Ədəbiyyat
-
Əhmədov B.A. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983, səh.5-37.
-
Əhmədov B.A., Hacıyev A.N. Pedaqogikanın qanunları və prinsipləri. Bakı: Maarif, 1993, səh.16-17.
-
Naxçıvanlı A.H. Qadın liderliyi haqqında bəzi mülahizələr// Genderşünaslıq, 2000, № 4.
-
Xəlilov S.S. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti, 2005, səh.13, 76-81.
-
İbrahimov F.N. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim, 2010, səh.7-82.
-
Kərimov Y.Ş., Pedaqoji tədqiqat metodları. Bakı: Azərnəşr, 2009, səh.10-12.
-
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı: Nurlan, 2007, səh.9; 17-18, 22-38.
-
Mollayeva E.Ə. Təlim prosesində şagirdlərin gender tərbiyəsinin imkan və vasitələri. (Metodik tövsiyə) Bakı: Müəllim, 2009
-
Mollayeva E.Ə. Azərbaycan xalq peadqogikasında gender bərabərliyinə münasibət.(Metodik vəsait). Balı: Müəllim, 2010.
-
Əlizadə H.Ə. Sosial pedaqogikanın aktual problemləri. Bakı: Səda, 1998.
-
Dostuzadə D.Ə. Eşitmə qüsurlu uşaqlarla işin təşkili. Bakı: ADPU, 2011.
-
Ağayev M.H. Müqayisəli pedaqogika (Bakalavr təhsili üçün proqram). Bakı: ADPU, 2011
-
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1953, səh.77-78.
-
Волков Г.Н. Социология науки. М.: Мысль, 1968,стр.121.
-
Загвязинский В.И. Методология и методика дидактичес-
кого исследования. М.: Педагогика, 1982, стр.10.
-
Философская энциклопедия. М.: Советская энциклопедия, 1964, Т. III, стр. 420.
-
Ченцов А.А. Теоретические основы научной организации
учебного процесса. Белгород, 1972, стр.11.
II fəsil
PEDAQOGİKA ELMİNİN MƏNBƏLƏRİ. PEDAQOGİKANIN METODOLOGİYASI
VƏ TƏDQİQAT METODLARI
Əhatə olunan məsələlər:
2.1. Pedaqoji elmin mənbələri.
2.2. Pedaqogikanın metodologiyası.
2.3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri.
2.4. Pedaqoji tədqiqatların texnologiyası (və ya tədqiqatın metodoloji aparatı).
2.1. Pedaqoji elmin mənbələri
Pedaqoji elmin mənbələri və tədqiqat metodları bir-biri ilə əlaqədardır. Pedaqoji tədqiqat metodları pedaqoji metodologiyaya dayanaraq pedaqoji elmin mənbələrinə uyğun olaraq seçilir. Odur ki, öncə pedaqoji elmin mənbələri barədə fikirlərimizi bölüşək, sonra pedaqoji texnologiya və tədqiqat metodları anlayışlarına elmi şərh verməyə çalışaq.
Pedaqoji elmin mənbələri müxtəlifdir: pedaqoji proses, pedaqoji sənədlər, pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, şagirdlərin (və digər tərbiyə olunanların) fərdiyyəti, şifahi xalq yaradıcılığı nümunələri, dövlət sənədləri, canlı söz, müqəddəs kitabımız “Qurani-Kərim” və s. Xüsusi qeyd olunmalıdır ki, tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses pedaqoji elmin və pedaqoji biliklərin əsas mənbəyidir. Sadalanan mənbələri iki qrupa ayırmaq olar: 1) geniş mənada pedaqoji prosesinin özü; 2) şifahi və yazılı mənbələr. Birinciyə praktika, ikinciyə təlim-tərbiyə haqqında əsaslandırılmış fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji ideyaları və s. daxildir.
Dövlət sənədləri. Respublikamızda təhsil Azərbaycan dövlətinin müvafiq qanunları əsasında təşkil olunur və inkişaf etdirilir. Ən əvvəl Azərbaycan Respublikası Konstitusiyası (Əsas Qanunu), sonra təhsil sahəsində dövlət qanunvericiliyinin əsasları, təhsillə əlaqədar qəbul olunan qanunlar və digər rəsmi sənədlər nəzərdə tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan, pedaqoji problemləri tədqiq edən şəxslər öyrənməlidirlər.
Pedaqoji sənədlər. Hər bir tədris və ya tərbiyə müəssisəsinin özünəməxsus sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbiyə müəssisəsində aparılan işin xüsusiyyətlərini əks etdirir. Məktəbin necə işlədiyini öyrənməkdə həmin sənədlər tədqiqatçıya zəngin məlumat verir.
Pedaqoji mövzuda yazılar. Pedaqoji biliklər müvafiq kitablarda, jurnal və qəzetlərdə şərh edilir. Bu cür mənbələr keçmişdə tədris müəssisələrinin vəziyyətindən, oradakı təlim və tərbiyə işinin məzmunundan, üsulları və təşkili formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübəsini, mövcud olan nöqsanları və onların aradan qaldırılması yollarını təhlil edən kitablar və məqalələr vardır.
Tərbiyə olunanların fəaliyyət məhsulları. Pedaqoji bilik mənbəyi olan uşaq fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə uşaqların icra etdikləri işlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı onların yerinə yetirdikləri tapşırıqlar buraya daxildir. Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya rəy mətnləri, ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani vasitələr, becərdikləri bitkilər, hazırladıqları fotomontaj və fotostendlər, çıxardıqları divar qəzetləri və bülletenlər, muzey üçün topladıqları eksponatlar, tikdikləri paltarlar, hörmələr, çəkdikləri şəkillər, onların istehsal etdikləri müxtəlif məhsullar və s. şagirdlərin bacarıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haqqında fikir söyləməyə əsas verir.
Şifahi xalq yaradıcılığı nümunələri. Xalq təlim və tərbiyə haqqında, elm və bilik haqqında öz fikirlərini, istək və arzularını atalar sözlərində və zərb məsəllərdə, nağıl və dastanlarda, bayatı və tapmacalarda ifadə etmişdir. Bunların hamısı tərbiyəçilər üçün, xüsusən valideynlər üçün zəngin pedaqoji bilik mənbəyidir. Hər kəs ondan bəhrələnə bilər.
Canlı söz. Təlim, tərbiyə və təhsil iştirakçılarının söylədikləri fikirlər də pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin və digər tərbiyəçilərin, şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri fikirlər nəzərdə tutulur .
2.2. Pedaqogikanın metodologiyası
Elmin digər sahələrində olduğu kimi, pedaqogika üzrə tədqiqatlar da metodoloji əsasa istinad edir, ondan istiqamət alır. Bunsuz pedaqogikanı müvəffəqiyyətlə inkişaf etdirmək olmaz. Hər bir didaktik, metodik axtarışlar metodoloji əsasla idarə olunur. Bir sözlə, metodologiyaya əsaslanmadan həqiqi elmi tədqiqat aparmaq mümkün deyil.
“Metodologiya” yunan dilində “metodlar haqqında elm” deməkdir. Metodologiya anlayışının hamı tərəfindən qəbul olunmuş tərifi yoxdur. Pedaqoji ədəbiyyatda metodologiya bəzən tədqiqatın metodik priyomlarının məcmusu, bəzən xarici aləm haqqında biliklərin əldə edilmə qaydaları, aləmin dərk olunması və yeniləşdirilməsi metodları haqqında nəzəriyyə hesab olunur. Əslində çox geniş məzmuna malik olan metodologiya rəhbər prinsiplərə istinad edən elmi tədqiqatların silahı, elmi təhlilin və sintezin tələblərinin yerinə yetirilməsinin konkret vasitəsi rolunu oynayan nəzəri biliklər sistemidir. Pedaqoji metodologiya elmi-pedaqoji tədqiqatların əsas qaydaları, quruluşu, funksiyaları və metodları haqqında təlimdir.
R.Dekarta görə, metodologiya idrak prosesinin fəlsəfi əsaslandırılmasıdır. Hegel göstərirdi ki, idrakın bu və ya digər sahəsi üçün xarakterik olan fəlsəfi metodu konkret elmlərin metodları ilə eyniləşdirmək olmaz, metod idrak prosesinin məzmunundan asılıdır. Fəlsəfə ensiklopediyasında metodologiyanın tərifi belə verilir: “Metodologiya idrakın və varlığın dəyişdirilməsi metodları, dünyagörüşü, prinsiplərin idrak prosesinə, ümumiyyətlə mənəvi yaradıcılığa və praktikaya tətbiqi haqqında fəlsəfi təlimdir”. Mövcud fəlsəfi ədəbiyyatda metodologiyaya “Təbiət və cəmiyyət hadisələrinə yanaşma qaydası haqqında təlim”, “Məqsədə çatmaq, müəyyən məsələni həll etmək üçün istifadə olunan metodlar haqqında təlim”, nəzəriyyə, “Tədqiqat metodları haqqında təlim”, metodika, “Elmin bu və ya başqa bir sahəsində tətbiq olunan tədqiqat metodlarının məcmusu”, metod kimi tərif verilir. V.H.Nəsirov, Ə.B.Məmmədov metodologiyaya belə bir tərifin verilməsini məqbul saymışlar: “Metodologiya gerçəkliyin dərk olunması və dəyişdirilməsi metodları haqqında dialektik materializmin prinsiplərinin idrak prosesinə, mənəvi fəaliyyətə və praktikaya tətbiq olunması haqqında təlimdir.”
Maraqlı təriflərdən biri də N.E.Kovolyov, B.F.Sorokinə məxsusdur: “Elmlərin metodologiyası elmi tədqiqatların metodlarını və bu elmin predmetinin öyrənilməsinə yanaşma prinsiplərini öyrənən sahədir .
Hər bir elmin öz tədqiqat predmeti və təbii ki, onun üçün spesifik tədqiqat metodları var. Onların xarakteri tədqiqatın qarşısında duran vəzifələrlə müəyyən edilir. Bununla belə, elmi idrakın ümumi metodologiyası da mövcuddur. Ümumelmi metodologiya hər bir elmin daxilində tədqiqat məsələlərinin işlənməsinin prinsipial əsasını təşkil edir. Ona görə də pedaqogikanın metodologiyasını ümumi metodologiyadan fərqləndirmək lazım gəlir .
Pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyənin əsasları və quruluşu, pedaqoji gerçəkliyi əks etdirən biliklərin əldə edilməsinə yanaşma prinsipləri və yolları, habelə belə bilikləri əldə etmək fəaliyyəti, proqramların, məntiqi metodların, tədqiqat işlərinin keyfiyyətinin qiymətləndirilməsi haqqında sistemdir. Demək, pedaqogika elminin metodoloji əsaslarını idrak nəzəriyyəsi, cəmiyyətin inkişaf qanunauyğunluqları, insan və onun tərbiyəsi, şəxsiyyətin ahəngdar inkişafı və formalaşması, milli və ümumbəşəri dəyərlər, onların vəhdəti barədə fəlsəfi, psixoloji və pedaqoji nəzəriyyələr, onlara sistemli yanaşma təşkil edir .
Pedaqoji tədqiqatların metodologiyası pedaqoji nəzəriyyənin əsas qaydaları, pedaqoji hadisələrə yanaşmanın prinsipləri və onların tədqiqat metodları, həmçinin biliklərin tərbiyə, təlim, təhsil təcrübəsinə tətbiqi haqqında biliklər sistemidir.
“Pedaqoji tədqiqatların metodologiyası” dedikdə, hər hansı pedaqoji problemin tədqiqatının əsasına qoyulmuş ümumi prinsipial başlanğıc vəziyyət başa düşülür. Pedaqogikada metodologiyaya pedaqoji gerçəkliyin, yəni pedaqoji fakt, hadisə və proseslərin dərk edilməsi və dəyişdirilməsi haqqında nəzəri müddəaların məcmusu kimi baxılır... Mürəkkəb sistem olan metodologiyanın səviyyələri arasında müəyyən asılılıq mövcuddur. Bu zaman fəlsəfi səviyyə metodoloji əsas kimi çıxış edir, varlığın dərk olunması və dəyişdirilməsi prosesində dünyagörüşü rolunu oynayır.
Metodologiyanın nəzəri tərəfi elmi axtarışın başlanğıc mühakiməsi kimi əsas pedaqoji qanunauyğunluqların müəyyənləşdirilməsi ilə əlaqədardır. O, pedaqoji tədqiqatın hansı fəlsəfi, elmşünaslıq, bioloji və psixoloji ideyalarda qurulduğunu müəyyənləşdirən dünyagörüşü funksiyasını daxil edir, alınmış nəticəni izah edir, nəticə çıxarır. Metodologiyanın normativ tərəfi pedaqoji obyektlərə yanaşmanın ümumi prinsiplərinin öyrənilməsi, elmi-pedaqoji tədqiqatların ümumi və xüsusi metod və priyomlarının sistemidir. Metodologiyaya görə, idrak metodlarının əsasında təbiət və cəmiyyətin obyektiv qanunları durur. İdrak metodu yalnız gerçəkliyin obyektiv qanunlarını əks etdirdikdə elmi metod olur. Məhz elmi tədqiqat metodlarından istifadə etməklə biz biliyimizi artırırıq. Biz ətraf aləmdəki bir çox şeylərin strukturu və hərəkət tərzi haqqında məlumata bələd olmadan idrakda və təcrübədə yeni nəticələrin əldə edilməsi üçün ona yanaşma metoduna yiyələnə bilmərik. Biz müəyyən biliklərə yiyələndikdən sonra həmin biliklərin nə vaxt nisbətən tamamlanmış sistemə düşəcəyini gözləmədən yeni biliklər və nəticələr əldə etmək üçün onu tez tətbiq etməyə cəhd göstəririk. Unutmaq olmaz ki, yalnız nəticə deyil, ona aparan yol da real olmalıdır .
Metodologiyanın predmeti və vəzifələrini tədqiqat metodlarının təhlili ilə məhdudlaşdırmaq yanlışlıq olardı. Buna daha geniş miqyasda yanaşan M.A.Danilov yazır ki, pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyənin çıxış vəziyyəti, əsası və quruluşu haqqında, biliklərin əldə edilməsi qaydaları haqqında, inkişaf etməkdə olan cəmiyyətdə fasiləsiz dəyişən pedaqoji həqiqəti düzgün əks etdirən məlumatlara yiyələnmə qaydası və yanaşma prinsipləri haqqında biliklər sistemidir. V.İ.Zaqvyazinski yazır: “Pedaqogikanın metodologiyası pedaqoji biliklər və onu əldə etmə prosesi haqqında, başqa sözlə, pedaqoji idrak haqqında təlimdir. Ona aşağıdakılar daxildir:
1) pedaqoji biliklər, həmçinin pedaqoji problematikanın strukturu və funksiyaları haqqında təlim;
2) metodoloji məna kəsb edən əsas, hakim, fundamental, fəlsəfi, ümumelmi və pedaqoji qayda (nəzəriyyə, konsepsiya, fərziyyə);
3) pedaqoji idrakın metodları (sözün dar mənasında metodologiya) haqqında təlim.
Beləliklə, pedaqoji metodologiya elmi-pedaqoji tədqiqatların başlanğıc (açar) vəziyyəti, strukturu, funksiyaları və metodları haqqında təlimdir” .
V.İ.Zaqvyazinski metodoloji biliklərin tərkibinə aşağıdakıları daxil edir: a) ümummetodoloji və ümumelmi qanunlar, qanunauyğunluqlar, onlardan doğan pedaqoji qaydalar, pedaqoji fəaliyyətə verilən tələblər və pedaqoji fəaliyyət (məsələn, dərketmədə əksolunma və yaradıcılığın vəhdəti, idrakın subyektinin fəallığı, tərbiyənin ümumi məqsədi haqqında qayda); b) daha ümumi və əhəmiyyətli pedaqoji qanunlar və qanunauyğunluqlar, pedaqoji fəaliyyətə onlardan irəli gələn tələblər; c) pedaqoji tədqiqatların prinsipləri və metodları.
Metodoloji problematika beş qrupa ayrılır ki, onların içərisində də ümumi və xüsusi metodologiyalar daha mühüm əhəmiyyət kəsb edir. Elmi idrakın ümumi metodologiyası çoxdan mövcuddur. O, dialektikanın qanunlarına uyğun olaraq şeylərin və hadisələrin xassələrinə, təbiətin, cəmiyyətin, insan təfəkkürünün ümumi qanunlarına, təfəkkür prosesinə və varlığın dəyişilməsinə, bütün obyektiv aləmə xas olanları açır. Bu, hər hansı hadisəyə, qarşılıqlı asılılığa sıx qarşılıqlı əlaqədə baxmaq imkanı verir. Təbiət, cəmiyyət və insan təfəkküründə baş verən bütün proseslərə xas olan səbəb-nəticə əlaqələri daxili və xarici, mühüm və qeyri-mühüm əlaqələrdir. Pedaqoji prosesin dialektikasının bu problemləri – onun hərəkətə gətirmə qüvvəsi, nəzəriyyə və praktikanın, konkret və mücərrədin, tək və ümuminin, obyektiv və subyektivin, tədris-tərbiyə prosesinin harmoniyasının əldə edilməsi problemləridir. Onlar metodologiyanın inkişafının bütün mərhələlərinə daxil olur, hər hansı metodoloji biliklərin əsası kimi çıxış edir. Tədqiqatın pedaqogika tarixinə, onun nəzəriyyəsinə, didaktikaya, yaxud tərbiyəyə aid olmasından, nəzəri və ya empirik, fundamental və ya tətbiqi xarakter daşımasından, ümumi və ya konkret mövzuya həsr edilməsindən asılı olaraq metodoloji əsasda özünəməxsus çalarlar nəzərə alına bilər.
Elmlərin metodologiyası onun elə bir sahəsidir ki, elmi-tədqiqat metodlarını və həmin elmi təmsil edən fənnin öyrənilməsinə yanaşma prinsiplərini öyrənir. Hər bir elm özünə xas olan tədqiqat metodlarından istifadə edir, onların xarakteri tədqiqatın məzmunundan və məqsədindən asılı olur. Pedaqogikanın metodologiyası elmlərin ümumi metodologiyasından nəşət edən, pedaqoji nəzəriyyənin çıxış vəziyyətinin, biliklər sisteminin inkişafı ənənələrinin öyrənilməsi, pedaqoji hadisələrə və onların tədqiqat metodları, həmçinin əldə olunmuş biliklərin tərbiyə, təlim və təhsil təcrübəsinə tətbiqi yolları haqqında elmdir .
V.İ.Zaqvyazinskinin fikrincə, xüsusi pedaqoji problemlər pedaqogikanın və pedaqoji tədqiqatların özünəməxsus problemləridir. Onlara tədqiqatın problematikası haqqında məsələlər, metodoloji status qazanmış nəzəri qaydalar qrupu, elmi axtarışların nəticələrinin nəzəri biliklər sisteminə gətirilməsi, problemlərin tədqiqindən əldə edilən nəticələrin təcrübəyə tətbiqi, didaktik və metodik qruplaşdırılmaların prinsipial əsası daxildir. Müasir pedaqoji konsepsiyanın əsas əlamətlərini xarakterizə edən nəzəri müddəalar metodoloji əsaslar kimi çıxış edir. Didaktikada bu müddəalar təlimin məqsədi, mahiyyəti, quruluşu, hərəkətverici qüvvələri, perspektiv inkişafı və sairəni şərh edir. Metodoloji müddəaların çoxu didaktik prinsiplərdə əks olunmuşdur. Filosoflar göstərirlər ki, elmin strukturunun elementi olan metod nəzəriyyəyə, qanuna və qanunauyğunluğa nisbətən daha çox hərəkətdədir, dəyişkəndir.
Geniş istifadə olunan xüsusi pedaqoji, ənənəvi elmi-tədqiqat metodları məlum materialın alınması, onun qruplaşdırılması və sistemləşdirilməsi, bu və ya digər münasibətlərin müəyyənləşdirilməsi mərhələsində çox faydalıdır. Onlar pedaqoji obyekt və hadisələrin keyfiyyət əlamətlərini, struktur elementlərini tapmağa və formalaşdırmağa imkan verir, empirik faktların öz-özünə toplanmasını təmin edir. Onların qiyməti bundadır. Bununla yanaşı, daha çox yəqin olur ki, yalnız ənənəvi metodlardan istifadə pedaqogikanın empirik bazisinin keyfiyyətcə kökündən dəyişərək yenidən yaranmasına, ciddi pedaqoji qanunların və nəzəriyyələrin formalaşmasına, pedaqogikasının öz proqnostik vəzifəsini həyata keçirməsinə ümid bəsləməyə imkan vermir. Təsadüfi deyildir ki, XX əsrin 80-cı illərinin elmi-pedaqoji nəşrlərində belə işlərin nəzəri səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən metodların axtarılmasına diqqət verilmişdir.
Y.K.Babanski yazırdı: “Nəzəri təhlil metodları hər bir tədqiqatın nəzəri yeniliklərinin təlimin və tərbiyənin qanunauyğunluqlarına bu və ya digər dərəcədə daxil olmasına imkan verir. Nə qədər ki, pedaqogikanın qanunauyğunluqlarının onun inkişafının müasir mərhələsində əsaslandırılması vəzifələri real və zəruri olur, məhz buna görə də hər hansı elmi tədqiqatda nəzəri metodların rolunun artmasına, hərtərəfli cəhd göstərmək lazımdır” .
Pedaqoji tədqiqatların metodoloji əsası didaktikanın, tərbiyə nəzəriyyəsinin yaradıcı rolunun artmasına – elmi biliklərin sürətlə inkişafına, texnologiya və metodların yeniləşməsinə, yeni yanaşmanın tətbiqinə, pedaqoji prosesdə inteqrasiya və differensiyanın nəzərə alınmasına geniş imkanlar yaradır. Beləliklə, düzgün müəyyənləşdirilmiş metodoloji əsasın köməyi ilə pedaqoji prosesdəki gizli, qapalı, dərin, çətin, rəngarəng, mürəkkəb komplekslər həll olunur. Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması təmin olunur. Bu gün hərtərəfli, dərin pedaqoji tədqiqatların elmi nəticələri təhsilimizin uğurla inkişafına və dünya təhsil sisteminə müvəffəqiyyətlə inteqrasiya olunmasına xidmət edə bilər.
Metodologiyanın ən fundamental problemi pedaqogikanın predmetinin və pedaqoji hadisələrin dərk olunması məntiqinin müəyyənləşdirilməsidir. Pedaqogikanın metodologiyası ilə tədqiqatın əsas problematikasını dəqiq müəyyənləşdirmək, metodoloji biliklərin obyekti və predmetinin məzmununu hərtərəfli əks etdirmək lazımdır. Elmi idrakın vacib sahəsi sayılan metodologiyanın obyekti olan elmi-tədqiqat prosesi isə biliyə yiyələnmə və onun praktik tətbiqi qaydasıdır. Metodologiyaya istinad etmək şəxsiyyətin inkişafının, yeni insanın formalaşmasının qanunauyğunluqlarına müvafiq olaraq onun idrakını inkişaf etdirməyə, tərbiyəsini lazımi səviyyədə qurmağa imkan verir.
Pedaqoji tədqiqatın metodologiyası tədqiqatın məqsədinə və məzmununa uyğun formalaşdırılmalıdır.
2.3. Pedaqoji tədqiqat metodları
və onların səciyyəvi xüsusiyyətləri
Azərbaycanın görkəmli pedaqoqlarından olan professor Y.Ş.Kərimov pedaqoji tədqiqat metodlarının adətən iki qrupa ayrıldığını göstərir. Sözügedən qruplar belədir: məzmunla bağlı metodlar; formal metodlar. Birinci qrupa pedaqoji hadisə və proseslərin faktlarının öyrənilməsinə xidmət edən metodlar – müşahidə, təcrübi pedaqoji iş, eksperiment, müsahibə, anket sorğusu, məktəb və şagirdlərin fəaliyyətinə dair sənədlərin öyrənilməsi daxildir. Məzmunla bağlı hesab edilən bu metodların köməyi ilə öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, sonra onlar təhlil-tərkib edilir, ümumiləşdirmələr aparılır, elmi cəhətdən əsaslandırılmış nəticələr çıxarılır, təhsil müəssisələrinə təkliflər verilir. Pedaqoji tədqiqat metodlarının formal adlanan ikinci qrupuna konkret pedaqoji hadisələri yüksək səviyyədə mücərrədləşdirən metodlar daxildir. Bu metodlardan istifadə edərkən tədqiqatçı hadisənin məzmununu nəzərə almadan ancaq formasına, gümanına görə bir sıra hadisələr haqqında mühakimə, əqli nəticə irəli sürür. Bu metodlara riyazi metodlar, xüsusilə hadisə və prosesləri kəmiyyətcə və kibernetik modelləşdirmə, məntiqi metodlar, nəzəri təhlil və tərkib metodları daxildir. Onların köməyi ilə pedaqogikanın predmetinin müəyyənləşdirilməsi, cəmiyyətin inkişafında tərbiyənin rolu, məktəbin inkişafının proqnozlaşdırılması və s. məsələlər tədqiq edilir.
Tədqiqat üsulları çoxdur. Onları mənbələrinə görə şərti olaraq beş qrupa bölmək olar: 1. Nəzəri tədqiqat üsulları; 2. Praktik tədqiqat üsulları; 3. Eksperimental tədqiqat üsulları. 4. Tarixi müqayisəli tədqiqat üsulları; 5. Riyazi üsullar.
Y.Ş.Kərimov göstərir ki, nəzəri tədqiqatda beş əsas vasitədən istifadə edilir: təhlil, tərkib, onların vəhdəti, induksiya və deduksiya. Pedaqoji tədqiqatda bəzən müəyyən pedaqoji hadisəni dərindən dərk etmək üçün onu təhlil etmək, fikrən hissələrə və əlamətlərə ayırmaq lazım gəlir. Eyni problem üzrə aparılmış müxtəlif tədqiqatlarda oxşar cəhətləri üzə çıxararaq ümumiləşdirmələr aparanda tərkib xeyli faydalı olur. Nəzəri pedaqoji ümumiləşdirmələr ən çox tərkibin məhsulu olur. Nəzəri tədqiqatda daha geniş istifadə olunan təhlil və tərkibin birliyidir. Bir çox hallarda tədqiqatçı pedaqoji hadisələrin təhlili ilə və ya tərkib olunması ilə məhdudlaşmır, hissələrə və ya əlamətlərə ayrılan pedaqoji hadisələr sonra ümumiləşdirilir, elmi anlayış yaradılır. Nəzəri tədqiqatda induksiya və deduksiya kimi vasitələrdən də istifadə edilir. Məlum olduğu kimi, induksiya elmi faktların toplanması, həmin faktlar üçün ümumi əlamətlərin üzə çıxarılması və bu əsasda ümumiləşdirmə aparılması prosesidir. Deduksiya, əksinə, ümumi pedaqoji fikir əsasında müəyyən qrup pedaqoji faktların nəzərdən keçirilməsi, həmin fikrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi prosesidir.
Praktik tədqiqat üsulları bəzi mənbələrdə pedaqoji təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi adlanır. Pedaqoji nəzəriyyə üçün pedaqoji təcrübənin əhəmiyyəti böyükdür, bunların arasında canlı dialektika vardır. Pedaqoji nəzəriyyəni qidalandıran bir sıra praktik üsullar vardır: pedaqoji müşahidə; pedaqoji müsahibə və ya intervü; anketləşdirmə; fəaliyyət məhsullarının öyrənilməsi; pedaqoji sənədlərin öyrənilməsi .
P.A.Podkorıtova metodları üç qrupa ayırır: ümumi dialektik metodlar; elmi idrakın bütün elmlərdə istifadə olunan ümumi metodları (müşahidə, təhlil, tərkib, eksperiment və s.); xüsusi (sahələr üzrə) elmi-tədqiqat metodları.
Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri, empirik-nəzəri, empirik olmaqla qruplara ayırmaq mümkündür. Son dövrlərdə, müasir elmşünaslıqda daha bir qrup metodlardan – metanəzəri elmi-tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək ki, pedaqoji hadisələrin öyrənilməsinə idrak metodlarından heç də bir-birindən təcrid olunmuş şəkildə istifadə olunmur.
Nəzəri tədqiqat metodlarına ideallaşdırma, formalaşdırma və ekstrapolyasiya, abstraktdan konkretə yüksəlmə, aksiomatik metodlar daxildir.
Empirik-nəzəri metodlara təhlil və tərkib, induksiya, deduksiya, mücərrədləşdirmə və konkretləşdirmə, model və modelləş-dirmə daxildir.
Empirik metodlara isə tədqiqatla bağlı ədəbiyyatın təhlili, təhlillə bağlı məktəb sənədlərinin öyrənilməsi, məktəbəqədər yaşlı uşaqların, şagirdlərin, müəllimlərin fəaliyyətinin öyrənilməsi, müşahidə, müsahibə, pedaqoji təcrübənin öyrənilməsi, ekspert xidməti, monitorinq, təcrübi iş, pedaqoji eksperiment aiddir. Nəzəri, empirik-nəzəri və empirik tədqiqatlar sıx qarşılıqlı əlaqədə olduğundan bəzən onların metodikasından ayrıca söz açmaq, onları fərqləndirmək çətinləşir. Onların hər birində başqa metodlardan, xüsusilə müsahibə və müşahidədən istifadə olunur.
Elmi ədəbiyyatda pedaqoji axtarışlar prosesində daha çox aşağıdakı metodlardan istifadə olunduğu qeyd edilir:
1) pedaqoji hadisələrin nəzəri təhlili;
2) müşahidə;
3) müsahibə;
4) təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi;
5) eksperiment;
6) tədqiqatın nəticələrinin riyazi və statistik işlənilməsi;
7) dar pedaqoji problemlərin tədqiqində istifadə olunan xüsusi metodlar.
Sadaladığımız bu tədqiqat metodlarından bəzilərinin səciyyəvi xüsusiyyətlərinə nəzər salaq1.
Müşahidə pedaqoji tədqiqat metodu kimi. Pedaqoji – psixoloji tədqiqatların təşkilində ən çox istifadə olunan və geniş yayılmış metod müşahidə metodudur. Müşahidə bizi əhatə edən varlığın uzun müddət ərzində məqsədə yönəlmiş, planlı şəkildə qavranılmasıdır. Müşahidə bizi əhatə edən varlığı dərketmə mənbəyi olmaqla fikrimizə təkan verir. Adi seyretmədən fərqli olaraq müşahidə məqsədli, planlaşdırılmış bir proses olduğundan dərketmə prosesinin təminatçısı rolunu oynayır. Müşahidə zamanı şagird əşya və hadisə üzərində fikri fəaliyyət göstərir, hadisənin müəyyən cəhətini fərqləndirir, onları bir-biri ilə əlaqələndirir. Müşahidə ətraf aləm haqqında əldə olunmuş nəticə və ümumiləşdirmələrin həqiqiliyini praktikada yoxlamağa imkan verir.
Ədəbiyyatda müşahidənin müxtəlif təriflərinə rast gəlmək mümkündür. Ensiklopediya lüğətində yazılmışdır: “Müşahidə hiss orqanlarının köməyi ilə varlığın məqsədyönlü, planauyğun şəkildə və hər şeydən əvvəl, az-çox uzunmuddətli qavranılmasının, xarici aləmin dərk olunmasının ən vacib qaydalarından biridir.” Fəlsəfi ensiklopedik lüğətdə müşahidə “Fəaliyyətin vəzifələri ilə şərtlənən niyyətli və məqsədyönlü qavrayış” adlanır. Fəlsəfi baxımdan bu metod idrakın başlanğıcında durur .
Y.R.Talıbov, Ə.Ə.Ağayev, İ.N.İsayev, A.İ.Eminovun “Pedaqogika” kitabında problemə elmi cəhətdən düzgün yanaşılmışdır: “Bu metod təlim və tərbiyə hadisələrini planlı şəkildə qavramaqdır. Müşahidəni uzun və qısa müddətə aparmaq olar. Müşahidə əvvəlcədən planlaşdırılır, nəyi, necə və nə üçün müşahidə etmək müəyyənləşdirilir. Müşahidə zamanı tədqiqatçı fakt və hadisələri sonradan ümumiləşdirir.
Paşayev Ə.X., Rüstəmov F.A. “Pedaqogika” dərs vəsaitində müşahidəyə nisbətən geniş yer vermişlər. Onlar müşahidənin müşahidə olunan hadisə ilə bağlı düzgün nəticə çıxarmağa imkan verməsindən söz açır və onun aşağıdakı mərhələlərindən ibarət olduğunu qeyd edirlər.
“– müşahidələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi (müşahidə nə üçün aparılır);
– tədqiqat obyektinə daha az təsir edən və zəruri informasiyalar toplamağa imkan verən müşahidə qaydasının seçilməsi (necə müşahidə etmək);
– müşahidə edilən obyektiv qeydiyyat qaydalarının seçilməsi (qeydiyyatı necə aparmaq);
– alınan məlumatın təhlil və ümumiləşdirilməsi (hansı nəticə alınıb)” .
H.Ə. Əlizadə “Sosial pedaqogikanın aktual məsələləri” adlı kitabında sosial pedaqogikada müşahidənin xüsusi yerindən söz açır, bu prosesdə hadisənin baş verdiyi şəraitin dəyişməsini qeyd edir. O, sosioloq R.Quliyevin “Sosiologiya” əsərindəki aşağıdakı fikirlə razılaşır: “Qarşıya qoyduğu konkret məqsədlə əlaqədar olan faktları toplayır, onları təhlil edir, müəyyən nəticələr çıxarır, imkan daxilində qanunauyğunluqlar müəyyənləşdirilir.”
Adi müşahidələrdən fərqli olaraq elmi müşahidə çox çətin olmaqla obyektiv nəticə almaq üçün müxtəlif şəraitdə uzunmüddətli, müntəzəm iş aparmağı tələb edir. V.İ.Zaqvyazinski elmi müşahidənin adi müşahidədən fərqini belə şərh edir:
Dostları ilə paylaş: |