Ölüm və cəza
İnsan həyatında doğum şadlıq yaratdığı halda, ölüm həsrət,
qəm gətirir. İnsan iki yolla dünyadan gedir: Biri yatdığı yerdə,
yataq içində yaşın çoxluğundan. Ya sağalmaz naxoşluqdan
vücudun sarsılması, ölgünləşməsi ilə, ikincisi, ayaq üstə
vücudunda həyat çağladığı halda ölür. Bu ikinci yolla ölənlərin
içində təsadüfə uğramaq kimi gözlənilməz ölümlər olduğu kimi,
bu saya göz yumanların çoxunu, din, haqq, xalq, vətən yolunda
canından kecən şəhidlər təşkil edir. Doğmaq halında dünyadan
gedən analar, səğir uşaqlar da bu şəhidlər sırasında olur.
İnanclara görə şəhidlər bağışlanmış olur, onlar sual-sorğusuz
behiştə gedir. Kərbala şəhidləri övliyaların himayəsi altında yer
tuturlar. Din, haqq, vətən yolunda şəhid olanların torpağa
tapşırılma, əza mərasimi el mərasiminə çevrilir, bunların
cənazəsini el yola salır, əzasını da el saxlayır.
Bir adamın can üstə olduğunu duyunca, istər kişi olsun, ya
qadın, xüsusən, yorğan-döşək olsa, mümkün surətdə onu
təmizləyir, alt paltarlarını dəyişir, əl-ayağına həna qoyarlar.
Çünki həna peyğəmbərdən qalmadır. İnkir-minkir ölünün
sorağına gələndə hamıdan qabaq onun əlinə-ayağına baxır, əgər
həna qoyulmuşsa onun peyğəmbər ümməti, Əli şiəsi olduğuna
inanıb qayıdır. Bir para dünya görmüşlər can üstə olan adamın
simasında, səsinin xırıltısından onun canını tapşırmaqda
olduğunu bilirlər. Can verməkdə olan adamı üzü qibləyə üzadır,
yastığı onun başının altından götürürlər. Can tapşırmaqda olan
adamı tək başına buraxmaq olmaz. Lakin arvad xeylağı onun
yanında tək olmamalıdır. Can verməkdə olanın yanında ucadan
danışmaq, ya bərkdən ağlamaq olmaz. Onda can bezikməsi
yaratdığına görə caiz sayılmaz. Bu halda ölüm yatağında olan
adamın dişləri qayırma olsa, ağzından çıxarırlar. Çay qaşığı ilə
445
ağzına suda çalınmış Kərbala türbəti damızdırarlar. Kəlmeyi-
şəhadəti ona dedirdirlər, ruhun bədəndən rahat çıxması üçün
mümkün qədər ona əl vurmazlar.
Can bədəndən çıxanda, ulduz göy üzərindən axandan sonra,
onun gözlərini, ağzını yumar, çənəsi düşməsin deyə bağlarlar.
Ayaqlarını, əllərini düz uzadırlar. Ayaq-baş barmaqlarını bir-
birinə bağlayıb üstünə ağ parça çəkib, üstündən bir tirmə şal
salırlar. Bütün bu işləri yerinə yetirəndə, çalışarlar əlləri ölüyə
toxunmasın. Əlin, ya bədənin ölüyə toxunması ölü qüslü
tökməklə pak ola bilər.
İnsan axşam öləndə, onu məhəllə, ya kənd məscidinə apa-
rıb, orada əmanət qoyurdular. Lakin gecə ölsəydi, evdə saxlayıb,
səhər tezdən evdən çıxardırdılar. Ölünün yerdən tez qalxmasına
tələsir, onun yüngül qalxması savabkarlıq əlaməti sanılırdı.
O ec ə
b
446
Ölünün evdən çıxarılması nə qədər lazımdırsa, onun tez
yuyunub-təmizlənməsi, kəfənə tutulması da bir o qədər lazımdır.
Qəbiristanlıqda ölü yumaq yeri olmurdu. Hal-hazırda bir cox
kəndlərdə ölü evdə yuyulur. Ölü evdə yuyulanda həyətin açıq
yerində çadır qurulurdu.
Ölü adi camaatdan olanda parçadan, ya çadradan bir pərdə
çəkilirdi ki, gəlib-gedənin gözü ölüyə sataşmasın.
Ölü məhəllə məscidindən əmanət gətirilən taxta tabut üstə
yuyulurdu. Əgər ölü yuyan olmasa, bir nəfər yaxın adamla-
rından soyunub, belinə fitə tutar, lazım gəlirsə, bir ayrıca adam
da ona su tökməyə yardımçı olardı.
Qüsl başlamamış ölünün yaxınlarından biri ölünü soyun-
durub, yuyulmasına icazə verir. Ölünün üstünə suyu ilk dəfə onun
yaxınlarından biri töküb, ölünün adını çağırıb deyərdi: – Heç
qorxma, biz sənin qohumların, yaxınların, hamımız burdayıq.
Bu sözdən sonra ölünü yuyub-arıdıb, əvvəl sidr suyu, sonra
kafur suyu, üçüncü dəfə xalis su ilə qüsl verirlər. Qüsl qurtarandan
sonra bir miqdar kafur onun alnına, əllərinin içinə, dizlərinin
gözünə, ayaq barmaqlarına sürtürlər. Bu kafur ölüdən yaxşı qoxu
qalxmaq, qəbr evində həşaratların ona yaxın düşməməsi üçün
sürtülür. Ölünün lazım olan yerlərinə pambıq qoyurlar, sonra da
söyüd ağacından bir cüt qoltuq ağacı onun sağ ilə sol qoltuğu altına
qoyurdular ki, sual-cavab başlayanda onlara dayansın. Kişi ölüsünü
kişi, arvad ölüsünü arvad yuyardı. Ölü kişi olanda yanına möhür
qoyur, arvad olsa, boynuna türbət təsbehi salardılar.
Qüsl mərasimi qurtarandan sonra ölü kəfənə tutulurdu.
Kəfən hətmən ağ çəlvardan olmalı idi. Kəfən kişilərdə beş tikə-
dən, arvadlarda yeddi tikədən təşkil olunurdu. Bir çox möminlər
ölməkdən qabaq Məşhəd, Kərbala, Məkkə kimi müqəddəs
yerlərə ziyarətə gedəndə özləri, yaxınları, habelə tapşıranlar
üçün apardıqları, ya aldıqları kəfən parçasını təbərrük etməyə
(zərihə sürtməklə) lazım olan günə qədər saxlayırdılar.
Ölünün əynindən çıxarılan paltarlar ölü yuyanlara çatır.
Onlar qabaqcadan həmin paltarların cibinə qoyulmuş pulu muzd
447
olaraq götürürlər. Bundan əlavə ölü yiyəsi bacardıqca onları razı
salır.
Qüsl, kəfən işi qurtarandan sonra ölünü əbədi evinə apar-
maq üçün tabuta, ya taxtadan qayrılmış qutuya qoymazdan
qabaq üç kərə onu yerdən qalxızıb tabuta yaxınlaşdırır, yenidən
yerə qoyurlar.
Dördüncü dəfə qaldırıb tabuta qoyur, üstünə bir taqə, şal, ya
bir xalça salırlar. Cənazəni üç kərə qaldırıb, yerə qoymağın
səbəbi budur ki, onun ruhu tabutun üstündə uçur və deyir:- Məni
ev-eşiyimdən, əhli-əyalımdan ayırıb hara aparmaq istəyirsiniz?
Tabut, ölünün yaxın adamları, onu uğurlamağa gələnlərın
birgə “Lailəhəillah” səsilə dörd tərəfdən qaldırılır, ona yapışan-
lar tez- tez bir-birlərini dəyişir. Yoldan ötənlər savab qazanmaq
üçün yoldan ayrılıb, 7 qədəm tabuta yardım göstərir, yenə qayı-
dıb yollarına davam edirlər. Qəbiristanlıq yaxın olanda, xüsu-
silə, kəndlərdə cənazə çiyində aparılır. Uzaq olanda maşınla,
kəndlərdə bu kənddən o biri kəndə dəvə, ya at üstə aparılırdı.
Qəbrin dərınliyi 2 metr olur. Arvad qəbri kişi qəbrindən bir
az da dərin qazılır.
Ölünün namazı evdə qılınmamış olsa, bir axund onun
namazını qılır. Namaz qurtarandan sonra ailə adamlarından
birisi ölü qadın olursa, mərhəm kisilərdən biri ayaqyalın-
başıaçıq qəbrin içinə girir, o biriləri cənazəni tabutdan qaldırıb,
yenə üç dəfə yerə qoyub, götürürlər. Dördüncü dəfə baş tərəfdən
qəbrin içindəki adama verirlər. O da cənazəni sağ böyrü üstə,
üzü qibləyə yatırdır, başı altına da bir kərpic qoyur, kəfənin
ölünün üzünə tərəf hissəsini açır, sonra qəbrin aşağısından çıxır.
Axund təlqın verir. Sonra qəbirqazanlar böyük daş, ya kərpic ilə
qəbrin üstünü örtürlər. Dəfndə olanlar da hər biri qəbrin üstə bir
miqdar torpaq atırlar. Arvadlardan qəbir üstünə gələn olsa,
qəbrin üstünə döşənib, şivən qoparır, ondan ayrılmaq istəmirlər.
Baş barmaqlarını qəbir torpağına qoyub, fatihə oxuyurlar.
Sonra qəbrin üstünə su səpib, qayıtmaq istəyəndə, bir neçə
adam qəbirdən uzaqlaşıb, yenə qayıdır. Kəndlərdə çox vaxt qəbrin
448
üstündə od yandırırlar ki, torpaq qurusun, yerin təzə qazıldığı
bilinməsin. Ölünün torpağa tapşırıldığı günün axşamı məhəllə
mollası, ya hər mömin hazır olsa, ölüyə məhşət namazı qılır ki, ölü
təklikdən, yaxınlarından uzaq düşdüyündən vəhşətə düşməsin.
Haman gecə yenə ölənin evində, bəzən də məsciddə “şamı-
qəriban” məclisi qurulur. Məclisdə “Quran”oxunur, qapı-qonşu,
eşidib-bilənlər baş sağlığı verirlər.
449
MƏMMƏDƏLİ FƏRZANƏ
(1923-2006)
Altmış ildən bəri Məmməd-
əli Qövsi Fərzanə adı ilə tanınan
ədəbiyyatşünas, tənqidçi və icti-
mai xadim 1923-cü ildə elm və
mədəniyyətin beşiyi olan Təbriz
şəhərində çoxuşaqlı və yoxsul bir
ailədə həyata göz açmışdır. İqti-
sadi cəhətdən kasıb, mənəviyyat-
ca zəngin olan bu ailə balaca
Fərzanə üçün ilk məktəb rolunu
oynamışdır. Belə ki, bu məktəb-
də doğma ana dilimizin incəlik-
lərinə yiyələnmiş, bu dilin əzə-
mətini uşaq yaşlarından dərk et-
mişdir.
M.Ə.Fərzanə gənc yaşların-
dan xalq ədəbiyyatı xəzinəmizin zənginliklərinə heyran qalmış,
milli-mənəvi dəyərlərimizi böyük məhəbbətlə sevərək təbliğ et-
mişdir. O, Təbrizdə orta məktəbi bitirmiş və burada da pedaqoji
texnikuma daxil olmuşdur. Fərzanə 1942-ci ildən əmək fəaliyyə-
tinə başlamış, Təbriz kitabxanasında işə girmişdir. Kitabxanada
işləmək, çoxsaylı ədəbiyyatla tanışlıq onun həyata baxışında,
dünyagörüşünün formalaşmasında yeni bir səhifə açmışdır. Elə
həmin illərdən elmi və bədii yaradıcılığa başlayan M.Ə.Fərzanə
müxtəlif mövzularda dəyərli elmi məqalələr yazaraq çap et-
dirmişdir.
Uzunömrlü “Varlıq” dərgisi nəşrə başladığı 1979-cu ilin ilk
günlərindən M.Ə.Fərzanə bu dərgi ilə əməkdaşlıq etmiş, klassik
və müasir ədəbiyyatın, folklorun toplanılıb araşdırılmasında bö-
yük xidmətləri olmuşdur. O, by fəaliyyəti ilə yanaşı, milli mə-
450
dəniyyətin digər sahələri ilə bağlı dəyərli elmi məqalələri ilə
“Varlıq” dərgisində tez-tez nəşr olunmuşdur.
İlk məqalələrindən özünəməxsus üslubu ilə seçilən
M.Ə.Fərzanə getdikcə daha çox ictimai-siyasi, ədəbi yaradıcılığı
ilə tanınmağa başlamışdır. Onun ilk məqalələrindən sayılan
“Füzuli lirikasına bir baxış” və “Divani-lüğət-it-türk” əsərində
olan atalar sözü və məsəllər “Vətən yolunda” (bu qəzet 1941-ci
ilin oktyabrında nəşrə başlamışdır) qəzetində nəşr etdirmişdir.
M.Ə.Fərzanə iyirmi yaşından milli azadlıq hərəkatının
iştirakçısı olmuş, qələmi ilə də bu yolda xalqına xidmət etmişdir.
Milli azadlıq hərəkatının canlanması ictimai fikir və xəyalların
gerçəkləşməsi dövrü olmuşdur. Həm də bu dövrdə milli ədəbiy-
yatın və incəsənətin, ən başlıcası doğma dilimizin inkişafı üçün
hər cür şərait yaranmışdır.
M.Ə.Fərzanə bu dövrdən istifadə edərək (1945-1946-cı il-
lərdə) daha böyük vüsətlə yazıb-yaradaraq Azərbaycan dastanla-
rı və Azərbaycan şifahi xalq ədəbiyyatının digər sahələri ilə bağ-
lı silsilə məqalələrini qələmə almışdır. O, təkcə bu bir il içərisin-
də həmin mövzuda 40-a yaxın məqalə yazıb çap etdirmişdir. O,
İranda, eyni zamanda, Bakıda da nəşr olunurdı. “Azərbaycan
ədəbiyyatı tarixi”nin iki cildliyinə dair araşdırma xarakterli mə-
qalələr yazıb həmin məqalələri “Şəfəq” jurnalında çap etdirmiş-
dir.
Bu bir ildə xalqımız böyük nailiyyətlər qazanmış, lakin bu-
na baxmayaraq milli hökumətin süqutu çoxları kimi M.Ə.Fər-
zanənin də həyatına öz təsirini göstərmiş, o, Təbrizdə işlədiyi
kitabxana işindən kənarlaşdırılmışdır. Bütün kitabları anbara
yığıb kitabxananın qapısını möhürləmişlər. Lakin gənc Fərzanə
təkcə “Kitabi-Dədə Qorqud” dastanlarını gizli şəkildə əldə
edərək qoruyub saxlaya bilmişdir (Azərbaycanın görkəmli mə-
dəniyyət xadimlərindən sayılan Məhəmmədəli Tərbiyət “Dədə-
Qorqud” dastanlarını İrana gətirmiş və yeni üslubda qurulmuş
bu kitabxanaya vermişdir). Bu elə bir zaman idi ki, dilimizin ya-
saq olunması və bir dil kimi aradan çıxarılması üçün çox şey
451
edilir, ana dilində olan bütün kitablar müxtəlif yollarla məhv
edilir və yandırılırdı. Amma bunu edənlər bilmirdilər ki, millə-
timizin, xalqımızın ana dilini unutdurmaq mümkün deyil.
Folklorşünas alim, fədakar tədqiqatçı M.Ə.Fərzanə İkinci
Dünya savaşından sonra ədəbi-bədii düşüncəmizin əksi qaynaq-
larından olan “Kitabi-Dədə Qorqud” dastanı barədə ilk söz de-
yənlərdən olmuşdur. Belə ki, o, “Azərbaycan milli dastanları”
adı altında dastanın xeyli hissəsini çap etdirərək İranda tanın-
masına səbəb olmuşdur. Çətin dövr olsa da, Fərzanə bu illərdə
bir neçə kitab və monoqrafiya, ictimai-siyasi mövzularda məqa-
lələr də nəşr etdirmişdir.
Milli hökumətin süqutu, onun nailiyyətlərinin məhv olun-
ması, ana dilli ədəbiyyatın, dərs vəsaitlərinin tonqallarda yandı-
rılması, Fərzanənin həyatında heç vaxt unudulmayan acı xati-
rələr kimi “Ana dilimiz və varlığımız uğrunda mübarizələr” adlı
xatirələr kitabının yazılmasına səbəb oldu. Belə silsilə yazıları
ilə Fərzanə ana dilimizin zənginliyindən, milli-mənəvi dəyərlə-
rindən, folklorundan bəhs edərək xalqımızın qarşısına sipər
çəkənlərə cavab vermişdir.
Onun folklorla bağlı yazılarına diqqət etdikdə bir neçə cə-
hətdən özünəməxsus keyfiyyət kəsb etdiyini görərik. Hər şeydən
əvvəl, onun məqalələrində dərin müşahidəçilik özünü büruzə ve-
rir. Bu müşahidənin arxasında isə milli bədii təfəkkürə dərindən
bələdlik açıq hiss olunur. Buna misal olaraq qeyd etmək lazım-
dır ki, o, anasını xatırlayaraq yazırdı: “Anam savadlı olmadığı
halda, sinəsi tükənməz söz xəzinəsi idi. Əqlə sığmaz qədər na-
ğıl, dastan, məsəl, bayatı, tapmaca, qoşma, gəraylı, daha nə bi-
lim nə... bilirdi”.
Məhz elə bu xüsusiyyətlər nəticəsində də onun yazılarında
elmiliklə bədiilik, xatirə düzümü ilə publisist çalar bir-birini ta-
mamlayır. Belə ki, onun doğma xalqına bağlılığını əks etdirən
belə silsilə məqalələrində dərin milli ruh duyulur.
Fərzanə o illəri ürək sıxıntısı ilə belə xatırlayırdı: “Bir para
alim və tədqiqatçı adı daşıyanlar, kimlərinsə diktəsi ilə yazılan
452
kitablarında Azərbaycana qondarma tarix yazaraq ana dilimizi
rabitəsiz bir dil, ləhcə adlandırmışlar”.
M.Ə.Fərzanə onu da qeyd etmişdir ki, Cənubi Azərbaycan-
da xalq ədəbiyyatının nisbi halda olsa da, səmərəli toplanıb çap
edilməsi 1945-1946-cı illərdə olmuşdur. Bu illərdə Güney və
Quzey Azərbaycanı birləşdirən musiqi, teatr, mətbuat və nəşriy-
yat körpuləri yaranmışdır. Təbrizdə dərc olunan “Vətən yolun-
da” qəzeti xalqa yadırğamış olduğu dilini anlatmışdır. Fərzanə
həm də onu xatırlatmışdır ki, azərbaycanlıların dilinin və mədə-
niyyətinin yasaq edildiyi illərdə onu yaşadıb qorumaqda xalqın,
xüsusilə də, anaların rolu çox böyük olmuşdur. Başqa nə qədər
dözülməz olsa da, xalq küçə-bacada, iş yerlərində bayatı, qoşma,
yetim sevdalı təranə və tiringə oxumaqla, analar evdə öz körpə-
lərinə layla çalıb nağıl deməklə bu milli varlığı qoruyub yaşat-
mışdır.
Folklorşünas alim 1948-ci ildən sonra bir neçə kitab və mo-
noqrafiya, ictimai-siyasi mövzularda məqalələr yazmış, həm də
fars dilli mətbuatda dəyərli kəskin yazıları ilə də nəşr olunmuş-
dur. O, həm də bu illərdən başlayaraq tərcüməçilik sahəsində də
qələmini sınamışdır.
Azərbaycanın dahi klassik şairi N.Gəncəvinin 850 illiyi ilə
bağlı yazdığı və Təbriz qəzetində nəşr etdirdiyi məqalələr elmi
dəyərinə görə maraqla qarşılanmışdır. Fərzanə o vaxt Təbriz
Universitetinin nəşr etdirdiyi “Nəşriyyə” haqqında tənqidi mə-
qalələrini yazmışdır ki, həmin məqalələrdə Azərbaycan əleyhinə
olan fikirlər tənqid olunurdu.
Fərzanənin xalqına olan xidmətlərindən biri də böyük çətin-
liklər bahasına yaranmış, iki qardaşı ilə birlikdə açdığı “Fərza-
nə” nəşriyyatı olmuşdur. Bu nəşriyyatın yaranmasında əsas
məqsəd qırxıncı illərdə məhv edilmiş dərs vəsaitlərinin, milli-
mənəvi dəyərlərimizi əks etdirən əsərlərin çap olunması olmuş-
dur. M.Ə.Fərzanə bu yolda yorulmadan çalışaraq mövcud boş-
luğu doldurmaq üçün əlindən gələni əsirgəməmiş, 30-dan artıq
kitabın çapına nail olmuşdur. Fədakar alim özünün neçə-neçə
453
kitabının çapa ehtiyacı olduğu halda, digər müəlliflərin kitabları-
nı ön plana çəkmişdir ki, bu da onun xalqına xidmətinin, nəcib
hisslərinin bariz nümunəsidir.
1964-cü ildə Məmmədəli Fərzanə uzun illərin zəhmətinin
bəhrəsi olan “Bayatılar” kitabını geniş müqəddimə ilə nəşr
etdirmişdir. Elə həmin ildə həmçinin “Azərbaycan dilinin qram-
matikası” kitabının iki cildliyini çap etdirmişdir. Bu nəşrlər
müxtəlif mübahisə və rəylər doğurmuşdur. Kitabı M.Ə.Fərzanə
böyük məhrumiyyətlər içərisində-həbsxanada yazmışdır. Fər-
zanənin bu kitabı böyük marağa səbəb olmuşdur. Hətta onun
sorağı Almaniyaya da gedib çatmışdır. Burada kitabın dəyəri
haqqında fikirlər və mülahizələr söylənilmiş, kitab alman dilinə
tərcümə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutu da bu əsərə müsbət rəy vermişdir.
Onun istər “Bayatılar”, istərsə də “Azərbaycan dilinin qramma-
tikası” kitabları Pəhləvi rejimi şəraitində yalnız bir dəfə nəşr
edilmişdir. 1979-cu il inqilabından sonra isə ayrı-ayrı vaxtlarda
“Bayatılar” doqquz, “Azərbaycan dilinin qramma- tikası” kitabı
dörd dəfə nəşr edilmişdir. Fərzanə “Azərbaycan dilinin qram-
matikası” kitabında ilk dəfə olaraq dilin fonetik səs tərkibini
latın qrafikası ilə vermişdir.
1964-cü ildən sonra Azərbaycan dili İranda yenidən qada-
ğan olunduğu üçün M.Ə.Fərzanə də fars dilində yazmağa baş-
lamış, xüsusilə, tərcüməçilik sahəsində fəaliyyətini davam etdir-
mişdir. 1963-cü illərin sonu, 1970-ci illərin əvvəllərində
“M.H.Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinin bədii
xüsusiyyətləri” adlı geniş məqaləsini, habelə Səhəndin “Sazımın
sözü” kitabına həm farsca, həm də azərbaycanca müqəddi- mə-
lərini yazmışdır.
1979-cu il inqilabından sonra M.Ə.Fərzanənin bir sıra ki-
tabları və tərcümələri işıq üzü görmüşdür. “Kitabi-Dədə Qor-
qud”, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” xatirələri və
novellaları, Şəhriyarın şeirləri və “Heydərbabaya salam” poema-
sı, “Hopopnamə”nin yeni çapı, Ələviyyə Babayevanın “Harada-
454
san, dost, haradasan?”, Əziz Nesinin “Belə gəlmiş, belə getməz”
romanları müəllifin tərcüməçilik fəaliyyəti ilə bağlı olmuşdur.
Səksəninci illərdə isə M.Ə.Fərzanə 1945-1946-cı illərdə ya-
zılmış bəzi dərslikləri yenidən nəşr etdirmişdir. “Varlıq” dərgi-
sinin səhifələrində onun aşağıdakı elmi məqalələri də nəşr olun-
muşdur: Azərbaycan fars dillərində geniş müqəddimə ilə “Molla
Nəsrəddin lətifələri”, “Azərbaycanın el sözləri”, “Atalar sözləri,
məsəllər və deyimlər”, “Azərbaycan ədəbiyyatı antologiyası”,
“Dilimizin fonetik sözlüyü”, “Azərbaycanın əsas inciləri” və s.
O, Azərbaycan dilindən fars dilinə, fars dilindən Azərbay-
can dilinə onlarla əsər tərcümə etmiş, 100-dən artıq elmi və
publisistik məqalənin, neçə-neçə kitabın müəllifi olmuşdur.
M.Ə.Fərzanə bütün bu xidmətlərinə görə uzun illər Azər-
baycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnsti-
tutunun elmi əməkdaşı olmuşdur. O, Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü, Azərbaycan Pedaqoji Universitetinin fəxri doktoru
olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun hazırladığı folklor antologiyasının Cənu-
bi Azərbaycan folklorunu əhatə edəcək 3 cildini Fərzanə tərtib
etmişdir.
Ümumiyyətlə, M.Ə.Fərzanənin elmi-ədəbi, bədii yaradı-
cılığına nəzər salanda görürük ki, o, əsərləri və bütövlükdə ya-
radıcılığı ilə ana dilimizin inkişafına, zənginliklərinin üzə çıxa-
rılmasına, öyrədilməsinə yorulmadan xidmət etmişdir.
Zəngin yaradıcılıq yolu keçən M.Ə.Fərzanə ahıl çağlarında
belə, ömrünün sonunadək əlində qələm xalqının rifah halının
yüksəlməsində fəallıq göstərmişdir.
Nəzakət İsmayılova.
Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə,
yaxud “Varlıq” ədəbi məktəbinin nümayəndələri,
Bakı, “Elm və təhsil”, 2010, s. 70-78
455
BAŞLIQLAR
Ön söz əvəzi................................................................ 3
I İnanclar .................................................................... 17
II Alqışlar, qarğışlar, andlar ........................................ 31
III Sayalar, holavarlar ................................................. 47
IV Nağıllar ................................................................. 53
V Atalar sözü və məsəllər ........................................... 120
VI Tapmacalar ............................................................ 146
VII Bayatılar............................................................... 153
VIII Lətifələr .............................................................. 175
IX Yuxuyozmalar ....................................................... 204
X Uşaq folkloru .......................................................... 244
XI Xalq mahnıları....................................................... 262
XII El deyimləri.......................................................... 283
XIII Yekanat və Həmədan folkloru .............................. 302
XIV Etnoqrafik cizgilər .............................................. 375
Məmmmədəli Fərzanə ............................................... 449
456
Güney Azərbaycan folkloru,
I kitab (Təbriz, Yekanat və Həmədan
ərazilərindən toplanmış folklor örnəkləri).
Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:
Ülviyyə Əliyeva
Korrektoru:
Sönməz Abbaslı
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Ramin Abdullayev
Kağız formatı:
Mətbəə kağızı: №1
Həcmi: 456 səh.
Tirajı: 300
Kitab AMEA Folklor İnstitutunun
Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş,
“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur.
Dostları ilə paylaş: |