Ümumi və xüsusiqabiliyyətlər. Adətən, hər şeydən əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər, hafizə, müşahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə aid etmək olar. Məsələn, müşahidəçilik qabiliyyətini şagird, müəllim, yazıçı, rəssam, kəşfiyatçı, alim və başqa fəaliyyət növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan qabiliyyətlərdir. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər insanda müvafiq təbii imkanların olması zəruridir. Adətən, ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar.
Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təşkil etmirlər. Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkişafı üçün baza rolunu oynayırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikirincə, «ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ gəlir1. Bu cür modifikasiyanın gedişini prof. Ə.Ə. Əlizadə belə şərh edir:
«Qavrayış ədəbi yaradıcılıqda poetik görmə, texniki-konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaşmağa başlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq), məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq). Təxəyyül ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv yaradıcılıqda fəza təxəyyülü kimi inkişaf edir. Təfəkkür ədəbi yaradıcılıqda obrazlı təfəkkürə, texniki-konstruktiv yaradıcılıqda texniki təfəkkürə çevrilir…
Bu proses qabiliyyətlərin «ixtisaslaşması» prosesidir»1.
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi qabiliyyətlərin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri zəruridir. Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır. Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində, tutaq ki, poetik qavrayış əsas rol oynadığı halda, başqa bir mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə bilər.