İnteraktiv təlim bilik, bacarıq, təcrübə və vərdişlərə yiyələnməyə, cəmiyyətin vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, müstəqil çalışma, müstəqil düşünmə bacarıqlarının inkişafına kömək edən demokratik üsullarla aparılan təlim prosesidir. İnteraktiv təlim prosesində dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə-öyrətmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyi və əməkdaşlığı nəzərdə tutulursa, interaktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələr nəzərdə tutulur. Ən son tədqiqatların nəticəsi göstərir ki, interaktiv təlim metodları effektiv nəticəni konstruktivizm nəzəriyyəsinə istinad edərək təlimə İKT-nin yaxından tətbiqi ilə verir və öz işləkliliyini daha da səmərəli edir. Psixoloqlar qeyd edirlər ki, informasiya insanın eşitdiklərinin 10%-i, gördüklərinin 50%-i, özü etdiklərinin isə 90%-i həcmində yaddaşında qalır. İKT-nin bu sahədə böyük dəstəyi öyrənənin şəxsi araşdırması zamanı güclü informasiya bankı ilə təmin olunmasındadır (internet, elektron kitablar, test və tapşırıqlar və s.). İnteraktiv təlim prosesində ilk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal rol oynamır. Əslində isə müəllim şagirdi ruhlandıran, ona özünü tapmaqda kömək edən “yaradıcıya” çevrilir. İnteraktiv metodlar müəllimin təkcə başqalarını öyrətməsinə deyil, onun özünün də öyrənməsinə, daha yaradıcı və enerjili pedaqoq olmasına imkan verir. İnteraktiv təlim metodları həmçinin sinif otağının həmişəki tərtibatından, məşğələlərin təşkilinin adət etdiyimiz qaydasından imtina olunmasını tələb edir. Şagird masalarının sinif otağında yerləşdirilməsinin dörd əsas forması vardır:
1.“Sinif” forması – ənənəvi qayda .
2.“Kafe” forması (“diskussiya klubu”).
3.“Ü” hərfi formasında sinif.
4.“Dairə” formasında sinif.
“Kafe” forması qruplarda iş üçün əlverişlidir.
“U” hərfi forması rollu oyunlar zamanı, tanışlıq vaxtı, diskussiyaların gedişində daha səmərəlidir.
“Dairə” forması müxtəlif diskussiyaların, dairəvi masaların keçirilməsi üçün daha rahatdır.
İstifadə olunan bütün üsullar aşağıda verilmiş komponentlərdən ibarət olan təlim prosesinin qanunauyğunluqlarından irəli gəlir:
təlimin məqsədi,
təlimin məzmunu,
şagirdlərin dərketmə imkanları,
ç) müəllimin öyrətmə fəaliyyəti və şagirdlərin öyrənmə işi, təlimin təşkilati forması və s.
d) təlimin nəticəsi.
Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim prosesində vəhdətdə çıxış edirlər. Onlar sabit və təkrarlanandır. Buradan belə bir vacib tələb ortaya çıxır-hər hansı təlim üsulları, vasitələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı bu komponentlərin qarşılıqlı əlaqəsini nəzərə almaq zəruridir. Müəllim bu əlaqələrin bütün dərs prosesi boyu mövcud olduğunu yaddan çıxarmamalıdır. Bunu nəzərə almadan istənilən nəticəni əldə etmək qeyri-mümkündür.