Con Lokka görə, əmək tərbiyəsi ona görə zəruridir ki, o, uşağı pis adətlərdən uzaqlaşdırır, habelə onu işgüzar gələcəyə hazırlayır. Uşağı əməyə və sənətə hazırlayarkən onun maraqları da mütləq nəzərə alınmalıdır. Uşaq üçün maraqsız olan, zorla yerinə yetirilən iş heç bir yaxşı nəticə verməz.
Con Lokk “Ağ lövhə” nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır. O, həmin nəzəriyyəsini “Təcrübələr” adlı əsərində belə ifadə edir: insan qəlbi ağ lövhə kimidir. Bu nəzəriyyənin öz dövrü üçün böyük əhəmiyyəti vardır. Bu nəzəriyyə ilə Con Lokk feodalizm cəmiyyətinə, onun qayda və qanunlarına böyük zərbə vurmuşdu. O, bununla fitri qabiliyyətlər nəzəriyyəsini rədd edirdi. V.Q.Belinski Lokk nəzəriyyəsinin çatışmayan cəhətlərini tənqid etmişdi. O yazırdı ki, uşaq beyni ağ lövhə deyil, imkanı olan toxumdur. Uşaq dünyaya müəyyən təbii imkanlarla gəlir, həmin təbii imkanlar həyatda inkişaf edir. Con Lokk isə həmin nəzəriyyə ilə hər cür fitri istedadı inkar edirdi.
Lokk “Əqlin tərbiyəsi” əsərində göstərir ki, heç bir xalqın övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz doğulmur. Avropa və zənci qəbilələri bir-birindən fərqləndirən tərbiyədir, ictimai mühitdir..
Con Lokkun fikrincə uşaqlarda olan bəzi zərərli keyfiyyətlər cəmiyyətdən gəlir. Ona görə də hər bir valideynin uşağını evdə tərbiyə etməsi yaxşı olardı.
Onun pedaqoji görüşlərində ailə tərbiyəsi mühüm yer tutur. C.Lokk tərbiyəçidən tərbiyə etdiyi uşağın bütün fərdi xüsusiyyətini öyrənməyi tələb edirdi. O, insan xarakterində bir sıra mənfi və müsbət keyfiyyətləri sadalayır, tərbiyəçidən tələb edirdi ki, uşaqda müsbət keyfiyyətlərin inkişafına imkan yaratsın. Pis adətləri lap kiçik vaxtdan yerindəcə boğmaq lazımdır.
Lokk tərbiyəyə yaradıcı bir proses kimi baxırdı. Ona görə uşağın fərdi xüsusiyyəti həyatı boyu dəyişməz qalmır, səmərəli pedaqoji təsirin gücü ilə uşaq psixikasını dəyişdirmək olmaz. Con Lokkun fikrincə, uşaq xarakteri axan çaya bənzəyir. Çayın qarşısında bənd vurub onun istiqamətini, məcrasını dəyişdirmək mümkün olduğu kimi, insan xarakterini də tərbiyənin gücü ilə dəyişdirmək olar.
Beləliklə, Lokk XVII əsrdə geniş vüsət tapmış tərbiyəni hər şey hesab edən nəzəriyyənin başında durur, onun yaradıcısı hesab olunurdu. Jan Jak Russo, Pestalotsi də onun nəzəriyyəsindən qidalanmışdır.
Dostları ilə paylaş: |