FƏSİL 10. KLASSİK SİYASİ İQTİSAD MƏKTƏBİNİN DAVAMI VƏ TƏNQİDİ Kapitalizmin gələcək inkişafı ilə klassik siyasi iqtisad da müəyyən dəyişikliklərə məruz qalmışdır. XIX əsrin 30-50-ci illərinin əvvəllərində iqtisadçılar Smit və Rikardonun davamçıları kimi, onların ideyalarının şərhçiləri kimi çıxış edirdilər. Lakin kapitalizmin inkişafı sinfi mübarizənin - İngiltərədə çartizmin, Lion üsyanının və 1848-ci il inqilabında fransız fəhlələrinin səngər döyüşlərinin və s. kəskin güclənməsi ilə müşayiət olunurdu. Bu şəraitdə kapitalizmin tənqidi, A.Smitin və D.Rikardonun ideyalarının tənqid edilməsi üçün baza yaranırdı.