Əbülhəsən Bəhmənyarın yaradıcılığında tərbiyə və təhsil məsələləri. XI əsrdə yaşayıb yaratmış və fəlsəfəni bilavasitə İbn Sinadan öyrənmiş filosof və pedaqoq Əbülhəsən Bəhmənyar İbn Mərzban əl-Azərbaycani (vəf. Təxm. 1065) fəlsəfə tarixində görkəmli yer tutduğu kimi pedaqoji fikir tariximizdə də xüsusi yer tutur. Aşağıdakı hikmətli fikirlər ona məxsusdur: “Qürbətdə insanın munisi ağıldır”.”Hikmət elmlərini öyrənməyən və bu elmlərdəki xüsusiyyətlərə yiyələnməyən elm gerçəkliklərindən xəbərsizdir”.
“Öz ehtiyaclarından artıq şey tələb edən şəxs hikmət əldə edə bilməz və onu əldə etməyə malik deyildir”.
Bəhmənyar böyük alimlər olan Əl-Kindi, Əl-Farabi, İbn Sina ənənələrini layiqincə davam və inkişaf etdirmişdir. Dövrünün alimləri Bəhmənyarı ”Alimlərin başçısı” (Mövlan-i Rəis) adlandırmışlar.
Bəhmənyarın ən mühüm əsərləri bunlardır. “Ət-Təhsil” (İdrak), “Əz-zinət” (Bəzək), “Əl-baxça və Səadət” (Şadlıq və səadət) “Fi-musika” (Musiqi haqqında), “Fi miratib əl-mövcudat” (Mövcudiyyatın mərtəbələri), “Fi mabdi ilm mabadat tabiya” (Metafizikarun predmeti haqqında). Bəhmənyarın əsərləri, əlyazmaları Tehranda, Beyrutda, Londonda saxlanılır. Bəhmənyarın şah əsəri sayılan “Ət-Təhsil” Tehranda və Qahirədə nəşr olunmuşdur.
Bəhmənyar insanın kamilləşməsində onun biliyinə və mənəvi aləminə, əxlaq tərbiyəsinə böyük önəm vermiş və onu həmişə yüksək qiymətləndirmişdir. O demişdir. “Mənəvi ləzzət elə dərmandır ki, onunla heç bir xəstəlik baş verməz və elə sağlamlıq vasitəsidir ki, heç bir xəstəliyə məruz qalmaz.Həqiqi həzz əqli həzzdir. Zira əqli həzzlər dərdin təqib etmədiyi şəfadır, xəstəliyin yaxın düşmədiyi sağlamlıqdır”. Bəhmənyar insanın mənəvi cəhətdən kamilləşməsində ilk növbədə biliyin, təhsilin, əqlin roluna yüksək qiymət vermişdir. Bəhmənyar öz risalələrində məişət və idrak məsələlərinin əxlaqi-etik problemlərini araşdırmış və göstərmişdir ki, ağıl və bilik insanın ən başlıca var-dövlətidir. İnsan öz ömrünü bilik mənimsəməyə, nəinki var-dövlət toplamağa həsr etməlidir. Var dövləti itirmək olar, amma ağıl, bilik insanın ən etibarlı müdafiəçisi, ən yaxın dostudur. “Sərvət qorunur, əql isə insanı qoruyur”, “Sənə narahatlıq üz verdikdə kədəri əzmlə boğ, çıxış yolu tapmaq və xilas olmaq üçün əqli səfərbər et”, “Baş vermiş işə görə qüssələnmə, onu aradan qaldırmağa, dəf etməyə çalış, ağlını işlət”. Bəhmənyar insanın mənəvi zənginliklərinə böyük əhəmiyyət verərək göstərir ki, bu keyfiyyətlər həm irsidir, həm də sonradan əldə ediləndir. O bununla insanın formalaşmasında həm irsi amillərə, həm də tərbiyəyə üstünlük vermişdir. Mənəvi keyfiyyətlərdən danışarkən o intizamlılağa, xeyirxahlığa, məqsədyönlüyə, əliaçıqlığa, qorxmazlığa, əməksevərliyə, bilik qazanmağa böyük önəm vermişdir.
Bəhmənyar insan zəkasına yüksək qiymət verərək deyir ki, böyük Yaradan hər bir insana zəka bəxş etmişdir və bunun sayəsində insan digər canlılardan fərqlənir. Ancaq zəkanın sayəsində insan predmet və hadisələri dərk edə bilər. Bəhmənyar göstərirdi ki, elmin və fəlsəfənin öyrənilməsində əsas məqsəd insan əxlaqının yaxşılaşdırılmasıdır. Fəlsəfənin məhsulu, elmin əsası-insan əxlaqını yaxşılaşdırmaqdır. Biliyə yol-xeyirxahlığa və xoşbəxtiyə yol deməkdir. Bəhmənyar biliyi əxlaq və mənəviyyatla bağlamışdır. O demək istəmişdir ki, biliyi olub da əxlaqı olmayan insan bir şeyə dəyməz. Ona görə də o, yazırdı: “İnsanlara göstərilən hörmət onların xeyirxahlığı müqabilində olan mükafatdır. İnsanın bilik səviyyəsi, onun artması insanın əxlaqına, təbii halına təsir edib onu dəyişdirə bilər”. Bəhmənyar açıq aydın demək istəyir ki, bilik qazanmağın, təlim və tərbiyənin əsas məqsədi insanlara xeyirxahlıq göstərməkdən ibarət olmalıdır. Sonrakı dövrlərdə Bəhmənyarın fikir və ideya davamçısı Nəsirəddin Tusi də deyirdi ki, tərbiyənin məqsədi xeyirxahlıq və insanı xoşbəxt etməkdir.
Beləliklə Bəhmənyar billiyin gücünə böyük önəm verir və onun insan əxlaqına, mənəviyyatına qüvvətli təsir göstərdiyini bildirir.
İdrak nəzəriyyəsi Bəhmənyarın məntiq fəlsəfəsində mühüm yer tutur. Onun fikrincə materiyasız forma olmadığı kimi, formasız da materiya mümkün deyildir. Çünki materiyada bir forma aradan qalxdıqda labüd surətdə onu başqası əvəz edir. Bəhmənyarın bu fikirləri pedaqoji elmimiz üçün də böyük dəyər qazandırır. Peda- qogikada istər təlim, istərsə də tərbiyə nəzəriyyəsində formasız məzmun, məzmunsuz da forma mümkün deyildir. Formanın özündə də bir məzmun olduğu bizə aydın olur. Bu cəhətdən də tərbiyəvi iş formasının dəyişməsi işin məzmununun da dəyişməsinə səbəb olur. Bu fəlsəfi qayda Bəhmənyar fəlsəfəsində çox aydın şərh edilmişdir ki, bu qaydanı əsas tutmaq pedaqoji işdə mühüm əhəmiyyət kəsb edir.
Bəhmənyarın idrak nəzəriyyəsində deyilir ki, dərk etmə əqli də ola bilər, cismani də ola bilər. Bu fikirlər təlim prosesində biliyin mənimsənilməsində dəyərli əhəmiyyətə malikdir. Buradan başa düşmək olur ki, biliyin dərk edilməsi toxunmaqla da, hiss etməklə də həyata keçirilə bilir. Bu fikir təlimdə əyaniliyin əhəmiyyətini daha da artirır.
Hər bir şeydə ümumi və fərdi xüsusiyyətlərin mövcudluğu da təlim tərbiyə işlərində özünü göstərə bilir. Məsələn, məktəbdə fəaliyyət göstərən uşaq və gənclər təşkilatı əsas etibarilə tərbiyə işi aparır. Müəllimlər, sinif rəhbərləri də, tərbiyə işləri üzrə təşkilatçı da məktəbdə tərbiyə işi aparır. Amma sinifdənxaric tərbiyə işləri ilə uşaq və gənclər təşkilatınm apardığı tərbiyə işlərində ümumi və fərqli cəhətlər vardır ki, bunu tərbiyəçi və müəllimlər nəzərə almalıdırlar. Necə ki, Bəhmənyarın fəlsəfəsi də bunu belə nəzərdə tutur. Bəhmənyar özünün “Ət-təhsil” kitabında məntiqə elmin bir aləti, bilik qazanmağın mühüm bir aləti kimi baxmışdır. Onun fikrincə alətsiz bir şey hasil etmək mümkün deyildir.Məntiqsiz də elm, bilik qazanmaq olmaz. Məntiq biliyə digər münasibətlə də kömək edir onun meyarı kimi çıxış edir.
Təlimin şüurluluq prinsipi heç şübhəsiz məntiq anlayışına söykənir. Biliyi şüurlu şəkildə mənimsəmək məntiqdən irəli gəlir. Elə ona görə də Bəhmənyar öz sələfləri Aristotel, İbn Sina kimi o da göstərir ki, məntiq düzgün mühakimə yürütmək bacarığı, həqiqəti sübut etmək yolları haqqında elmdir. Bəhmənyara görə məntiqin vəzifəsi təfəkkürü səhvlərdən və yanlışlıqlardan qoruyub saxlamaqdan ibarətdir..
Bəhmənyar sanki təhsilimizin bu günkü problemlərini görərək “Ət- təhsil” əsərində deyirdi: “Fikir əqlin faydalandığı bir qüvvədir. Fikir zehnin elə hərəkətidir ki, onlardan mətləblərə gedib çıxılır”.Bu gün məktəblilərimizin fikirləşmək, düşünmək qabiliyyətini inkişaf etdirmək pedaqoji elmimizin qarşısında duran ən vacib məsələlərdən birisidir. Bəhmənyardan səkkiz yüz il sonra alman alimi A.Disterveq deyirdi ki, uşaqlara fikirləri deyil, fikirləşməyi öyrərtmək lazımdır. Bəhmənyar bunu da qeyd edir ki, fikir, düşüncə əqlin inkişafına qüvvətli təsir göstərir. Bütün bu fikirlər təlim nəzəriyyəsində biliyin şagirdlərə sadə, anlaşıqlı bir dillə çatdırılmasını, öyrənmə prosesində təfəkkür fəaliyyətinin inkişafına diqqət yetirilməsini tələb edən müddəalardır.
Bəhmənyar ümumiyyətlə biliyi iki qismə bölür: məlum və məchul biliklər. O qeyd edir ki, insan yalnız “duyğudan gələn, yaxud duyğunun təsdiqlədiyi şeyə inanır”. Çünki hissi qavrayışın verdiyi bilik məlumdur, gerçəkliik bilavasitə hissi - əyani obrazlarla qəbul olunur. Bilik hisslərlə qavramlmalıdır. Nəzəri elmlərin hələ dərk edilməmiş müddəaları isə məchuldur. Məntiqin faydası məhz fikrin məlumdan məchula keçmək yollarıını göstərməkdir. Bu mənada təlim prosesində şagirdlərin duyğularına, hisslərinə təsir göstərmək üçün, biliyin yaxşı mənimsənilməsi üçün “Əyanilik” prinsipi mövcuddur. Təlimdə əyanilikdən istifadə etmək hiss və duyğulara təsir göstərməkdir ki, bunun sayəsində bilik möhkəm mənimsənilir və uzun müddət yadda qalır. Elə bu məntiqə yüksək qiymət verən təlim nəzəriyyəsinin banisi, “Böyük didaktika”nm müəllifi çex pedaqoqu Y.A. Komenski yazırdı ki, “mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, qoy müəllimlər üçün qızıl qayda olsun, yəni görünəni görmə duyğusuna, səsi-eşitmə duyğusuna, iyi-iybilmə duyğusuna, dadı olanı dad duyğusuna, toxunula biləni-lamisəyə təqdim etmək lazımdır”.
Bəhmənyar insanın ağıl və zəkasına əxlaqi dəyər vermişdir. O ağıl və zəkanı insanın var dövlətindən daha üstün olduğunu göstərmişdir. Bəhmənyar göstərirdi ki, insanın əsas zənginliyi onun elm və təhsil sahibi olmasındadır. İnsan var-dövlət toplamaqla deyil, elmə, təhsilə yiyələnməklə zənginləşə bilər. Əsil yoxsulluq insanın mənəvi cəhətdən yoxsulluğudur. Bəhmənyar deyirdi: “Var dövləti dəfn etmək olar, amma ağılı yox, ağıl insanın qəriblikdə ən yaxşı dostu və müdafiəçisidir”.
Bəhmənyar kamil insanın yetişməsində tərbiyəyə üstünlük verir və deyirdi: “İnsan ən yaxşı əxlaqi keyfiyyətləri bu dünyada tərbiyə ilə qazana bilər”. Bəhmənyar tərbiyəyə üstünlük verdiyi kimi, əxlaqi keyfiyyətlərin bir çoxunun anadangəlmə olduğunu da bildirirdi. O buraya əxlaqi saflığı, xeyirxahlığı, mərdliyi, əliaçıqlığı, əməksevərliyi, ağıllılığı, insansevərliyi və s. aid edirdi.
Bəhmənyar yetişən gənc nəslin fiziki sağlamlığına fikir verilməsini, onların fiziki tərbiyəsi ilə məşğul olmağı vacib sayır və bildirirdi ki, ən böyük gözəllik insanın sağlamlığıdır. O, gözəlliyi fəlsəfi aspektdən təhlil etsə də, fikirləri pedaqoji üçün də dəyərlidir. Bəhmənyar bildirir ki, sağlamlığından istifadə etməyən insanın ruhu xəstədir, o xoşbəxt ola bilməz. O deyirdi: ”Gözəllik xeyirxahlıqdır” . Bu fikirlərdən görmək olur ki, Bəhmənyar biliyin də, əxlaqın da, gözəlliyin də xeyirxahlığa xidmət etdiyini göstərmişdir.
Dostları ilə paylaş: |