Insan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə ağalıq edir. O, süd vermir, yumurtlamır; kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü sahib çıxır. Torpaq bizim zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur. Bax siz, qarşımda uzanıb gövşək vuran inəklər, keçən il neçə min qallon süd vermisiniz? Onunla heç olmasa, buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbəriniz də yoxdur ki, süd hara getdi, necə oldu? Aydın məsələdir, düşmənlərimiz son damlasına qədər boğazlarına töküblər. Siz, toyuqlar, ötən il nə qədər yumurtlamısınız, vermisiniz, nə qədər cücə çıxarmısınız? Hanı onlar? Hamısı bazara göndərilib. Çünki Consun və adamlarının əlləri daim pulla oynamalıdır. Klover, de görüm əziyyətlə böyütdüyün dörd balan hardadır? Axı qoca vaxtında onlar sənin arxan, təsəllin olmalı idilər. Hamısı bir yaşlarına çatan kimi satılıb. Dayçalarının heç birinin üzünü ömrün boyu görə bilməyəcəksən. Dörd ağır döğuşdan, kotana qoşulub bu qədər yer şumlayandan sonra bir ovuç yulafdan və küncünə qısıldığın uçuq tövlədən başqa nəyin var?
Hətta bu miskin həyatımızın da təbii axarı ilə sona çatmasına imkan vermirlər. Özümlə bağlı şikayətçi deyiləm. Hər halda bəxtim gətirib. On iki il ömür sürmüşəm, dörd yüzdən çox övlad dünyaya gətirmişəm. Normal donuz ömrü yaşamışam. Lakin heç bir heyvan ömrünün axırında canını amansız bıçaqdan qurtara bilmir. Bax siz, qarşımda oturan gənc, məsum donuz balaları, bir il keçməmiş hamınızın həyatı bu hasarın çölündə sona yetəcək. Heç nə görmədən dünyadan köçüb gedəcəksiniz. Bu dəhşətli tale inəkləri, qoyunları, donuzları, toyuqları-bir sözlə, hamımızı gözləyir. Hətta atların və itlərin də bəxti gətirmir. Bax, Bokser, zaman keçəcək, qüvvətli əzələlərin gücdən düşəndə Cons tərəddüd etmədən səni sallaqxanaya satacaq. Orada başını kəsəcəklər, leşindən itlərə yem bişirəcəklər. Amma itlər də sevinməsinlər. Qocalıb dişləri töküləndə, işə yaramayanda Cons onların da boyunlarına kərpic bağlayıb yaxınlıqdakı nohurda batıraçaq.
Bütün bunlardan sonra, yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığı sizə gün kimi aydın deyilmi? Biz Insanı devirməliyik, yalnız o zaman zəhmətimizin bəhrəsinə sahib çıxacağıq. Istəsək, hətta bir gecə ərzində zənginliyə və sərbəstliyə qovuşa bilərik. Bunun üçün nə etməliyik? Gecə-gündüz çalışmalıyıq, bədənimizi və ruhumuzu insan nəslinin hakimiyyətini devirməyə hazırlamalıyıq. Yoldaşlar, mən sizi Üsyana səsləyirəm. Bilmirəm, bu Üsyan nə vaxt olacaq- bir həftə, yoxsa yüz il sonra?! Lakin altımdakı samanı gözümlə gördüyümə inandığım kimi ədalətin də tez ya gec zəfər çalacağına o qədər inanıram. Bu fikri əsla fikrinizdən çıxarmayın, yoldaşlar! Həyatınızın son saatına qədər onun gerçəkləşməsi üçün çalışın. Bir də hamınıza vəsiyyət edirəm ki, dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə olunana qədər mübarizəni davam etdirsinlər.
Yoldaşlar, onu da bilin ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Qoy heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin. Insanın və heyvanların ümumi maraqlarının olması, bir tərəfin inkişaf və tərəqqisinin o biri tərəfin də rifahına yol açması haqqında deyilənlərə heç vaxt qulaq asmayın. Bunlar hamısı yalandır. Insanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür. Biz heyvanlar arasında isə bundan sonra qoy sarsılmaz birlik, mübarizədə bərkiyən dostluq ruhu hökm sürsün. Bütün insanlar-düşməndirlər! Bütün heyvanlar-dostdurlar!
Mayor sözünü qurtarmağa macal tapmamış bərk səs-küy qopdu. O, danışan zaman dord iri siçovul deşiklərdən çıxmış, yuvalarının qabağında çöməlib mayorun nitqinə qulaq asmağa başlamışdılar. Ortaya bir anlıq sakitlik çokəndə itlər onları görmüş, üstlərinə atılmışdılar. Yalnız bir an içərisində qaçıb yuvalarına soxulmaları siçovulları gerçək ölümdən qurtarmışdı.
Mayor qabaq ayağını yuxarı qaldırıb hamını sakitliyə çağırdı:
-Yoldaşlar, bir məsələni də həll etməliyik. Gəlin aydınlaşdıraq: siçovullar və adadovşanları kimi vəhşi heyvanlar bizim dostlarımızdır, yoxsa düşmənlərimiz? Məsələni iclasın müzakirəsinə çıxarıram: siçovulları özümüzə yoldaş saya bilərikmi? Gəlin səs verək.
Səsvermə dərhal keçirildi və siçovulların heyvanlara yoldaş sayılması qərarı böyük səs çoxluğu ilə qəbul olundu. Yalnız dörd heyvan – üç itlə bir pişik onların əleyhinə səs vermişdi. Sonradan pişiyin məsələnin həm lehinə, həm də əleyhinə səs verdiyi aşkara çıxmışdı.
Mayor davam etdi:
-Deyiləcək bir neçə sözüm də var. Dönə-dönə təkrar edirəm: Insana, onun bütün istəklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın! Iki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir. Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı-dostumuzdur. Bir şeyi də yadınızda saxlayın: Insana qarşı mübarizə apararkən biz heç vəhclə ona bənzəməməliyik. Hətta mübarizə qələbə ilə başa çatandan sonra da Insanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-döşəkdə yatmaq, paltar geymək, spirtli içki içmək, siqaret çəkmək, pulla oynamaq və ticarətlə məşğul olmaq heç vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir. Insanın vərdişlərinin hamısı pisliklərdən ibarətdir. Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif, yaxud güclü, ağıllı, yaxud səfeh olsaq da, hamımız qardaşıq! Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.
Indi isə yoldaşlar, dünən gecə gördüyüm yuxunu sizə danışmaq istəyirəm. Yuxuda qovuşduğum arzunu sözlə təsvir etməkdə acizəm. Bu üzərində Insan yaşamayan torpaqla bağlı arzudur. Yadıma çoxdan unudulmuş saydığım şeylər düşdü. Uzun illər bundan əvvəl, mən hələ balaca çoşka olanda anamla rəfiqələri köhnə bir mahnı oxuyurdular. Ancaq onlar mahnının yalnız melodiyasını və ilk üç sözünü bilirdilər. Balaca vaxtı mən də bu melodiyanı öyrənmişdim. Amma sonra unutdum. Və qəribədir dünən gecə yuxumda həmin melodiyanı xatırladım. Ən təəccüblüsü budur ki, mahnının sözləri də yadıma düşdü. Heyvanların bu mahnını çox-çox illər bundan əvvəl oxuduqlarına, sonra isə nəsillərin yaddaşından silindiyinə inanıram. Yoldaşlar, indi həmin mahnını sizə oxuyacağam. Artıq qocalmışam, səsim xırıltılı çıxır. Ancaq əminəm ki, melodiyanı və sözləri sizə öyrədəndən sonra onu məndən də yaxşı oxuyacaqsınız. Mahnı "Ingiltərənin heyvanları" adlanır.
Qoca Mayor boğazını təmizləyib oxumağa başladı. Səsi həqiqətən də xırıltılı çıxırdı. Lakin yetərincə yaxşı oxuyurdu. "Clementine" və "La Cucaracha"nı xatırladan melodiyanı həyəcansız dinləmək olmurdu. Sözləri də gözəldi:
Ingiltərə, Irlandiya heyvanları,
Ormanların, iqlimlərin canlıları!
Qulaq asın müjdə dolu xəbərimə,
Yaxınlaşır gələcəyin xoş anları!
Əvvəl-axır o xoş günü görəcəyik,
Qəddar Insan taxt-tacından devriləcək!
Bol bəhrəli Ingiltərə torpaqları
Heyvanların özlərinə veriləcək.
Buruntaqlar açılacaq burnumuzdan,
Kürəyimiz ağır yükdən qurtulacaq.
Bizi xofa salmayacaq qırmanc səsi,
Aclıq, əzab həmişəlik yox olacaq!
Göz önündə canlandırın bu səhnəni:
Arpa, buğda, zərif yulaf, yaşıl otlar...
Yonca, paxla, silos, şəkər çuğunduru...
Gün görəcək həm atalar, həm övladlar!
Nur yağacaq Ingiltərə çöllərinə,
Axar sular durulacaq, çağlayacaq!
Biz azadlıq arzusuna qovuşanda,
Sərin yellər ruhumuzu oxşayacaq!
O günlərə qovuşmadan olsək belə,
O günlərin xatirinə çalışaq biz!
Ey inəklər, atlar, qazlar, hinduşkalar,
Azadlığın eşqi ilə alışaq biz!
Ingiltərə, Irlandiya heyvanları,
Ormanların, iqlimlərin canlıları!
Hər tərəfə yayın müjdə xəbərini,
Yaxındadır gələcəyin xoş anları!
Mahnı heyvanların arasında vəhşi bir həyəcan yaratdı. Mayor axırıncı sözü oxuyub qurtarmamış onlar təkrarlamağa başladılar. Ən kütbeyinləri belə artıq melodiyanı tutmuş və bir neçə sözü yadlarında saxlamışdılar. Donuzlarla itlər kimi ağıllı heyvanlar isə artıq bir neçə dəqiqədən sonra həm melodiyanı, həm də sozləri tamam oyrənmişdilər. Bir neçə təkrar cəhddən sonra bütün ferma heyrətamiz yekdilliklə oxunan "Ingiltərə heyvanları"nın sədalarından lərzəyə gəlmişdi. Inəklər ritmə uyğun mouldayır, itlər hürüşür, qoyunlar mələyir, atlar kişnəyir, ördəklər qaqqıldaşırdılar. Mahnı heyvanların o qədər xoşlarına gəlmişdi ki, özləri də fərqinə varmadan artıq onu beş dəfə oxumuşdular. Əgər ortalığa maneə çıxmasaydı, bəlkə də səhərə qədər oxuyardılar.
Lakin bədbəxtçilikdən mister Cons səsə-küyə yuxudan oyandı. Həyətə tülkü girdiyini fikirləşib həmişə yataq otağının bir küncündə saxladığı tüfəngini götürdü, qaranlığa bir neçə dəfə atəş açdı. Güllələr ambarın divarına dəydi. Toplantını dərhal dayandırdılar. Hərə öz yerinə qaçdı. Toyuqlar uçuşub damın altındakı dirəklərdə yerlərini tutdular, heyvanlar samanın üstündə sərələndilər və ferma bir anda sükuta qərq oldu.
II F Ə S İ L
Üç gün sonra qoca Mayor yatdığı yerdə sakitcə canını tapşırdı. Cəsədini bostanın aşağısında dəfn etdilər.
Bu martın əvvəllərində olmuşdu. Sonrakı üç ay ərzində gizli fəaliyyət xeyli genişləndi. Mayorun nitqi fermanın ağlı başında olan sakinlərinin əksəriyyətini həyata yeni nəzərlərlə baxmağa vadar etmişdi. Onlar Mayorun müjdə verdiyi Üsyanın nə zaman başlayacağını bilmirdilər. Heç biri bu hadisənin sağlıqlarında baş verəcəyini düşünmək üçün ciddi əsas görmürdü. Lakin Üsyanı onların hazırlamalı olduqlarını yaxşı başa düşürdülər. Ferma sakinləri arasında təşkilatçılıq və maarifçilik işlərinin aparılması əqli qabiliyyətləri bütün heyvanlar tərəfindən yekdilliklə qəbul olunan donuzların üzərinə düşmüşdü. Onların arasında iki cavan donuz - mister Consun ətliyə vermək üçün bəslədiyi Snouboll və Napoleon xüsusilə fərqlənirdilər. Napoleon ətli-canlı, ilk baxışdan hətta bir qədər qəddar görünüşlü Berkşir donuzu idi. O, fermada yeganə berkşirli sayılırdı. Çox danışmaqla arası yoxdu, ancaq ağlı başında olan və işini bilən donuz nüfuzu qazanmışdı. Snouboll isə xarakterinin canlılığı, alovlu natiqliyi və çətin vəziyyətlərdən çıxış yolu tapması ilə seçilirdi. Lakin Napoleonla müqayisədə xarakterində dərinlik çatışmırdı. Fermadakı qalan erkək donuzlar hələ azyaşlı idilər. Onların arasında Çığırğan adlı balaca, gombul çoşka daha çox tanınırdı. Çığırğan yupyumru yanaqları, daim qaynayan kiçik gözləri, cəld hərəkətləri və zil səsi ilə tay-tuşlarından fərqlənirdi. O, gözəl natiq idi. Hər hansı çətin məsələnin müzakirəsi zamanı sürətlə bir küncdən o biri küncə addımlayır, aramsız titrəyən quyruğunun hərəkəti ilə sözlərinə xüsusi inandırıcılıq verirdi. Deyirdilər ki, Çığırğanın əlində qaranı ağa çevirmək heç nədir.
Bu üç nəfər qoca Mayorun fikirlərini animalizm adlandırdıqları ardıcıl baxışlar sisteminə çevirdilər. Həftədə bir neçə dəfə gecə mister Cons yatandan sonra onlar anbarda gizli toplantılar keçirir və heyvanlara animalizm prinsiplərini izah edirdilər. Doğrudur, ilk vaxtlar ferma sakinlərinin kütlüyü və laqeydliyi ilə qarşılaşırdılar. Bəziləri hələ də "sahibimiz" dedikləri mister Consa loyal münasibətin zəruriliyindən danışır və bu zaman "Mister Cons bizi saxlayır. O olmasa acından ölərik"- kimi səfeh sözlər söyləyirdilər. Digərləri soruşurdular ki, "Niyə biz oləndən sonra baş verəcək dəyişikliklərə görə indidən əziyyət çəkməliyik?", yaxud "Əgər Üsyan mütləq olacaqsa, onda çalışıb-çılaşmamağımızın nə fərqi var?" Bu düşüncələrin animalizm ruhu ilə bir araya sığmadığını izah etmək üçün donuzlar xeyli əziyyət çəkməli olurdular. Heyvanların içərisindən ən axmaq sualı isə ağ madyan-Molli verdi. "Üsyandan sonra qənd olacaqmı?"-onun Snoubolla verdiyi ilk sual bu idi.
-Yox!-deyə Snouboll qətiyyətlə dilləndi. -Biz fermada şəkər istehsal etmək fikrində deyilik. Bir də, şəkərsiz də keçinə bilərsən. Ürəyin istəyən qədər ot və yulaf olacaq.
-Bəs, mənə yalıma lent bağlayıb gəzməyə icazə veriləcək? - deyə sakitləşmək bilməyən Molli ikinci sualını verdi.
-Yoldaş, - Snouboll üzünü ona çevirdi, - ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı, sən azadlığın belə alabəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?
Molli onun fikri ilə razılaşdığını bildirdi. Lakin səsi o qədər də inandırıcı çıxmadı.
Əhliləşdirilmiş qarğanın-Mosesin yaydığı yalanların təkzibi donuzlara daha böyük əziyyət bahasına başa gəlirdi. Mister Consun sevimlisi Moses boşboğaz və qeybət düşkünü kimi tanınınrdı. Amma ağıllı danışmağı bacarırdı. O, Noğul dağı adlı möcüzəli olkənin yerini bildiyini iddia edirdi. Guya öləndən sonra bütün heyvanlar həmin dünyaya yollanacaqlar. Bu ölkə səmanın yüksək qatında, buludlardan çox-çox yuxarı yerləşirmiş. Mosesin dediyiniə görə Noğul dağında həftənin yeddi günü də Bazar günü imiş, bütün mövsümlərdə hər yerdə xoş ətirli yonca bitirmiş, kollardan isə kəllə qənd və jmıx kökələri sallanırmış. Heyvanlar əlini ağdan-qaraya vurmayan, gününü nağıl danışmaqla keçirən Mosesi sevmirdilər. Ancaq Noğul dağı haqqında deyilənləri həqiqət kimi qəbul edənlər də tapılırdı. Belələrini Noğul dağı adlı yerin olmadığına inandırmaq üçün donuzlar xeyli əziyyət çəkməli olurdular.
Iki qoşqu atı- Bokserlə Klover donuzların ən sədaqətli davamçıları idilər. Düzdür, özləri hansısa məsələ haqqında sərbəst fikir söyləməyə çətinlik çəkirdilər. Lakin donuzları ilk gündən rəhbər kimi qəbul edən Kloverlə Bokser onların dediklərini sinələrinə yığır, sonra isə tələsmədən sadə, anlaşıqlı tərzdə digər heyvanlara başa salırdılar. Onlar anbardakı gizli toplantıların birini də buraxmır, həmişə belə görüşlərin sonunda ifa olunan "Ingiltərə heyvanları" mahnısını hamıdan uca səslə oxuyurdular.
Üsyan hər kəsin güman etdiyindən daha tez və asanlıqla baş verdi. Xasiyyəti ağır olsa da, mister Cons bir vaxtlar pis fermer sayılmırdı. Sonra işləri günü-gündən pozulmağa başladı. Məhkəmə çəkişmələrində xeyli pul uduzandan sonra fermaya marağını itirdi. Içkiyə qurşandı. Bütün gününü mətbəxdə Vindzor kreslosunda şellənməklə keçirirdi. Qəzet oxuyur, içir, hərdənbir də Mosesə pivəyə batırılmış çörək qırıntıları yedirirdi. Işçiləri tənbəl və oğru idilər. Tarlaları alaq basmışdı. Binaların damı uçulub-dağılırdı. Hasarların təmirə ehtiyacı vardı. Heyvanlar çox vaxt yemlənməmiş qalırdılar.
Iyun ayı gəldi. Ot biçməyin vaxtı idi. Iyunun ortalarında bir şənbə günü mister Cons Uilliqdona yollandı və "Qırmızı Şir" meyxanasında o qədər içdi ki, bazar günü günortaya qədər evə qayıda bilmədi. Işçilər səhər inəkləri sağıb dovşan tutmağa getmişdilər. Heyvanları yemləmək heç kəsin yadına düşməmişdi. Evə qayıdan kimi mister Cons salondakı divana sərələndi, üzünü "Dünya yenilikləri" qəzeti ilə örtdü və o dəqiqə də yuxuya getdi. Heyvanlara hələ də yem verən olmamışdı. Nəhayət, onların səbir kasası daşdı. Inəklərdən biri buynuzu ilə yem anbarının qapısını sındırdı. Dərhal bütün heyvanlar içəri doluşdular. Elə bu zaman mister Cons yuxudan oyandı. Bir neçə dəqiqədən sonra o dörd işçisi ilə özünü yem anbarına çatdırdı. Əllərindəki qırmanclar hər tərəfə şaqqıltı salmışdı. Lakin ac heyvanları daha belə şeylərlə qorxutmaq mümkün deyildi. Əvvəlcədən hər hansı bir plan qurmasalar da bir nəfər kimi zülmkarların üzərinə atıldılar. Qəfildən Consla işçiləri hər tərəfdən təpikləndiklərinin və buynuzlandıqlarının fərqinə vardılar. Artıq gec idi- vəziyyət nəzarətdən çıxmışdı. Əvvəllər heç vaxt heyvanların belə qudurğan davranışın görməmişdilər. Həmişə istədikləri kimi doyüb alçaltdıqları heyvanların qəfil qəzəbi onları elə qorxutmuşdu ki, ağılları başlarından çıxmışdı. Vəziyyəti belə görəndə özlərini müdafiə etmək fikrindən əl çəkib dabanlarına tüpürdülər. Bir neçə dəqiqədən sonra beşi də nəfəslərini güclə dərərək malikanənin ortasından içərisindən keçib böyük yola aparan cığıra çıxdılar. Qələbələrindən ruhlanan heyvanlar onları təqib edirdilər.
Yataq otağının pəncərəsindən bütün bunları görən missis Cons əlinə düşənləri yol çantasına doldurub arxa qapıdan fermanı tərk etdi. Moses də qanadlarını çırparaq qonduğu budaqdan havaya qalxdı, var səsi ilə qarıldaya-qarıldaya onun ardınca uçdu. Bu arada heyvanlar artıq mister Consla adamlarını qovub yola çıxarmış, malikanənin beş laylı ağır qapılarını onların arxasınca bağlamışdılar. Beləcə, heyvanlar hələ axıra qədər nə baş verdiyinin fərqinə varmadan Üsyan qələbə ilə başa çatdırılmışdı. Artıq Cons qovulmuş, "Malikanə" ferması tamamilə özlərinin ixtiyarına keçmişdi.
Əvvəlcə heyvanlar taleyin bu qəribə töhfəsinə inana bilmirdilər. Ilk işləri insanlardan kiminsə ətrafda gizlənmədiyini yoxlamaq üçün fermanın sərhədləri boyunca dörd bir tərəfə lohrəm yerişlə dövrə vurmaq oldu.. Sonra Consun nifrətəlayiq hakimiyyətinin son nişanələrini məhv etmək məqsədi ilə çaparaq ferma binasına qayıtdılar. Tovlənin yanındakı qoşqu alətləri saxlanan anbarın qapısı sındırıldı, cilovlar, yüyənlər, boyunduruqlar, Consun donuzları və qoçları axtaladığı dəhşətli bıçaqlar çıxarılıb quyuya atıldı. Tapqırlar, üzəngilər, buruntaqlar, yəhərlər – insanın heyvan üzərində rahatca ağalıq etmək üçün düşünüb tapdığı bütün bu alçaldıcı əşyalar həyətdə alovlanmaqda olan tonqala toküldü. Qırmancların da aqibəti eyni oldu. Onların çatırtı ilə yandığını gorən heyvanlar sevincdən atılıb-düşürdülər. Snouboll yarmarka günlərində atların yal- quyruğuna bağlanan rəngli lentləri də tonqala atdı.
-Lentlər insan adlanan məxluqlara aid geyim ünsürü sayılır,-deyə o, izahat verdi. -Bütün heyvanlar lüt gəzməlidirlər.
Bu sözləri eşidən Bokser adətən yayda milçəklərdən və mığmığalardan qorunmaq üçün başına qoyduğu həsir şlyapanı çıxarıb tonqala atdı.
Qısa vaxtda fermada mister Consu xatırladan nə vardısa hamısı məhv edildi. Sonra Napoleon heyvanları həyətin arxasındakı ərzaq anbarına aparıb hərəsinə ikiqat yem payı verdi. Itlərin hər birinə isə gündəlik normadan əlavə iki biskvit verildi. Birlikdə "Ingiltərə heyvanları" mahnısını yeddi dəfə əvvəldən axıra kimi oxudular və yatmaq üçün yerlərini rahatlamağa getdilər. Həmin gecə həyatlarında ilk dəfə rahat və səksəkəsiz yatdılar.
Heyvanlar həmişəki kimi sübh çağı yuxudan oyandılar. Dərhal dünənki parlaq qələbə yadlarına düşdü. Birlikdə örüşə yollandılar. Otlaq yerinin yaxınlığında təpə vardı. Oradan fermanın ərazisinə gözəl mənzərə açılırdı. Xoş, işıqlı sübh şəfəqləri altında təpəyə qalxıb ətrafa tamaşa etdilər. Bəli, bütün bu ərazi indi özlərinin idi, ətrafda göz işlədikcə uzanan nə varsa, hamısı onlara məxsus idi. Bu fikirdən vəcdə gələn heyvanlar təpənin üstündə dövrə vurmağa, şıllaq atmağa başladılar. Onlar hələ üstündən səhər şehi çəkilməmiş çəmənlikdə ağnayır, ağızlarını şirəli otla doldurur, dırnaqları ilə yumşaq yeri qazıyır və torpağın sərməstedici ətrini ləzzətlə sinələrinə çəkirdilər. Sonra lal bir heyranlıq içərisində zəmilərə, otlaqlara, meyvə bağına, nohura və pöhrəliyə baxa-baxa fermanın dörd bir tərəfini dolaşdılar. Elə bil bütün bunları əvvəllər görməmişdilər və indi nə varsa hamısının özlərinin olduğuna inana bilmirdilər.
Sonra tikililərin yanına qayıtdılar və nə edəcəklərini bilmədən sakitcə malikanənin açıq qapısı önündə dayandılar. Indi malikanə də onların idi. Lakin içəri girməyə sanki ürək eləmirdilər. Ani tərəddüddən sonra Snoubolla Napoleon çiyinləri ilə qapını itələyib açdılar və heyvanlar bir-bir içəri girdilər. Nəyə isə toxunub sındıracaqlarından qorxduqları üçün çox ehtiyatla hərəkət edirdilər. Onlar dırnaqları üstündə otaqdan-otağa keçir, heyrətlə ətrafdakı cah-cəlala baxır, səslərini çıxarmağa cəsarət etmədən aramsız udqunurdular. Qu tükündən yorğan-döşəklər, pərqu balışlar, bürünc çərçivəli güzgülər, yumşaq divanlar, Brüssel xalçaları, kraliça Viktoriyanın qonaq otağından asılmış litoqrafiyası- heyvanlar daim fermada yaşasalar da bütün bunları ilk dəfə görürdülər. Yalnız pilləkənlə aşağı enəndə Mollinin yanlarında olmadığının fərqinə vardılar. Geri qayıdıb onu ən xudmani yataq otağında tapdılar. Molli missis Consun bəzək stolundan götürdüyü mavi lentlərdən birini çiyninə ataraq səfeh görkəmlə heyran-heyran güzgüdəki əksinə tamaşa edirdi. Heyvanlar onu bərk məzəmmət elədilər, sonra birlikdə otaqdan çıxdılar. Mətbəxdə asılmış bir neçə qaxac donuz budunu ehtiyat saxlamaq üçün götürdülər. Bokser təpiyi ilə vurub pivə çəlləyinin qapağını sındırdı. Evdə başqa heç nəyə toxunmadılar. Malikanənin muzey kimi qorunub saxlanması haqqında yekdilliklə qətnamə qəbul olundu. Razılaşdılar ki, heç bir heyvan burada yaşamamalıdır.
Birlikdə səhər yeməyi yedilər. Sonra Snoubolla Napoleon yenidən heyvanların hamısını yanlarına çağırdı.
-Yoldaşlar,-deyə Napoleon sözə başladı, -artıq saat yeddinin yarısıdır və bizi uzun bir gün gözləyir. Bu gün ot biçininə başlayırıq. Amma əvvəlcə başqa bir mühüm işi yerinə yetirməliyik.
Yalnız indi məlum oldu ki, donuzlar son üç ay ərzində vaxtı ilə mister Consun uşaqlarına dərs keçilən, sonra isə yararsız əşya kimi anbarın bir küncündə atılıb qalan əlifba kitabından yazıb-oxumağı öyrənmişlər. Hapoleon çoşkalardan birini içərisində ağ və qara rənglər olan qutuları gətirməyə göndərdi. Sonra qabağa düşüb hamını fermanın əsas yolun üstündəki beş laylı darvazasının önünə gətirdi. Burada Snouboll (məhz Snouboll, çünki onun xətti hamınınkından yaxşı idi) fırçanı haça dırnaqlarının arasında tutaraq darvazanın üstündəki "MALIKANƏ" FERMASI" sözlərini qaraladı və yerinə "HEYVANISTAN" yazdı. Indən sonra fermanın yeni adı belə olacaqdı. Sonra onlar yenidən əsas binanın yanına qayıtdılar. Napoleon və Snoubollun əmri ilə nərdivan gətirildi və böyük ambarın arxa divarına söykədildi. Onlar heyvanlara izah etdilər ki, yazıb-oxumağı öyrəndikləri üç ay müddətində animalizm təliminin əsaslarını yeddi prinsip şəklinə salmağa nail olublar. Indi həmin yeddi prinsip ambarın divarına yazılacaq. Bu prinsiplər qanun qüvvəsi qəbul edəcək və Heyvanıstanın bütün sakinləri bundan sonra daim həmin prinsiplər əsasında yaşayacaqlar. Snouboll çətinliklə (donuzlar üçün nərdivan üzərində müvazinətlərini saxlamaq o qədər də asan deyildi) yuxarı dırmaşıb işə başladı. Bir neçə pillə aşağıda dayanmış Çığırğan rəng qutusunu qabaq ayaqları arasında tutmuşdu. Prinsiplər his çəkmiş divara iri hərflərlə yazıldı. Onları azı otuz metr aralıdan oxumaq mümkündü. Animalizmin əsas tələbləri belə idi:
YEDDİ PRİNSİP
1. Iki ayağı üstə gəzən hər bir canlı düşməndir.
2. Dörd ayağı üstə gəzən, yaxud uçan hər bir canlı dostdur.
3. Heyvanlar paltar geyinmirlər.
4. Heyvanlar yorğan-döşəkdə yatmırlar.
5. Heyvanlar spirtli içki içmirlər.
6. Bir heyvan başqa heyvanı öldürə bilməz.
7. Bütün heyvanlar bərabərdirlər.
Yazı səliqəli çıxmışdı. Döğrudur, bir yerdə "dostdur" əvəzinə "dsotdur" yazılmışdı, başqa bir yerdə isə "c" hərfi tərsinə çevrilmişdi. Amma bütünlükdə hər şey aydın, düzgün idi. Prinsipləri hamının anlaması üçün Snouboll onları bir-bir ucadan oxudu. Heyvanların hamısı razılıq içərisində başlarını tərpətdilər. Ən diribaşları isə vaxt itirmədən elə buradaca prinsipləri əzbərləməyə başladılar.
-Indi isə, yoldaşlar,- Snouboll dırnaqları arasında tutduğu fırçanı aşağı tullayıb zil səslə qışqırdı, - hamı ot biçininə! Qoy biçini Consdan və kölələrindən daha tez və itkisiz başa çatdırmaq hamımızın şərəf borcu olsun!
Lakin elə bu anda bayaqdan bəri səbirsizliklə ayaqlarını götürüb-qoyan üç inək bərkdən böyürməyə başladı. Artıq ikinci gün idi ki, onları sağan yox idi. Yelinləri şişib partlayırdı. Donuzlar azacıq fikirləşəndən sonra vedrə gətizdirib inəkləri kəmali-ədəblə sağdılar. Sən demə, donuz dırnaqları bu işə əməlli-başlı uyğunlaşdırılıbmış. Tezliklə beş vedrə buğlanan ağappaq, yağlı inək südü ilə doldu. Heyvanlar çoxu maraqla gözlərini vedrələrə zilləmişdilər.
-Yaxşı, bəs bu südü nə edəcəyik?-deyə kimsə soruşdu.
-Cons bəzən onun bir hissəsini bizim yemimizə qatırdı, - deyə toyuqlardan biri dilləndi.
-Indi süd haqqında düşünmək vaxtı deyil, yoldaşlar!- deyə Napoleon irəli çıxıb iri gövdəsi ilə vedrələrin qabağını kəsdi. -Südün qayğısına qalan tapılar. Bizim üçün ən vacib məsələ ot biçinidir. Yoldaş Snouboll buradan sizi birbaşa iş üstünə aparacaq. Mən də bir neçə dəqiqədən sonra özümü çatdıracağam. Irəli, yoldaşlar! Ot biçini bizi gözləyir!
Heyvanlar çəmənliyə yollanıb bütün günü ot biçdilər. Axşam fermaya qayıdanda isə südün yoxa çıxdığını gördülər.
Dostları ilə paylaş: |