DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic



Yüklə 2,65 Mb.
səhifə19/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
d book huquq 23504


253. Beynəlxalq maliyyə təşkilatlarının qətnamələri müvafiq təşkilata üzv olan publik qurumlar arasında maliyyə sferasında yaranan münasibətləri tənzimləyən, eləcə də müxtəlif maliyyə qaydaları müəyyən edən və məcburi hüquqi qüvvə kəsb etməyən “yumşaq hüquq” normalarını özündə əks etdirən aktlardır. Buna baxmayaraq müasir dövrdə beynəlxalq maliyyə sistemində beynəlxalq maliyyə qurumlarının artan rolu onların qəbul etdiyi qətnamələrə məcburilik xarakteri verməkdədir. Buna misal olaraq Beynəlxalq Valyuta Fondunun qəbul etdiyi qətnamələrin tədricən dövlətlər üçün məcburi xarakter daşıması qeyd edilməlidir. Məhz Fondun qəbul etdiyi qətnamələr Beynəlxalq Valyuta Fondu “hüququnu” formalaşdırmışdır ki, bu da beynəlxalq maliyyə sistemində “dövlətüstü” hüquq sistemi kimi tanınmaqdadır.

Müvafiq hüquq münasibətlərinin kompleks xarakteri onun subyektiv tərkibindən asılı olduğundan, başqa sözlə, beynəlxalq maliyyə münasibətlərinin ümumi və xüsusi şəxslərarası səviyyədə mövcud olması beynəlxalq maliyyə sisteminin beynəlxalq hüquqi tənzimlənməsinə də təsir etmiş, beynəlxalq ümumi hüquq normaları ilə yanaşı transmilli hüquq qaydasını, xüsusəndə, beynəlxalq bank, maliyyə sindikatlarının praktikası nəticəsində avrobondaların, avroobliqasiyanın xüsusi valyuta, maliyyə bazarını meydana gətirmişdir.



254. Beynəlxalq maliyyə hüququnun publik şəxsləri olan dövlətlərin beynəlxalq maliyyə hüquq subyektliyi universal xarakter daşıyır. Lakin bütövlükdə beynəlxalq iqtisadi sferada olduğu kimi dövlətlərin beynəlxalq maliyyə sistemindəki mövqeyində də həm de fakto, həm də de jure qeyri-bərabərlik mövcuddu. Bu qeyri-bərabərlik özünü dövlətlərin tədiyyə balanslarının fərqli vəziyyətində, dövlətlərin beynəlxalq maliyyə təşkilatlarında səsvermə imkanlarının həmin təşkilatların nizamnamə kapitalındakı kvotalarında təzahür edir. Yəni iqdisadi imkanları geniş olan dövlətlərin müvafiq təşkilatlarda səslərinin daha çox olması onlara imkan verir ki, təşkilatın fəaliyyətinə həlledici təsir göstərsinlər. Bu da qeyri-formal bərabərliyi rəsmiləşdirir.

255. Dövlətlərlə yanaşı beynəlxalq maliyyə təşkilatları (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və s.), həmçinin xüsusi şəxslər də beynəlxalq maliyyə münasibətlərinin tənzimlənməsində iştirak edirlər. İqtisadi inteqrasiyanın sürətlə inkişaf etdiyi dövrdə dövlətlər beynəlxalq maliyyə münasibətlərinin həyata keçirilməsində xüsusi şəxslərin fəaliyyətini təşviq edirlər. Xüsusi şəxslərin iştirak etdiyi xüsusi hüquq münasibətləri bir çox hallarda öz inkişafına və həcminə görə publik səviyyəyə yüksəlir. Beynəlxalq maliyyə münasibətlərində iştirak edən xüsusi qurumlar kimi

- beynəlxalq banklar, bank birlikləri (sindikatlar);

- beynəlxalq birjalar;

- beynəlxalq fondlar;

- azad valyuta- maliyyə zonaları;

-beynəlxalq maliyyə- kredit təşkilatları çıxış edirlər.


8.4. Tədiyyə balansının tarazlaşdırılmasının

beynəlxalq hüquq tənzimlənməsi
256. Beynəlxalq maliyyə münasibətləri sahəsində dövlətlər arasında mövcud olan əsas problemlərdən biri də tədiyyə balanslarının tarazlaşdırmasının təmin edilməsidir. Dövlətlərarası ödəmələrin və digər maliyyə əməliyyatlarının vəziyyəti dövlətlərin tədiyyə balanslarında öz əksini tapır.Dövlətlərin tədiyyə balansına təsir edən amillər sırasına - əmtəələrin və xidmətlərin ixracına daxil olan ödəmələr, xarici turistlərəgöstərilən xidmətlərə görə ödəmələr, xarici müəsisələrin nizamnamə kapitalında olan səhmlərdən gələn dividendlər, xaricdə fəaliyyət göstərən milli müəsisələrdən gələn gəlirlər, xarici investisiyalar, humanitar yardımlar, uzunmüddətli və qısamüddətli dövlət borcları aiddir.

Tədiyyə balansının müxtəlif faktorlardan, o cümlədən, dövlətlərin fərqli iqtisadi inkişafından asılılığı tədiyyə balanslarının qeyri-bərabərvəziyyətə düşməsinə gətirib çixarır. Əgər bir dövlətdə əmtəələrin və xidmətlərin idxalı ixracından üstündürsə tədiyyə balansında mənfi saldo yaranır. Bu halda daxildə xarici valyuta çatışmazlığı yarandığından, dövlət özünün ehtiyat valyutasından istifadə edir, valyuta bazarlarından xaricə valyuta alır və xarici investisiyaların ölkəyə cəlb olunması üçün fəal tədbirlər görür. Müvafiq tədbirlər daxili bazarda xarici valyutanın qiymətinin qalxmasına, milli valyutanın, ixrac olunan əmtəələrin qiymətlərinin düşməsinə səbəb olur. Bunun nəticəsində ixracın miqyası genişlənir.



257. Əmtəə və xidmətlərin ixracının idxal üzərində üstünlüyü dövlətin tədiyyə balansında müsbət saldo formalaşdırır. Qeyd olunan vəziyyətdə isə xarici valyutanın qiyməti düşür və dövlət onu ehtiyyat formasında saxlayır. Daxili bazarda əmtəələrin, xidmətlərin qiymətinin qalxması ilə ixracın səviyyəsi aşağı düşür. Dövlətin iqdisadi bağlılığı onların tədiyyə balansları ilə əlaqədardır. Bir qayda olaraq bir ölkənın tədiyyə balansındakı mənfi saldo digərindən müsbət saldonu şərtləndirir. Ümumiyyətlə, istər mənfi, istərsə də müsbət saldonun mövcud olması tədiyyə balansında tarazlığı pozur və malların, xidmətlərin, kapitalın idxal və ixracında qeyri-bərabərlik yaradır. Tədiyyə balanslarında olan böyük fərqlər dövlətin iqtisadiyyatına, bütövlükdə iqtisadi sistemə mənfi təsir göstərir. Bunun nəticəsində isə maliyyə böhranının yaranması ilə beynəlxalq iqdisadi təhlükəsizlik pozulmuş olur. Buna görə də, beynəlxalq maliyyə sistemini tənzim edən beynəlxalq hüquq normaları dövlətlərin fərqli iqtisadi inkişaf səviyyəsini beynəlxalq maliyyə, ticarət institutları çərçivəsində maksimum uzlaşdırmağa yönəlməlidir.

258. Tədiyyə balansında kəsirin qarşısını almaq üçün dövlətlər ya bazar, ya da inzibati mexanizmlərdən istifadə edirlər. Bazar mexanizmi milli valyutanın dəyərinin tənzimlənməsində dövlət müdaxiləsi olmadan, valyutanın yalnız bazarda mövcud olan tələb və təklif qanunu ilə nizamlamasında ifadə edilir. İnzibati medodlar sırasına isə milli valyutanın devalvasiyası və revalivasiyası aiddir. Milli valyutanın devalvasiyası zamanı dövlət milli valyutanın əsaslandığı tədbirləri genişləndirir. Bu üsuldan passiv tədiyyə balansına malik ölkələr istifadə edir. Devalvasiya bir tərəfdən, xarici əmtəələrin qiymətinin artması ilə idxalın məhdudlaşdırılmasına səbəb olursa, digər tərəfdən, milli əmtəələrin qiymətini azaltdığından ixracı stimullaşdırır. Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı dövlətlər üçün rəqabət edən devalivasiya yol verməmək kimi öhtəlik müəyyən edir. Hər hansı bir dövlət devalasiyadan valyuta dempinqi kimi istifadə etməmək üçün bütün valyutalara münasibətdə stabil dəyişmə kursu nəzərdə tutmalıdır. Təsadüfi düyil ki, Beynəlxalq Valyuta Fondunun Nizamnaməsi rəqabət edən devalvasiyanı qadağan edən qaydaya (4a bölməsi, m.I,III,IV ) malikdir.Müvafiq qaydaya görə dövlətlər özlərinin əmtəələri üçün ixrac stimulu kimi rəqabət edən devalvasiyadan tutulan faiz dərəcəsini beynəlxalq ticarətdə azad rəqabəti poza biləcək səviyyədə tətbiq etməməlidir. İnzibati xarakterli vasitələrdən revalvasiya zamanı isə dövlət valyutanın arxasında duran qızıl ehtiyatlarının dəyərini aşağı salır ki, milli valyutanın qiyməti xarici valyutalara nisbətdə aşağıda düşsün və onun mövqeyi daxili bazarda möhkəmlənməsi. Qeyd olunduğu kimi, dövlətlər bu metodlardan istifadədən çəkinməlidirlər. Milli valyutanın devalvasiya vərevalvasiyası ancaq Beynəlxalq Valyuta Fondunun icazəsi və nəzarəti altında keçirilə bilər. Belə ki, qeyd olunan problem ayrı-ayrı dövlətlərin tədiyyə balansına təsir etməklə beynəlxalq xarakter daşıyır və beynəlxalq içtimaiyyət bu sahədə dövlətüstü hüquqi tənzimləmənin mövcud olmasında maraqlıdır.

259. Beləliklə, beynəlxalq maliyyə hüququ tədiyyə balanslarında yaranan qeyri-bərabərliyin qarşısını almaq üçün dövlətlərin YBİQ-yə uyğun olaraq bir-biri ilə fəal sürətdə iqtisadi əməkdaşlığını, tədiyyə balanslarında kəsir yaranan dövlətlərə maliyyə yardımları göstərməyi, xarici iqdisadi fəaliyyətlərində digər dövlətlərin də maraqlarını nəzərə almağı tələb edir. Əks təqdirdə maliyyə böhranları, beynəlxalq iqdisadi təhlükəsizliyin pozulması qaçılmazdır.

8.5. Beynəlxalq borc hüququ
260. Dövlətlərin faktiki qeyri-bərabər iqdisadi vəziyyəti inkişaf etməkdə olan dövlətlərə maliyyə institutları tərəfindən borc vermək, yardım etmək institutunu meydana gətirmişdir. Beynəlxalq maliyyə hüququnun bu institu beynəlxalq kredit hüququ liə, eləcə də, beynəlxalq iqdisadi hüququn yarımsahəsi olan iqdisadi yardım hüququ ilə sıx bağlıdır.

Beynəlxalq borc hüququ dövlətlərə bor kapitalının verilməsi, eləcədə dövlətlər tərəfindən borc öhtəliklərinin yerinə yetirilməsi ilə bağlı yaranan hüquq münasibətlərini tənzim edən beynəlxalq hüquq norma və prinsiplərinin məcmuu kimi təzahür edir.

Beynəlxalq borc hüququ iki qrup münasibətləri


  • ayrı-ayrı dövlətlərə borc verilməsi;

  • dövlətlərin borc öhtəliklərinin yerinə yetirilməsi ilə bağlı münasibətləri tənzim

edir.

Müvafiq institut əsasən adət xarakterli normalarla, həmçinin “yumşaq hüquqa” əsaslanan dövlətüstü mexanizmlərlə (Beynəlxalq Valyuta Fondunun hüququ ilə) reqlamentləşdirilir. Bu halda, konvension normalar da istisna edilmir. Xüsusən də, Borclar haqqında Baş Saziş (1962), Borclar haqqında Yeni Saziş qeyd edilə bilər.Beynəlxalq borc hüququnun formalaşmasına sırasına bir sıra tarixi amillər səbəb olmuşdur. XX əsrin 70-ci illərində beynəlxalq iqdisadi təhlükəsizliyin pozulduğu dövrdən başlayaraq ölkələrin əksəriyyəti tədiyyə balanslarında yaranan kəsiri aradan qaldırmaq üçün digər dövlətlərdən borc götürmək məcburiyyətində qalmışlar.



261. Dünya neft bazarında neftin qiymətinin kəskin artması nəticəsində enerji təhlükəsizliyinin pozulması Beynəlxalq Valyuta Fondu tərəfindən yeni tədbirlərin görülməsinin zəruri etmişdir. Müvafiq böhran nəticəsində tədiyyə balanslarında kəsiri yaranmış dövlətlərə borc vermək üçün Fondu üzünün (varlı üzvlərindən), sənayecə inkişaf etmiş və iri neft ixracatcısı olan dövlətlərdən (məsələn, Səudiyyə rəbistanı borc götürür).

Maliyyə vəziyyəti üçün Fond 1961-ci ildən borcvermə sistemini təsis etmişdir. Bu sistemin əsasını isə daha çox yüksək ödəmə qabiliyyətli dövlətlərin borcvermə mexanizmini təsbit edən 1961-ci il Borclar haqqında Baş Saziş təşkil edir. Bu və ya digər dövlətə borc verilərkən üzvlərin nəzarəti təmin edilməlidir. Səsvermə isə Saziş müvafiq olaraq həmin sazişdə iştirak edən dövlətlərin üzvlük haqqında uyğun həyata keçirilir. Bu halda Fonddakı kvota nəzərə alınmır. Nəticə etibarilə borcvermə prosedurası ABŞ-a deyil, daha çox üzvülük haqqı verən Avropa və Yaponiyanın nəzarətindədir. Hərgah Borclar haqqında yeni (1997) Sazişə görə ABŞ-ın üzvlük haqqı daha yüksəkdir (6 mln. 712 SDR).

Borclar haqqında yeni Saziş qüvvəyə mindikdən sonra 5-il müddətində fəaliyyət göstərməli, həmin müddət bitdikdən sonra Saziş iştirakçıları ilə Fondun qarşılıqlı razılığı əsasında yenidən həmin müddətə uzadılır. Sazişin məqsədini beynəlxalq valyuta sistemində baş verə biləcək böhranlara qarşı preventiv tədbirlərin tətbiqi təşkil edir. Sazişin hazırlanması da 1995-ci il Mərkəzi Amerikada (Meksikada), daha sonra 1997-ci ildə Asiyada (İndoneziyada, Cənubi Koreyada, Tailandda və s.) baş vermiş valyuta-maliyyə böhranına, həmin ölkələrdən kapitalın sürətli çıxarılmasına təsadüf etmişdir. Borc Fond tərəfindən üzv dövlətlərdən müəyyən faizlə, 5 ildən artıq olmayan müddətə götürülür.

262. Bir sıra dövlətlər borcların verilməsi ilə bağlı xüsusi mexanizmlər formalaşdırmışlar. Xüsusən də, inkişaf etmiş dövlətlərin daxil olduğu Paris klubu, London klubu qeyd edilə bilər. Müvafiq kulublar kvazibeynəlxalq təşkilat olduğundan müvafiq nizamnaməyə və təşkilatı struktura malik deyillər. Əsas fəaliyyətləri Fonda üzv ölkələr ilə kredit müqavilələrinin imzalanması şərtlərini müəyyən etmək, borc vermək, borclu dövlətlərin təsnifatını aparmaq və onlarla bağlı müvafiq siyasət hazırlamağa yönəlir. London klubun da dövlətlərin kreditorları kimi xüsusi şəxslər fəal çıxış edirlər və Paris klubun dan fərqli olaraq qeyri-hökumət qurumudur.
8.6. Beynəlxalq bank hüququ
263. Beynəlxalq bank hüququ dövlətlər, eləcə də müxtəlif dövlətlərin xüsusi şəxslərin arasında və xüsusi şəxslərlə dövlət arasında yaranan hüsablaşma və ödəmələrin həyata keçirilməsi üsul və vasitələrini tənzimləyən norma və prinsiplər kimi təzahür edir.

Beynəlxalq bank hüququ dövlətlər, eləcə də müxtəlif yurisdiksiyalara məxsus fiziki və hüquqi şəxslər arasında yaranan valyuta-pul öhdəliklərinin icra edilməsi ilə bağlı beynəlxalq ödəmə və hesablaşmaları əhatə edir. Beynəlxalq bankların funksiyasına beynəlxalq ödəmələrin həyata keçirilməsi aid olduğu üçün müvafiq sferada bank hüququ əhəmiyyətli rol oynayır. Beynəlxalq kreditlərin, ödəmələrin həyata keçirilməsində əlverişli şərait yaratmaq məqsədilə banklar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətinin effekivliyini artırmaq üçün bir sıra beynəlxalq mexanizmlər təsis etmişlər. Bu mənada Nyu-York Banklararası Hesablaşma Sisteminin Klirinq Palatası (CHIPS), Lüksemburqda Sedal və s. qeyd edilməlidir. Hesablaşma mexanizmlərindən 1973-cü ildə 15 dövlətə mənsub 240 bankın iştirakı ilə Brüsseldə Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiyası Cəmiyyətinin (SWIFT) yaradılması haqqında Saziş imzalanıb. SWIFT iştirakçı bankların vəsaiti əsasında fəaliyyət göstərir.



264. Beynəlxalq hesablaşmalar müxləlif üsullarla – inkasso, akkreditiv, avans ödəmə, açıq hesab üzrə ödəmə ilə təmin edilə bilər. İnkasso-əmtəələrin çatdırılmasından və ya xidmətin göstərilməsindən sonra ödəməni həyata keçirən idxalçıdan müxbir bank vasitəsi ilə ixracçı müştərinin və ya kreditorun tapşırığı ilə ödəməni almaq üzrə bank əməliyyatıdır.

İnkasso ilə yanaşı beynəlxalq ticarət müəssisələrində akkreditiv hesablaşma üsulundan da geniş istifadə edilir. Akkrüditiv hesablaşma əmtəəni müşayiət edən sənədlərin (konosamentin, hesab-faktura, sığorta polisinin) müqabilində və müəyyən müddət, məbləğ çərçivəsində ixrac edənə idxal edənin tapşırığı əsasında ödəməni həyata keçirmək, ixracçı tərəfindən təqdim edilən trattanı akseptə etmək üzrə bankın öhdəliyinə əaslanır.



265. Beynəlxalq hesablaşmalar beynəlxalq bank təcrübəsinə, qayda və adət normalarına əsaslanır. Belə ki, inkasso üzrə hesablaşmalar Beynəlxalq Ticarət Palatası tərəfindən hələ 1936-cı ildə hazırlanan (hazırda 1978-ci il redaksiyasinda tətbiq edilən) İnkasso üzrə unifikasiya edilmiş qaydalarla tənzimlənir. Sənədli akkreditivlərlə hesablaşma isə yenə də Beynəlxalq Ticarət Palatasının 1933-cü ildə qəbul etdiyi (hazırda 1993-cü il redaksiyasında fəaliyyət göstərən ) Unifikasiya edilmiş qaydalar və adətlərlə tənzimlənir.

Beynəlxalq bankların fəaliyyətini tənzim edən müvafiq transmilli normalara banklar qoşulduqdan sonra həmin normalar məcburi xarakter kəsb edir.

Beynəlxalq maliyyə münasibətlərində ödəmə vasitələri qismində isə çeklər, veksellər, köçürmə vekselləri (tratta), kredit vəsiqələri, SWIFT sistemi üzrə ödəmə tapşırığı və s. çıxış edir.

Beynəlxalq maliyyə hesablaşmalarının və ödəmələrinin veksel və çeklə həyata keçirilməsi müəyyən beynəlxalq hüquqi aktlara, o cümlədən, Köçürülən və sadə veksellər haqqında 1930-cu il və Çeklər haqqında 1931-ci il Cenevrə Konvensiyalarına əsaslanır. 1988-ci ildə isə Beynəlxalq köçürülən veksellər və beynəlxalq sadə veksellər haqqında Nyu-York Konvensiyası və yenə də həmin ildə UNCITRAL-ın hazırladığı Beynəlxalq çeklər haqqında Konvensiya qəbul edilib. Qeyd edilən konvensiyalar müxləlif hüquq sistemli dövlətlərin qanunvericiliyinin unifikasiyasının təminatına yönəlib.


8.7. Beynəlxalq valyuta hüququ

266. Beynəlxalq maluyyə hüququnun tənzim etdiyi münasibətlərin tərkibində valyuta ilə bağlı münasibətlər daha mühüm yer tutduğuna görə bu hüquq sahəsi bəzən geniş mənada beynəlxalq maliyyə hüququ anlayışının sinonimi kimi işlədilir. Digər halda isə qeyd olunan anlayış beynəlxalq maliyyə hüququnun bir institutu kimi qəbul edilir. Sonuncu halda beynəlxalq valyuta hüququ – dövlətlər, eləcə də, müxtəlif dövlətlərə məxsus fiziki və hüquqi şəxslər arasında valyuta vasitələri üzrə əməliyyatların aparılması və bu sahədə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı beynəlxalq maliyyə hüququnun norma və prinsiplərinin sistemi kimi təzahür edir.

Valyuta əməliyyatları valyutaların, qiymətli kağızların alqı-satqısı, eləcə də kapitalın hərəkətinin digər formalarında həyata keçirilir. Dövlətlər bu sahədə xüsusi şəxslərin – birjalar, banklar, broker firmaları, investisiya və sığorta fondlarının iştirakına mühüm yer verdikləri üçün dünay valyuta bazarı da mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Dünyanın ən mühim bazarları kimi London, Nyu-York, Tokio, Paris, Sürix, Frankfurt-Mayn birjaları çıxış edir.

Yamayka valyuta sisteminə keçidlə bağlı dövlətlərə valyuta rejimlərinin seçilməsilə bağlı azadlığın verilməsi və sərbəst valyuta kursunun yaranması ilə, maliyyə bazarları mobil xarakter daşımağa başlamışdır. Müxtəlif valyuta rejimləri də dövlətlərin balanslaşdırılmamış valyuta siyasəti ilə bağlı maliyyə böhranlarını yaradırdı ki, bu da, öz növbəsində beynəlxalq iqtisadi qaydanı, beynəlxalq iqtisadi təhlükəsizliyi pozurdu. Qeyd olunan problemin beynəlxalq xarakteri beynəlxalq hüquqi tənzimetməni zəruri etmişdir.

Beynəlxalq maliyyə münasibətləri sferasında əsasən beynəlxalq valyuta münasibətləri sahəsində tam universal beynəlxalq hüquqi tənzimetmə mexanizmi fəaliyyət göstərir. Xüsusən də, beynəlxalq institusional mexaniz kimi Beynəlxalq Valyuta Fondu haqqında Sazişi qeyd etmək olar.


8.8. Beynəlxalq Valyuta Fondu
267. Beynəlxalıq Valyuta Fondu (İnternational Monetary Fund-İMF) formalaşdırılan ilk beynəlxalq maliyyə qurumudur. İkinci dünya müharibəsi gedişində müharibədən sonrakı beynəlxalq maliyyə sistemini formalaşdırmaq məqsədilə 1943-cü ildə 30 sənaye ölkəsinin beynəlxalq maliyyə məsələləri ilə bağlı Vaşinqton konfransı keçirilir. 1944-cü ildə isə Atlantik-Siti şəhərində (ABŞ) Birləşmiş Millətləin ekspertləri Beynəlxalq Valyuta Fondunun yaradılması barədə Bəyannamə imzalayırlar. Müvafiq iqtisadi birlik haqqında müqavilə isə ABŞ və Böyük Britaniyanın təşəbbüsü ilə 1944-cü il ABŞ-ın Bretton-Vuds şəhərində 55 dövlətin iştirakı ilə keçirilən Birləşmiş Millətlər Təşkilatının maliyyə və valyuta konfransında imzalanır. Bretton-Vuds konfransında müharibədən sonrakı beynəlxalq iqtisadi sistemin qurulması, yeni ödəniş və hesablaşma sisteminin formlaşdırılması, azad ticarətin inkişafı, iqtisadi çətinliklərlə üzləşən dövlətlərə maliyyə yardımlarının verilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilir. Konfransda qəbul edilmiş Beynəlxalq Valyuta Fondu haqqında, həmçinin Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı haqqında hər iki saziş 1945-ci ildə qüvvəyə minir.

Hər iki qurum rəsmi olaraq 1947-ci ildən etibarən öz fəaliyyətlərinə başlamışdır. Beynəlxalq iqtisadi sistemin praqnozlaşdırılması baxımından IMF-nın məqsədləri mühüm əhəmiyyət kəsb edir.



268. Müqavilə 30 maddədən ibarətdir və dövrümüzə qədər ona üç dəyişiklik edilmişdir.

I maddədə IMF-nın məqsədləri əks olunub. Qurumun əsas məqsədlərini dövlətlərin tədiyyə balanslarında yaranan problemlərin qarşısını almaq, beynəlxalq ticarəti genişləndirmək, stabilliyi saxlamaq və s. kimi məsələlər;

II maddədə dövlətlərin üzvlüyü ilə bağlı məsələlər;

IV maddədə valyuta münasibətləri sferasında Fondun üzv dövlətlərinin valyuta kursu rejiminə nəzarət;

V maddədə Fondun apardığı maliyyə əməliyyatlarının və müqavilələri, öhdəlikləri sistematik pozan dövlətlərin üzvlükdə məhrum edilməsi;

VI maddədə kapital köçürmələri ilə bağlı məsələlər;

VII maddədə valyuta ehtiyyatları və kəsiri ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi;

VIII maddədə cari əməliyyatlarla üzv dövlətlərin Fond qarşısında öhdəlikləri;

XII maddədə fondun təşkilati idarəçiliyi təsbit olunur. Bu maddədə İdarəetmə Şurası və onun səlahiyyətləri, İcarəedici Direktoratın formalaşdırmasının ümumi şərtləri, Direktoratın səlahiyyətləri, eləcə də Fondun orqanlarında səsvermə məsələləri əks olunub. Yenə də həmin maddədə dövlətlərin maliyyə və valyuta sistemlərinin vəziyyəti ilə bağlı mütəmadi məlumat vermək öhdəliyi də öz əksini tapıb;

XV – XVIII maddələrdə SDR sistemi və onun fəaliyyyəti Fondun öz öhdəliklərini yerinə yetirməyən ölkələrə kreditlərin dayandırılması ilə bağlı müddəalar əks olunub;

XXVI maddədə dövlətin üzvlükdən çıxmaq hüququ;

XXVIII maddədə isə təsis müqavilələrinə dəyişiklik etmək qaydaları təsbit olunur;

XXIX maddədə Fond haqqında müqavilənin təfsiri ilə bağlı məsələlərə həsr olunmuş, XXX maddədə isə müqavilədə işlədilən terminlərin anlayışı verilmişdir.

269. Fondun təsis müqaviləsi beynəlxalq valyuta sistemindəki dəyişiklikləri maksimum dərəcədə nəzərə almağa yönəlib.

Təsis müqaviləsinə ilk əlavə və dəyişikliklər SDR-in təqdimatı ilə bağlı olub və 1968-ci ildə İdarəetmə Şurasının Rio-de-Janeyro konfransında təsdiqlənib.

İkinci əlavə və dəyişikliklər 1978-ci ildə Yamayka (Kinqston) “sərbəst” valyuta sisteminə keçidlə bağlı olaraq valyuta kursunun müstəqil olaraq seçilməsi və SDR-in fəaliyyətinin tənzimlənməsi ilə bağlı olmuşdur.

Üçüncü əlavə isə 1992-ci ildə qüvvəyə minmişdir. Əlavəyə görə İcraedici Direktorata öhdəliyi yerinə yetirməyən üzv dövləti səsvermə və onunla bağlı digər hüquqlardan məhrum etmək hüququ verilir.


8.9. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
270. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İnternational Bank for Reconstruction and Development - İBRD) əsasən Dünya Bankı adı ilə tanınır və Bankdan üzvlük IMF-də üzvlüklə şərtləndirilib.

IBRD-nın məqsədləri təsis müqaviləsinin I maddəsində növbəti qaydada ifadə edilib:



  • üzv dövlətlər üçün borc-kreditvermə mexanizmini təkmilləşdirmək;

  • üzv dövlətlərdə keçirilən iqtisadi islahatlara yardım etmək;

  • üzv dövlətlərdə xarici investisiyaları təşviq etmək və sərmayənin çatışmadığı hallarda onu tamamlamaq;

  • şirkətlərin maliyyəyə olan ehtiyacını ödəməkdə onlara yardım göstərmək.

IBRD bərpaetmə, məqsədli və struktur dəyişikliyi üzrə proqramların realizəsi üşün 15ilə və daha çox müddətə aşağı faiz dərəcələri ilə kreditlər verir. IBRD-nin təsis müqaviləsi bu quruma xüsusi şəxsləri maliyyələşdirməyə icazə vermədiyindən Bank yeni təşkilati hüquqi tədbirlər görməli olmuşdur. Nəticədə müxtəlif vaxtlarda 3 beynəlxalq maliyyə qurumu – Beynəlxalq Maliyyə Korporasiyasının; Beynəlxalq İnkişaf Assosasiyası; İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik təsis edilir. IBRD və qeyd olunan 3 maliyyə qurumu Dünya Bank Qrupunu formalaşdırır.

271. Beynəlxalq Maliyyə Korparasiyanın (İnternational Finance Corparation-IFC) yaradılmasında əsas məqsəd inkişafda olan ölkələrin özəl sektoruna kreditlər verməkdir. Qrumun yaradılması ilə bağlı məsələ ECOSOC-un bir neçə sessiyasında müzakirə olunmuş və 1954-ci ildə BMT-nin Baş Məclisi IX sessiyasında qəbul edilən qətnamə ilə IBRD-yə Beynəlxalq Maliyyə Korparasiyanın yaradılması haqqında sazişin hazırlanması və Banka üzv dövlətlərə təqdim olunması barədə tapşırıq verilir. 1955-ci ildə IMF və IBRD-nin İstanbulda keçirilən sessiyasında Beynəlxalq Maliyyə Korporasiyasının IBRD-nin filialı kimi yaradılması haqqında qərar qəbul edilir. Beynəlxalq Maliyyə Korporasiyası haqqında müqavilə 1956-cı ildə qüvvəyə minmiş və 1957-ci ildən BMT-nin ixtisaslaşdırılmış təsisatı statusu əldə etmişdir.

Qurum kreditləşmə sahəsində mühüm səlahiyyətlərə malikdir. Əsasən orta və

uzunmüddətli kreditlər verir. IFC-nin əsas məqsədi aşağıdakılardır:


  • investisiya imkanlarını təhlil edərək milli və xarici kapitallı sahibkarların əməkdaşlığına nail olmaq;

  • iqtisadi çətinlikləri olan özəl sərmayəli qurumlara üzv-dövlətin zəmanəti olmadan maliyyə yardımı göstərmək;

  • milli və xarici şirkətləri üzv-dövlətlərdə səmərəli investisiya qoyuluşunu təşviq etmək.

Beynəlxalq Maliyyə Korporasiyası kommersiya maraqlarına uyğun fəaliyyət göstərir. Təşkliatın maliyyə mənbəyini üzv-dövlətlərin üzvlük haqları, IBRD-də və beynəlxalq maliyyə bazarlarında verilən kreditlər və s. təşkil edir.


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin