DərsliK İqtisad elmləri doktoru, professor


§2. NEOLİBERALİZM VƏ MONETARİZM: FƏRQLƏR VƏ ÜMUMİ CƏHƏTLƏR



Yüklə 0,6 Mb.
səhifə97/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   121
referat 921

§2. NEOLİBERALİZM VƏ MONETARİZM: FƏRQLƏR VƏ ÜMUMİ CƏHƏTLƏR
XX əsrin 20-30-cu illəri dünya ölkələrinin iqtisadiyyatında böyük dəyişikliklərlə müşayiət olunurdu. Cəmiyyətdə baş verən iqtisadi dəyişikliklər iqtisadi nəzəriyyədə də dəyişikliklər tələb edirdi. Artıq uzun illər ərzində siyasi iqtisadda aparıcı rollardan birini oynamış liberalizm cərəyanı öz qüvvəsini itirmişdi. Əsas iqtisadi problemlərin həllində yeni münasibətlərdə müxtəlif cərəyanlar formalaşırdı. Bunlara liberalizmin davamçısı kimi tanınan neoliberalizm və siyasi-iqtisadda yeni cərəyan olan keynsçiliyi göstərmək olar. Hər iki cərəyanın tədqiqat mərkəzində "tənzimlənən iqtisadiyyat" problemi dururdu. Onların ən mühüm fərqləri də bu problemə necə yanaşmalarından yaranmışdı. Keynsçilik dövlət tənzimini tam müdafiə edir və ona hər hansı bir məhdudiyyət qoymurdu. Neoliberalistlər isə əvvəlcə dövlət tənziminin tam əleyhinə çıxsalar da sonralar onu qəbul etməyə məcbur oldular. Neoliberalistlər kapitalizmin tərəddüdlü inkişafını, baş verən böhranları dövlət tənzimi prinsiplərinin düzgün müəyyən olunmasında, dövlət tənzimi sərhədlərini düzgün müəyyənləşdirilməməsində görürdülər. Neoliberalistlərin əsas şüarı, "azad sahibkarlıq", "sosial bazar təsərrüfatı" idi. Onların fikrincə bazar iqtisadiyyatı tam azad rəqabətə əsaslandıqda daimi yüksələn inkişafa malik olmalıdır. Lakin insanların psixoloji meylləri rəqabətin pozulmasına, inhisarlaşmağa meyl yaranmasına səbəb olur ki, bu da sistemin inkişafında dissproporsiyaya - işsizlik, inflyasiyaya və s. səbəb olur. Beləliklə, dövlət tənziminin əsas məqsədi, bu pozulmaların qarşısını almaq, mükəmməl rəqabəti təmin etməkdən ibarət olmalıdır.

Neoliberalizmin ilk nümayəndələrindən biri olan Amerika iqtisadçısı Uolter Limpman "Azad şəhər" kitabında liberalizmin ənənələrini müəyyən şəkildə davam etdirir və dövlət tənziminin yeni prinsiplərini əsaslandırır. Limpmanın fikirləri neoliberalizmdə mühüm rol oynamışdır. Hətta 1938-ci ildə Parisdə keçirilmiş neoliberalların konfransı onların tərəfindən "Uolter Limpman kollokkviumu" adlandırmışdır. Məhz, bu kollokkviumda neoliberallar tam təsdiq etdilər ki, kapitalizm iqtisadiyyatı özünü müstəqil tənzimləməyə malik deyil və dövlətin rolu inkar edilməzdir. Neoliberalizm inkişaf etmiş kapitalist ökələrində sürətlə inkişaf etdi. Müxtəlif ölkələrdə onun öz xüsusiyyətləri ilə fərqlənən cərəyanları formalaşmağa başlandı.

Neoliberalizm bu adla Almaniya Federativ Respublikasında geniş yayılmışdır. Fransada neoliberal dirijizm, Avstriya və İsveçrədə neomarjinalizm, İngiltərədə neoindividualizm, Amerika Birləşmiş Ştatlarında monetarizm kimi neoliberalist cərəyanları formalaşır.

Monetarizm öz xüsusiyyətləri ilə başqa neoliberalist cərəyanlardan daha çox fərqlənirdi. Bu fərqlər 70-ci illərdən daha çox artmış və monetarizm öz təkamülü ilə elə bir səviyyəyə çatmışdır ki, hazırda onu yeni konservativ doktrinalar ittifaqına aid edirlər. Lakin başlıca iqtisadi nəzəriyyə məsələlərinə baxışda monetarizm neoliberalizmlə həmfikirdir. Hələ neoliberalizm yarandığı dövrdə onun aparıcı nümayəndələri olan alman iqtisadçıları V.Repke, A.Ryustov, V.Oyken və s. fəal surətdə başqa cərəyanları, onların nəzəriyyələrini tənqid edir, öz nəzəriyyələrinin əsaslandırılmasında bu metoddan istifadə edirdilər. Onlar K.Marksın dəyər nəzəriyyəsini qeyri-təcrübi, həmfikir nəzəriyyəsi kimi qiymətləndirdilər. Dəyər nəzəriyyəsini bir şəxsin ağlının məhsulu hesab edirdilər. Bu fikir monetarizmin banisi M.Fridmen tərəfindən də təsdiqlənir. Onun fikrincə dəyərin mənbəyini əmək nəzəriyyəsi ilə izah etmək, dəyərin mənbəyini insan əməyində görmək yanlışdır. İnsan ona görə insandır ki, onun şüuru var. Necə ki, insanı onun psixologiyası müəyyən edir, dəyərin mənbəyi də məhz psixologiyada axtarılmalıdır. İnsanın bütün fəaliyyəti həyatdan zövq almağa yönəlmişdir. Bütün proseslərin: müharibələrin, istehsalın, sərvət yığımının və s. mənbəyi - məhz zövqün ödənilməsi ilə bağlıdır. Hər hansı bir şeyin dəyəri ona nə qədər insan əməyi sərf olunmasında deyil, onun insan zövqünü nə dərəcədə ödəməyə qabil olmasında və insanın onu necə qiymətləndirməsindədir.

Qərbi Almaniya neoliberalistləri dəyərin izahına psixoloji aspektlərin öyrənilməsi nöqteyi-nəzərindən yanaşırdılar. Oyken məhsulların dəyərini onların istehlak prosesində müxtəlif əhəmiyyətləri ilə əlaqələndirir. Məhz bu aspektdən neoliberalistlər bazar iqtisadiyyatının "xüsusi siqnallar sistemini" əsaslandırırlar. Onların fikrincə sahibkar, istehsalçı bazarı öyrənərək istehsalçıların tələbatını, zövqünü müəyyən edir və buna uyğun məhsul istehsal edir. Beləliklə, məhsul hələ bazara çıxmazdan, əvvəl, yəni əmtəə olmazdan əvvəl onun dəyəri sahibkar tərəfindən müəyyən olunur. Bazarda isə əmtəələrin qiyməti formalaşır. Göründüyü kimi, neoliberalistlərin fikrincə dəyər subyektiv bir amildir. Qeyd etmək lazımdır ki, dəyərin psixoloji aspektdən izahı təkcə neoliberalistlərə, o cümlədən monetaristlərə xas olan əlamət deyil. Lakin bu fikir müasir iqtisadi nəzəriyyələrdə, o cümlədən keynsçilikdə də eyni cür izah olunur.

Neoliberalizmin pul və pul tədavülünə dair fikirləri onların dövlət tənzimlənməsinin metod və prinsipləri ilə sıx əlaqədardır. Pulla bağlı nəzəriyyələrdə neoliberalizm və monetarizmin əsas fərqləri meydana çıxır. Həm neoliberalistlər, həm də monetaristlər təsərrüfat həyatında pulu yüksək qiymətləndirir. Neoliberalistlərin fikrincə kapitalist iqtisadiyyatında disproporsiyalar qiymətlərin pula qarşı güclü hissiyyatı ilə əlaqədardır. İqtisadi problemlərin əsas səbəbini pulun sabitsizliyi ilə əlaqələndirir və pulun sabitsizliyinin də xeyli dərəcədə bankların fəaliyyəti ilə əlaqədar olmasını söyləyirlər. Oyken pul sabitsizliyini izah edərkən bunu, bankların "pul saraylarına" çevrilməsi ilə əlaqələndirir. Onun fikrincə, bank prezidentinin tərəddüdləri pul dövriyyəsində hiss olunur, pul kütləsinin tərəddüdlərinə səbəb olur. Yəni bank kreditinin artması pul kütləsini artırır, azalması isə əksinə azaldır. Pul kütləsinin artıb-azalması ilə uyğun olaraq qiymətlərin artması isə kreditə tələbi artırır. Oykenin fikrincə belə əlaqə iqtisadi problemlərin: böhranların, işsizliyin yaranmasına aparıb çıxarır. "Sosial bazar təsərrüfatında" bu problemin qarşısını almaq üçün sabit pul tələbi təklif olunur. Sabit pul tələbi problemi o dövrdə, o cümlədən indiki nəzəriyyələrdə də mühüm problemdir.

Neoliberalistlərdən fərqli olaraq monetaristlər pulu təkcə təsərrüfatın əhəmiyyətinin faktoru kimi deyil, onu daha vacib bir şey kimi nəzərdən keçirirlər. Monetaristlərin fikrincə pul bütün təsərrüfatı öz ətrafında fırladan maqnit oxudur. Pul problemi başlıca iqtisadi problem hesab olunur və bütün digər problemlər pul tələbində, pul tədavülündə baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir. Neoliberalistlər kimi monetaristlər də "sabit pul" ideyasını irəli sürürlər. Lakin monetaristlər buna çatmağı başqa yolla həyata keçirirlər. Monetaristlərin əsas məqsədi pul təklifini sabitləşdirməkdən ibarətdir. Onlar 1929-1933-cü illər Böyük Depressiyanın əsas səbəbini məhz bununla əlaqələndirir, əsas günahı ABŞ Federal Ehtiyatlar Sistemində görürlər. Onların fikrincə FES ölkənin pula tələbini düzgün müəyyənləşdirə bilməmiş, dövriyyədə pul azlığı yaratmışlar. Onlar pul təklifindəki dəyişiklikləri istehsalın, milli gəlirin dinamikasına təsir edən yeganə vacib amil hesab edirlər. Onlar xüsusi hesablamalarla dövriyyədəki pul kütləsinin illik artımının mümkün olan səviyyəsini müəyyən edirlər.

Neoliberalistlərin tədqiqat mərkəzində duran əsas problemlərdən biri iqtisadi böhranlar problemidir. Məlum olduğu kimi neoliberalizm kapitalizmin ümumi böhranı adlanan bir dövrdə yaranmışdır. Həmin dövr neoliberalistlərin qarşısında xüsusi məsələ qoymuşdur: böhranların səbəbini araşdırmaq və onlara qarşı tədbirlər sistemi hazırlamaq. Neoliberalistlərə görə böhranlar iqtisadiyyatın daxili ziddiyyətlərinin nəticəsi deyil. O qeyri-iqtisadi amillərlə bağlıdır. Qeyri-iqtisadi amillərə neoliberalistlər əsasən psixoloji motivləri aid edirlər. Onların fikrincə böhranlar yalnız kapitalizmə aid deyil, istənilən cəmiyyətdə məxsus olan normal bir haldır. Onlar böhran sözünü bir iqtisadi termin kimi iqtisadi nəzəriyyədən çıxarır, "böhran nəzəriyyəsini" "konyuktura nəzəriyəsi" ilə daha doğrusu, "kapitalizmin tərəddüdsüz inkişaf" nəzəriyyəsi ilə əvəz edirlər. Neoliberalistlərin fikrincə böhran adlandırılan iqtisadiyyatın bu dəyişiklikləri sadə konyuktura dəyişiklikləridir. Qeyd etmək lazımdır ki, hazırda müasir Qərb iqtisadi nəzəriyyəsində böhran termini işlədilmir. Hətta 1929-1933-cü illər böhranı "Böyük depressiya" adlandırılır.

Monetaristlərin tsikl nəzəriyyəsi neoliberalistlərdən fərqli olaraq, başqa cürdür. Düzdür, neoliberalistlər kimi monetaristlər də tsiklik inkişafı qanunauyğun normal hal kimi hesab edirlər. Ancaq tsiklik inkişafın səbəbinin müəyyənləşdirilməsində onların baxışları fərqlənir. Monetaristlər tsiklik inkişafı, iqtisadi tərəddüdləri pul kütləsində baş verən tərəddüdlərlə əlaqələndirirlər. Neoliberalistlər isə əsas səbəbi psixoloji motivlərdə: rəqabətdən kənarlaşmaya və inhisarçılığa meyl, sərvət yığımı və s. əlaqələndirirlər. Onların fikrincə bu amillər son nəticədə bazar təsərrüfatının tənzimlənmə mexanizmini pozur ki, bu da əsas iqtisadi problemlərlə müşayiət olunur. Neoliberalistlər dövlət tənziminin geniş dairə əhatə etdiyi bir şəraitdə tsiklik inkişafın aradan qaldırılmasını qeyri-mümkün hesab edir.

Neoliberalistlərin nəzəriyyəsində riyazi modellər üstünlük təşkil edir. Fransa neoliberalisti J.L.Ryufin fikrincə bu metod kapitalist iqtisadiyyatının kəmiyyət qanunauyğunluqlarını aşkar etməyə imkan verir. Lakin bütöv nəzəriyyə yaratmaq üçün o, keyfiyyət tərəfi olan nəzəri əsaslandırmalarında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edir. O, işsizliklə real əmək haqqının düz mütənasib asılı olan modelini verir. Eyni fikri monetaristlər də təsdiq edirlər. Onların hər ikisinin kökündə məhsuldarlığın azalması qanunu durur. Ryuef işsizliyin qarşısının alınması üçün əmək bazarını kristallaşdıran amillərin qarşısını almağı təklif edir. Monetaristlərin fikrincə işsizlik insanların məcburi deyil, təbii meylidir. İşdən azad olunmuş adam daha aşağı şərtləri qəbul etsə yenidən işləyə bilər. Hər iki cərəyan həmkarlar ittifaqının fəaliyyətinin işsizliyin artmasına səbəb olduğunu təsdiq edir. Onların əmək haqqını artırmaq cəhdləri kapitalist mənfəət normasının azalmasına səbəb olur. Ryuefin tarazlıq modelinə görə tarazlıq azad bazar qiymətlərinin təsiri şəraitində baş verir. O dövlətin iqtisadi tənziminin genişlənməsinin təsərrüfat mexanizminin pozulmasına səbəb olan amil hesab edir. Dövlətin əsas iqtisadi siyasəti azad bazar qiymətlərinin qarşılıqlı fəaliyyətini təmin etməkdən ibarətdir. Monetaristlərə görə isə əsas iqtisadi siyasət pul kütləsinin sabit, dəqiq müəyyən olunmuş artımını müəyyən etməkdən ibarətdir.

Azad qiymətlər modeli neoliberalizmin əsas modellərindən sayılır. Model konform və qeyri-konform müdaxilələri əsas­lan­dı­rır. Konform dövlət müdaxiləsi aşağıdakılardır: valyuta devalvasiyası; qoruyucu rüsumlar; iş vaxtının (bayramların) müəyyən olunması, normal qiymətləri bərpa məqsədi ilə qiymət tənzimi, qızılın qiymətinin sabitləşdirilməsi, verilənləri süni dəyişməklə gəlirin dolayı bölgüsü, gəlirə vergi qoymaqla gəlirin düz üsulla bölgüsü. Qeyri-konform müdaxilə tədbirləri: valyuta təsərrüfatının məcburi aparılması; klirit siyasəti, xarici investisiyaların qadağan olunması, qiymətlərin və mənzil ödəmələrinin dondurulması; minimum əmək haqqı, dotasiyaların verilməsi və s. X.Kosslerin fikrincə, dövlət tənzimində konform və ya qeyri-konform tədbirlərin seçilməsi, onların pozulmuş bazar mexanizmini nə dərəcədə düzəltməyi vəd edilməsindən asılıdır. Digər alman neoliberalisti L.Erxardın fikrincə, iqtisadiyyatda dövlət tənziminə vacib tələb yaranmayınca dövlət belə tədbirlərdən istifadə etməməlidir. Müasir alman neoliberalizmi üçün "neoklassik sintezi" alman variantı, neoliberalizmin və keynsçiliyin birləşməsi xarakterikdir. Bu monetarizmlə daha çox dövr nəzəriyyələrində, xüsusi iqtisadi artım nəzəriyyəsində meydana çıxır.

Monetaristlər iqtisadi artımı pul kütləsinin artımına bağlayır. Neoliberalistlər iqtisadi artımın qlobal tənzimlənməsini təşkil edirlər. Müasir neoliberalistlər üçün planlaşdırma xüsusi əhəmiyyət kəsb edir. Alman iqtisadçısı Leylerin fikrincə sosial bazar təsərrüfatı ondan çox uzaqdır. Belə bir təsərrüfat, yəni müasir bazar iqtisadiyyatı xüsusi planlaşdırma tələb edir. Onlar qlobal tənzimlənmənin əsas elementlərini aşağıdakıları hesab edirlər.

-Məqsəd layihələri və yönəlmə göstəriciləri şəklində dövlət planlaşdırması;

-Orta tezlikli maliyyə planlaşdırması;

-Dövlət pul-kredit siyasəti;

Şübhəsiz ki, müasir neoliberalistlər həm monetarizmdən, həm də öz sələflərindən uzaqlaşmışlar. Buna görə də onları "neoklassik sintez" adlandırırlar.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin