7.2. AVTOTRANSFORMATORLARIN KONSTRUKSİYA
XÜSUSİYYƏTLƏRİ VƏ İŞ REJİMLƏRİ Son onilliklər ərzində böyük güclü avtotransformatorlar geniş tətbiq olunmaqdadır. Buna səbəb onların transformatorla müqayisədə bir sıra üstünlüklərə malik olmasıdır.
Avtotransformatorların transformatorlardan fərqi ondan ibarətdir ki, onun iki dolağı bir biri ilə elektriki birləşmişlər, bu da gücün bir dolaqdan digərinə verilməsini nəinki elektromaqnit, həm də elektriki yolla təmin edir. Çoxdolaqlı avtotransformatorda YG və OG dolaqları elektriki birləşmişlər, AG dolağı isə onlarla elektromaqnit əlaqədədir.
Qeyd etmək lazımdır ki, avtotransformatorların istismarda bəzi çətinlikləri var, onlar torpaqlanmamış neytrallı şəbəkələrdə istifadəyə yararsısdırlar. Buna səbəb YG şəbəkəsində torpağa qapanmada OG şəbəkəsinin naqillərində gərginliyin torpağa nisbətən buraxıla bilən həddən çox qalxmasıdır. Öz növbəsində avtotransformatorların neytrallarının məcburi torpaqlanması şəbəkələrdə birfazalı qısaqapanma cərəyanı həddən çox artırır ki, bu da bir sıra hallarda qısaqapanma cərəyanının məhdudlaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tələb edir.
OG və YG dolaqları və şəbəkələri arasında elektrik rabitəsinin olması bir gərginlikli şəbəkədə yaranan ifratgərginliyin digər gərginliyin dolaqlarının çıxışlarına keçməsi mümkünlüyü yaradır. Avtotransformator bir tərəfdən açıldıqda izolyasiya üçün ifratgərginlik təhlükəsi artır.
Avtotransformatorlar 150 kV və daha yüksək şəbəkələrdə geniş istifadə olunur. Buna səbəb onun qiymətinin aşağı olması, dolaqlarına aktiv güc itkilərinin eyni güclü transformatorlarla müqayisədə az olmasıdır. Avtotransformatorların poladında transformatorlarla müqayisədə azdır. Aşağıda avtotransformatorların üstünlükləri və nöqsanları göstərilir.
Avtotransformatorların eyni güclü transformatorlarla müqayisədə üstünlükləri bunlardır:
materialların az sərfi (mis, polad, izolyasiya materialları);
kütləsinin az olması, deməli, qabariti azdır, bu da transformatorlara nisbətən böyük nominal güclü avtotransformatorlar yaratmaq imkanı verir;
itkiləri azdır, FİƏ çoxdur;
soyudulma şəraiti yüngüldür.
Avtotransformatorların nöqsanları:
- neytralın dərin torpaqlanmasının lazım olması, bu da birfazalı qısaqapanma cərəyanlarının artmasına səbəb olur;
- gərginliyin tənziminin mürəkkəb olması;
- YG və OG dolaqlarının elektrik əlaqəsi nəticəsində atmosfer ifratgərginliyinin keçmə təhlükəsi.