Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıqdır.
Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
Magistratura – ali təhsilin ikinci səviyyəsidir.
Magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali-elmi-ixtisas dərəcəsidir.
Mentor (rəhbər) – başqa bir insana yardım təklif edən nümunəvi şəxsdir. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür.
Meta – yunan mənşəli prefiksdir. Müxtəlif mənalarda (haqqında, kənar, vasitəsilə, sonra və s. mənalarda) açıqlanır. Psixologiyada metakoqnitiv və ya metahafizə anlamlarına az təsadüf olunmur.
Metodologiya – idrak və gerçəkliyin dəyişdirilməsi metodları haqqında təlim kimi, dünyagörüşü prinsiplərinin idrak prosesinə, ümumiyyətlə, mənəvi fəaliyyətə və praktikaya tətbiqi kimi anlaşıla bilər. Həm də burada yalnız fəlsəfənin deyil, həmçinin konkret elmi tədqiqatın metodları nəzərdə tutulur. Buna görə də, metodologiyaya bəzən bu və ya digər elm çərçivəsində tətbiq olunan müəyyən metodlar sistemi kimi tərif verirlər.
Mədəniyyət – tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi təsirinin nəticəsidir. O, insanın şüuru, psixikası və davranışı ilə bağlı olmaqla yanaşı, həm də dövlətin və xalqın tarixi inkişafı ilə sıx əlaqədədir.
Sosial fenomen və noumen olan mədəniyyət həyat və fəaliyyətin müəyyən sahəsində onun keyfiyyətini ifadə edən kontekstual anlamda da öz əksini tapır. İntellektual, siyasi, iqtisadi, etik, hüquqi, tibbi, ekoloji, idarəetmə mədəniyyəti, məişət mədəniyyəti, sülh mədəniyyəti, gender mədəniyyəti, məsuliyyət mədəniyyəti və s. mədəniyyətlər vardır.
Mənalı öyrənmə – şagirdin məktəbdə və gələcək peşə fəaliyyətində, şəxsi və vətəndaş həyatında müvəffəqiyyət qazanması üçün zəruri olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən məsələlərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatları ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir.
Dostları ilə paylaş: |