İLK PEŞƏKAR AKTYORLAR
Birinci dərs
MİRZƏ MUXTAR MƏMMƏDOV (1841-1930)
Milli səhnə sənətimizin ilk peşəkar aktyorlarından biri də Mirzə Muxtar Məmmədovdur.
Realist aktyor məktəbinin inkişafında xüsusi xidmətləri var.
Mirzə Muxtar Ələsgər oğlu Məmmədov 1841-ci ildə Şuşa şəhərində təvəllüd edib. Əvvəlcə
mədrəsədə, iki il sonra, on bir yaşında türk-rus (rus-tatar) məktəbində təhsil alıb. Fars və rus dillərini
mükəmməl öyrənib. İyirmi yaşından Şuşada müəllimliklə məşğul olub. 1870-ci ildə Novruz bayramı
münasibətilə "Qaravəlli" tamaşası hazırlayıb və oyun camaatın xoşuna gəlib. Bundan sonra o, bütün
bayramlarda məsxərəli və məzhəkəli tamaşalar hazırlayıb. 1874-cü ildə Şuşada Mirzə Fətəli
Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya hazırlayıb. Tamaşa rus əsgərlərinin qışlamasında
(kazarmasında) göstərilib.
Mirzə Muxtar Məmmədovun aktyorluğunun ilkin mərhələsi (1873- 1883) Şuşa dövrünə
aiddir. Bir müddət Tiflisdə və Gəncədə işləyən Mirzə Muxtar 1899-cu ildə Bakıya köçüb. Şəhər
məktəblərindən birinə müəllimliyə düzələndən sonra şəhərin teatr həvəskarları ilə tanış olub.
Tezliklə teatr tamaşalarının hazırlanmasında fəallıq göstərən ziyalı kimi tanınıb. Müxtəlif illərdə
birinci və ikinci "Müsəlman dram artistləri cəmiyyəti"nin, "Həmiyyət", "Nicat", "Səfa" mədəni-
maarif cəmiyyətlərinin teatr truppalarında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının
müdiriyyəti", Abbasmirzə Şərifzadənin rəhbərlik etdiyi "Müsəlman artistləri ittifaqı"nın dəstələrində
aktyorluq edib.
Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir bəy Hacıbəyov onu aktyor və xanəndə kimi
Şuşadan yaxşı tanıyırdılar. Buna görə də "Nicat" teatr dəstəsinin və Hüseynqulu Sarabskinin
"Müsəlman opera truppası"nın hazırladıqları opera tamaşalarında şirin və məlahətli səsi olan Mirzə
Muxtar yaxından iştirak edib. Üzeyir bəy Hacıbəyovun ilk milli operamız olan "Leyli və Məcnun"
əsərinin hazırlamb hasilə gəlməsində yaxından iştirak edib. 1908-ci il yanvarın 12-də göstərilən ilk
tamaşada Əbül Qeys (Qeysin atası) rolunu oynayıb. Üzeyir bəyin "Şah Abbas və Xurşid banu"
operasının ilk tamaşasında (10 mart 1912) isə Vəzir rolunda çıxış edib.
Erməni daşnakiarı 1918-ci ilin martında Bakıda vəhşilklə kütləvi qırğınlar törədəndə, şəhəri
oda qalayanda 77 yaşlı qocaman teatr xadiminin evi dağılıb, olan-qalan varidatı əlindən çıxıb. O,
zəlil günə düşüb və "Bəsirət" qəzeti 17 noyabr 1918-ci il tarixli sayında bu barədə məqalə yazıb.
Üzeyir bəyin təşəbbüsü ilə ziyalılar ona yardım göstəriblər.
Aktyorun yaradıcılığının Bakı dövründəki əsas qadın və kişi rolları bunlardır: Yetər, Hürü və
Bədricahan ("Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy
Vəzirov), Pərizad və Cəfər xan ("Dilin bəlası" və "Nadir şah", Nəriman Nərimanov), Səfər bəy
("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Şeyx Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə
Bayram ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Molla Sübhan ("Ədirnə fəthi", Cəfər
Cabbarlı), Əhməd Rza ("Sultan Əbdülhəmidin xəli", Mehdi bəy Hacınski), Şiruyə və Baş möbid
("Dəmirçi Gavə", Şəmsəddin Sami), İbrahim ("Qəzavat", S.Lanskoy).
Mirzə Muxtar Məmmədov təxminən 1930-cu ildə Bakıda vəfat edib. Bəzi mənbələr onun
1929-cu ildə, bir qisın isə 1931-ci ildə dünyasını dəyişdiyini göstərib.
Dostları ilə paylaş: |