4.1.2. Məscid və camilərdə təhsil
Məscidlər də islamın ilk dövrlərində ortaya çıxan təlim-tərbiyə mərkəzləri idilər. Məscid və camilərdə təlim bir qədər təkmil formada aparılırdı. (“cami” “cəm” olunan yer deməkdir. Bura məsciddən fərqli olaraq daha çox adam toplaşırdı).
İslamın fəth edildiyi yerlərdə, o cümlədən Azərbaycanda məscidlər sürətlə artır və məscidlərin təyinat dairəsi daha da genişlənirdi. Belə ki, məscid həm ibadət yeri, həm bilik alınan yer, həm müsafirxanə, həm də bir qərargah idi.
Səkkizinci əsrin əvvəllərində Azərbaycanda məscid şəbəkəsi yayılmağa başlamışdı. Məscidlərə toplanan əhaliyə Quran qiraət edilirdi. Fəqihlər (Hüquqşünaslar) müsəlmanların dini, ailə, mülki və digər işlərini tənzim edən qaydaları şərh edirdilər. Bütün bunlardan baş çıxarmaq üçün dinləyicilərin ibtidai savada malik olmaları, xüsusilə ərəb əlifbasını və ərəb dilini bilmələri zəruri idi. Bu hal məscidlərin nəzdində “məktəb” və ya “kuttab” adı altında ibtidai təhsil mərkəzləri icad edilməsinə səbəb oldu. Məscidlər o dövrdə müsəlmanların əsas maarif ocaqları idi. Məscid məktəblərində ərəb dilinin səs-hərf sistemi tədris edilirdi və Quran mətnləri əsasında ərəb dilinin öyrənilməsinə səy olunurdu. Ərəb xilafətinin tərkibində olan ölkə kimi Azərbaycanda da dövlət dili ərəb dili sayılırdı. Buna görə də məscid məktəblərində təlimin ərəb dilində aparılması və ərəb yazısının tətbiqi, islami prinsiplərə uyğun tədris məcburi idi.
Sonrakı dövrlərdə yeni yaradılan məscidlərdə xüsusi tədris yerləri də yaradılmağa başlandı. Məscid və camilərdə tələbələrin öyrənmələri üçün müəllimin ətrafma toplaşan yerə “Həlqə” deyilirdi. Tədris üsuluna da “Həlqeyi-tədris” deyilirdi. Həlqələr çox zaman müəllimin adı ilə adlanırdı. Artıq camilərdə təlim prosesi həlqələr şəklində həyata keçirilirdi. Bir müəllim məsciddə bir guşəyə çəkilir və ya bir sütunun dibində dərisini yerə sərər, bu yer də elə o müəllimin adıyla bilinərdi.
Məscid və ya camiyə girildiyində rəngarəng bir həyat görünürdü. Eyni məkanda namaz qılanlar, istirahət edənlər, söhbət edənlərlə bərabər dərs alanlar da var idi. Belə bir hal Azərbaycanın müxtəlif yerlərində mövcud idi.
Həlqədə 20 nəfərə qədər adam olurdu. Həlqədən çıxan hər bir müdavim Quranı əzbər öyrənə bilirdi. Cami və məscidlərdə Quran, Hədis, Fiqh kimi dini elmlər öyrədilməklə bərabər sosial həyatla bağlı elmlər də öyrədilirdi. Camilərdə tədris həlqələrində dərs verən alimin səsi və sual verən tələbələrin səsləri yüksəlir, müxtəlif həlqələrdən gələn səslər bir-birinə qarışırdı. Belə bir vəziyyət əslində ibadət məqsədiylə tikilən məscidlərdə sükunəti pozurdu. Məscid və camidə ibadət edənlərin səsi təhsil alanların səsinə qarışdıqda böyük gurultu meydana çıxırdı. Beləliklə məscidlərin həm ibadət, həm də tədris işi üçün fəaliyyəti mümkün olmayan hala gəlmişdi. İlk vaxtlar buna ehtiyac duyulsa da, sonralar məsciddə məktəb yaratmaq əlverişli sayılmadı və məktəblər məsciddən ayrılaraq ayrı və ya ona bitişik yerlərdə yaradılmağa başladı.
Dostları ilə paylaş: |