Evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır.
Əqidə – şəxsiyyəti öz dəyərlər sisteminə uyğun olaraq hərəkət etməyə sövq edən dərk olunmuş tələbatdır. Möhkəm əqidənin formalaşması üçün ilk şərait erkən uşaqlıqda yaranır. Bu yaşda həyat tərzi və ailə ənənələri, ətrafdakılara münasibətin xarakteri daha çox əhəmiyyət kəsb edir. Əsl əqidə yeniyetməlik və ilk gənclik dövründə yaranır. Bu isə bu yaşda ətraflı və dərin biliklərə yiyələnmək, ətrafa şüurlu tənqidi münasibətin, təfəkkürün inkişaf etmiş formalarının yaranması, dünyagörüşün və fəal həyat mövqeyinin formalaşması ilə bağlıdır.
Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir.