§ 2. QURANİ-KƏRİMDƏ İQTİSADİ DƏYƏRLƏR
İslam - dini əqidə olmaqla, insanların həyat tərzini nizamlayan və tənzimləyən ictimai-iqtisadi, sosial-siyasi, hüquqi-əxlaqi, mənəvi-mədəni davranış qaydalarını əsaslandıran bütöv bir elmi sistemdir. Bu sistem öz zənginliyini Qurani-Kərimdən, Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən, əhli-beyt umanlarının fikirlərindən və böyük ilahiyyatçı alimlərin fitvalarından (qərar və ya mühakiməli) ictihadları (müstəsna qərar) götürmüşdür. Qurani-Kərim Allahdan Həzrəti Məhəmmədə (s.ə.s.) 610-cu ildə Ramazan ayında nazil olunan sözlərin oxunması kimi 23 il ərzində yığılmış və islam dininin ən möhtəşəm, müqəddəs kitabına çevrilmişdir. Quran 114 surədən ibarət olub, müxtəlif qiraət variantlarına görə 6204 və ya 6236 ayəyə bölünür. 1.Əl-Fatihə (kitabı açan) surəsi müstəsna olmaqla, Quranda surələr qısalma qaydası ilə düzülmüşdür. Surələrin ardıcıllığını bir-birindən "Bismillahir-Rəhmanir-Rəhim (Rəhimli, Mərhəmətli Allahın adı ilə) kəlamı ayırır. Yalnız 9.Ət-Tövbə surəsinin əvvəlində "Bismillahir" kəlamı işlədilmir. Bunun səbəbini müfəssirlər onun 8.Əl-Ənfal surəsinin adı olması ilə əlaqələndirirlər.18 Ən uzun surə 2.Əl-Bəqərə surəsidir, 286 ayədən ibarətdir. Ən qısa surələri isə 103. Əl-Əsr, 108. Əl-Kövsər və 110. Ən-Nəsr surələridir ki, hərəsi 8 ayədən ibarətdir. Ayələrdə 1-dən 68-ə qədər söz vardır. Ümumiyyətlə, Qurani-Kərimdə 77934 söz mövcuddur. Qurani-Kərim Həzrəti Məhəmmədə (s.ə.s.) birdən-birə deyil, hissə-hissə, ilkin olaraq Məkkədə, sonra Mədinədə vəhy edilmişdir. Allahın əmri ilə cənab Cəbrayıl tərəfindən Həzrəti Məhəmmədə (s.ə.s.) ayə-ayə çatdırılmışdır. Məkkə surələri ilkin olaraq həcmcə çox qısa olmuşdur. İlahiyyatçı alimlərin fikrinə görə, Quranın 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə nazil olmuşdur. Qurani-Kərimin göndərilməsinə işarə edilən ayədə göstərilir ki, "elmə ətraflı izah etdiyimiz kitab (Quran) gətirdik" (7.Əl-Əraf (sədd) surəsi, ayə 5). İslamın ən böyük möcüzəsi hesab olunan Quranın insanların, ətrafda baş verən bütün hadisələri elm və hikmətlə, ağıl və məntiqlə müşahidə etməyə istiqamətləndirməsidir.
İslam elmə varid olanları xüsusi qeyd edir. Bununla əlaqədar Qurani-Kərimi bilənlərlə, heç bilməyənlər eyni ola bilərmi? (39.Əz-Zümrələr surəsi, ayə 9). 2.Əl-Bəqərə surəsinin 247; 6.Əl-Ənam surəsinin 80-ci, 148-ci; 7.Əl-Əraf surəsinin 52-ci; 16.Ən-Nəhl surəsinin 27-ci ayələrində elmə və ona varid olanlara xüsusi üstünlük verilərək, onlara dünya və axirət üçün nəticə çıxartmağı göstərmişdir.
Qurani-Kərimdə insan azadlığına aid olan ayələrdə göstərilir ki, Allah insanı milliyyətindən, rəngindən, cinsindən asılı olmayaraq bərabər yaratmışdır. Qulu, köləni azad etmək, onun insani haqlarını bərpa etmək, ən ali mənəvi davranış qaydalarına daxil olan, xüsusi, savabı böyük olan yaxşı işlərdəndir.
Mütləq mənada azad olan insan başqasına görə deyil, qarşılıqlı fəaliyyət nəticəsində bir-birilə hər cür qarşılıqlı münasibətdə bərabərşəkilli sərbəstliyi duymalı və görməlidir. Belə vəziyyət isə ədalətli davranışı əsaslandırır. Qurani-Kərimdə göstərilir: "Ölçüdə və çəkidə düz olun. Söz söylədiyiniz zaman qohumlar olsa belə ədalətli olun". (6.Əl-Ənam surəsi, ayə 152).
Göstərmək lazımdır ki, istər bu ayədə, istərsə də bu surənin 157-ci; 7.Əl-Əraf surəsinin 85-ci; 17. Əl-İsra surəsinin 35-ci; 26. Əş-Şuəra surəsinin 181, 182-ci; 55. Ər-Rəhman surəsinin 89-cu; 8. Əl-Ənfal surəsinin 69-cu; 14. İbrahim surəsinin 31-ci; 65. Ət-Talaq surəsinin 7-ci ayələrində göstərilən "Ölçü və çəki" bir tərəfdən düzlüyü, halallığı, təmizliyi əks etdirsə də, onun rəmzi mənası daha çox ədaləti əks etdirir.
Digər tərəfdən, islam iqtisadi sistemində ekvivalent mal mübadiləsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar 4. Ən-Nisa surəsinin 29-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Qarşılıqlı edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüz-özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir". Yaxud, 7. Əl-Əraf surəsinin 85-ci ayəsində göstərilir: "Adamların mallarının dəyərini azaltmayın". Göründüyü kimi, insanın mənəvi davranış qaydalarının formalaşdırılmasında müstəsna dərəcədə onun iqtisadi fəaliyyətindən irəli gələn davranış qaydaları da xüsusi rol oynayır. Yalnız fəaliyyət göstərməklə, başqaları ilə təsərrüfat əlaqələrinə girməklə, insan həm mənəvi davranışının meyarını, həm də maddi fəaliyyət həddini müəyyənləşdirə bilər. Ona görə də Qurani-Kərimdə insanların nəsillər boyu əmək bölgüsünün dərinləşdiyi, mübadilə prosesinin mürəkkəbləşdiyi şəraitində qarşılıqlı əlaqəyə girdikləri zaman adamların həm mənəvi, həm də maddi davranış qaydalarını rəhbər tutmaq ardıcıl olaraq göstərilir.
Göstərilir ki, yer üzündə yerləşdirilən insanlar üçün hər cür dolanacaq vasitələri mövcuddur.
Adamlar hər cür zənginliyə, yeməyə, içməyə layiqdirlər. Lakin onlar hər cürə israfçılıqdan uzaq olmalıdırlar. "Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz". (7. Əl-Əraf surəsi, ayə 31).
İnsanların fərdi qabiliyyəti daxilində dövlət əldə etmək imkanı Quranda xüsusi qeyd olunur və göstərilir ki, "hərə öz qabiliyətinə görə iş görər" (17. Əl-İsra surəsi, ayə 84)
Deməli, insanlar qabiliyyətləri daxilində malik olduqları nemət və sərvətlərin xüsusi mülkiyyətçisinə çevrilməklə, ondan yalnız istifadə edə bilər və sərəncam verə bilər.
İnsanların təbii sərvətlərə olan münasibətləri bərabərdir, orada hasil olunan nemətlər bütövlükdə xalqa, millətə məxsusdur. Yeni iqtisadi sistemin formalaşması şəraitində bu islami iqtisadi prinsiplərin nəzərə alınması olduqca vacibdir.
Bununla əlaqədar göstərilir ki, "Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik, nankorluq etməyin, ehtiyacı olana şəriət qaydaları üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız" (20. Ta ha surəsi, ayə 81).
İnsanların sərvətlərə olan hərisliyini, tamahkarlığını nəzərə alaraq islam iqtisadi sistemində zəkatın, sədəqənin, fitrənin verilməsinə xüsusi diqqət, əhəmiyyət və üstünlük verilir. Mal-dövlət yığıb saxlayan və müəyyən qənimətlərə sahib olanlara, Allah payını acizlərə, "yoxsullara" verməyənlərə ciddi cəza veriləcəyi göstərilir. (70. Ən-Məaric surəsi (pillələr), ayə 18; 8. Əl-Ənfal surəsi (qənimət, ayə 41)).
Əlbəttə, bu payın verilməsi müəyyən hədlə müəyyənləşdiyindən, qeyd olunur ki, "Allah heç kəsi özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra dövlət əta edər". (65. Ət-Talaq (boşanma) surəsi, ayə 7).
Eyni zamanda, əldə olunan nemətlərdən qohum-əqrabaya, yoxsullara, pulu qurtarıb yolda qalan müsafirlərə haqqın verilməsi zərurəti göstərilir. Lakin bununla yanaşı, hər cür israfçılıqdan uzaq olmaq tövsiyə edir.
"Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan" (17. Əl-İsra "Gecə vaxtı seyr" surəsi, ayə 29).
Qurani-Kərimdə islam iqtisadi dəyəri kimi könüllü olaraq öz ehtiyacından artıq qalanını verməklə, insan ən yüksək ali davranışa malik olur və fərdi mənəviyyatı ucaldan prinsipi əldə edir. Quranda sədəqə ilə bağlı olduqca çox ayələr var. "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır". (2. Əl-Bəqərə surəsi, ayə 261).
"Sədəqə Allah yolunda canından keçərək yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür" (2. Əl-Bəqərə surəsi, ayə 273). "Həqiqətən Allah sədəqə verənləri mükafatlandırır" (12. Yusif surəsi, ayə 88).
Qurani-Kərimdə pul tədavülü ilə əlaqədar ayələr göstərilir. Pulun sələmə, faizə, ribaya verilməsinin ən murdar, iyrənc və çirkin bir əməl olduğu qeyd olunur. "Allah sələmi məhv edir, sədəqələri isə artırır" (2. Əl-Bəqərə surəsi, ayə 276).
Müamilə, sələmlə bağlı məsələ Qurani-Kərimdə qətiyyətlə pislənməklə yanaşı, o müsəlmanın iqtisadi davranış qaydaları üçün qadağan hesab olunur. Sələmin haram olması, insanlara bədbəxtlik gətirməsi Qurani-Kərimin 2. Əl-Bəqərə surəsinin 275-ci, 276-cı, 278-ci; 3. Ali-İman surəsinin 130-cu; 30. Ər-Rum surəsinin 39-cu ayələrində göstərilmişdir. Məsələnin mahiyyətinə iqtisadi nöqteyi-nəzərincə yanaşdıqda, aydın olur ki, belə bir hal həm ümumi tələbatı məhdudlaşdırır, həm pulu olanları fəaliyyətsizləşdirir. Həm işgüzarlıq meylini aşağı salır, həm də adamları bir-birindən ədalətsiz olaraq asılı edir. Eləcə də insanın insan tərəfindən istismarını dərinləşdirir, insan əxlaqını, etikasını və mənəviyyatını çürükləşdirir.
Qurani-Kərimdə iqtisadi dəyərlərlə tanışlıq göstərir ki, bu elmin elə problemi yoxdur ki, orada ona toxunulmasın. Bəlli olduğu kimi, iqtisadi təfəkkürün formalaşdığı və insan həyatında dəyişikliklərin uğramasına aid elmi-iqtisadi anlayışların mahiyyətinə dair baxışlar əsasən Qərbi Avropada XVIII-XX əsrdə formalaşmışdırsa, lakin Qurani-Kərimdə onların anlamına çox incəliklə toxunulmuşdur. İqtisadi davranış qaydalarını, fəaliyyət həddini müəyyən edən bir sıra iqtisadi anlayışlar Qurani-Kərimdə ardıcıllıqla və əsaslandırılmış şəkildə verilmişdir. Məsələn, nemət, mənfəət, xərc, ehtiyac kimi anlayışlar daha çox təkrarlanaraq, sədəqə, sələm, xeyir, borc, imkan, fərq, israf kimi anlayışların mahiyyəti, faydalılıq, müvazinət, mübadilə, müxtəliflik, qıtlıq, fərq, rəqabət, zəngin, varlı, yoxsul, miskin, kölə kimi anlamlar göstərilir.
Qurani-Kərimdə islami prinsip kimi mövcud olan azadlıq, ədalət, bərabərlik, qardaşlıq kimi ifadələrin iqtisadi mahiyyətini əks etdirən mülk, seçim, borc, nizam, hədd, ölçü, çəki, haqq, əməl kimi anlayışlar göstərilir. İnsanların fəaliyyətini əsaslandıran çalışmaq, əmək, torpaq, sərmayə, vaxt, işgüzarlıq kimi amillərin mahiyyəti də əks olunaraq, xüms, zəkat, həcc kimi vacib bədən ibadətinin zəruriliyi göstərilir.
Qurani-Kərimin surələrinə diqqət yetirərkən aydın olur ki, onun bir sıra surələrində bilavasitə iqtisadi dəyərləri əks etdirən xeyli ayələr vardır. Məsələn, 2. Əl-Bəqərə surəsinin 286-cı ayəsinin 86-da; 3. Ali-İmran surəsinin 200 ayəsinin 41-də; 16. Ən-Nəhl surəsinin 128 ayəsindən 31-də, Əl-İsra surəsinin 111 ayəsinin 16-da bilavasitə iqtisadi dəyərlərdən bəhs edilir. Bundan əlavə, 4.Ən-Nisa; 6.Əl-Ənam; 7.Əl-Əraf; 8.Əl-Ənfal; 9.Əl-Tövbə; 11.Hud, 20, Ta ha; 30. Ər-Rum; 31. Loğman; 39. Əz-Zumar; 41. Fussilət; 47. Məhəmməd; 51. Əz-Zariyat; 55. Ər-Rəhman; 57. Əl-Hədid; 70. Əl-Məaric surələrində 4-10 arasında ayələr vardır. Bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, Qurani-Kərimdə dini-mənəvi dəyərlərin ali davranış meyarlarını, eləcə də elmi gerçəkliyin müxtəlif sahə və istiqamətləri ilə bağlı ayələri göstərməklə, eyni zamanda insanın dünyəvi həyat tərzini nizamlayan, tənzimləyən, maddi dəyərlərlə bağlı davranış hədlərini, qaydalarını müəyyən edən ayələr də göstərilmişdir.
Qurani-Kərim bəşəriyyət aləmində, onun müqəddəs ayələrindən bəhrələnən insanların həyat yolunda sönməz və əbədi məşəldir.
Dostları ilə paylaş: |