Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər.
Nizaminin fikrincə, yaxşılıq etməyi bacarmaq insan üçün mənəvi zənginlikdir. Belə mənəvi kamilliyə çatmağı, xeyirxah olmağı, başqalarına yaxşılıq etməyi bacarmaq lazımdır. Bu fikir aşağıdakı misralarda öz ifadəsini belə tapmışdır:
Yaxşılıq etməsən əgər insana
Böyüklük şərəfi verilməz sana (Leyli və Məcnun)
Yaxud da:
Səadət kamalla yetişir başa
Xalqa hörmət elə, ədəblə yaşa. (Leyli və Məcnun)
Nizami əsərlərində haqqında danışılan, təbliğ edilən xeyirxahlıq, yaxşılıq tək bir adama, yaxud ayrı-ayrı fərdlərə göstərilən münasibət olmayıb ictimai məna daşıyır:
Çalış öz xalqının işinə yara
Geysin əməlindən dünya zər-xara.
Şairin öz dövründə adamlarda görmək istədiyi və mənəvi keyfiyyət hesab etdiyi xeyirxahlıq, yaxşılıq, anlayışları heç bir zaman məhdudluq bilmir, həmin fikirlər bu gün də aktual və mənəvi keyfiyyət sayılır və məktəblilərin mənəvi tərbiyəsində Nizami irsinin böyük rol oynadığını təsdiq edir.
Nizami insanları yaxşılığa, xeyirxahliğa çağırdığı kimi, adamlarda bu mənəvi keyfiyyətləri qiymətləndirməyin vacib olduğunu da əxlaqi keyfiyyət hesab edir.
Nizami şeirlərindən, ayrı-ayrı əsərlərindən gətirilən missallardan aydın olur ki, Nizami pedaqoji ideyalarında tərbiyənin məqsədi xoşbəxtliyin yalnız tək-tək adamlarla bağlı olmadığını, onun bütöv bir cəmiyyətə bağlı olduğunu göstərməkdir. Əlbəttə, insanların xoşbəxtliyi, cəmiyyətin xoşbəxtliyinə gətirib çıxarır. Nizami insan xoşbəxtliyindən danışarkən heç bir millət fərqini, cinsi ayrılığı, sinfi mövqeyi nəzərə almır.
Şairin əsərlərindən belə nəticəyə gəlmək olur ki, Nizaminin bütün şeirləri mənəvi, əxlaqi fikirlərlə yoğrulmuş, onun misraları insanları humanizmə, ədalətə, qayğı və mərhəmətə, nikbinliyə, doğru və dürüst olmağa, əməksevərliyə, vətənpərvərliyə və s. ən yüksək əxlaqi , mənəvi keyfiyyətlərə səsləyir.
Nizami elmə, biliyə yüksək əxlaqi qiymət verir. Elmsiz insanın qüvvətsiz olduğunu bildirir. Nizami xalqı öz taleyinə laqeyd qalmamağa, hüquqlarını başa düşüb, haqlarını tələb etmək üçün maarifə, biliklərə yiyələnməyə, həm də hər cür biliklərə deyil, insana xeyir gətirən, faydalı biliklərə yiyələnməyə çağırırdı. Nizami göstərirdi ki, cəmiyyətin ən yaxşı vətəndaşı ancaq təhsilli, elmə qabil, maarifpərvər və müdrik olan insanlardır. Buna görə də hər bir şəxs ağıllı olmağa, biliklərə yiyələnməyə, müdrik insanlardan öyrənməyə çalışmalıdırlar. Nizami son nəticədə göstərir ki, biliyi olan qüvvətlidir:
Dostları ilə paylaş: |