Davamli iNKİŞaf və gender açar sözlər



Yüklə 28,46 Kb.
səhifə1/2
tarix04.04.2022
ölçüsü28,46 Kb.
#54674
  1   2
Davamlı inkişaf və gender - Elmi məqalə


DAVAMLI İNKİŞAF VƏ GENDER

 

Açar sözlər: davamlı inkişaf, gender problemi, insan hüquqları və azadlıqları, iqtisadi inkişaf, Azəbaycanda gender məsələləri

 

Müasir qlobal iqtisadi böhran yeni inkişaf istiqamətlərininaxtarışını aktual edir. İnkişafa yeni yanaşmalar təbiətin və cəmiyyətin qorunub saxlanmasına, mövcud vəziyyətinrekonstruksiyasına, gələcək mövcudluğun təmin edilməsinəyönəlməlidir. Bu mənada davamlı, yaxud dayanıqlı inkişaf konsepsiyası qeyd edilən aspektləri nəzərə alan mükəmməl nəzəriyyə kimi qəbul edilə bilər.  



“Sustainable development”, Azərbaycan dilində “davamlı inkişaf” anlayışı XX əsrin ortalarında kanadalı balıqçılıq təsərrüfatını tənzimləyən mütəxəssislər tərəfindən istifadə edilirdi. Onlar balıq ehtiyatlarının tükənmədən istismarı sistemini belə adlandırırdılar. Sustainable anlayışı davamlılıqla yanaşı, prosesin uzunmüddətli olmasını da nəzərdə tuturdu. Sonralar lokal ekosistemlərin qorunub saxlanması məqsədilə bu anlayış qlobal ekologiyaya daxil oldu. 1972-ci ildə BMT-nin Stokholmda təşkil etdiyi Ümumdünya konfransında davamlı inkişafın mahiyyəti açıqlandı: “Davamlı inkişaf indiki zamana aid tələbatları təmin edir, lakin gələcək nəsillərin tələbatlarının ödənilməsi imkanlarını təhlükə altına almır”. Bu konfransa Qru Harlem Brundtland rəhbərlik edirdi. “Sustainable development”, yaxud “davamlı inkişaf” anlayışı 1980-ci ildən etibarən elmi dövriyyəyə daxil edildi və 1987-ci ildə BMT-nin Beynəlxalq Ətraf mühit və inkişaf komissiyasının “Bizim ümumi gələcəyimiz” adlı məruzəsindən sonra geniş yayılmağa başladı [17, s.21, 22].

​Bu konfransın davamı olaraq, 3-14 iyun 1992-ildə Rio-de-Janeyroda ətraf mühitin mühafizəsi ilə bağlı növbəti konfrans təşkil edildi. Rio-de-Janeyro konfransında dünyanın 179 ölkəsindən 1600 QHT iştirak edirdi. Burada 27 prinsipdən ibarət olan RİO Bəyannaməsi qəbul edilmişdi [16, s.180].

XX əsrin 90-cı illərində ətraf mühitin müdafiəsi və dayanıqlı inkişaf sahəsində BMT-nin iştirakı ilə bağlı bir sıra mühüm beynəlxalq sənədlər qəbul olunmuşdur. Bu sənədlər arasındaBioloji müxtəliflik haqqında konvensiya (1992-ci il), İqlim dəyişməsi üzrə BMT Çərçivə Sənədi (1992-ci ildə imzalanmış, 1994-cü ildə qüvvəyə minmişdir), həmin çərçivə sənədinə əlavə kimi parnik qazlarının emissiyasının məhdudlaşdırılması üzrə Kyoto Protokolu (1997-ci ildə qəbul edilmiş, 2005-ci ildə qüvvəyə minmişdir), “Gündəm 21” sənədinin birbaşa tövsiyəsi ilə hazırlanmış Səhralaşmaya qarşı mübarizə haqqında konvensiya (1994-cü ildə Parisdə qəbul edilmişdir), Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının Konvensiyası (“Orxus Konvensiyası” kimi tanınır, 1998-ci ildə qəbul edilmişdir) və digər beynəlxalq aktları göstərmək olar [7, s.47]. 2000-ci ildə keçirilən “Minilliyin Forumu”nda dünyanın 147 ölkəsinin dövlət və hökumət rəhbərləri “Minilliyin Bəyannaməsi”ni qəbul etdilər. Bu Bəyannamədə 2015-ci ilə qədər dünya ölkələri üçün Minilliyin İnkişaf Məqsədləri (MİM) müəyyən edildi: 

- İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq; 

- Ümumi ibtidai təhsilə nail olmaq; 

- Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək; 

- Uşaq ölümü hallarını azaltmaq; 

- Anaların sağlamlığını yaxşılaşdırmaq; 

- QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq; 

- Ətraf mühitin davamlılığını təmin etmək

- Davamlı İnkişaf üçün qlobal tərəfdaşlığı genişləndirmək [9, s.12-15].

Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədləri dayanıqlı inkişaf məsələlərini və ekoloji prioritetləri müəyyən etmiş oldu. Bu prioritetlər demək olar ki, insan inkişafının, insanın həyat və fəaliyyətinin bütün aspetktlərini əhatə edir. İnsanın həyat fəaliyyəti prosesinin idarə edilməsi problemi insan potensialının qorunması və inkişafı sahəsində qlobal siyasətin qarşısında duran əsas vəzifələrdən biridir [8, s.82].  

2002-ci ildə Yohannesburq şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə Ümumdünya Sammitində (qeyri-rəsmi olaraq “Rio+10”) Yohannesburq Bəyannaməsi qəbul edildi. Burada dayanıqlı inkişafın milli, regional və qlobal qurumlar üçün “çətir məqsəd” olduğu bir daha vurğulandı [7, s.47].

2012-ci ildə Rio+20 konfransı təşkil edildi. Bu konfransın əsas məqsədi hamı və hər kəs üçün daha təhlükəsiz, daha ədalətli və daha da çiçəklənən, daha az çirklənmiş, daha “yaşıl” dünya yaratmaq idi. Burada iştirak edən ölkələr XXI əsrdə yoxsulluq həddini azaldan və eyni zamanda təmiz enerjidən və təbii resurslardan rasional və ədalətli istifadə edən yeni layiqli iş yerlərinin açılmasına yönələn iqtisadi inkişaf konsepsiyasını yaratmağı təklif etdilər [10].

Qeyd etmək lazımdır ki, ölkələrin iqtisadi inkişafının əsasında insanların hüquq və azadlıqlarının təmin edilməsi dayanır. Müasir inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər insanın hüquq və azadlıqlarının təmin edilməsini prioritet kimi qəbul edərək, öz fəaliyyət planlarını və proqramlarını bu əsasda müəyyənləşdirirlər.   İnsanların hüquq və azadlıqları ilk növbədəbütün istiqamətlərdə - təhsil, elm, səhiyyə, mədəniyyət, siyasət və s. hər cür (irqi, dini, dil, cinsi və s.) ayrıseçkiliyin qarşısının alınmasını nəzərdə tutur. 

İnsan hüquqları haqqında Umumi Bəyannamədə göstərilir ki, “Bütün insanlar öz şərəf və hüquqları ilə azad doğulurlar. Onlaraəql və vicdan verilib və onlar bir-birlərinə qardaşlıq ruhunda münasibət bəsləməlidirlər” (maddə 1). Hər bir insan irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli, yaxud sosial mənşəyindən, mülki, sinfi və digər vəziyyətindən asılı olmayaraq, bu Bəyannamənin elan etdiyi bütün hüquq və azadlıqlara malik olmalıdır [11].

İnsan hüquqları haqqında Umumi Bəyannamədən çıxış edərək, dünya dövlətləri Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti çərçivəsində gender bərabərliyini və qadın hüquqlarını təmin edən bəynəlxalq konvensiyalara qoşulmuşlar. Bu sırada “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (1995-ci il), IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (1995-ci il) xüsusi əhəmiyyət kəsb edir. 1995-ci ildə Pekində keçirilmiş BMT-nin dördüncü Dünya Qadın Konfransı tərəfindən “Gender meynstriminq” strategiyası dəstəklənmişdir və 1995-ci ildən başlayaraq BMT-nın İnsan İnkişafı Hesabatları GDI (Gender related Development Index) və GEM (Gender Empowerment Measure) göstəricilərindən istifadə etmişdir. 2000-ci ildə qəbul edilmiş Minilliyin Bəyannaməsində “gender bərabərliyinə nail olmaq və qadınların səlahiyyətlərini genişləndirmək” Minilliyin İnkişaf Məq-sədlərindən (MİM) biri olaraq müəyyən edilmişdir.Burada vurğulanmışdır ki, kişi və qadınların ictimai və iqtisadi mövqelərindəki uyğunsuzluqları aradan qaldırmadan minilliyin inkişaf məqsədlərinə nail olmaq qeyri-mümkündür. İnsan inkişafına yönəlmiş bu siyasət aşağıdakı səviyyələrdə gender bərabərsizliyinin aradan qaldırılmasına çalışır:

-Qanunvericilik; 

-Sosial təsisatlar; 

-İctimai münasibətlər [7, s.264-286].

İnsan hüquqları və azadlıqlarının təmin edilməsi müəyyən mənada inkişafın, o cümlədən iqtisadi inkişafın əsası kimi çıxış edir. Belə ki, iqtisadi mənada hər bir insan əmək resursudur və onların hüquqlarının təmin edilməməsi, hər hansı bir xüsusiyyətinə görə cəmiyyətdən uzaqlaşdırılması əmək resurslarının və qeyd etmək lazımdır ki, həm də keyfiyyətli əmək resurslarının azalması deməkdir. Belə ki, təhsil hüququ təmin edilən insan gərəkli mütəxəssis kimi yetişə bilər və iqtisadiyyatın inkişafına müəyyən təsir göstərə bilər. İnsanların təhsil hüququnun pozulması onların həm də əmək hüquqlarının pozulmasına, daha ucuz işlə təmin edilməsinə, yaxud tamamilə işsiz qalmasına səbəb ola bilər. Müəyyən xüsusiyyətlərinə göə ayrı-seçkiliyə məruz qalan fərd dövlətin ayırdığı bir çox təzminatlardan məhrum olur.

Bu mənada bir çox cəmiyyətlərdə cinsi ayrıseçkiliyə məruz qalan qadınlara iqtisadi fəal qüvvə kimi yanaşmırlar. Ümumiyyətlə, gender bərabərsizliyi bütün dünyada həyatın bir çox sahələrini əhatə edir. Bu gün qadınların təhsil, səhiyyə, əmək və digər hüquqlarının təmin edilməsi qlobal inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Belə ki, insan hüquq və azadlıqlarının bərabər şəkildə təmin edilməsi qadınlar arasında daha yüksək olan yoxsulluğun azaldılmasına və həyat səviyyəsinin yüksəldilməsinə şərait yarada bilər. Digər tərəfdən iqtisadi inkişaf gender bərabərliyinin təmin edilməsi imkanlarını yüksəldir [14, s.1, 2].Gender bərabərsizliyi ölkə hakimiyyətini zəiflədir, deməli, hakimiyyətin inkişaf yönümlü siyasi kursunun səmərəliliyini azaldır. Ayrı-ayrı ölkələrin müqayisəli analizi sübut edir ki, davamlı gender bərabərsizliyi olan ölkələr yüksək yoxsulluq, aclıq, xəstəlik və digər çatışmazlıqlardan əziyyət çəkirlər [14, s.9].BMT-nin hesablamalarına görə, dünyada qidanın 50%-ni qadınlar istehsal edir, lakin onlar ümumi gəlirin yalnız 10%-ni alır və cəmi 1% torpaqların yiyəsidirlər. Bununla belə dünyada 1.3 milyard yoxsul əhalinin 70%-ni qadınlar təşkil edirlər.

Beləliklə, qeyri-bərabər gender münasibətləri çərçivəsində bir kateqoriya insan əlverişsiz, asılı, hakimiyyətsiz, o birisi isə əlverişli, hakimiyyətə sahib, idarəedici mövqelərdə yerləşir [7, s.264-286]. Belə bir vəziyyət ölkənin sosial, iqtisadi və siyasi həyatında tarazlığın pozulması ilə müşaiyət edilir. Belə ki, məişət və digər zorakılıqlara məruz qalan, erkən nigaha cəlb edilən, hüquq və azadlıqları təmin edilməyən qadınlar cəmiyyətin həssas və köməyə ehtiyacı olan təbəqələrini təşkil edirlər. Bu vəziyyət ailələrin, o cümlədən yeni nəslin gələcək taleyini və son nəticədə cəmiyyətlərin və dövlətlərin mümkün inkişafını şübhə altına alır. 

Bu mənada gender irqi, etnik və sinfi mənşə kimi sosial kateqoriya olub, insanın həyat perspektivlərini, onun cəmiyyətdə və iqtisadiyyatda iştirakını nəzərdə tutur [14, s.9]. Ş.Bern və bir sıra digər tədqiqatçılar “gender” anlayışını daha dar mənada istifadə edərək, onu “sosial cins” kimi müəyyən edirlər. Bu zaman belə hesab edirlər ki, “gender qadınların və kişilərin bioloji fərqliliklərindən deyil, cəmiyyətin sosial təşkilati xüsusiyyətlərindən asılı olan, sosial əsaslandırılmış rollar, identikliklər və fəaliyyət sahələridir”. Bu tədqiqatçılar “uyğun mədəniyyətin “həqiqi” kişi və qadın davranışları ilə bağlı irəli sürdüyü tənzimləyici tələblər və gözləntiləri uşaqlar və böyüklərin maskulluq və feminlik xüsusiyyətlərini dəyərləndirən meyarlar” kimi izah edirlər [15, s.11]. Əsasən ənənəvi patriarxal cəmiyyətlərdə kişilər və qadınların mövqeyi onların bioloji imkanları əsasında müəyyən edilir. Bu cəmiyyətlərdə fiziki görünüşünə və qüvvəsinə görə insanların sosial mövqelərini təyin edirlər. 

Gender bərabərsizliyinin əsas hədəfi qızlar və qadınlar olsa da, bu sosial bəladan zərər çəkən təkçə qadınlar deyil. Hərbi münaqişələr zamanı əsasən yeniyetmə oğlanları hədəf götürən ölümcül əməliyyatlar tarixin faciəvi səhifələrinə həkk olunub. Bu qəddar cinayətlərin məhz oğlanlara qarşı törədilməsinin əsasında konkret cəmiyyətlərdə oğlanlara gələcək döyüşçü, ailə və ya tayfanın əsas təminatçısı vəzifəsini təyin edən gender vəzifələri durur. Statistik məlumatlar göstərir ki, gender bərabərsizliyi bütöv cəmiyyətin və ayrı-ayrı fərdlərin inkişafına saysız-hesabsız zərbələr vurur. Yoxsulluğun, xəstəliklərin, ailədaxili zorakılığın, savadsızlığın öhdəsindən gəlmək üçün bəşəriyyət kişi və qadın bərabərliyinə nail olmalıdır. Əslində gender bərabərsizliyi vahid bir fenomen deyil, bir-biri ilə əlaqədə olan problemlər toplusudur”[7, s.11]. Belə ki, məsələn, təhsil hüququ pozulan qız övladı sonradan ailədə söz demək hüququ olmayan bir şəxsə çevrilir, savadsız olduğu üçün onun hər hansı bir məsələyə münasibətini bildirməsi imkanından məhrum edirlər, bu münasibət onun öz taleyi ilə bağlı olduqda da eyni hal müşahidə edilir. Gələcəkdə onun sağlamlıq hüququ, əmək hüquqları, mülkiyyət hüquqları və s. pozulur.  

Beləliklə, bir çox sosiumlarda irqi və etnik bölgü olmasa da, müəyyən səviyyədə gender asimmetriyası – bölgüsü və qeyri-bərabərliyi mövcuddur. Ayrı-ayrı ölkələrdə cinslərin rolları və münasibətləri fərqlidir. Lakin bəzi uyğunluqlar da nəzərə çarpır. Məsələn, bütün cəmiyyətlərdə körpələrə qulluq və yeniyetmələrə nəzarət məsuliyyəti qadınların üzərinə düşür, kişilər isə hərbi xidmətə gedirlər və ölkənin təhlükəsizliyinə görə cavabdehlik daşıyırlar. Beləliklə, gender rolları və münasibətləri bioloji, texniki, iqtisadi və digər ictimai məhdudiyyətlər çərçivəsində inkişaf edir [14, s.36].

Hal-hazırda qlobal miqyasda və eləcə də dünyanın ayrı-ayrı bölgələrində gender bərabərsizliyi nəticəsində milyonlarla insanın inkişafı məhdudlaşdırılır. Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır. Onların 2/3-ni qadınlar təşkil edir (bu rəqəm son 20 il ərzində dəyişməz qalır). Hər il dünyada 18 yaşına çatmamış 60 milyon qız erkən nikaha məcbur edilir. 15-44 yaşlı qadınlar arasında zorakılıq nəticəsində ölən və zərər çəkənlərin sayı xərçəng xəstəliyi, malyariya, avtomobil qəzaları və müharibə qurbanlarının sayından artıqdır [7, s.8].

Müxtəlif ölkələrlə bağlı statistik məlumatlar sübut edir ki, davamlı inkişafa nail olmaq üçün gender bərabərliyininin təmin edilməsi həm insanların hüquqlarının təmin edilməsinin, həm də sosial, iqtisadi və ekoloji tərəqqinin katalizatoru kimi çıxış edir. Belə ki, iqtisadi inkişaf və insan inkişafı bir-biri ilə sıx bağlıdır. Məlumdur ki, dövlət təhsilin, səhiyyənin inkişafına pul ayırır və qadınların bu imkanlardan yararlanmaması dövlətin itkisi deməkdir. Digər tərəfdən iqtisadi fəal qadınlar və kişilər əsas istehsal qüvvəsi kimi çıxış edirlər. Tədqiqatlar göstərir ki, cinsi əlamətlərinə görə ayrıseçkilik yoxsulluğa səbəb olur, iqtisadi inkişafı və idarəetməni zəiflədir. Davamlı inkişafın gender əsaslarıiqtisadi, ekoloji və sosial inkişafda bərabər hüquqların və bərabər imkanların təmin edilməsini nəzərdə tutur. Bu mənada – bərabər əmək hüququ, iqtisadi fəaliyyətdə bərabər iştirak imkanları, əməyin bərabər qiymətləndirilməsi, gəlirlərdən bərabər istifadə, təbii ehtiyatlardan bərabər bəhrələnmə, təhlükəsiz ətraf mühitlə bağlı bərabər hüquqlar - davamlı inkişafın gender göstəriciləri kimi qəbul edilir [13].

Azərbaycan Respublikası davamlı insan inkişafı kontekstində Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”Konvensiyasına qoşulmuşdur. Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası”nın Fakultativ Protokolu Azərbaycan Respublikasının 2001-ci il 16 fevral tarixli Qanunu ilə təsdiq edilmişdir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması istiqamətində atılan qətiyyətli addımlar və Konvensiyanın tələblərinə davamlı şəkildə əməl olunması, habelə qadınlara kişilərlə bərabər imkanlardan istifadə etməsinə mane olan istənilən əngəllərin aradan qaldırılmasına yönələn səylər Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir [1]. Azərbaycan dövləti gender siyasətini nizamlı şəkildə həyata keçirmək məqsədilə Qadın problemləri Strateji Milli Fəaliyyət Proqramı qəbul etmişdir. Bu proqram aşağıdakı aspektlərdə fəaliyyərin reallaşdırılmasını nəzərdə tutur:

1.Qadınların hüquqları.

2.Qaçqın və məcburi köçkün qadınların sosial, məişət şəraitinin yaxşılaşdırılması.

3.Qadın və silahlı münaqişələr (müharibədə girov götürülmüş qadınlar).

4.Qadın və zorakılıq.

5.Qadın və sağlamlıq.

6.Qadın və təhsil.

7.Qadın və iqtisadiyyat.

8.Qadın və ətraf mühit.

9.Cəmiyyətin idarə edilməsi və qərarların qəbul edilməsində qadınların iştirakı [8, s.169-175]. 

Qeyd edilən istiqamətlərdə həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər illik hesabatlarda əks olunur. Məsələn, 2011-ci ildə Azərbaycanda Qadına qarşı zorakılığa dair Milli Sorğu Hesabatı (2008) çap olunmuşdur. Ümumiyyətlə, hesabat ölkədə qadına qarşı zorakılığa dair etibarlı və reprezentativ məlumatları təmin edir, eləcə də hədəflənmiş siyasət və proqramlar üçün vacib məlumat mənbəsi kimi çıxış edir. Hesabat CEDAW Komitəsi Yekun müşahidələrində qadına qarşı zorakılığın səbəblərinin və yayılmasının araşdırılması tövsiyəsinin həyata keçirilməsini dəstəkləyir. Məişət zorakılığının qarşısının alınmasına dair Qanun Azərbaycanda 2010-ci ilin iyun ayında qəbul edilmişdir. Qanun hüquqi və sosial tədbirlər də nəzərə alınmaqla məişət zorakılığının qarşısını alınmasına dair bir sıra müddəaları əhatə edir. Qanun dövlətdən məişət zorakılığının qarşısının alınması üçün maarifləndirici tədbirlərin də həyata keçirilməsini tələb edir. Qanun, eləcə də zorakılığın izlənilməsi, qadınların səmərəli preventiv, müdafiə və reabilitasiya xidmətləri ilə təmin olunması üçün çərçivə müəyyən edir. Qanunun icra olunmasın təmin etmək məqsədi ilə bir sıra Qaydalar qəbul edilmişdir: 

-Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları; 

-Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası; 

-Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları və Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası [2, s.13].

Gender qiymətləndirməsinə görə Azərbaycan bəzi sferalarda (təhsil və savadlılıq səviyyəsi) gender bərabərliyinə yaxın bir vəziyyəti nümayiş etdirir, lakin ümumilikdə qadınların səlahiyyətləndirilməsi, xüsusilə qadınların ictimai və siyasi sferalarda və qərarvermədə iştirakı baxımından aydın qeyri-bərabərsizlik göstərir. Azərbaycanın Gender Bərabərsizliyi İndeksi (GII) 0.314-dir və 2011-ci ildə 146 ölkə arasında 50-cı yerdə sıralanmışdır. Azərbaycanda parlamentdə yerlərinin 16%-də qadınlar təmsil olunur. Qadınların 65%-i ikinci dərəcəli və ali təhsil səviyyəsinə çatdığı halda bu göstərici kişilərdə 62%-dir. Qadınların əmək bazarında iştirakı 60%, lakin kişilərin iştirakı isə 67% təşkil edir ki, bu digər MDB ölkələri ilə müqayisədə nisbətən yüksəkdir. 

Azərbaycanda gender münasibətlərinə təsir edən üç əsas faktorlar bunlardır: 

-gender bərabərliyi üzrə Sovet siyasətinin mirası nəticəsində gender bərabərliyi siyasi və iqtisadi təmsilçilikdə kvotalar vasitəsilə müəyyən dərəcədə mövcuddur, 

-keçid dövründə olan sosial və iqtisadi çətinliklərin, Azərbaycan torpaqlarının zəbt edilməsi ilə daha da kəskinləşməsi,

-ənənəvi Azərbaycan dəyərləri və mədəniyyətinin təsiri. Gender bərabərliyinə sovet yanaşması təhsil, səhiyyə, və məşğulluq və müəyyən dərəcədə siyasi idarəçilik baxımından kişi və qadınlara formal bərabərlik təmin etmişdir. Lakin bu müddət ərzində, qadınlar heç bir zaman ödənilməyən iş, əsasən uşağa qulluq və digər təsərrüfat öhdəlikləri kimi ənənəvi məsuliyyətlərdən azad olmamışlar [6].

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınların problemlərinin aşkar edilərək, rəsmi dövlət səviyyəsində aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi təşkil edilmişdir. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır [3]. Komitənin Qadın problemləri və gender məsələləri şöbəsi qadın hüquqlarının və gender bərabərliyinin tam surətdə təmin edilməsi, qadınların hüquqlarının pozulmasının qarşısının alınması, erkən nikah və məişət zorakılığı hallarının azaldılması, narkotiklərlə mübarizə, qadın alverinin qarşısının alınması, qadınların qərarqəbuletmədəvə qanunverici orqanlarda iştirakçılığının gücləndiriliməsi, qadınların Respublikanın ictimai-siyasi və sosial həyatda yaxından iştirakını təmin etmək, qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadın sahibkarlığının inkişafı və bu sahədə nailiyyətlərin əldə olunması istiqamətində çalışır [4].

Respublikamızda qadınların və qızların cəmiyyət həyatının iqtisadi, mədəni, sosial və siyasi sahələrində rolunun genişlənməsi istiqamətində qanunların gücləndirilməsi, onların zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərindən qorunması, qadınların hüquqlarını müdafiə etmək üçün milli təsisatların və vətəndaş cəmiyyəti təşkilatlarının işinin təkmilləşdirilməsi, qızların təhsil problemlərinin həlli məsələlərinə dövlətimiz tərəfindən həssslıqla yanaşılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə vahid dövlət siyasətini həyata keçirərək, mövcud problemlərin əsasəndə qadın hüquqları, məişət zorakılığı, qızların təhsildən yayındırılması, erkən yaşda ailə qurması halların aradan qaldırılması, texniki-peşə təhsilinə yiyələnməsi, inkişafı istiqamətində əhali, xüsusəndə qız uşaqları arasında marifləndirilmə aparır [5]. 

Beləliklə, davamlı inkişaf gələcək nəsillərin tələbatlarının təmin edilməsinə yönələn konsepsiyadır. Bu konsepsiyanın gender aspektləri həm də gələcək nəsillərin bərabər hüquq və azadlıqlarının təmin edilməsi, insanların yaşayış keyfiyyətlərinin, rifah halının davamlı olaraq yaxşılaşdırılması və bu zaman maddi və mənəvi aləmə zərər vurmadan yaşamağı nəzərdə tutur. Davamlı inkişafın gender aspektləri irqindən, cinsindən, sinfi mənsubiyyətindən asılı olmayaraq hər kəsin gələcək həyatının təmin edilməsi məqsədlərini prioritet kimi qəbul edir.

 

 

 



 


Yüklə 28,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin