DərsliK İqtisad elmləri doktoru, professor


§3. Y.BEM-BAVERKİN VƏ F.VİZERİN İQTİSADİ



Yüklə 0,6 Mb.
səhifə77/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   121
referat 921

§3. Y.BEM-BAVERKİN VƏ F.VİZERİN İQTİSADİ

BAXIŞLARI
Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi K.Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur.

Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır:

- təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi;

- istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi.

Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir.

Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir. Subyektiv dəyər məhsulun alıcı və satıcı tərəfindən fərdi qiymətidir. Obyektiv dəyər isə bazarda rəqabət şəraitində formalaşan mübadilə nisbətidir. Məhz bu obyektiv və subyektiv dəyərlərin mübadilə prosesində qarşılaşdırılması nəticəsində məhsulun qiyməti meydana çıxır. Bem-Baverk qiymətin əmələ gəlməsi prosesini aşağıdakı kimi təsvir edir: əgər bazarda bir alıcı və bir satıcı olarsa, bu halda rəqabət olmur. Bu zaman alıcının təklif etdiyi subyektiv qiymətin maksimum, satıcının qiymətinin isə minimum səviyyələri mövcud olacaq, real qiymət bu hüdudlarda tərəddüd edəcəkdir. Şübhəsiz, burada əmtəənin qiyməti alıcı və satıcıların sövdələşmə bacarığından asılı olaraq bu və ya digər istiqamətdə dəyişə bilər. Lakin bazarda bir satıcıya qarşı öz aralarında rəqabət aparan bir neçə alıcı dayanarsa, bu halda rəqabət mübarizəsində qalib gələn alıcının qiyməti minimum, ən ağır şəkildə məğlub olan alıcının qiyməti isə maksimum hədd kimi müəyyən ediləcəkdir. Beləliklə, qiymət, qalib gələn alıcı ilə məğlub olan alıcının verdikləri qiymətin hüdudları daxilində müəyyən edilmiş olur. Nəticədə qiymət mübadilə zamanı əmtəənin alıcı və satıcı tərəfindən irəli sürülmüş subyektiv fikirlərinin toqquşmasından yaranır.

Bem-Baverkin tədqiqatında dəyər - insanların sərəncamında olan nemətlərin faydalığı haqqında onların fikirləridir və o, insan şüurundan kənarda mövcud deyildir. Bu zaman dəyər həmin nemətlərin son kəmiyyətinin faydası ilə ölçülür. Həmin müddəanı sübuta yetirmək üçün o, meşədə tənha yaşayan insanın təsərrüfatını və onun psixologiyasını tədqiq etmişdir. Bu zaman fərz edilir ki, həmin adam beş kisə taxıla malikdir. Birinci kisə onun yeməklə bağlı ilkin həyati tələbatının ödənməsinə, ikinci kisə istehlakı daha da yaxşılaşdırmağa, insanın səhhəti və qüvvətini qorumağa, üçüncü kisə çörəkdən ibarət olan yeməyə ət məhsulunun da əlavə edilməsi məqsədi ilə quşlar saxlamağa və yedirtməyə, dördüncü kisə çörəkdən araq çəkməyə, beşinci kisə isə öz səsi ilə tənha insana zövq verən tutuquşunu yemləməyə sərf edilir. Belə bir şəraitdə hər bir kisə taxılın subyektiv qiymətini müəyyən etmək zərurəti yaranır. Bem-Baverkin fikrincə, məhsul vahidinin qiyməti onun daha lazımsız, az əhəmiyyətli olan tələbatının ödənilməsi üçün zəruri olan son məhsulun faydası ilə ölçülür. Buna görə də məhsulları mübadilə etmək istərkən "tənha sakin" tutuquşunu yemləmək üçün istifadə edilən axırıncı kisə taxıldan imtina edəcəkdir. Buradan isə Bem-Baverk belə bir nəticə çıxarır ki, subyektiv qiymət mübadilə prosesində insanın malik olduğu nemətin ən az faydasından asılıdır, son faydalıq isə nemətlərin kəmiyyəti və fərd tərəfindən istehlakın intensivliyi ilə müəyyən edilir. Beləliklə, qiyməti təhlil edərkən Bem-Baverk belə bir nəticəyə gəlir ki, o, əvvəldən axıradək nemətlərin subyektiv qiymətləndirilməsinin nəticəsidir.

Bem-Baverkin iqtisadi tədqiqatlarının əsas istiqamətlərindən birini də "gözləmələr nəzəriyyəsi" təşkil edir. Həmin nəzəriyyəyə görə bütün sərvətlər iki yerə bölünürlər. Bunlardan birincisi şəxsi tələbatların ödənilməsinə xidmət edən istehlak nemətlərindən, ikincisi isə istehsal vasitələrinin aid edildiyi istehsal sərvətlərindən ibarətdir. Bem-Baverk göstərirdi ki, istehsal nemətləri öz müstəqil dəyərinə malik deyillər, belə ki, insan tələbatını bilavasitə ödəmirlər. Bem-Baverk onları "gələcək sərvət" adlandırır, həmin sərvətlərin faydasını isə "hazırkı sərvət" kimi çıxış edən istehlak nemətlərinin faydası ilə müəyyən edirdi. Kapitalist iqtisadiyyatı şəraitində hazırki sərvətin əldə edilməsində fəhlənin aldığı əmək haqqının müstəsna əhəmiyyətindən çıxış edərək onu "hazırkı sərvət" kimi səciyyələndirirdi. Bem-Baverkin mənfəət və faiz haqqında düşüncələri də bilavasitə onun "Gözləmələr nəzəriyyəsi" ilə müəyən edilir. Konkret olaraq onun "Kapital və mənfəət" əsərində sahibkarın mənfəət əldə etmək hüququ sübut edilir və o, faizə müncər olunur. Bem-Baverk göstərirdi ki, insanlar öz istehlakında bu gün istifadə etdikləri hazırki sərvətlərə daha çox üstünlük verirlər, belə ki, hazırki dövrdə onların səmərəsi gələcək sərvətlərin səmərəsindən daha çoxdur. Nəticədə faizin (mənfəətin) mənbəyi kimi hazırki və gələcək sərvətlərin qiymətləndirilməsindəki fərq çıxış edir, faiz özü isə sahibkarın gözləməsinin nəticəsində yaranır. İş ondadır ki, kapitalist hər hansı bir məbləğdə kapital avans edərkən gələcək sərvət naminə hazırkı sərvətdən imtina edir. O, bu sərvəti reallaşdırmağı gözlədiyi üçün mənfəət əldə edir.

Bem-Baverk yazırdı ki, hazırkı sərvətlərdən daha səmərəli istifadə olunması gələcəkdə daha çox sərvət əldə etməyə imkan verir. Belə bir fikri sübut etmək üçün Bem-Baverk Robinzonun təsərrüfat fəaliyyətinə müraciət edərək göstərirdi ki, əgər o, vaxtının bir hissəsini meyvənin toplanması və balıq ovu ilə yanaşı əmək alətlərinin hazırlanmasına da sərf edərsə, bu halda onun cari istehlak sərvətlərinin ehtiyatı ilk dövrdə azalacaqdır. Lakin hazırlanmış əmək alətləri Robinzona gələcəkdə daha çox istehlak sərvətləri əldə etməyə imkan verəcəkdir.

Bununla belə Bem-Baverk subyektivizm prinsiplərinə sadiq olan insanları sabah deyil, məhz bu gün sərvət almağa sövq edən aşağıdakı üç səbəbin olduğunu göstərirdi: Birincisi, cəmiyyətdə hər bir vaxt çoxlu sayda aztəminatlı insanların mövcudluğu; ikincisi, cəmiyyətdə kifayət səviyyədə zəif iradəli insanların olması; üçüncüsü, insanların hazırkı dövrdə daha çox fayda götürməyə can atmaları, belə ki, onlar belə hesab edirlər ki, gələcəkdə istehsalın nəticəsi aşağı düşə bilər.

Beləliklə, deyilənlər sübut edir ki, Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Bem-Baverkin tədqiqatlarında yeni-yeni cəhətlərlə daha da zənginləşdirilmişdir.

Əvvəldə göstərildiyi kimi, Avstriya məktəbinin görkəmli nümayəndələrindən biri də Fridrix Fon Vizer olmuşdur. Vizerin son faydalılıqla bağlı fikirləri onun "İqtisadi qiymətliliyin mənşəyi və əsas qanunları" (1884), "Təbii qiymətlilik" (1899) və "İctimai təsərrüfat nəzəriyyəsi" (1914) əsərlərində tədqiq olunmuşlar.

Avstriya məktəbi nümayəndələri arasında ilk dəfə Vizer "qossen qanunları", "son faydalıq", "əvəzetmə" kimi anlayışları işlətmişdir. Bundan əlavə, o ilk dəfə olaraq məcmu faydalığın müəyyən edilməsi üsulunu axtarıb tapmağa cəhd etmişdir. Bu məqsədlə sərvətin son faydalığını həmcins sərvətlərin kəmiyyətinə hasili kimi hesablamağı təklif edir ki, bu da iqtisad elmində məcmu faydalığın müəyyən edilməsinin multiplikativ üsulu adlanır. Bu barədə Vizer belə yazır: "Faydalığın hesablanmasının əsas qanunu göstərir ki, məhsulun hər bir vahidi son faydalığa uyğun olaraq müəyyən edilir. Bu qanunu biz son faydalıq qanunu və yaxud daha qısa desək son qanun adlandıracağıq".

Vizer göstərir ki, məhsulların dəyəri istehsal xərclərinin dəyəri ilə, istehsal xərclərinin dəyəri isə son sərvətin faydalığı ilə müəyyən edilir. Belə bir mövqedən çıxış edərək o, istehsal xərclərini qurban verilmiş və ya alternativ fayda kimi qiymətləndirir. Yeri gəlmişkən qeyd edək ki, belə bir müddəa iqtisad elmi tarixinə "istehsal xərcləri qanunu" və yaxud "Vizer qanunu" adı ilə daxil olmuşdur. Həm də Avstriya məktəbi bu qanunu bütün sərvətlərə şamil etmiş, yalnız hava, su, torpaq və s. bu kimi "sərbəst sərvətlər" adlandırdığı nemətlərə aid etməmişdir. Vizer həmin qanunu aşağıdakı kimi şərh edir: "Hər hansı bir sərvətin real dəyəri bu sərvətin istehsalına yönəlmiş resursların köməkliyi ilə istehsal edilə biləcək digər sərvətlərin əldə olunmayan faydalığıdır... Faydalıq haqqında düşünərək "xərcləri" unudan hər bir kəs sadəcə olaraq yalnız bir istehsalın faydası haqqında düşünür, başqasının faydası haqqında isə unudur". Vizer qeyd edirdi ki, xərclər (məsrəflər) dəyəri müəyyən etmir, əksinə, bu axırıncı müstəqil surətdə mövcud olur və xərcləri sanksiyalaşdırır.

Vizerin tədqiqatının mühüm istiqamətlərindən biri də "əvəzetmə" nəzəriyyəsi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, Avstriya məktəbinin yaradıcısı K.Menger sərvətin yaradılması prosesində iştirak edən istehsalın üç amilinin - əməyin, kapitalın və torpağın ayrı-ayrılıqda rolunu və əhəmiyyətini bir-birindən seçib ayırmamışdır. Mengerdən fərqli olaraq Vizer istehsalın üç amili konsepsiyasından çıxış edir və göstərirdi ki, bu amillərin əlaqələndirilməsini öyrənmək, sonra isə hər bir amilin digəri ilə əvəz ediləcək hissəsini müəyyən etmək lazımdır. Onun fikrincə əvəzetmənin vəzifəsi bir çox səbəblər içərisindən qoyulmuş məqsədə uyğun olan və buna görə də praktiki əhəmiyyət kəsb edən həlledici səbəbləri axtarıb tapmaqdan ibarətdir. Buradan isə Vizer belə bir nəticəyə gəlirdi ki, əvəzetmə gəlirin amillər üzrə bölünməsini faydalığının hesablanması aktından başqa bir şey deyildir. Öz iqtisadi tədqiqatında xüsusi mülkiyyətin səmərəliliyi məsələsinə də yer verən Vizer onu təsərrüfatçılığın məzmunu ilə müəyyən edirdi. Bu mövqeyi sübuta yetirmək üçün o, xüsusi mülkiyyətin səmərəsini aşağıdakı üç şərtlə əlaqələndirir: birincisi, öz mülkiyyətini digər iddiaçılardan qorumaq üçün təsərrüfat nemətlərinin xərclənməsinə qənaətlə yanaşmanın zəruriliyi; ikincisi - "mənimki" və "səninki" məsələlərinin fərqləndirilməsinin vacibliyi; üçüncüsü isə mülkiyyətin təsərrüfatçılıqla istifadəsi üçün hüquqi təminatın vacibliyi.

Vizerin son faydalıqla bağlı iqtisadi görüşlərinə yekun vuraraq göstərməliyik ki, onlar bütövlükdə marksizmin əmək-dəyər nəzəriyyəsinə qarşı yönəlmişdir. Əmək-dəyər nəzəriyyəsinə iqtisadi-praktiki baxımdan qiymət verərək Vizer yazırdı ki, dəyəri bu cür (yəni, marksizm nəzəriyyəsi əsasında) başa düşdükdə gələcəyin dövləti bircə gün də olsa iqtisadiyyata rəhbərlik edə bilməz.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin