Etik və estetik söhbət (müsahibə)biliklərin sistematik və ardıcıl müzakirəsidir. Bu metodun predmetini daha çox əxlaqi və estetik problemlər təşkil edir. Belə söhbətlərin məqsədi bilikləri ümumiləşdirmək və estetik əqidələr sistemi formalaşdırmaqdır. Planlı söhbətlər qabaqcadan nəzərdə tutulur, onları aparmaq üçün hazırlıq görülür. Plansız söhbətlər kortəbii şəkildə meydana gəlir. Planlı etik və estetik söhbətlərin mövzuları tərbiyə prosesinin ümumi məzmununu, şagirdlərin tərbiyəlilik səviyyəsini və yaşını nəzərə almaqla müəyyən olunur. Söhbət üçün ədəbiyyat tövsiyə edilir, həyatdan faktlar, nümunələr seçilir.
Aparıcı giriş sözü söyləyir, sonra iştirakçıların qarşısında suallar qoyur, onların fəallığını stimullaşdırır. Burada müxtəlif fikirlər dinlənilir, çıxışlara qiymət verilir, əlavələr edilir, düzəlişlər aparılır. Sonda isə fikirlər ümumiləşdirilir və söhbət yekunlaşdırılır.