Konvergent təfəkkür – məntiqi, ardıcıl, xətti təfəkkürdür.
Kontent analiz – müxtəlif mətnlərin öyrənilməsi metodu olub, onların özünəməxsus xüsusiyyətlərini (məlumatın janrını, adamların qarşılıqlı təsirinin növlərinin və s.) açıqlamaq və qiymətləndirmək imkanı verir.
Koqnitiv– (latınca koqnito) – bilik, idrak deməkdir.
Kəmiyyət araşdırması – ənənəvi elmi yanaşma olub, klassik eksperiment vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini müqayisə etmək üçün statistik əməliyyatlardan istifadə etməklə yerinə yetirilən tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir və keyfiyyətyönümlü araşdırmalardan daha çox istifadə edirlər.
Konstruktivizm– öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun həlledici prinsipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsasında yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə əldə edilmir, o, insanın həyat təcrübəsi əsasında yaranır. Bu, insanların necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim yanaşmasıdır.
Qabiliyyətlər – insanın elə psixoloji xüsusiyyətləridir ki, onlardan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində müvəffəqiyyət əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət deyildir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası qeyri-mümkün olan fəaliyyətdə aşkar olunur. Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır. Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Talant insana hər hansı mürəkkəb əmək fəaliyyətini müstəqil, müvəffəqiyyətlə və orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər kompleksidir.
Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrənməsinin və icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymətləndirmə vasitələrinə – minimum səriştə testləri, inkişafın izlənməsi testləri, qabiliyyət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiymətləndirmə daxildir. Qiymətləndirmədə hər hansı yanaşmanın səmərəliliyi onun nə dərəcədə nəzərdə tutulan məqsədlərə uyğun olmasından asılıdır.