4.1.7.Mədrəsələrdə təhsil
İslam aləmində cəmiyyətin inkişaf etməsi, insanların biliyə ehtiyacının artması yeni tədris müəssisələrinin açılmasını tələb edirdi. Bu ehtiyacı məscidlər, kuttablar, məktəblər kifayət qədər yerinə yetirə bilmirdi. Buna görə də daha yüksək təhsil verən müəssisələr- mədrəsələr yaradılmağa başlandı.
“Mədrəsə” ərəbcə “Dərasə” sözündən əmələ gəlib “Dərs öyrənilən yer” mənasını verir. Mədrəsədə dərs deyənlərə “müdərris” deyirdilər. Müdərris bizim indiki ali məktəblərimizdə dərs deyən dosent, professor vəzifəsini əvəz edirdi. Mədrəsədə ikinci şəxs “Muid” adlanır. O mədrəsə tələbələrinin biliklərini təkrar etdirir, ev tapşırıqlarının yerinə yetirilməsinə kömək edir, əlavə məşğələlər aparırdı. Mədrəsədə üçüncü şəxs “Vaiz” adlanır. O bu günkü anlayışla tərbiyəçi vəzifəsi deməkdir.Tələbələrin tərbiyə işlərinin əsas təşkilatçısı hesab olunurdu. Mədrəsələrin hər sinfində qrup nümayəndəsi olurdu ki, ona “Xəlfə” deyilirdi.
Mədrəsələr iki dərəcədə olurdu: orta təhsil verən mədrəsələr və ali təhsil verən mədrəsələr. Ali təhsil verən mədrəsəni bitirənlər bir dini kitab yazaraq yüksək dini rütbə qazanır və bilikli, elmli adamlar kimi məzun olurdular.
Mədrəsələrdə konkret təhsil müddəti yox idi. Tələbələrin dərsi mənimsəmə səviyyəsindən asılı olaraq təhsil müddəti müxtəlif idi. Mədrəsələrdə tələbələrin fərdi qabiliyyəti, bilik və dünyagörüş səviyyəsi əsas götürülür və buna müvafiq də təlim metodu seçilirdi. Mədrəsələrdə tələbələrin sinifdən-sinfə keçməsi yerinə, fəndən-fənnə keçmə sistemi tətbiq olunurdu. Çalışqan, bilikli, fəal tələbələr mədrəsəni başqa həmyaşıdlarına nisbətən daha tez başa vura bilərdi. Tələbələrin tətili qış və yayda deyil, tələbənin çalışqanlığı, materialları yerinə yetirməsi ilə bağlı həyata keçirilirdi. Mədrəsə siniflərində tələbələrin sayı 20-dən artıq ola bilməzdi. Bu da dərslərin daha yaxşı mənimsənilməsinə kömək edirdi. Mədrəsələrdə hər gün beş saat, həftədə 4 gün dərs keçilirdi. Dərslər sübh namazından sonra başlanır, günortaya qədər davam edirdi. Hansı dərsin nə vaxt öyrədilməsini müəllim özü tələbələrlə birlikdə müəyyənləşdirirdi. Günortadan sonra tələbələr sərbəst idi, sevimli işləri ilə məşğul ola bi-lirdilər. Həftənin cümə axşamı və cümə günləri tələbələrə istirahət verilirdi.
Orta təhsil verən mədrəsələrə əsasən 11-12, ali təhsil verən mədrəsələrə isə 16-17 yaşlarından qəbul edilirdilər. Təhsilin ilk mərhələsində ərəb dilinin qrammatikası öyrədilirdi. Buna yiyələnmək üçün azı 2-3 il vaxt ayrılırdı. Qədim Şərq ənənələrini özünəməxsus şəkildə davam etdirən mədrəsələrdə humanitar və dəqiq elmlər öyrədilirdi. Burada tarix, məntiq, dilçilik, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika, riyaziyyat, astronomiya kimi dünyəvi elmlər, daha sonra “Quran”, “Təfsir” (Quranm açıqlanması), “Hədis”, (Peyğəmbərin (s) sözləri və onunla bağlı hekayə və rəvayətlər), “Təcvid” (Quranın düzgün oxunması), “Təftil” (Quran mənasının başa düşülməsi), fiqh, ilahiyyat elmləri öyrədilirdi. Mədrəsələrdə dərs kitabı kimi “Quran” və hədis kitablarından başqa ən çox istifadə edilən kitablar Biruninin, İbn Sinanın, İbn Rüşdün, Farabinin, Sədi Şirazinin, Şihabəddin Sührəverdinin daha sonralar, Ruminin “Məsnəvi”si, Füzulinin “Divan”ı,, Nizaminin “Xəmsə”si, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsərlər olmuşdur. Mədrəsələrdə yalnız din və dünyəvi elmlər deyil, həm də bədən tərbiyəsi, incəsənət dərsləri də keçilirdi. Mədrəsədə üzmə, güləş, qaçış, ox atma, at çapma kimi idman növlərinə fikir verilir və öyrədilirdi. Bunlardan başqa, hüsnxət, xitabət (Gözəl danışıq), bədii estetik fəaliyyətlə bağlı dərslər öyrədilirdi.Tələbələrə imla yazdırmaq, onların mətni oxuyub şərhini və izahını vermək, elmi mübahisə və müzakirələr aparmaq tədrisdə geniş yayılmış öyrətmə metodları idi. Tələbələrin biliklərini yoxlamaq üçün imtahanlar keçirilirdi.
Orta əsrlər dövründə Şərqdə və o cümlədən Azərbaycanın müxtəlif yerlərində ixtisas təmayüllü mədrəsələr də açılmağa başladı.
Darül hədis mədrəsələri: Bu, hədisləri öyrənən, toplayan, tədqiq edən bir mədrəsə idi. Belə bir mədrəsə Mosulda, daha sonralar Təbrizdə açılmışdır. Buranı bitirənlərə “mühəddis” deyilirdi.
Darül kurra mədrəsəsi. Bu mədrəsədə “Qurani-Kərim”lə bağlı elmlər öyrədilirdi. Bunlara “Darül hüffaz” da deyilirdi. Buranı bitirənlər “Hafiz”, “Xətib” “Müəzzin” kimi adlar verilir və məzunlar məscid və camilərdə müxtəlif vəzifələrdə çalışa bilirdilər.
Darül tibb mədrəsələri. Bu, tibb mədrəsələri idi. Bunlara Darül-şəfa, Darül-sihha, Darül-mərza, Darül-afiyə, Maristan, Bimaristan mədrəsələri də deyilmişdir. Böyük Azərbaycan şairi Xaqaninin əmisi Kafiəddin Omər İbn Osmanın rəhbərliyi ilə XII əsrdə Şamaxı yaxınlığında Məlhəm adlı bir yerdə “Mədreseyi –tibb” adlı mədrəsə fəaliyyət göstərmişdir
***
Dostları ilə paylaş: |