Təyinatları, orqanizmə yeridilmə yolları, fiziki kimyəvi və farmakoloji xassələri nəzərə alınmaqla dərman preparatları qəbul üçün əlverişli olan formalarda buraxılır. Bunlar dərman formaları adlanır. Fiziki vəziyyətlərinə görə bərk (tabletlər, drajelər və s.), yumşaq (məlhəmlər, linimentlər və s.) və qazabənzər dərman formalarını (aerozollar və s.) fərqləndirirlər.
Farmakopeyada
qeyd olunan dərman maddələri, onlardan hazırlanan preparatlar və dərman formaları ofisinal dərmanlar (latınca officina- aptek deməkdir), apteklərdə resept üzrə hazırlananlar isə magistral dərmanlar (latınca magister – müəllim, rəhbər deməkdir) adlanır.
Tabletlərin digər bərk dərman formalarına nisbətən bir sıra üstünlükləri vardır. Onlarda dərman dəqiq dozalanır, dərman maddəsinin pis iyi və dadı hiss olunmur, uzun müddət saxlanıla bilir, yığcam olduğu üçün saxlanılması və daşınması nisbətən asan olur.