De-institutlaşdırma – dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında həyata keçirilir. Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləmənin təmin edilməsidir.
Dəyər – fəlsəfə, etika, estetika və sosiologiyada gerçəkliyin müəyyən hadisələrinin cəmiyyət üçün sosial-tarixi əhəmiyyəti və fərd üçün şəxsi məna daşıyan anlayış kimi xarakterizə olunur. Dəyər insanların qarşılıqlı münasibətlərinin və şəxsiyyətin davranışının sosial tənziminin əsas amili kimi çıxış edir.
Dəyər meyli– şəxsiyyətin, cəmiyyətin sosial, siyasi və əxlaqi normalarına olan münasibətlər sistemidir.