12.1. Ailənin pedaqoji-psixoloji
əsasları və funksiyaları
Ailə özünəməxsus spesifik xüsusiyyətləri ilə xarakterizə olunan, psixoloji çalarlara malik və bir sıra funksiyaları icra edən kiçik sosial qurumdur. Qədim tarixə və kökə bağlı olan ailə məsələləri, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərlərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Ailə Azərbaycan xalqının psixologiyasının aparıcı qüvvəsidir. Zamanın təfəkkür süzgəcindən bu günə kimi gələn və aktual səslənən ailə və onun formalaşması məsələləri Azərbaycan xalqının deyimlərində həmişə ülvi və müqəddəs ölçülərlə dəyərləndirilmişdir. Xalqımız ailəni müqəddəs ocaq saymışdır. Şəxsiyyətin təşəkkülündə ailənin rolunu başlıca qeyd etmək lazımdır. İki nəslin, soyun qovşağında yeni ailə əmələ gəlir. “Ailə bir-birinə məişət birliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan insanların nigah və qan qohumluğuna əsaslanan birliyidir”. Bu birlikdə ailədaxili münasibətlərin hansı səviyyədə inkişafı ailənin hazırkı və gələcək durumunu səciyyələndirən əsas faktordur.
Sorğu kitabçasında ailə belə səciyyələndirilir: “Ailə–ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bağlanan insanlardır”.
“Ailə” dedikdə dəqiq müəyyən edilmiş maraqları və məqsədləri olan mini ictimai qrupu nəzərdə tutulur. Ailənin əsas məqsədi qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatını ödəyə bilmək və nəslin davamını təmin etməkdir.
Ailənin psixoloji mövqeyi, uşaqların tərbiyəsi ərin və arvadın münasibətləri ilə şərtlənir. Azərbaycan ailəsinə həsr edilmiş tədqiqatlarda qeyd edilir ki, ailə-qadın və kişinin qarşılıqlı meyli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan münasibətləri, insanın insana təbii münasibəti kimi qiymətləndirmək olar. Bu münasibətlər bir-birilə məişət birliyi və qarşılıqlı mənəviyyatla bağlı olan adamların nigah və qan qohumluğuna əsaslanır. Burada ailəni səciyyələndirən iki mühüm xüsusiyyət diqqəti cəlb edir:
Dostları ilə paylaş: |