ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 1,28 Mb.
səhifə3/14
tarix31.01.2017
ölçüsü1,28 Mb.
#7185
1   2   3   4   5   6   7   8   9   ...   14

SUMMARY

In the article epizods and motives are involved to the analysis dealing with the trade, purchase and sale belonging to the Turkic peoples.

From this point of view tale, epos, joke, proverbs, ashug poetry samples are analyzed and brought scientific explanation to the trade relations dealing with folklore.

Key words: merhchant, businessman, trade, caravan
РЕЗЮМЕ

В статъе к научному анализу привлечены эпизоды и мотивы, свя­зан­ные с торговлей, куплей-продажей, прослеживаемые в устных жанрах тюркс­ких народностей. Анализируя сказки, дастаны, анекдоты, послови­цы, образцы ашугской поэзии с данной позиции, с научной точки зрения проясняются коммерческие следы просматриваемые в устных образцах.



Ключевые слова: купец, торговец, караван.

Dr. Qalib SAYILOV

AMEA Folklor İnstitutu,



filologiya üzrə və fəlsəfə doktoru, dosent
ŞİRVAN QADIN AŞIQLARI
Məsələnin qoyuluşu. Azərbaycan aşıq sənəti folklorşünaslığımızın aparıcı istiqamətlərindəndir. Xeyli aşıq sənətkarlar mədəniyyət tariximizin parlaq səhifələrini yaratmışdır. Məqalədə Azərbaycan aşıq sənətində iz buraxmış qadın sənətkarların həyatı tədqiq olunub.

İşin məqsədi. Əsasən indiyə qədər məhdud sayda işlənən mövzu olduğu üçün ətraflı araşdırma aparmış, qadın aşıqların fəaliyyəti elmi ictimaiyyətə çatdırılması qarşıya qoyulmuşdur.
Azərbaycan şifahi xalq yaradıcılığının fundamental, özəl sahələrin­dən birini təşkil edən aşıq sənəti, aşıq şəxsiyyətlərinin aşıq mühiti və məktəb­lərinin öyrə­nil­məsi çağdaş folklorşünaslığın ən aktual problem­lərin­dən bi­ridir. Elmi araşdır­malardan məlumdur ki, dünya xalqlarının özü­nə­xas ənənəvi şifahi yaradıcılığı var və əksər xalqların da xüsusi söy­ləyici tipləri mövcuddur. Söyləyicilər tarixi yad­daşın daşıyıcıları olaraq folklorun yaranması, yaşaması və daşınmasında xüsusi rol oyna­yırlar. On­lar spesifik folklor yaradıcı­ları və folklorun canlı yad­­daşı kimi hər zaman müvafiq elm sahəsinin diqqətində olmuşlar. Elmi-texniki tərəq­qi­nin, texno­gen inkişafın, qlobal inteqrasiya proses­lərinin sü­rət­lən­diyi müasir dövrdə xüsusi folk­lor yaddaşı olan peşə­kar söyləyici­lərin yad­daşının və yaradıcılığının öyrə­nil­məsi əski mənəvi mirası və milli-mədəni ənə­­nə­ni öy­rən­mək, qeydə almaq, qoruyub yaşatmaq baxı­mından çox va­cib bir məsələdir. Çünki folklor insan­ların həya­tında, keçmişdə olduğu kimi birbaşa və aktiv şəkildə deyil, bir qədər fərqli şəkildə işlənməyə baş­la­yır. Bir sıra məra­simlər mühafizəkar şəkildə folklor ənənələ­rini qoru­yur, folk­lo­run söyləyici subyektləri belə yer­lər­də və bu tipli situasiyalarda öz yaddaşlarını daha geniş dairəyə təqdim edə bilirlər. Belə spesifik folklor söyləyicisi tipi Azərbay­can xalq yaradıcı­lığında aşıq­lardır. Aşıq Azərbay­can folklo­ru­nun və bü­töv­lükdə mə­də­niy­yətinin mərkəzində dayanan bir mə­dəni hadisə­dir. Mədəniyyətin bir çox ünsürləri onda birləşir və gələ­cəyə doğru gedə bilmək imkanını onda tap­mış olur (8). Aşıq müx­təlif adlar altında çox əski za­man­lardan mövcud olmuş xalq yaradı­cılığı hadi­səsidir. Bu ənə­nənin tərkibində əski kult, inam, sənət kimi xalq mədə­niyyətinin mühüm tarixi qatları öz əksini tapır. Bu mənada aşıq yaradı­cılığı çox mürəkkəb bir folklor hadisəsidir. Aşıq yara­dıcılığının istər tarixi spesifika­sı­nın diaxron şə­kil­də, istərsə də müasir vəziy­yətinin sinxron şəkil­də tədqi­qi böyük bir milli-mənəvi dəyər­lər sisteminin zəruri as­pekt­lərinin aydın­laşdırılması kimi aktual məsələ­ləri nəzər­də tutur. Aşıq sənə­ti­nin genezisi ilə bağlı M.F.Köp­rü­lü­nün, Ə.Cəfəroğlunun, B.Ço­banzadənin, M.H.Təh­­ma­sibin, P.Əfən­­­diyevin, M.Həki­­­movun, A.Nəbiyevin, S.Paşa­ye­vin, H.İsmayılovun və b. tədqiqatları mövcuddur. Bu sənətin çağdaş vəziy­yəti ilə bağlı Ü.Hacıbəyovun, H.Aras­lının, M.İbrahi­movun, Ə.Axun­­do­vun, A.Mirzənin və b. araşdır­maları vardır. Bütün bu tədqiqatlar aşıq yara­dıcılığının müxtəlif istiqamət­lərini ay­dın­­laşdırmağa yardım edir. Am­ma bununla yanaşı bu tədqiqat­ların pred­meti olmayan bir sıra məsələlər də öz təd­qiqini gözləmək­dədir. Belə problemlər­dən biri də müa­sir aşıq mühitlərinin öyrənil­məsidir. Azərbay­can folklor­şü­nas­lığında aşıq məktəb­lə­ri və mühitlə­rinin öyrənilməsi sahəsində ilk addımlar atılmışdır. Folklor­şü­naslardan prof. A.Nəbiyevin “Azər­baycan aşıq məktəbləri” (Bakı, 2004), A.Mirzənin əsər­ləri Azərbaycan aşıq yardı­cılı­ğının yeni istiqa­mət­də öyrənilməsi sahəsində dəyərli araşdır­malar kimi diqqəti cəlb edir. Buraya Göyçə və Borçalı aşıq mühit­lərinin tədqiqinə həsr olunmuş elmi əsərləri də aid etmək olar. Azərbaycan mədə­niy­yətinin və folkloru­nun ən zən­gin nümunə­lə­rinin qorun­duğu Şir­van mühiti və Şirvan aşıq yara­dıcı­lığı, eləcə də Şirvanın ayrı-ayrı ustad sənətkarları indiyə qədər ayrı­ca və sistemli tədqiqatın möv­zusu olmayıb. Şirvan folk­lor mühi­tin­dən və ayrı-ayrı aşıq­ların yara­dı­cı­lığından bəhs edən məhdud saylı əsərlər­də problemlə bağlı fikir və müla­hizə­lərə rast gəlirik. Am­ma yeni dövrdə aşığın mədəniy­yətdə və folklor ənə­nə­sin­dəki yeri və rolu aydınlaş­dırılma­mış qalmışdır. Bu, xüsu­silə sovet dönəmi aşıq yara­­­dıcılı­ğına aiddir. Burada ənənə və gerçəkliyin əlaqə və münasi­bət­lərinin müəy­yən­ləş­diril­məsi sənə­tin çağdaş spesifika­sının aşkarlan­ma­sı baxımın­dan da vacib­dir.

Nəzəri fikirdə “məktəb”, “ədəbi məktəb”, yaxud “aşıq məktəbi” nisbə­tən son dövrlərdə yaranan anlayışdır. “Ədəbi məktəb” bəzən ədəbi cərə­yan kimi də başa düşülür. Onların hər ikisi əslində “ideologiyası, dün­yagörüşü, estetik prinsipləri, həyatı əks etdirmə üsulları bir-birinə yaxın olan yazıçıların yaradıcılıq birliyi” kimi qəbul edilir (1, 139). Bu, həmin yaradıcılığın “ideya-bədii xüsusiyyətlərində – möv­zu, süjet və qəhrəman­ların seçilməsi, bədii ifadə vasitələri və dil xüsusiyyətlərində təzahür edir ( 1s.139). “Ədəbi məktəb” bir sıra ümumi anlayışların məcmusunu əhatə etməklə yanaşı, müxtəlif dünyagörüş və baxışları, üslubları ifadə və ifa tərzlərini, bədii materiala, eləcə də sənətə yönələn fəlsəfi baxış və görüş kateqoriyalarını, eləcə də bədii yaradıcılığın daha bir sıra digər göstəri­cilərini bir-birindən fərqlən­dirmək məqsədi ilə işlədilir.

Elmdə mübahisəli məsələlərdən biri də qadınların aşıq olub-olmama­sıdır. Bir qrup alim qadınların aşıq olmasını təkzib edərək fikirlərini aşığın tə­riqət mənsubu və sufi olması ilə izah edir. Digər alimlər isə qadınların da çalıb-çağırdığını, şeir qoşub oxuduqlarını qeyd edir. Lakin nəzərə alaq ki, ta­rixdə qadın aşıqlar olmuşdur, onlar şeirlər yazmış, kişi aşıqlarla çiyin-çiyinə yazıb-yaratmış və hətta onlarla (kişi aşıqlarla) deyiş­mələri də gəlib bi­zə çatmışdır. Bu gün də müasir Azərbaycan aşıq sənə­tində qadın aşıqlar vardır.

Birinci qrup alimlər aşıqların təriqət mənsubu olduğunu vurğula­ya­raq qeyd edirlər ki, yalnız kişilər təriqətdə olurdu, qadınların isə təkyəyə, yəni təriqətə girməsi qadağan idi. Bu fikri inkişaf etdirənlər İslam dininin də bu sənətə münasibətinin müsbət olmadığını və qadınların aşıq olmasına mane olduğunu göstərirlər. Göstə­rilən faktlar düzdür, lakin Azərbaycan aşıq sənətində qadın aşıqlar olmuş, onların kitabları, ifaçılığı tədqiq olun­muş, günümüzə qədər gəlib-çatmışdır.

Qadın şair və aşıqları ilk dəfə Həsən bəy Zərdabi mətbuata çıxar­mış­dır. Lakin bu da qadın şair və aşıqların öz yaxın əqrəbaları tərəfindən yax­şı qarşılan­mamışdır. Sovet dövründə isə bu məsələ şair Nigar Rəfibəyli tərəfindən araşdırı­laraq toplanıb nəşr olunmuşdur (7).

Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöh­rəti, öz şərəfli yeri var. “Kitabi-Dədə Qorqud” qəhrəmanı igid Buğaca süd verən ana, Koroğ­lunun sadiq yarı – Nigar, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər – elimizin iftixarıdır. Məğrur, əyilməz bir qızın şərəfinə Bakı­da möh­təşəm qala ucaltmış şair xalqımız, vətən torpağının ən fü­sunkar gu­şələrinə şairanə adlar verib – Qızbənövşə yaylağı, Qırxqız bulağı, Gəlin qayası...

Xalqımızın keçmişində müdrik hökmdar Nüşabə də olub, cəsur üs­yan başçısı Rüstəmə də, tədbirli dövlət xadimləri Sara Xatun, Tuti Bikə də...

Ancaq xalqımızın keçmişində qadınlarımızın göz yaşlarından dolan dəryalar, ah-nalələrindən buludlanan səmalar, ağılarından parçalanan ürəklər də olub.

Azərbaycanın şair və aşıq qadınları içərisində Şirvan qadınlarının xüsusi yeri var. Çünki Şirvanın 2000 ilə qədər dövlətçilik tarixi var. Bu­ra­da bir çox mədə­niy­yətlərin mövcudluğu onun dünya dövlətləri içərisin­dəki sanbalını göstərir.

“Sevinclə kədər əkiz doğulub” – deyirlər. Belə bir ifadə var: “Bir gözü gülür, biri ağlayır”. Azərbaycan qadın aşıqlarının gülən gözləri, xoş saatları da olub. Amma gözləri daha çox qan-yaşla dolub, dərdli-ələmli ayları, illəri, yaxşı günlərini, saat­larını üstələyib. Odur ki, qadınlığın bu poetik salnaməsindən daha çox ah-fəryad səsləri ucalır. Şair qadınlar xal­qın ümumi müsibətlərinə – zəlzələlərə, talanlara, müha­ribə qırğınlarına, ölən­lə­rə, itənlərə yas tuturlar. Qadın şairlər şərq qadınının ümumi acı taleyinə – hüquqsuzluğa, bərabərsizliyə, mütiliyə ağlayırlar. Bir də hər şairin, hər qadının öz şəxsi yaraları, şəxsi dərdi, itkisi var.

Aşıq yaradıcılığının özünəməxsus tarixi təkamül və inkişaf mərhə­lələri keç­diyi qədim mədəniyyət mərkəzlərindən biri də Şirvandır. Şirvan qədim dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə tarixi əlaqələrdə olmuş, Şərq və Qərb mədəniyyətinin aparıcı nailiyyətləri ilə yaxından tanış olmuşdur (1, 281).

Ərəb istilaçılarının bu ərazilərdə qədim mədəniyyətlərin olub-qala­nını yerlə-yeksan etməsi, bütün milli, maddi və mənəvi mədəniyyət nü­munələrinə, o cüm­­­­lə­dən ozan yaradıcılığına yeni ictimai-tarixi şəraitdə son qoyması tarixi bir həqiqət kimi unudulmazdır (2,176).

Professor M.H.Təhmasib haqlı olaraq yazırdı ki, V-VII əsrə qədərki ədəbiyyat tariximizdən bu gün əlimizə hər hansı bir nümunənin gəlib çat­maması o demək deyildir ki, həmin dövrlərdə ədəbi düşüncəmizin mey­dan­ları sözsüz, ədəbi-bədii ənənəsiz olmuşdur, əksinə, həmin əsrlərdə bə­dii sözümüzün ən gözəl nümu­nə­ləri yaranıb yayılmışdı, onlar sadəcə ola­raq gəlib bu günümüzə çatmamışdır (6, 25). Bu həqiqəti bir sıra ərəb tarixi qaynaqları ilə yanaşı, qədim mədəniyyəti­mizdən xəbər verən ədəbi-bədii mənbələr də təsdiq etməkdədir. M.Qaşğarinin “Divani-lüğət it-türk” əsə­rin­dən məlum olur ki, hələ XI əsrdə şifahi poeziyamızın kamil şəkli for­ma­ları, məsələn, atalar sözü, məsəl, qoşma, gəraylı və s. dildə işlək şəkil­lərdən olmuşdur (1, 232). F.Köprülü isə VIII-XI əsrlərdə Anado­lu­da saz şairlərinin özünəməxsus sənətkarlıq ənənələrinə malik olduqlarını gös­tə­rirdi (1, 143). Həmin mülahizələri yeni faktlarla zənginləşdirməyə cəhd edən M.H.Təh­masib isə məntiqinin gücünə əsaslanaraq yazırdı: “Zəma­nəmizə qədər yaşayıb gəlmiş bir sıra nümunələr sübut edir ki, Nə­simi dövründə (yəni XIV əsrdə – kim?) xalqı­mızın kollektiv yaradıcı­lığının məh­sulu olan mərasim nəğmələri də, dastan yaradıcılığının əsas növləri də, bayatı, gəraylı, qoşma formalarında yaranıb-yaşa­yan xalq şeiri də mövcud imiş” (6, 4). Türk xalq şeirinin son vaxtlarda açıqlanan qay­naq­ları, xüsusilə ozan sənəti əsasında aşıq ifaçılığı institutunun yaranma tari­xiy­lə bağlı qaynaqlar bu mülahizələrin doğruluğunu bir daha təsdiq et­məkdə­dir (9, 53).

Anadolu ədəbi mühitində yeni təşəkkül mərhələsi keçən aşıq insti­tutu tarixən çox qısa müddətdə pərvəriş tapdı. Bir sıra ictimai-tarixi, siyasi və sosioloji səbəb­lərlə bağlı yaxın və uzaq ellərdə əks-səda verdi. Anadolu ictimai həyatına qismən yaxın və oxşar sosial şərait Şirvanşahlar dövləti ərazisi üçün də səciyyəvi idi. Bura­da yaranıb yüksələn xalq yaradıcılığı ənənələri anadilli şeirimizin şifahi və yazılı qollarının formalaşmasında həlledici təsir qaynaqları kimi özünü göstərir.

XI yüzillikdən başlayaraq Azərbaycanda poeziya ənənələri qüdrətli yüksəliş dövrünə qədəm qoydu.

XIX əsr Azərbaycan aşıq şeiri daha mühüm bir hadisə ilə əlamətdar oldu. Aşıq yaradıcılığında qadın sənətkarların ifa üslubu meydana çıxdı. Bu ənənə ilk dəfə Şirvanda özünü göstərdi, çox çəkmədən başqa aşıq mühitlərinə yayıldı. Şir­vanda meydana gələn qadın sənətkarlar saz tutub söz qoşan aşıqlardan xeyli fərqli xüsusiyyətlərə malik idilər. Onlar klassik üsluba bələd olan, əruz vəznində qəzəl və qəsidələr yaradan sənətkarlar içərisindən çıxıb xalq şeirinə meyl edən, bu üslubda tək-tük şeirlər yazan sənətkarlar idi. Onların hamısını qadın aşıqlar sırasına daxil etmək doğru olmazdı. Bu sənətkarlar hələ XVIII əsrin əvvəllərindən Şirvanda klassik vəzndə şeir yazır, zaman keçdikcə həmin üslub aşıq şeiri ilə çarpazlaş­mağa başlayırdı. Ənənələr getdikcə genişlənir, XIX əsrin əvvəllərində iki üslubda yazma ənənəsi formalaşırdı. Bu ənənə Gövhər Şirvaninin, Gül­lübəyimin, Minabə­yi­min və başqalarının şəxsində özünü göstərirdi. XIX əsrin II yarısından aşıq şeiri üslubunda yazan qadın aşıqların meydana çıxmasına həmin sənətkarların təsiri az olmamışdır.

Aşıq şeiri şəkillərində yazıb-yaradan şöhrətli qadın sənətkarlardan biri Gövhər Şirvani (1810-1856) idi. Bəzi tədqiqatlarda el şairi kimi ve­rilən Gövhər Şirvani XIX əsrdə xalq şeiri üslubunu geniş yayan sənət­kar­lardan olmuşdur. Şirvan ədəbi mühiti üçün həmin dövrdə bu, klassik üsluba qarşı qoyulub getdikcə daha ge­niş yayılmaqda idi. Gövhər Şirvani yaradı­cı­lığında Şirvanşahlığın süqutu ilə bağ­lı tarixi hadisələrə müraciət güclüdür. O, Şirvanın qanlara boyanma tarixini xatırla­dıqca onun keçmiş ağır günlərini dilə gətirir, el sənətkarlarını öz tarixini unutma­mağa çağırırdı.

Gövhərin öz şəxsi həyatından gileyini əks etdirdiyi bədii parçalarda qadın ya­ra­dıcılığı üçün səciyyəvi olan mövzular – həsrət, kədər, zor ilə ərə verilmə, ər evin­dəki narahat həyat öz əksini tapır və beləliklə, Şirvan aşıq şeirində milli həyatı əks etdirən mövzular gündəmə gəlirdi.

Gövhər xanımın yaradıcılığında gördüyümüz bu kimi motivlər XIX əsr qa­dın aşıqlarının yaradıcılığı üçün ənənəvi idi. Bu mövzular sonralar xalq şeiri üslu­bunda yazan Xavər və Xədicə Şirvanilərin, Püstəbəyimin, Minabə­yimin, Şirin­bəyi­min və başqalarının yaradıcılığında da özünü göstərirdi.

Bu dövrdə Şirvanda aşıq şeiri şəkillərində söz qoşan iki tanınmış qa­dın sə­nət­kar barədə də söz deməyə ehtiyac vardır. Bunlardan biri Güllü­bəyimdir (1820-1876). Güllübəyim Şamaxıda varlı tacir ailəsində anadan olmuş, mükəmməl məd­rəsə təhsili görmüş, dünyəvi elmlərdən xəbərdar olmuş, klassik şeiri dərindən mə­nim­səmişdir. Atası ilə Hələbə, İraqa get­miş, bu ölkələrdə təhsil almış, 1855-ci ildə atasının vəfatından sonra Şa­ma­xıya qayıdıb burada üç sinifli məktəb açmış, həmin məktəbdə dünyəvi elmləri, o cümlədən nücum, ilahiyyat, təbiət elmlərini tədris etmişdir. Bu məktəb Şamaxıda on beş ildən artıq fəaliyyət göstərmişdir. Güllü­bəyim klassik üslubda da şeirlər yazmışdır. Yaradıcılığında xalq şeiri şəkil­ləri üs­tünlük təşkil etmiş, onların bir çoxu dillərə düşərək bu günü­müzə gəlib çatmışdır. Əlimizdə Güllübəyimin çap edilmiş şeirlərindən başqa beş qoş­ması, üç gəraylısı vardır. Bu nümunələr göstərir ki, dərs keçmək, məktəb açmaq üstündə Güllübəyimin başı bəlalar çəkmiş, həyat yoldaşı sürgün edilmiş, özünə də məktəbdarlıq etmək yasaq olunmuşdur. Şamaxı ruhani­ləri Güllübəyimə qarşı hər cür fitva vermişlər. Bütün bu kimi çətin halını sənətkar, əsasən dövründən narazılıq ifadə edən şeir­lərində əks etdir­mişdir.

Güllübəyimin əsas narazılığı din xadimlərindən və idarəedici adam­lardan ol­muş­dur. Onun etiraz səsində xalqın ağır güzəranından doğan bir kədər, ədalətsiz fər­­manlara qarşı etiraz vardır. Bu sənətkarın yaradı­cı­lığının başqa dəyərli cəhəti də aşıq şeiri ilə çarpazlaşdırılmasında, Şirvan­da qadın aşıq yaradıcılığının formalaşdırılma­sına əsaslı təsir göstərmə­sindədir.

Şirvanda qadın aşıq yaradıcılığı ənənəsinin formalaşdırılmasında Mina­bə­yimin (1867-1895) də əməyi az olmamışdır. O, məhəbbətinə qo­vuş­maq üçün etiraz səsini qal­dıran əlinə saz alıb sevgilisini haraylayan “za­lım dünyanın ədalətsizliklərinə” qarşı çıxan Şirvanın ilk qadın aşıq­larından olmuşdur. Öz əmisi oğluna butalanan Minabəyim butasına qo­vuşmağa nə qədər cəhd etsə də, Şamaxı ruhani mühiti buna imkan ver­məmiş, Mina­bəyim sevgisi yolunda özünü fəda etmişdir.

Minabəyimin yaradıcılığında Şirvan aşıq məktəbinin klassik ənənə­lərinin təkrarı özünü göstərir. Nakam sevgisindən gileyi olan aşıq (artıq onu belə adlan­dırmaq olar) repertuarına Allahın sevgisini gətirir, sufi dünyagörüşünü şeirlərində vəsf eləyir.

Minabəyimin şəxsində aşıq yaradıcılığının yeni bir qolu – qadın aşıq yaradı­cılığı qəti şəkildə bərqərar olur ki, bu da sonradan həm Şirvan, həm də başqa aşıq mühitlərində XVIII əsrin əvvəllərində Dostubəyim tərəfin­dən əsası qoyulan qadın aşıq yaradıcılığı ənənəsinin yeni şəkildə davamı, Aşıq Pəri, Aşıq Bəsti kimi sənət­karların bəhrələnib formalaşdığı bir qay­naq idi.



Gövhər, yaxud “Gövhər” adlı şairlər. Təzkirəçi Məhəmmədəli Tərbiyət onun haqqında yalnız bunu yazır ki, “Azərbaycanlı xanımlar­dandır, bu 2-3 beyt onun fəxriyyəsindəndir”. Lakin mənbələrdə Gövhər adı ilə bir neçə beytə və qoşmaya rast gəldik. Bunlardan biri məşhur şairimiz Natəvanın bibisi, Ağabə­yim ağanın bacısı, İbrahim xanın qızı Gövhər ağadır. O, fars və Azərbaycan dilini çox gözəl bilmiş, Natəvan əqrə­basının əksəriyyəti kimi, arabir şeir söyləmişdir. Onun məscid inşa etdirməsi və s. əlaqədar İbrahim Tahir və başqalarının tərif və mədhiy­yələri nəzərə alınarsa, həmin fəxriyyənin məhz Gövhər ağa tərəfindən ya­zıl­dığını ehtimal etmək olar.

Möhtab xanım. Bir qoşmasından başqa əlimizdə digər bir şeiri yox­dur. Yalnız onu deyə bilərik ki, Mah xanımın müasiri imiş. XIX əsrdə Şə­kidə yaşayıb yaratmışdır. Qoşması nikbin ruhludur. Müasiri, dostu Mah­tab xanıma cavab olaraq yazılmışdır. Aşıq şeiri tərzinə meyl etdiyini göstərir.

Fatma xanım. Azərbaycan qadın aşıqları və el şairləri dərgisində Fatma Şirvanlı haqda qısa məlumat verilir. Fatma XIX əsrdə Kürdəmirdə yaşamış, nəqşbəndi təriqətli dindar qadın olmuşdur. Biz Fatma Şirvan­lının şəxsiyyəti ilə maraqlandıq və bu barədə xeyli axtarışdan sonra aşağı­da­kıları müəyyən etdik.

Fatma Şirvanlının dürüst adı Fatma Bəyimdir. O, Şəki xanlarından, həm də ünlü şair kimi tanınmış, 20 ilə yaxın bir dövrdə Şəkidə xanlıq etmiş Məhəmməd Hüseyn xan Müştaqın qızı, sonuncu Şəki xanı Səlim xanın bacısıdır. Təxminən 1770-ci illərdə Şəkidə anadan olmuşdur. Tarixi məlumatlara görə, Fatma Bəyim özünün xan və şair atasının vəfatından çox sonra, 1801-ci ildə Şirvan xanı Mustafa xan Ağası xan oğlu (1763-1844) ilə ailə qurmuş, 1810-cu ilə kimi Şirvan xanlı­ğının mərkəzi olan Yeni və Köhnə Şamaxıda, eləcə də Fitdağ şəhərində yaşamışdır.

10 ildən artıq bir müddətdə sonsuzluq əzabı çəkən Fatma Bəyim 1810-cu ildə Mustafa xandan boşanaraq Şəkiyə qayıtmaq istəmişdir. Boşanmaq barədə son dərəcə israrlı olan Fatma Bəyimin iradəsini qıra bilməyəcəyini hiss edən Mustafa xan onun boşanmasına razılıq vermiş, lakin onu öz himayəsindən kənara buraxma­ya­cağını bildirmişdir.

Mustafa xan bildirir ki, Fatma Bəyim ailə həyatından imtina edərək, ibadətə başlamışdır. O zamankı Şirvanda nəqşbəndi təriqətinin banisi, təəssüf mövlası, böyük Sufi İsmayıl Əfəndi Siracəddin Şirvaninin yolunu tutmuşdur. İsmayıl Əfəndi (1782-1848) əslən Kürdəmir qəryəsindən idi və orada yaşayırdı. Mustafa xan da Fatma Bəyimi Kürdəmirdə yaşamağa razı sala bildi. Beləliklə, Mustafa xan Fatma Bəyimin təlaqını verməklə Kürdəmir qəryəsini və o ərazidəki mülkünü və rəiyyətini ona bağışladı. Kürdəmirdə onun üçün gözəl bir ev tikdirdi, Fatma Bəyimi ora köçürdü, onu bir sahibkar kimi bütün imkan və şərtlərlə təmin etdi. 1820-ci ildə Şirvanda xanlıq üsul-idarəsi tamamilə ləğv edildikdən sonra, elə həmin ilin avqust ayının 19-da Mustafa xan ailəsi və 300 ailədən ibarət rəiyyəti ilə Şirvanı tərk etməli oldu. Lakin Fatma Bəyim onunla getmədi və Kürdəmirdə yaşamaqda davam etdi.

Fatma Bəyim son dərəcə ağıllı, tədbirli, dindar və şair təbiətli bir qadın idi. O, təlim-tərbiyə görmüş, savadlı zadəgan idi. Az vaxt ərzində bu ərazidə istər əhali arasında, istərsə də hökumət dairələrində xeyli hör­mət və nüfuz qazanmışdı. Eyni zamanda, İsmayıl Əfəndinin məclislərində fəal iştirak edirdi. İsmayıl Əfəndi Fatma Bəyim Kürdəmirə köçəndən 3 il sonra, yəni 1813-cü ildə həcc ziyarətinə getdi. Lakin onun vətənə qayıt­ma­sı 4 il çəkdi. Həcc ziyarətini başa vuran Hacı İsmayıl Əfəndi Siracəd­din Şirvani bu dörd il ərzində İstambulda, Bağdadda, Bəsrədə, Süley­ma­niyədə bir çox nəqşbəndi alimlərin xidmətində oldu, özünün dini elm və biliklərini zənginləşdirdi, kamilləşdi, Şirvanda təriqəti təlim etmək etima­dı və hüququnu qazandı, 1817-ci ildə vətənə qayıtdı.

Fatma Bəyim bir şeirini 3 aylıq səfərdən 4 ilə qayıtmış Hacı İsmayıl Əfəndiyə həsr etmiş və Hacı səfərdə olduğu zaman yazmışdır.

Şairin şirvanlı olduğu, XIX əsrdə yaşadığı yeganə qoşmasının yazıldığı cüngdəki bəzi qeydlərindən aydınlaşır.

Fatma Bəyimin “Mənim əfəndim” dediyi, üzünü payinə (ayağına) sürtmək istədiyi, mələklərdən ona yaşıl əba (peyğəmbər əbası) istədiyi şəxs nəqşbəndi mövlası, böyük sufi Hacı İsmayıl Əfəndi Siracəddin Şirvani idi. Onun həsrətini çəkdiyi Mövlanənin Kürdəmirdə başçılıq etdiyi övliyalar məclisi idi.

1820-ci ilə kimi Hacı İsmayıl Əfəndi Şirvanda heç bir maneə olma­dan dini fəaliyyətini davam etdirirdi. Lakin 1820-ci ildən sonra, yəni xan­lıq ləğv edildikdən sonra Hacı İsmayıl Əfəndiyə qarşı təzyiq və təqiblər başladı. Çar hökuməti özü üçün müəyyən etmişdi ki, Dağıstandakı “Müri­dizm” hərəkatının ilhamçısı Şeyx Şamil və onun sədaqətli müridlərinin ideoloqu, istiqamətvericisi Kürdəmirdə yaşa­yan Hacı İsmayıl Əfəndidir. Ona görə də hacının Sibirə sürgün edilməsi barədə Qafqaz canişininə əmr vermişdi. Bu məsələdən xəbər tutan Fatma Bəyim knyaz Mədətovun ya­nına gedərək hacını sürgün etməməsini ondan xahiş etdi. Onun hökümətə qarşı heç bir fəaliyyət göstərməyəcəyinə zəmanət verdi. Onun bu xahişi Mədətov tərəfindən xüsusi bir şərtlə qəbul edildi.

Fatma Bəyim 1825-ci ildə Kürdəmirdə dünyasını dəyişdi. Mustafa xanın təşəbbüsü ilə Şamaxıda “Yeddi günbəz” qəbristanlığında dəfn edil­di. Bütün vari­datı xəzinəyə keçirildi. Bundan bir il sonra, yəni 1826-cı ildə Hacı İsmayıl Əfəndi Şir­­vanda rahat yaşaya bilməyəcəyini hiss edərək Şirvanı tərk etdi. O, 1848-ci ildə Türkiyədə Amasiyada vəfat etmış və Amasiya yaxınlığındakı Şamlar qəbristan­lığın­da dəfn edilmişdi.

Hacı İsmayıl Şirvani və ona yapışıq türbə indi də Amasiyadadır, əha­li­nin and və ziyarət yeridir. Fatma Bəyimin məzarı isə Şamaxının “Yed­di günbəz” qəb­ris­tan­lığında Mustafa xanın özü və əqrəbasının məzar­ları əhatəsindədir.

Haradasa tarixin zaman qat­ları altında onun gözəl və mənalı şeirləri yatıb qalmışdır. Zamanın yelləri əsəcək, bu toz, duman qatlarını sovu­racaq, Fatma Bəyim Şirvanlının xeyli sənət inciləri üzə çıxacaqdır .

Azərbaycan aşıq poeziyasının ən ünlü və bacarıqlı simalarından olan qadın el şairləri və aşıqlarının poetik irsinin əksər hissəsi hələ də tamam toplanmamışdır. Əldə olunan nümunələr isə qadın aşıqların və el şair­lə­rinin yaradıcılıq arsenalının səmimiliyi, həyatiliyi və həzinliyi ilə diqqəti çəkir (4).

Pərnaz xanım. Pərnaz Azay qızı təxminən 1860/62-ci illərdə Şama­xı rayonunun Bağırlı kəndində köçəri ailəsində anadan olmuşdur. Onun atası Azay da Dovğaçı oğlu təxəllüsü ilə şeirlər yazmışdır.

Pərnaz xanım xalqımıza xas olan xalçaçılıq sənətini də gözəl bilmiş, toxu­du­ğu xal­ça və xalça məmulatının üstünə incə naxışlar vurması ilə də ta­nın­mışdır. El ara­sın­da öz gözəl təbi, bayatıları və sənətkarlığı ilə tanın­mış olan bu qadın, həm də ağbir­çək el anası kimi sevilmiş, hörmət görmüşdür.

1902-ci ildə o, Şamaxı zəlzələsi baş verərkən qohumu, məşhur inqi­labçı Əliheydər Qarayevin atası Ağakərim Qarayevgildə qonaq imiş. Bu zaman zəlzə­lənin törətdiyi dəhşətləri öz gözlərilə görmüş və bu müna­sibət­lə bir sıra ağı-bayatılar qoşmuşdur. Nəslindən olan ziyalıların dedi­yinə görə, Pərnaz xanım savadsız olmuş, şeir və bayatılarını “sinədən” – bədahətən söyləmişdir.

Pərnaz xanım uzun ömür sürmüş, təxminən 106 yaşında ikən 1968-ci ildə doğma kəndində vəfat etmişdir. Qəbri Bağırlı məzarlığında atası Dovğaçı oğlu Azayın qəb­rinin yanındadır.



Zeynəb Zərbəli qızı. Zeynəb Zərbəli qızı təxminən 1860-62-ci illər­də Şir­van mahalının Kolanı elatının Goran tayfasında, köç binələrinin birində anadan ol­muş, babası şair Çürük İslamın yanında böyümüş, şeirə həvəslənmiş, şeir qaydala­rını da ondan öyrənmişdir. Atasının İsmayıl adlı çobanını sevmişsə də, ona verilmə­miş və bu münasibətlə “İsmayıl” rədifli gəraylısını qoşmuşdur. Babasının vəfatı, 1919-cu ildə baş vermiş vəba, inqilabdan əvvəlki kəndlərdə haqsızlıq və zülmün ifşa­sı, sonralar isə Böyük Vətən müharibəsi ilə əlaqədar bir sıra şeir və bayatılar söyləmişdir.

Zeynəbin üç oğlu və bir qızı olmuşdur. 1942-ci ildə təxminən 80-85 yaşla­rında vəfat etmiş, Küdrü Düzündəki Dağ-Kolanı qəbristanında dəfn olunmuşdur.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin