onun belini yüngülcə cızmışdı. Əgər oxumağı bacarırsınızsa, özünün bu barədə nə yazdığını sizə göstərə bilərəm. Plana görə hadisələrin ən gərgin anında Snouboll geri çəkilmək əmri verməli və meydanı düşmənə buraxmalı idi. Snouboll niyyətini həyata keçirməyə çox yaxın idi. Yoldaşlar, indi deyə bilərəm ki, əgər qəhrəman Rəhbərimiz Napoleon olmasaydı, o, öz qara niyyətinə çata bilərdi! Consla adamları həyətə soxularkən Snoubollun qəfildən geri qaçmasnı, heyvanları da arxasınca aparmasını xatırlamırsız? Məgər yadınızda deyil ki, hamının vahimə içərisində olduğu, hər şeyin az qala itirildiyi həmin dəqiqələrdə yoldaş Napoleon "Insanlığa olüm!" çığıraraq necə irəli atıldı və dişlərini mister Consun baldırına necə keçirdi? Əlbəttə, hamınız bunu çox gözəl xatırlayırsınız, yoldaşlar!- deyə Çığırşan sağa-sola göz ataraq sözünü bitirdi.
Çığırğan döyüş səhnəsini görüntünü təsvir edəndən sonra heyvanlara elə gəldi ki, hadisələrin məhz belə olduğunu xatırlayırlar. Ən azı döyüşün gərgin anında Snoubollun həqiqətən də qaçması yadlarına düşdü. Lakin Bokser hələ də inamsız görünürdü.
-Mən Snoubollun lap əvvəldən xəyanət yolunu tutduğuna inanmıram-deyə o sozünə yekun vurdu.-Sonrakı hərəkətləri başqa məsələdir. Amma inanıram ki, Pəyə döyüşündə o etibarlı yoldaş idi.
-Rəhbərimiz yoldaş Napoleon,- deyə Çığırğan asta, lakin qətiyyətli səslə dilləndi, - qəti şəkildə, bəli qəti şəkildə yoldaş... nədir, o Snoubollun lap başlanğıcdan Consun agenti olduğunu bildirmişdir. Bəli, başlanğıcdan, hələ Üsyan fikri ortada olmamışdan!
-Bu başqa məsələ!- Bokser razılaşdı. - Əgər yoldaş Napoleon deyibsə, həqiqətdir!
-Bəli, yüzdə-yüz həqiqətdir, yoldaş! -Çığırğanın balaça, qaynaşan gözləri ilə Bokserə çəp-çəp baxması heyvanların diqqətindən yayınmadı. O, dönüb getmək istədi, lakin birdən dayandı və əsəbi şəkildə əlavə elədi:
-Mən fermanın bütün sakinlərinə xəbərdarlıq edirəm ki, gözlərini və qulaqlarını bacardıqca geniş açsınlar. Çünki Snoubollun maskalanmış əlaltılarının bu dəqiqənin özündə də aramızda gəzib-dolaşdıqlarını düşünmək üçün əlimdə kifayət qədər əsas var.
Dörd gün sonra Napoleon günorta bütün heyvanların həyətə toplanmalarını əmr etdi. Hamı deyilən vaxtda gələndən sonra mükafatlarının ikisini də döşünə taxmış Napoleon (bir müddət əvvəl o, özünü "Birinci dərəcəli qəhrəman heyvan" və "Ikinci dərəcəli qəhrəman heyvan" ordenləri ilə təltif etmişdi) dəhşətli mırıltıları ilə bütün heyvanların canına qorxu salan doqquz nəhəng köpəyinin əhatəsində malikanədən çıxdı. Qabaqcadan nə isə qorxunc bir hadisənin baş verəcəyini hiss edən heyvanlar sakitcə yerlərində dayanmışdılar.
Napoleon dayandı, hamını qəzəbli nəzərlərlə süzdü. Sonra hökmlü səslə xoruldadı. Köpəklər göz qırpımında irəli atılıb dörd donuzun qulaqlarından yapışdılar. Qorxudan və ağrıdan qışqıran donuzları sürüyüb Napoleonun ayaqları altına atdılar. Onların qulaqlarından qan axırdı. Kopəklər bu qanı yaladılar və elə bir anda ağılları başlarından çıxdı. Hamının təəccüb dolu baxışları altında üç köpək eyni amansızlıqla Bokserin üstünə atıldı. Bokser bunu görüb üzərinə gələn köpəyə havadaca elə bir güclü təpik ilişdirdi ki, o, zingildəyib yerə sərildi, aman istədi. Digər iki köpək quyruqlarını qısıb qaçdılar. Bokser sualedici nəzərlərlə Napoleona baxdı. Deyəsən, ayağının altındakı köpəyin axırına çıxmaq, yoxsa buraxmaqla onun fikrini bilmək istəyirdi. Napoleonun sifətinin ifadəsi dəyişdi, sərt səslə Bokserə köpəklə işi olmamasını əmr etdi. Bokser ayağını qaldırdı, köpək ağrıdan zingildəyə-zingildəyə bir tərəfə süründü.
Ortalığa sakitlik çökdü. Dörd donuz qorxudan əsə-əsə gözləyirdi. Üzlərinin hər cizgisindən özlərini suçlu saydıqları oxunurdu. Napoleon onları cinayətlərini etiraf etməyə çağırdı. Məşvərət şurasının toplantıları ləğv edilərkən bu donuzlar etirazlarını bildirmişdilər. Onlar dərhal fermadan qovulduğu gündən Snoubolla əlaqə yaratdıqlarını, dəyirmanın dağıdılmasında ona komək etdiklərini, Heyvanıstanın mister Fredriksin əlinə keçməsi üçün gizli ittifaqa girdiklərini boyunlarına aldılar. Sonra Snoubollun uzun illər boyu mister Consun məxfi agenti olması haqqında özünün məlumat verdiyini sözlərinə əlavə etdilər. Onlar etiraflarını bitirən kimi köpəklər üstlərinə atılıb dördünün də boğazını gəmirdilər. Napoleon qorxunc səslə heyvanların içərisində yenə də günahlarını etiraf etmək istəyənlərin olub-olmaması ilə maraqlandı.
Bir müddət əvvəl toyuqların yumurta ilə bağlı narazılıqlarına rəhbərlik etmiş üç beçə qabağa çıxıb Snoubollu yuxuda gördüklərini və Napoleonun əmrlərinə tabe olmamaq haqqında göstəriş aldıqlarını bildirdilər. Köpəklər onları da bir göz qırpımında parça-parça etdilər. Sonra bir qaz yanını basa-basa ortaya gəlib keçən il məhsul yığımı zamanı altı buqda dənəsi gizlətdiyini və gecə xəlvətcə yediyini etiraf etdi. Qoyunlardan biri Snoubollun təkidi ilə gölə işədiyini, ikisi isə Napoleonun ən sədaqətli pərəstişkarlarından sayılan və astma xəstəliyindən əziyyət çəkən qoca qoçu uzun müddət tüstülənən tonqalın ətrafında dövrə vurmağa məcbur etməklə ölüm həddinə çatdırdığını boynuna aldı. Onların da aqibəti əvvəlki günahkarlarınkı kimi oldu- hamısı köpəklərin pəncəsində can verdilər. Napoleonun ayaqları yanında cəsədlərdən təpə yaranana və Consun qovulmasından sonra hamının yadından şıxmış kəsif qoxulu qan iyi havanı ağırlaşdırana qədər günahların etiraf olunması və cəzalandırma mərasimi davam etdi.
Hər şey bitəndən sonra donuzlardan və köpəklərdən başqa hamı meydanı tərk etdilər. Heyvanlar sarsılmış və alçaldılmışdılar. Bilmirdilər ki, nədən daha çox sarsılıblar: bəzi heyvanların xəyanət yolu tutub Snoubolla əlaqə yaratmasından, yoxsa şahidi olduqları amansız mühakimədən? Qədim vaxtlarda da belə dəhşət dolu qanlı səhnələr olmuşdu. Buna baxmayaraq indiki hadisə heyvanlara daha ağır, sarsıdıcı təsir bağışlamışdı. Çünki hər şey öz aralarında baş verirdi. Cons fermadan gedəndən bu günə qədər bir heyvan başqa heyvana əl qaldırmamışdı. Hətta bir siçovul da öldürülməmişdi.
Heyvanlar yarımçıq dəyirmanın yanına-təpəliyə qalxdılar. Sanki bir-birlərinin nəfəsini duymaq, istiliyini hiss etmək istəyirlərmiş kimi yan-yana uzandılar. Klover, Müriel, Bencamin, inəklər, qoyunlar, bir dəstə qaz, toyuqlar-hamısı bir yerdə idi. Təkcə pişik gözə dəymirdi. O, Napoleon heyvanlara meydana toplaşmaq əmri verməmişdən aradan çıxmışdı. Bir müddət heç kəs danışmadı. Təkcə Bokser ayaq üstə dayanmışdı. O, var-gəl edir, uzun və qara quyruğunu sağa-sola yellədir, arabir təəccüb dolu kişnərtilərlə sükutu pozurdu.
-Heç nə anlamıram,-deyə Bokser sükutu pozdu.- Fermamızda belə hadisənin baş verdiyinə inana bilmirəm. Gorünür, haradasa səhv etmişik. Fikrimcə, yeganə çıxış yolu yenə çox işləməkdədir. Mən bundan sonra səhərlər yuxudan bir saat da tez oyanacağam.
O, arxaya çevrilib ağır addımlarla karxanaya tərəf getdi. Bayaqdan bəri gozaltı elədiyi iki ağır daşı qaranlıq düşməmiş dəyirmana çatdırmaq üçün sürüməyə başladı.
Heyvanlar Kloverin başına toplaşmışdılar. Uzandıqları yerdən dord bir tərəfə gözəl mənzərə açılırdı. Böyük yola qədər uzanan geniş otlaqlar, taxıl zəmiləri, pöhrəliklər, nohur, sıx və yamyaşıl xəsillə örtülmüş faraş taxıl zəmiləri, fermanın qırmızı damı və bacadan qalxan göyümsov tüstü - bir sözlə, bütün Heyvanıstan gözləri önündə idi. Aydın, sakit yaz axşamıydı. Çəmənliklər və sarmaşıqlı hasarlar batmaqda olan günəşin qızılı şəfəqləri ilə işıqlanmışdı. Heyvanlar xəfif bi kədər və heyrətlə anladılar ki, hər qarışı özlərinin olan bu ferma əvvəllər onlara heç vaxt indiki kimi doğma və əziz görünməyib. Klover təpədən üzü aşağı baxanda gözləri yaşla dolmuşdu. Əgər fikirlərini sözə çevirə bilsəydi, yəqin uzun illər bundan əvvəl insan nəslinin hakimiyyətini devirmək üçün mübarizəyə başlayanda qarşılarına qoyduqları məqsədin belə olmadığını deyərdi.
Qoca Mayor onları ilk dəfə üsyana səsləyən gecə gələcəklə bağlı gözləri önündə qətiyyən az əvvəl şahidi olduqları qorxu və qətl səhnələri canlanmamışdı. Klover özü bu gələcəyi aclıqdan və döyülməkdən həmişəlik xilas olmuş bərabərhüquqlu heyvanların cəmiyyəti kimi təsəvvür edirdi. Həmin cəmiyyətdə hər kəs bacarıq və qabiliyyətinə görə çalışmalı idi. Mayor tarixi nitqini söyləyən gecə o özü analarını itirmiş ördək balalarını ayaqları arasında saxlayıb qoruduğu kimi bütün güclülər zəiflərə yardım əli uzatmalı idilər. Bunun əvəzində isə səbəbini anlamadığı halda elə bir şəraitə gəlib düşmüşdülər ki, heç kəs fikirləşdiyini dilinə gətirə bilmirdi. Dişləri qana batmış köpəklər meydan sulayırdılar. Ozləri sarsıdıcı cinayətlərini boyunlarına alan yoldaşlarının işgəncə içərisində öldürülmələrinə tamaşa etməli olurdun. Klover heç vaxt üsyan etmək, müqavimət göstərmək fikrində olmamışdı. Lakin bilirdi ki, baş verən hadisələrə baxmayaraq, yenə də Consun zamanındakından daha yaxşı yaşayırlar. Odur ki, nə olursa olsun, insanların geri qayıtmasına yol verilməməlidir. Bundan sonra nə olsa da o, sədaqətini qorumalı, çox işləməli, verilən bütün tapşırıqları dəqiq yerinə yetirməli, Napoleonun liderliyini sözsüz qəbul etməlidir. Ancaq hələ də həyat onun və başqa heyvanların arzuladıqları, uğrunda çarpışdlqları həyat deyildi. Onlar dəyirmanı belə bir gün üçün tikmirdilər. Sinələrini Consun gülləsinin qabağına belə bir həyat üçün sipər etməmişdilər. Fikirlərini ifadə etməyə söz tapmayan Kloverin demək istədikləri bu idi.
Söz tapa bilmədiyindən o, içini dolduran hissləri soydaşlarına ayrı cür çatdırmaq qərarına gəldi və uca səslə "Ingiltərə heyvanları" mahnısını oxumağa başladı. Ətrafdakı heyvanlar da ona qoşuldular. Mahnını melodiyasına uyğun şəkildə, lakin asta və kədərli səslə oxuyurdular. Əvvəllər heç vaxt belə oxumamışdılar.
Üçüncü dəfəni başa vururdular ki, Çığırğan iki köpəyin müşaiyəti ilə onlara yaxınlaşdı, dırnağı ilə işarə edərək çox vacib xəbər çatdıracağını bildirdi. Sonra isə yoldaş Napoleonun xüsusi sərəncamı ilə bu gündən etibarən "Ingiltərə heyvanları" mahnısının ləğv olunduğunu elan etdi. Bundan sonra mahnının oxunması da yasaq edilirdi.
Heyvanlar heyrətlənmişdilər.
-Nəyə gorə?-deyə Müriel az qala qışqırdı.
-Daha belə şeylərə ehtiyac yoxdur, yoldaşlar- Çığırğan sərt səslə cavab verdi -"Ingiltərə heyvanları" Üsyan dövrünün mahnısı idi. Üsyan çoxdan başa çatıb. Bu gün xainlərin cəzalandırılması ilə son noqtəni qoyduq. Daxili və xarici düşmənlər məğlub edilib. "Ingiltərə heyvanları"nda biz gələcəkdə qurmaq istədiyimiz gözəl cəmiyyətlə bağlı arzularımızı ifadə etmişdik. Belə cəmiyyət artıq bərqərar olub. Deməli, bu mahnı da köhnəlib və daha ona ehtiyac qalmayıb.
Bərk qorxsalar da bəzi heyvanlar etirazlarını bildirmək istədilər. Lakin elə bu anda qoyunlar həmişəki adətləri üzlə "Dord ayaq yaxşıdır, iki ayaq pisdir!"-deyə mələşməyə başladılar. Mələşmə bir neçə dəqiqə çəkdi və bununla da mübahisələrə son qoyuldu.
O gündən "Ingiltərə heyvanları" mahnısını eşidən olmadı. Əvəzində şair Minimus yeni himn yaratdı. Himn belə başlayırdı:
Heyvanıstan, Heyvanıstan, Heyvanıstan,
Heç vaxt sənə bata bilməz xain insan!!
Indi hər bazar günü bayraq qaldırılanda heyvanlar bu himni oxuyurdular. Lakin himnin nə sözləri, nə də melodiyası onlara "Ingiltərə heyvanları"nı xatırladırdı.
VIII F Ə S İ L
Aradan bir neçə gün keçəndən və amansız mühakimələrin xofu bir az səngiyəndən sonra heyvanlardan hansısa altıncı Prinsipi xatırladı, yaxud xatırladığını düşündü. Altıncı Prinsipdə "Bir heyvan başqa heyvanı öldürə bilməz!"-deyilirdi. Heç kəs donuzların və köpəklərin yanında bərkdən danışmağa cəsarət etməsə də, heyvanlar gözləri onündə törədilən qətllərin bu Prinsiplə uzlaşmadığını başa düşürdülər. Klover Bencamindən Altıncı Prinsipi oxumağı xahiş etdi. Bencamin həmişəki adəti üzrə belə işlərə qarışmadığını deyib boyun qaçırdığından bu dəfə Mürielə üz tutmalı oldu. Müriel bərkdən oxudu: "Bir heyvan başqa heyvanı SƏBƏBSIZ öldürə bilməz". Nədənsə, bu "səbəbsiz" kəlməsi mətni əzbər bilənlərin hamısının yadından çıxmışdı. Ancaq indi hər şeyi xatırladılar. Bildilər ki, Prinsip təhrif olunmayıb. Snoubolla ittifaq yaradan xainlərin oldürülməsi üçün kifayət qədər səbəb vardı.
Il boyu heyvanlar köhnə vaxtdakından daha çox işləməli oldular. Divarları əvvəlkindən ikiqat qalın olmaq şərti ilə dəyirmanı tikmək və vaxtında təhvil vermək, bununla bir sırada fermadakı gündəlik işləri də yerinə yetirmək çox çətin idi. Bəzən heyvanlara elə gəlirdi ki, iş günü Consun zamanındakından uzundur, yeməkləri isə pisdir. Lakin bazar günləri səhərlər haça dırnaqları arasında bürmələnmiş uzun kağız tutan Çığırğan onlara əvvəlki dövrlə müqayisədə bütün növlər üzrə məhsul istehsalının 200, 300, bəzən hətta 500 faiz artması haqqında rəqəmlərin əks olunduğu sənədləri oxuyurdu. Heyvanların bu rəqəmlərə inanmamaq üçün elə bir əsasları yoxdu. Ələlxüsus ona görə ki, Üsyandan əvvəlki dövrün həyat şəraiti hamının yaddaşından silinmişdi. Bununla belə bəzi günlərdə heyvanlar tezliklə rəqəmlərin azalacağına, yemin isə çoxalacağına ümid edirdilər.
Indi bütün tapşırıqlar Çığırğanın, yaxud da digər donuzlardan birinin vasitəsi ilə verilirdi. Napoleon heyvanlar arasında iki həftədə bir dəfədən çox gorünmürdü. Həyətə çıxanda isə onu yalnız köpəklərdən ibarət məiyyəti deyil, həm də dəstənini qabağında gedən və hər dəfə Napoleon danışmamışdan qabaq var səsi ilə "Quqqulu-qu!"-deyə banlayan iri, qara xoruz müşaiyət edirdi. Indi Napoleonun ferma binasında hamıdan ayrı iqamətgahının olduğunu danışırdılar. Iki köpəyin ayıq-sayıq nəzarəti altında "Kroun Derbi" firmasının qab-qacaq dəstində gətirilən yeməyini tək yeyirdi. Bu qablar əvvəllər Consun qonaq otağındakı servantda saxlanırdı. Başqa bir yenilik isə yaylım atəşi ilə bağlı idi. Indi ənənəvi ildönümləri ilə yanaşı Napoleonun ad günündə də atəşfəşanlıq olurdu.
Daha onu sadəcə "Napoleon" deyə çağırmırdılar. Rəsmi titulla müraciət etmək, "Rəhbərimiz yoldaş Napoleon" demək tələb olunurdu. Donuzlar bu ada "Bütün dünya heyvanlarının atası", "Insanlığın qənimi", "Qoyunların himayədarı", "Ordəklərin müdafiəçisi" kimi titulların da əlavə olunmasını təklif edirdilər. Çığırğan dəyirmi yanaqlarından göz yaşları süzülə-süzülə Napoleonun müdrikliyindən və ürəyinin boyüklüyündən, bütün heyvanlara, ilk növbədə isə insanların əlində olan fermalarda cəhalət içərisində, zəlil və kölə vəziyyətdə yaşayanlara bəslədiyi dərin məhəbbətdən danışırdı. Hər bir uğur, taleyin hər bir töhfəsi üçün Napoleona təşəkkür etmək adət halını almışdı. Məsələn, bir toyuq başqa toyuğa deyirdi: "Böyük Rəhbərimiz yoldaş Napoleonun qayğısı sayəsində beş gündə altı yumurta yumurtlamışam". Yaxud göldən su içməyə gələn bir inəyin başqa inəyə dediyi bu sözləri eşitmək olurdu: "Yoldaş Napoleonun rəhbərliyi altında sularımız necə dadlı olub!". Heyvanların ümumi minnətdarlıq hissi şair Minimusun "Yoldaş Napoleon" şerində dərin ifadəsini tapmışdı:
Məzlumların atası,
Xoşbəxtliyin memarı,
Çirkablar hökmdarı!
Qəlbim nəşəylə dolur
Sənin parlaq günəştək
Yolumuza nur saçan
Qürur və hökm dolu
Gözlərinə baxanda,
Yaşa, yoldaş Napoleon!
Ovladınçün həyatda
Hər şeyi təmin etdin
Oz dəmir iradənlə.
Indi dolu qarnımız,
Altımıza sərməyə,
Quru samanımız var!
Sayəndə tövləmizdə
Rahatca uyuyuruq.
Yaşa, yoldaş Napoleon!
Istər balaca olaq,
Istərsə yaşa dolaq,
Hər zaman vəzifəmiz
Sənə sədaqət yolun
Tutmaq olacaq, inan!
Bu azad fermamızda
Gözün açan hər heyvan
Söyləyəcək ürəklə -
Yaşa, yoldaş Napoleon!
Napoleon şeiri bəyənmiş və iri hərflərlə Yeddi Prinsiplə üzbəüz anbarın qarşı divarına həkk olunmasını əmr etmişdi. Mətnin yuxarı tərəfində Napoleounun profildən işlənmiş portreti asılmışdı. Bu portreti ağ rənglə Çığırğan ozü çəkmişdi.
Bu arada Napoleon mister Uimperin vasitəsi ilə Frederik və Pilkinqtonla mürəkkəb danışıqlar aparırdı. Ağac materialı hələ satılmamışdı. Onu Frederik almaq istəyirdi. Lakin münasib qiymət təklif etmirdi. Həmin ərəfədə Frederikin öz adamıları ilə birlikdə Heyvanıstan üzərinə hücum hazırladığı və tikintisinə paxıllıq etdiyi dəyirmanı uçurmaq istədiyi haqda şaiyələr yeniləndi. Snoubollun Piçfild fermasında gizlənməsi aşkara çıxdı. Yayın ortasında üç toyuğun öz xoşları ilə Napoleonun yanına gələrək Snoubollun onları Heyvanıstan liderini oldürmək məqsədi ilə sui-qəsdə cəlb etməsini boyunlarına alması heyvanları daha da həyəcanlandırdı. Sui-qəsdçi toyuqlar dərhal edam olundu. Napoleonun təhlükəsizliyi üçün ciddi tədbirlər görüldü. Gecələr onun yataq otağını hərəsi bir küncdə dayanan dörd köpək qoruyurdu. Pinki adlı gənc donuz isə zəhərləmə təhlükəsinin qarşısını almaq üçün əvvəldən bütün yeməklərdən dadmalı idi.
Təxminən bu dövrdə Napoleonun ağac materialını mister Pilkinqtona satmaq qərarına gəldiyi məlum oldu. Bundan başqa o, Heyvanıstanla Foksvud arasında bir sıra məhsulların mübadiləsi ilə bağlı mühüm saziş imzalamaq haqqında düşünürdü. Yalnız Uimper vasitəsi ilə əlaqə saxlamalarına baxmayaraq Napoleonla Pilkinqton arasındakı münasibətlər demək olar ki, dostluq səviyyəsinə yüksəlmişdi. Insan nəslindən olduğuna görə heyvanlar Pilkinqtona inanmırdılar. Lakin onu həm qorxduqları, həm də nifrət etdikləri Frederikdən daha üstün tuturdular. Yayın sonu yaxınlaşdığına və dəyirman tikintisi yekunlaşdığına görə Heyvanıstana gözlənilən xəyanətkar hücum haqqındakı şaiyələr də get-gedə artırdı. Danışırdılar ki, mister Frederik fermaya hücum məqsədi ilə tüfənglə silahlanmış iyirmi adam tutub, yerli polislə hakimləri püşvətlə ələ alıb və əgər Heyvanıstanla bağlı vəsiqələri ələ keçirsə sorğu-suala tutulmayacaq. Bu da azmış kimi Pincfilddən Frederikin öz heyvanları ilə amansız rəftarı haqqında dalbadal dəhşətli xəbərlər gəlirdi. Deyirdilər ki, o, qoca yabını ölənə qədər döyüb, inəkləri ac saxlayıb, itini diri-diri sobada yandırıb. Axşamlar isə ayaqlarına ülgüc bağladığı xoruzları döyüşdürərək onların biri-birlərini al qana qərq etmələrindən ləzzət alır. Həmcinslərinin başına açılan oyunları eşidən heyvanların damarlarındakı qan intiqam eşqi ilə qaynayırdı. Bəzən qüvvə toplayıb Pinçfildə hücuma keçmək, insanları qovub əsarətdəki heyvanları azad etmək çağırışları eşidilirdi. Lakin hər dəfə Çığırğan onlara çiy hərəkətlərdən çəkinməyi və bütünlüklə yoldaş Napoleonun strategiyasına arxalanmağı məsləhət görürdü.
Frederikə qarşı çevrilmiş əhvali-ruhiyyə isə güclənməkdə idi. Bir bazar günü səhər qəflətən Napoleon anbarda peyda oldu, ağac materialının Frederikə satılması haqqında heç vaxt danışıq aparmadığını elan etdi. Belə bir dəyyusla işbirliyinə girməyi öz şərəf və ləyaqətinə sığışdırmadığını bildirdi. Hələ də Üsyan xəbərini yaymaq üçün xaricə göndərilən göyərçinlərə Foksvuda uçmaq qadağan edildi. Eyni zamanda köhnə "Insanlığa ölüm!" şüarının "Frederikə ölüm!"lə əvəz olunması qərara alındı. Yayın sonunda Snoubollun daha bir xəyanətinin üstü açıldı. Fermaya gizli gecə səfərlərinin birində toxumluq taxıla alaq otları toxumu qarışdırdığı aşkara çıxarıldı. Bu işdə Snoubolla yardım etmiş erkək qaz Çığırğanın qarşısında günahlarını boynuna aldı və dərhal da zəhərli xanımotu yeyərək intihar etdi. Heyvanlar onu da öyrəndilər ki, Snouboll heç zaman "Birinci dərəcəli qəhrəman heyvan" ordeni ilə təltif edilməyib (lakin bir çoxları buna inanmışdılar). Bu sadəcə "Pəyə döyüşündən" bir müddət sonra Snoubollun özünün yaydığı uydurma idi. O, nəinki təltif edilib, əksinə, həlledici döyüşdəki qorxaqlığına görə ittihamla üzləşib. Doğrudur, yenə də bəzi heyvanlar bu xəbəri eşidərkən bir az tutulan kimi oldular. Lakin Çığırğan onları yaddaşlarının korlandığına tez inandıra bildi.
Payızda böyük, ağır zəhmət sayəsində biçin uğurla başa çatdırıldı və eyni vaxtda dəyirmanın tikintisi də tamamlandı. Doğrudur, hələ avadanlıq quraşdırılmamışdı. Uimper onların alınması üçün danışıqlar aparırdı. Amma tikinti qurtarmışdı. Bütün çətinliklərə, təcrübənin azlığına, alətlərin ibtidailiyinə, Snoubollun məkrli xəyanətlərinə baxmayaraq dəyirman düz müəyyən olunan gündə istifadəyə verilmişdi. Yorğun, lakin qürurlu heyvanlar öz şah əsərlərinin ətrafında yorulmadan dövrə vururdular. Indiki tikili onların gözünə birincisindən də gözəl görünürdü. Üstəlik divarlar əvvəlkindən iki dəfə qalın idi. Onlara partlayıcı maddədən başqa heç nəyin gücü çatmazdı. Heyvanlar burada necə can qoyduqlarını, hansı çətinlikləri dəf etdiklərini düşünür, tezliklə dəyirmanın pərlərinin fırlanacağını, naqillərlə elektrik cərəyanı axacağını və bütün bunların sayəsində həyatın tamam dəyişəcəyini göz önünə gətirir, yorğunluqlarını unudaraq zəfər sədaları ilə dəyirmanın dörd bir tərəfinə dolanırdılar. Köpəklərin və xoruzun müşaiyəti ilə Napoleon da işlə tanış olmağa gəldi. O, böyük nailiyyət münasibəti ilə heyvanları təbrik etdi və tikilinin "Napoleon adına dəyirman" adlandırılacağını bildirdi.
Iki gündən sonra hamı anbardakı xüsusi iclasa dəvət olundu. Napoleon ağac materialının Frederikə satıldığını elan edəndə heyvanların çoxu heyrətdən özlərini itirdilər. Sabah Frederikin arabalarının gəlib yükü aparacağı bildirildi. Bütün bunlar Napoleonun üzdə Pilkinqtonla dostluq münasibətləri saxladığı müddət ərzində arxada Frederiklə gizli razılaşma əldə etdiyini göstərirdi.
Dostları ilə paylaş: |