KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR
Əhatə olunan məsələlər:
5.1. Avropa klassiklərinin tərbiyə və təhsil haqqında fikirləri
5.2. Rusiya klassiklərinin tərbiyə haqqında fikirləri.
5.1. Avropa klassiklərinin
tərbiyə və təhsil haqqında fikirləri
Yan Amos Komenskinin tərbiyə haqqında fikirləri. XVII əsrdə yaşamış çex pedaqoqu Yan Amos Komenski (1592-1670) elmi pedaqogikanın banisi hesab olunur. O, 92 əsərin müəllifidir. Komenskinin “Böyük didaktika” əsəri pedaqoji fikrin ən dəyərli əsərlərindən biri hesab edilir. O bu kitabında didaktikanın nəzəri-pedaqoji əsaslarını, kollektiv sinif dərs sisteminin pedaqoji əsaslarını işləmişdir.
Humanizm və demokratiklik Komenski dünyagörüşünün əsasını təşkil edir. Y.A.Komenski pedaqogikasını təbiətəmüvafiqlik pedaqogikası adlandırırlar. Onun fikrinsə insan təbiətin bir hissəsi olduğundan onun tərbiyəsi də təlimi də təbiətin qaydalarına tabe olmalıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. O, təbiəti müəllim hesab edir və Siseronun “.... əgər bir rəhbər kimi biz təbiətin arxasınca getsək, heç bir zaman azmarıq” – fikrinə haqq qazandırır. Buradan belə nəticə çıxır ki, uşaq da təbiətin bir hissəsi olduğundan, onun tərbiyəsi də təbii yolla getməlidir. Məktəb bütün qaydalarını dəqiq olaraq təbiətdən götürməlidir. “Balıqlar suya, ağaclar meşəyə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə toplaşmalıdır”. Komenski fərdi təlimin əleyhinə çıxmış, sinif-dərs sistemini, kollektiv təlimin zəruriliyini əsaslandırmışdır. Y.A.Komenski dövrünün məktəb sistemini yaratmış, onun məqsəd və vəzifələrini müəyyənləşdirmişdir. O, məktəbi insanlıq, humanizm, əməksevərlik tərbiyə edən iş emalatxanası adlandırmışdır. O, elə məktəblər açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə ümumi müdrikliyi yaymaqdan ibarətdir. Y.A.Komenski yaş dövrlərinə uyğun olaraq məktəb sistemini belə vermişdir: 1) 0-6 yaşa qədər – uşaqlıq – “Ana qucağı məktəbi” – ailədə tərbiyə; 2) 6-12 yaş – yeniyetmə - ana dili məktəbi – hər hansı yaşayış məntəqəsində yerləşən məktəb; 3) 12-18 yaş – gənclik – latın dili məktəbi – (gimnaziya) – hər şəhərdə; 4) 18-24 yaş – kişiləşmə - akademiya – universitetlər.
Birinci mərhələ üçün Komenski “Ana qucağı məktəbi” adlı vəsait də yazmışdır. “Ana qucağı məktəbi”ndə uşaqların ətraf aləmlə tanışlığı, xarici hiss üzvlərini inkişafı nəzərdə tutulurdu.
Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmişdir:
1) əyanilik;
2) şüurluluq;
3) biliklərin möhkəmləndirilməsi;
4) sistemlilik və ardıcıllıq;
5) gücəmüvafiqlik.
Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl qayda” adlandıraraq yazırdı: “Mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun”.
Y.A.Komenski tərbiyə məsələlərinə öz pedaqoji nəzəriyyəsində xüsusi yer ayırmışdır. O, hər bir xalqın gələcəyini və rifahını yeniyetmələrin düzgün tərbiyəsində görürdü.
Y.A. Komenski uşaqların tərbiyəsində nümunəyə böyük əhəmiyyət verir və deyirdi: “Axı uşaqlar meymun kimidirlər. Onlar yaxşı və pis nə görsələr kənardan təhrik olmasa da, onu təqlid etməyə səy edirlər. Bu yolla onlar dərketmədən qabaq təqlid etməyi öyrənirlər. Mən bu zaman istər həyatdan, istərsə də tarixdən götürülmüş nümunələri nəzərdə tururam və ilk növbədə həyatdan alınmış nümunələri əsas götürürəm. Çünki onlar uşaqlara yaxındır və daha qüvvətli təsir göstərir. Belə ki, hər kəsdən əvvəl qoy valideynlər nümunə göstərsinlər. Özləri ev intizamını ciddi gözləsinlər. Müəllimlər isə qoy başqaları arasında öz əxlaqı ilə seçilən ən yaxşı adamlar olsunlar”.
Y.A. Komenski, tərbiyənin qarşısına aşağıdakı vəzifələri qoyurdu:
1. Bizi əhatə edən xarici aləmi dərk etdirmək;
2. İnsanın nə etməli olduğunu öyrətmək;
3. Dinə sadiq, mömin insanlar yetişdirmək.
Y.A.Komenskiyə görə tərbiyənin aşağıdakı metodları vardır: 1) Şəxsi nümunə; 2) nəsihət; 3) təmrinlər; 4) rəğbətləndirmə; 5) cəza.
Y.A.Komenski öz dövrü üçün əhəmiyyətli olan bir neçə dərs kitablarının müəllifidir. Bu dərsliklər içərisində “Dillərin açıq qapısı”, “Real aləm şəkillərdə” xüsusilə fərqlənir. “Dillərin açıq qapısı” həm dilin qrammatikasını, həm də bilik sahələrini əhatə edir. “Real aləm şəkillərdə” kitabı Komenskinin “Pansofiya” (hamıya, hər şeyi öyrətmək) ideyasına uyğun tərtib edilən, ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Pedaqogika tarixçilərinin fikrincə bu kitab məktəbi həyata, həyatı məktəbə gətirməkdir.
Y.A.Komenski təlim-tərbiyə prosesində müəllimin roluna yüksək qiymət verir. O deyirdi ki, sən ata kimi hərəkət etməyi bacarmırsansa, müəllim kimi fəaliyyət göstərə bilməzsən. Müəllim uşaqları öz nümunəsi ilə tərbiyələndirməlidir. Y.A.Komenski pedaqoji aləmdə ümumbəşəri fenomendir. Üç əsrdən artıqdır ki, onun pedaqoji sistemi, ideyaları yaşayır.
Dostları ilə paylaş: |