5. Peşəyönümündə məktəblilərin yaş xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Təlim və tərbiyə üçün xarakterik olan bu prinsipin peşəyönümü işində nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Hər yaş dövrü insan şəxsiyyətində özünəməxsus xüsusiyyətlərlə müşayiət olunduğundan peşəyönümü işində bunları nəzərə almadan heç bir müvəffəqiyyətə nail olmaq olmaz. Psixologiya və fizioligiya elmləri sübut edir ki, məktəbli şəxsiyyətində hər bir yaş dövrü müxtəlif üzvlərin və onların funksiyalarının yetkinləşməsi ilə xarakterik olur. Buna görə də ayrı-ayrı yaş dövrlərində müəyyən fəaliyyət növləri daha qabarıq formada nəzərə çarpır. Bu məsələ peşələrə olan münasibətlərdə də özünü aydın şəkildə göstərir. Bununla əlaqədar olaraq məktəbdə təşkil edilən peşəyönümü işi özünün məqsədi, məzmunu, formaları və üsulları ilə məktəblilərin yaş dövrlərinin xüsusiyyətlərini və dinamik inkişafını nəzərə almaqla aparılmalıdır. Müəllim kiçik yaşlı məktəblilərin peşə maraq və münasibətlərinin keçici, dəyişkən olmasını, yeniyetmələrin peşələrin romantikasına daha çox maraq göstərməsini, müəyyən sahə üzrə bacarıq və qabiliyyətlərinin tam formalaşmamasını, gənclərin isə peşə seçməyə daha realist, bəzən praqmatik movqedən yanaşmasını və artıq bacarıq və qabiliyyətlərinin qabarıq şəkildə üzə cıxmasını, bu sahədə ozünütərbiyə meylinin güclənməsini yaddan cıxarmamalı, peşəyönümü işində hər bir yaş dövründə nəyə istinad etməyi, nəyə əsaslanmağı bilməlidir.