Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir.
Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesitərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.
Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyəçi, digəri isə tərbiyə olunandır. Hər ikisi fəaldır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib yetişdirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi sifətlər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möhkəmləndirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tərbiyəçinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır.
Beləliklə, tərbiyəprosesi tərbiyəçi ilə tərbiyə olunan arasında yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qarşılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin prosesdə bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.
Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti - şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, estetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti formalaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına istiqamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.