4.1.8.Azərbaycanda mədrəsələrin yaranması və inkişafı
Mədrəsələrin istər Şərq aləmində və istərsə də Azərbaycanda dəqiq nə vaxt, harada açılması barədə alimlərimiz bu barədə müxtəlif fikirlər söyləmiş, müxtəlif tarixlər göstərmişlər.
Mədrəsələr, əsasən böyük şəhərlərdə məscid və camilərin, vəqfi olan kompleks məqbərələrin, tarixi abidələrin, türbələrin nəzdində yaradılırdı. Mədrəsələrdə dini və dünyəvi elmlər (ərəb və fars dilləri, şəriət, ədəbiyyat, fəlsəfə, məntiq, psixologiya, astronomoya, coğrafiya, həndəsə, cəbr və s.) tədris edilirdi.
X əsrin ikinci yarısından etibarən bütün islam ölkələrindən, o cümlədən Azərbaycandan da bir çox ziyalılar, elm həvəskarları mədrəsə təhsili almaq üçün Bağdad mədrəsələrinə gedirdilər. Əl-Tiflisi, Əbül-Həsən İbn Harun əl-Zəncani kimi Azərbaycan alimləri vaxtilə Bağdad mədrəsələrində təhsil almış və sonra da bu şəhərdə qalıb çalışmışlar. Bundan əlavə 962-ci ildə Qahirə şəhərinin “Əzhər” adlı came məscidində təşkil olunmuş Əzhər mədrəsəsi də o zaman ümumislam ölkələri üçün əsas tədris ocağı olmuşdu.
XII əsrdə Azərbaycanda mədrəsə təhsili görmüş bir çox alim və ziyalıların, şairlərin adlarına rast gəlmək olur. Belə ki, Əbül Üla Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi böyük Azərbaycan mütəfəkkirləri mədrəsə təhsili görmüş və şöhrətlənmişlər. Belə bir tarixi həqiqətin mövcudluğu onu deməyə əsas verir ki, şübhəsiz XII əsrdə Azərbaycanın iri inkişaf etmiş, ticarət mərkəzləri olan, ipək yolu keçən şəhərlərdə mədrəsələr yaranıb fəaliyyət göstərmişdir. .
Naxçıvandakı məktəb və mədrəsələr, xüsusilə XII əsrdə Atabəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldənizin dövründə (hakimiyyəti 1136-1125) inşa edilən mədrəsələr Yaxın Şərqdə tanınmış və böyük şöhrət tapmışdır. Şəmsəddin Eldəniz ölkəsində məktəb və mədrəsələrin şəbəkəsini genişləndirmək üçün bir sıra tədbirlər həyata keçirmiş, məscid və camilər, məqbərə və türbələr, inşa etdirmişdir. Memar Əbubəkr Əcəmi Naxçıvaninin bu dövrdə yaratdığı və Yaxın Şərqdə şöhrət tapdığı memarlıq abidələri buna misaldır.
XII əsrdə Naxçıvanda ali təhsil verən iki mədrəsənin olması haqqında mənbələrdə məlumat vardır. Belə ki, Naxçıvan ərazisindən keçən böyük karvan yolları bu diyarda ən qədim zamanlardan etibarən Şərq və Qərb maarif və mədəniyyətinin inkişafına öz təsirini göstərmişdir. Hələ XII əsrdə Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda indiki mənada universitet statusuna malik olan iki mədrəsənin mövcud olması və bu mədrəsələrdə Şərq məktəb tipi prinsipləri ilə yanaşı, dünyəvi elmlərin - həndəsə, riyaziyyat, astronomiya, coğrafiya kimi fənlərin öyrədilməsi mənbələrdə göstərilmişdir.
Naxçıvanda XII əsrin məktəb və mədrəsələrinin tarixinə dair, onların inkişafına dair dəyərli sənədlərdən biri “Təqrir-i tədris-i mədrəseyi Naxçıvan əz inşa mərhum Şəmsəddin Sahib-Divan” (“Mərhum Sahibi Divan Şəmsəddinin inşa etdirdiyi Naxçıvan mədrəsələrinin tədrisi təqdirinə dair”) adlı Fərmandır. Fərman Atabəylər dövründə Sultan Şəmsəddin Eldənizin Naxçıvanda inşa etdirdiyi mədrəsələr və onların bərpası haqqındadır. Bu mədrəsələrin tarixi Əcəmi yadigarları olan Mömünə Xatun (1186-cı il) və 1162-ci ildə inşa edilmiş Yusif İbn Küseyr türbəsinin tarixinə müvafiqdir. Buradakı mədrəsələr bu abidələr kompleksinə daxil olmuş və onların vəqfləri, gəliri hesabına maliyyələşmiş və öz fəaliyyətini qurmuşlar. Məlum olur ki, Şərqdə məktəb və mədrəsələrin bir çoxu məscidlər və məqbərələr yanında təşkil edildiyindən onların bütün xərcləri də məscid və ya məqbərənin vəqfləri hesabına ödənilirdi.
Bu Fərmanın əhəmiyyəti təkcə mədrəsə tarixinə dair məlumat almaqla bitmir. Burada mədrəsə həyatına dair dəyərli məlumatlar vardır. Belə ki, burada mədrəsənin quruluşu, təhsilin məzmunu, müdərris və tələbələrin vəzifələri göstərilməklə yanaşı ilk dəfə olaraq mədrəsədə “Ədəb qaydaları” haqqında məlumat verilir. Ədəb qaydalarında müdərrislər qarşısında xüsusi tələblər qoyulur və tələb olunan qaydalara ciddi əməl olunması göstərilir: “Müdərris tələbələrə ehtiramla yanaşmalı və onları öz ruhani oğlu hesab etməlidir”. Vaxtilə dahi çex pedaqoqu Y.A.Komenski də təxminən eyni formada belə demişdir: “Sən ata kimi hərəkət etmirsənsə, müəllim kimi fəaliyyət göstərə bilməzsən”.
Azərbaycanda məktəb və maarifin sürətlə inkişafı XII əsrin sonları, XIII əsrin əvvəllərində daha açıq - aydın özünü göstərir. XII əsrin sonlarından başlayaraq Azərbaycanda məktəb və mədrəsə təhsili nisbətən daha sürətlə inkişaf edirdi. İlk mənbələrdə XIII əsrin birinci 20 illiyində Təbriz, Marağa, Xoy, Səlmas, Urmiyə, Mərənd, Ərdəbil, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlərində mədrəsələrin olması haqqında məlumat verilir.
XIII əsrin əvvəllərində yaşamış böyük səyyah, alim Yaqut Həməvi “Mucəm əl-buldan” əsərində göstərir ki, Ərdəbildə bütün elmlər üzrə xeyli alimlər var idi. Demək xeyli alimləri olan bir şəhərdə mədrəsə olmaya bilməzdi.Yaqut Həməvi Təbriz, Xoy, Səlmas, Urmiya, Mərənd, Ərdəbil, Bərdə, Şirvan, Gəncə, Beyləqan, Naxçıvan, Bakı, Şəki şəhərlərindən danışarkən bu şəhərlərdə mədrəsələr, xanegahlar, ədiblər, şairlər, mühəddislər, fəqihlər olduğunu göstərmişdir.
XIII əsrin ikinci yarısında Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası buradakı mədrəsə Şərqin ən mühüm elm və tədris mərkəzi olmuşdur. Buranın zəngin kitabxanası olmuşdur ki, Bağdad, Şam, Musel və Xorasanda olan ən qiymətli kitablar Marağa kitabxanasına köçürülmüşdür. Burada Çindən, Hindistandan gəlmiş böyük alimlər çalışmışlar. Tusinin özü də Marağa mədrəsələrinin müəllimi kimi qiymətli elmi mühazirələr söyləmiş, onun yanına təhsil almaq üçün müxtəlif yerlərdən müdavimlər gəlmişdir ki, onların içərisində, görkəmli şair, söz ustası Hümam Təbrizi də (vəf.1314) olmuşdur.
XIII əsrin axırlarında Azərbaycanda Məhəmməd Qazan xan hakimiyyəti (1295-1304) olmuşdur. Qazan xan ölkəni dirçəltəmək və inkişaf etdirmək üçün ilk növbədə elmə, maarif və mədəniyyətə xüsusi diqqət və əhəmiyyət vermişdir. Ozünə baş vəzir dövrünün böyük alimi azərbaycanlı Fəzlullah Rəşidəddini (1248-1318) təyin etmişdir. Qazan xanın dövründə xeyli məscid, mədrəsə, xanegah və digər xeyriyyə müəssisələri tikilmişdir. Təbriz yaxınlığında Şam (Şənb) adlanan yerdə XIV əsrdə Qazan xanın təşəbbüsü ilə tikilmiş məktəb və mədrəsələri, uşaq bağçasını, rəsədxana, kitabxana, xəstəxananı, təsərrüfat müəssisələrini özündə cəmləşdirən “Əbvab-əl-Bərr” (“Xoşbəxtlik qapısı”) adı üə böyük elm -tədris mərkəzi, təhsil şəhərciyi yaradılmışdı, ki, buna “Rəşidəddin şəhristanı” (“Rəb`e Rəşidi”) deyilmişdir. “Rəb`e Rəşidi”də “Şafe” və “Hənəfiyyə” mədrəsəsi var idi ki, burada 450-dən çox müəllim 7000 tələbənin təhsili ilə məşğul olurdu. Bu mədrəsələrdə təlim məşğələləri və tərbiyə işləri Şafeyyə və Hənəfiyyə dini cərəyanlarına uyğun olaraq özlərinə məxsus metod və prinsiplərlə aparlırdı. Hər bir mədrəsənin ayrı-ayrı müdərrisləri, müəyyidləri (müdərrisin müavini), tələbələri, xidmətçiləri var idi. Burada elm və tədris işləri üzrə vəzifə tutanlar dövrün ən tanınmış alimləri idilər ki, onlara yüksək maaş verilir, onlar orada yaşayır və ciddi zərurət olmadan mədrəsəni tərk edə bilməzdilər. Ciddi nizam-intizam var idi. Heç bir səbəb dərs buraxılmasına əsas ola bilməzdi. Bu mədrəsəyə Çindən, Hindistandan, Türküstandan, ərəb ölkələrindən də müəllim və alimlər gəlirdilər. Məhz bü dövrdə Rəşidəddinin məşhur “Came ət-təvarix” əsəri də yazılmışdır.
Artıq XIII əsrin sonları və XIV əsrin əvvəllərində Azərbaycanın bir çox yerlərində mədrəsələrin şəbəkəsi xeyli genişlənmişdi. Məsələn, Bakıda 1301-ci ildə Cümə məscidinin nəzdində və bu məscidin vəqfi ilə böyük bir mədrəsə tikilib fəaliyyət göstərmişdir. 1647-ci ildə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə fəaliyyət göstərirdi. XVII əsrin ortalarında Şamaxıda 40 məktəb və 7 mədrəsə var idi.
Dostları ilə paylaş: |