6. Peşəyönümü işində şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması prinsipi.
Peşəyönümü işində heç də az əhəmiyyət kəsb etməyən bu prinsip hər bir şagirdin fərdi xüsusiyyətlərini -maraqlarını, temperamentini, bacarığını, qabiliyyətlərini və digər bir sıra psixoloji xüsusiyyətlərini nəzərə almağı tələb edir. Burada ən əvvəl hər bir şagirdin psixoloji, intellektual, fiziki və mənəvi inkişaf səviyyəsi, maraqların qabiliyyətlərə müvafiqlik səviyyəsi və şəxsiyyətin digər xarakterik cizgiləri nəzərə alınmalıdır. Hər bir şagirdin öz səviy-yəsinə, gücünə, qabiliyyətinə müvafiq peşə seçməsi üçün bu prinsipə ciddi riayət olunmalı və peşəyönümü işinin diferensial şəkildə, fərdi xüsusiyyətləri nəzərə almaqla aparılmasına nail olunmalıdır.
7. Peşəyönümü işinin diferensiallaşdırılması prinsipi.
Şagirdlərin peşə seçməyə hazırlanması işində diferensiallaşdırma prinsipini əldə rəhbər tutmaq və belə iş üsullarından hərtərəfli şəkildə istifadə etmək müasir dövrdə peşəyönümü probleminin həllində olduqca mühüm əhəmiyyət kəsb edir. Buna görə də onun bir prinsip kimi irəli sürülməsi müasir dövrdə peşəyönümü işinin elmi şəkildə həll edilməsində əsaslı yer tutur. Bu da səbəbsiz deyildir. Məlum olduğu kimi, hər bir şagirdin özünəməxsus fərdi psixoloji xüsusiyyətləri, inkişaf səviyyələri vardır. Bununla əlaqədar olaraq onların həyat planları, peşə, sənət, ixtisas yönümlərində də müxtəliflik vardır. Belə olduğu təqdirdə bu işin hər bir şagirdin psixofizioloji xüsusiyyətlərinə müvafiq diferensial şəkildə aparılmasına ehtiyac yaranır.
Dostları ilə paylaş: |