Kitabxana xəzinadarı kitabxananın müdiri vəzifəsində idi. Onun əsas vəzifəsi kitabxananın elmi-pedaqoji və idari işlərini aparmaq idi. O yeni çıxan kitabları kitabxanaya alır, kitabları təbliğ edir, insanlar arasında maarifləndirici işlər aparır, kataloqları diqqətlə tərtib edir, oxucuların mümkün qədər kitabxanadan asanlıqla istifadə etmələrini təmin edirdi. Kitabları çürüməkdən, rütubətdən, korlanmaqdan qoruyur, gərəkən kitabların cildlənməsinə qayğı göstərir, icazəsi olmayan adamlara kitab verilməsini əsirgəyir, kitaba ehtiyacı olanların istəklərini bol-bol yerinə yetirirdi. Kitabxana müdiri və ya o dövrün dili ilə desək kitabxana xəzinadarı bilikli, geniş dünyagörüşlü, elmi-metodik səviyyəli bir şəxs olmalı idi.
Kitabxananın mütərcimləri dəyərli kitabları öz ölkələrinin dilinə tərcümə edərək kitab istəyənlərin istifadəsinə verirdilər. Kitabxana mütərcimlərinin yardımı ilə yunan, Suriya, Hind elmləri ərəbcəyə tərcümə edilib bütün İrana və Azərbaycana yayılırdı. Bu dövrdə Pifaqorun, Sokratın, Platonun, Aristotelin əsərlərinə maraq güclü idi. Fəlsəfi əsərlərdən başqa Evklidin, Arximedin də əsərləri, Aristarxın astronomiyaya dair kitabları da tərcümə edilmişdi. Klavdiy Ptolomeyin “Ə1-Macest”i həmçinin onun “Coğrafiya”sı, ulduzların hərəkət qanunları haqqında kitablar tərcümə edilmişdi. Bu tərcümə kitabları da Azərbaycan şəhərlərində yayılmış və insanlarımız da onları oxuyub faydalanmışlar.
Müstənsixlər (nüsxə çıxaranlar) artıq onuncu əsrdə kitabxanalarda kitabları çoxaltmaqla, üzünü çıxarmaqla məşğul idilər. Kitabxananı zəngiləşdirmək üçün kitabların bir surətini yazmaq və artırmaq üçün xüsusi müstənsixlər kitabların üzünü çıxarırdılar. Təbrizdən bir qrup müstənsix islam aləmində ilk böyük kitabxana olan Harun ər-Rəşidin təsis etdiyi və oğlu xəlifə əl-Məmunun dövründə zirvəyə yüksəlmiş Beytül-Hikməyə getmiş və orada Qurani Kərimin, hədislərin, habelə tibbə, fiqhə, ədəbiyyata fəlsəfəyə dair kitabların üzünü çıxarmış Təbriz kitabxanasını zənginləşdirmişdir.
Bağdadda “Beyt ol-hekmədə”, Bağdad mədrəsə kitabxanasında, habelə Təbriz, Gəncə, Naxçıvan, Xorasan mədrəsə kitabxanalarında xüsusi xəttat və müstənsixlər hazırlanmış və geniş fəaliyyət göstərmişlər. Cənubi Azərbaycan- xüsusilə Təbriz xəttatlıq məktəbi hər zaman bu sahədə fərqlənmişdir.
Mücəllidlər (Kitab cildləmə) də o dövrdə geniş yayılmışdı. Bu iş Ərdəbil, Təbriz və Həmədanda geniş yayılmışdı. X-XI əsrlərdə təbrizli, həmədanlı sənətkarların məharətlə hazırladıqları cildlər ən gözəl və ən qədim cildlər hesab olunmuşdur.
Daha sonralar cildçilik sənəti inkişaf etdi və kitabları naxışlama, süsləmə geniş yayılmağa başladı ki, onlara Müzahiblər (zər-bəzəkli cildlər hazırlayanlar) deyilirdi. Müzahiblər də Azərbaycanın müxtəlif yerlərində çalışmış və bu sənəti daha da inkişaf etdirmişlər.
Münavillər (Kitabxana xidmətçiləri) isə kitablarla işləmə, kitab axtarıb tapma, müxtəlif mənbələrdən istifadə etmə qaydalarını oxuculara öyrədir və onları istədikləri kitablarla təmin edir, kitabları oxuculara aparıb-gətirirdilər. Münavillər həm də bir pedaqoji, maarifləndirici, öyrədici bir iş aparırdılar. Münavillər kitab xəzinadarı səviyyəsinə qalxmamış və kitabxana xidmətçisi səviyyəsinə də enməmişdilər.
Erkən orta əsrlər dövründə Bağdadda, Nəcəfdə, Təbrizdə, Bərdədə, Gəncədə ümumi, yarımümumi və xüsusi mədrəsə kitabxanaları mövcud olmuşdur. Bu dövrdə Azərbaycanda maarif, təlim, təhsil və pedaqoji fikrin inkişafının səciyyəvi xüsusiyyətlərindən biri də kitab evləri və kitabxanalar vasitəsilə pedaqoji biliklərin yayılması, insanların kitablar vasitəsilə maariflənməsi, kitablardan faydalanması olmuşdur.
Dostları ilə paylaş: |