2. Metodiki vəzifənin mahiyyəti təşkilatçının sinif rəhbərlərinə, müəllimlərə, məktəblə bağlı təşkilatlara, ümumiyyətlə, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi ilə məşğul olan hər bir adama metodik məsləhət və tövsiyələr verməsindən ibarətdir. Bu göstəriş və məsləhətlər iki istiqamətdə həyata keçirilir:
1)Ümumməktəb tədbirləri zamanı. Yuxarıda göstərildiyi kimi, müxtəlif pedaqoji kadrlar tədbirin təşkilatçısına çevrilirlər. Bu vaxt təşkilatçı həmin şəxslərə metodiki xarakter daşıyan müəyyən məsələləri izah edir.
2) Təşkilatçı hər bir sinif rəhbərinə, müəllim və tərbiyəçilərə müxtəlif tədbirlər keçirməkdə əməli metodiki kömək göstərir.
Təşkilatçının metodiki işi üç əsas cəhəti özündə birləşdirir:
a) Təşkilatçı, hər şeydən əvvəl, təmasda olduğu adamları dərindən öyrənməli, onların bilik səviyyəsinə bələd olmalıdır. Bun-suz təşkilatçı metodiki göstərişlərin həcmini və məzmununu düzgün müəyyənləşdirə bilməz;
b) Nəyi öyrənməyi müəyyən etmək vacib məsələlərdən biridir. Burada iki cəhəti bilmək lazımdır: birincisi,tərbiyə edən nəyi bilməlidir; ikincisi, konkret olaraq tərbiyəçi nəyi bilir, nəyi isə bilmir.
c) Nəhayət, hər bir sinif kollektivi üçün zəruri olan tərbiyəedici təsir tərzlərini düzgün müəyyən etmək.