4.1.1. Suffədə təhsil
Peyğəmbərliyin dördüncü ilində Həz. Peyğəmbər(s) vəhyləri açıq-aşkar şəkildə təbliğə başladı. Məhəmməd Peyğəmbər (s) istər məkkəliləri, istərsə də ətrafındakıları, açıq-aşkar islama çağırmağa başladı. İslamda geniş şəkildə öyrənmə, təlim prosesi başlandı. Çünki İslam təkçə müəyyən bir qrup, zümrə üçün olmayıb, əhalinin bütün təbəqələri üçün olduğundan əhali kütləvi şəkildə oxuyub, öyrənirdi. Hər kəs elmi, ədəbi, əməli bir başqasına öyrədirdi. Çünki bilənin bilməyənə öyrətməsi islamda savab iş sayılırdı. İslamın ilk dövrlərində elm, bilik, təlim almaq yeri əsasən bilikli adamların evləri idi.
Məhəmməd Peyğəmbərin (s) Mədinəyə Hicrəti (622) məktəb təlimi sistemində yeni bir dövr açdı. Oxumaq istəyən müsəlmanların sayı çoxaldı. Bu müsəlmanların ibadəti və təhsil alması üçün geniş bir yerin olması zərurətini tələb edirdi. Həzrəti Peyğəmbər (s) Mədinəyə ayaq basar-basmaz müsəlmanların günlük namazlarının qılınması və İslami biliklərin tədris edilməsi üçün kərpicdən bir məscid inşa etdirdi, ki buna “Məscidi – Nəbi” deyildi. (Peyğəmbərə (s) məxsus məscid). Bu məsciddə namazların qılınması üçün böyük bir otaq, Peyğəmbərin ailəsi üçün bir otaq və məscidin nəzdində təlim almaq, oxuyub-öyrənmək üçün bir guşə, bugünkü dillə desək məktəb yaradıldı. Beləliklə, Məscidi-Nəbidə camaat bura toplaşır, söhbət edir, Allaha dua edir, ibadət edir və maariflənirdilər.
Məscidi-Nəbinin arxasında qiblə divarı üzərində kölgəlik yaradılmışdır. Bu kölgəlik yerə “Suffə” deyilirdi. Suffədə - açıq havada, kölgəlikdə təhsil almaq daha rahat idi. Beləliklə Suffə İslamın ilk kollektiv oxuyub, yazma yeri hesab edilirdi. Peyğəmbərimiz (s) “Suffə”də bilavasitə dərs vermişdir. Bununla bərabər Quranı tədris etmək, oxuma və yazma sənətini öyrətmək məqsədiylə Suffəyə bir çox bilikli adamlar, tədrislə məşğul olanlar cəlb olunmuşdu. Məhəmməd Peyğəmbər (s) onları “Əshabi- Suffə” (yəni məscidin kölgəliyinə toplaşan dostlar) adlandırırdı. Bunlar yetişkin, təcrübəli, bilikli müəllimlər idilər.
Suffədə 400-ə yaxın gəlib-gedən, 80 nəfərə qədər isə daimi yaşayan tələbə oxuyurdu. Artıq Suffənin qurulması ilə islam təlimi yeni bir forma almış, gərgin təhsil həyatı başlamışdı. Beləliklə, deyə bilərik ki, ilk “kollektiv təhsil”in təməli elə burada qoyulmuşdur. Suffə özündən bir neçə əsr sonra Avropada və başqa ölkələrdə kollektiv halda yaranan məktəblər üçün bir model olmuşdur. Suffə davamlı şagird tərkibi olan bir məktəb idi. Suffədə təlim - tərbiyə işlərinə, nizam intizama, təmizliyə ciddi fikir verilirdi.
Suffədə oxuyanlar əsasən kasıb və yoxsul adamlar idilər. Onların ən yaxşı yeməkləri xurma idi. Peyğəmbərimiz (s) hər iki adama gündə bir ovuc xurma verirdi. Suffədə oxuyan uşaqlar müəyyən işlərdə çalışmaqla özlərini maddi cəhətdən təmin edirdilər. Peşəsi olan şagirdlərin yaşayışı daha yaxşı idi. İşləyə bilməyənlər möhtac olduqları, ac olduqları halda heç vaxt dilənməzdilər. Könlü, gözü tox idilər. Məscidə sədəqə üçün verilənləri Həz. Peyğəmbər (s) onlara paylayır bir qismini özü götürür, bir qismini də yoxsulların evinə göndərirdi. Bir çox hallarda Suffədə təlim görən müsəlmanların xüsusi məsrəflərini də zəngin müsəlmanlar qarşılayırdılıar. Bu nümunə daha sonralar təlim-tərbiyə ilə bağlı vəqflərin yaranmasına səbəb oldu. Çox çətin şərtlərə baxmayaraq səhabələr də suffə əhlinə əllərindən gələn yardımı edir, onlara maddi və mənəvi kömək göstərirdilər.
Suffədə qadına da xüsusi yer ayrılırdı. Allahın elçisi “Elm qadın, kişi - hər müsəlmana fərzdir” deyərkən kişi ilə qadını bərabər tuturdu. Bu cəhətdən suffədə həftədə bir dəfə qadınlar üçün də dərs keçilirdi.
Artıq Quran açıq-aşkar hər yerdə təlim edilir, oxuyub öyrənmək istəyənlərin sayı çoxalırdı.
Dostları ilə paylaş: |