______________Milli Kitabxana_____________
135
göstərdi, mən öz əzəmətliyimi həqiqətən dərk etdim».
Aratta hökmdarı, nəhayət, Arattadan aparılan malların
əvəzinə Enmerkardan taxıl tələb edir. Eyni zamanda Arattanın
Uruka itaətkarlığını İnannanın qərarı ilə bağlayır. Mətndə deyilir:
«Taxılı qoy səbətə doldurub, arabaya yükləsin. Bu taxılı dağlara
gətirsin, vergi toplayanların yanında yığsın. Taxılı torbalara
doldurandan sonra, ulaqlara yük vurandan sonra, Arattanın
sarayında taxıl anbarına tökəndən sonra, əgər... İnanna Arattanın
varidatını aparsa, onda mən ona baş əyərəm, o isə öz cah-cəlalını
mənə göstərər. Mən və mənim şəhərim ona tabe olarıq».
Qasid İkiçayarasına qayıtdı və Uruk hökmdarı Enmerkara
Arattanın cavabını söylədi, ölkənin varidatı barədə məlumat verdi.
Enmerkar ikinci dəfə qasidi taxıl yüklənmiş heyvanlarla (və
yeni tapşırıqla) Arattaya yola saldı: «Qasid Arattaya yaxınlaşanda,
arattalılar heyran-heyran yüklü ulaqları dövrəyə aldılar».
Enmerkar eyni zamanda tələb etmişdi ki, Aratta hökmdarı
«hakimiyyət rəmzini» götürüb Uruka, onun hüzuruna gəlsin.
Lakin Aratta hökmdarı bu tələbə əhəmiyyət vermədi, Enmerkara
tapmaca göndərdi və onun Arattaya gəlməsini tələb etdi: «Qasid,
ağana, Kulabın ali kahin-hökmdarına de: - «hakimiyyət rəmzi»
qoy ağacdan olmasın, ağacın adını da deməsin. Qoy sidr olmasın,
sərv olmasın, ağcaqayın olmasın, şümşad olmasın, mis olmasın,
qızıl olmasın, əqiq olmasın, lacivərd olmasın. "Hakimiyyət
rəmzini" hazırlasın, özü ilə götürsün. Kulabın ali kahin-hökmdarı
əqiqi bir ağac kimi, lacivərdi bir ağac kimi əlinə alsın və mənim
yanıma gəlsin-de ona». Enmerkar müdriklik allahı Enkinin
köməyi ilə tapmacanın yozumunu tapıb «hakimiyyət rəmzini»
qasidlə Arattaya göndərdi. Aratta hökmdarı yozumun düzgün
olduğunu görüb kədərləndi. Zənn etdi ki, İnanna artıq Arattanı
Enmerkarın himayəsinə vermişdir. Lakin taleyini bir də yoxlamaq
üçün Enmerkara yeni tapmaca göndərdi. O, bu dəfə nə qara, nə ağ,
nə sarı və s. rəngli olmayan it göndərməsini təklif etdi. Enmerkar
isə qasidə yeni tapşırıq verib Aratta hökmdarına nə qara, nə ağ, nə
sarı və s. rəngli olmayan geyim paltarı istəyir, eyni zamanda
Aratta hökmdarını hədələyir: «... şəhər əhalisini vəhşi göyərçinlər
kimi ağacdan qovaram, özünü məhv edərəm, (külünü) yelə
|