DƏRİALTI İNYEKSİYALARIN İCRA EDİLMƏ TEXNİKASI
Bütün inyeksiyalar həkim təyinatı ilə edilir. Dərialtı, 15 mm dərinliyə yeridilən dərmanın təsiri 30 dəqiqən sonra başlayır. Dərinin zədələnmiş, ödemli, sərtləşmiş sahələrinə dərialtı inyeksiya etmək olmaz.
-
-
|
Dərialtı iynələrin vurulduğu nahiyələr:
- Bazunun xarici arxa 1/3 hissəsi
- Kürəkaltı sahə
- Budun ön-yan 1/3 səthi
- Qarnın ön-yan səthi
|
Dərialtı inyeksiyalar bir-birindən ən azı 4 sm məsafədə aparılmalıdır. Yaxşı sorulması üçün bütün yağlı dərman preparatlarını inyeksiyadan əvvəl isitmək lazımdır. Bunun üçün ampulu menzurkaya və ya başqa şüşə qaba qoyub 90°C temperaturlu qaynar suya salmaq lazımdır.
Bütün inyeksiyalardan əvvəl xəstənin vurulacaq dərman preparatına həssaslığını öyrənin. Allergiyalı xəstə barədə həkimi məlumatlandırın və ancaq onun göstərişi olduqda dərmanı yeridin. Bütün tibb müəssisələrinin manipulyasiya otaqlarında şok əleyhinə və İİV/QİÇS -əleyhinə dəstlər olmalıdır.
Təchizat:
Lazımı ölçüdə birdəfəli istifadə olunan steril şprislər, dərman preparatı, steril pambıq və ya tənzif kürəciklər, 70%-li etil spirt, sabun, dəsmal, steril əlcəklər, maska, dezinfeksiya edici məhlul, şprisləri yığmaq üçün steril dəsmal və ya ləyən, istifadə olunmuş materialları yığmaq üçün konteyner.
Işin ardıcıllığı:
1. Xəstəni psixoloji olaraq hazırlayın, inyeksiya barədə xəstəyə məlumat verin, xəstənin razılığını alın. Iynə ağrılıdırsa xəstəni xəbərdar edin. İynə vurulacaq yeri paltardan azad edin.
2. Xəstənin rahat vəziyyət almasına yardım edin.
3. Aseptika qaydalarına riayət edin (əlinizi yuyun və ya dezinfeksiya edici məhlul və ya spirtlə silin)
4. Üz maskası və əlcək geyinin.
DƏRİALTI İYNƏNİN VURULMA ALQORİTMİ:
1. Şpris yerləşən steril paketin hermetikliyini və paketin üstündə yazılan yararlıq müddətini yoxlayın. Paketdə iynə şprisin üstünə taxılmayıbsa, onu ehtiyatla açıb iynəni üstündəki qoruyucu qapaqla birgə şprisə taxın və steril dəsmal üzərinə və ya ləyənə qoyun.
2. Dərman şprisə yığılmazdan öncə təyinat vərəqi ilə onun adını, dozasını uyğunlaşdırın və yararlıq müddətini yoxlayın.
3. Əlcəkli əlləri spirtlə sildikdən sonra spirtli kürəciklə ampulun kəsiləcək yerini silin, sonra isə kəsib qırın. Dərmanı şprisə yığın və iynəni şaquli tutaraq oradan hava qabarcıqlarını çıxarın.
4 İynə vurulacaq yeri təyin edib, oranı əvvəl spirtli kürəciklə geniş silin, sonra ikinci spirtli kürəciklə bilavasitə iynə vurulacaq yeri bir istiqamətdə silin. Spirtin qurumasını gözləyin.
5. Bir əlin baş və şəhadət barmağı ilə dərini büküşə alın və büküşün əsası tərəfdən 30-40° bucaq altında iynənin 2/3 hissəsi qədər dərialtına yeridin.
9. Iynənin konus kəsiyinin üzü yuxarı olmasına diqqət edin. Iynənin istiqaməti isə aşağıdan yuxarı olmalıdır.
İnsulin vurduqda, xəstə alçaqboylu olduqda dərialtı iynə yuxarıdan aşağı istiqamətdə də vurula bilər.
10. Dəri büküşünü buraxın. Şprisi tutub porşeni azacıq arxaya çəkin. Qan olmadıqda dərmanı yavaş-yavaş dərialtına yeridin.
11. İynə yerinə spirtli kürəcik qoyub yavaşca sıxın və iynəni cəld çıxarın.
12. İynədən sonra xəstənin özünü necə hiss etməsini soruşun.
13. Bütün istifadə olunmuş materialları konteynerə atın.
14. İnyeksiya barəsində qeydiyyat aparın.
Yağlı məhlulların dərialtı yeridilmə qaydası.
Yağlı məhlullar dərialtına və əzələ daxilinə yeridilir, venadaxilinə yeridilməsi yolverilməzdir!
Yağlı məhlul damcısı damar daxilinə keçərək onun mənfəzini tuta bilər. Bu halda ətraf toxumaların qidalanması pozulur, nekroz baş verir. Qan cərəyanı ilə yağ embolları ağciyər damarlarına daxil olduqda onların mənfəzinin tutulmasına səbəb ola bilər. Xəstədə belə halda kəskin boğulma, təngnəfəslik yaranır, hətta ölümə səbəb ola bilər.
Yağlı məhlullar pis sorulduğundan inyeksiya yerində infiltrat əmələ gələ bilər. Yağlı məhlulları yeritməzdən əvvəl 38°С-dək isitmək lazımdır (ampulu içərisində qaynar su olan qaba qoyun). İynədən sonra iynə vurulan nahiyəyə isidici kompres qoyun (infiltratın əmələ gəlməsinin qarşısını almaq üçün).
Dostları ilə paylaş: |