Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.
Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və inkişafın qarşılıqlı əlaqəsini, psixi proseslərin, xüsusilə şagirdlərdə təfəkkürün inkişafında təlim fəaliyyətinin aparıcı rolunu, təlim motivlərinin psixoloji xüsusiyyətlərini, təlim fəaliyyətinin struktur komponentlərini, əqli fəaliyyətin priyom və vərdişlərinin mənimsənilməsi prosesinin idarə olunması problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın predmetinə daxil olan ən mühüm komponentlərdəndir. Bunlarla yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi şərtləndirən psixoloji amilləri, müasir dərsə verilən psixoloji tələbləri, təlim prosesində müasir texniki vasitələrdən istifadənin psixoloji xüsusiyyətləri, pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri, müəllim və şagirdlərin qarşılıqlı münasibətlərinin, müəllimin pedaqoji bacarıq və vərdişlərinin, xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psixoloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psixoloji məsələlərini öyrənmək, aşkara çıxarmaq da pedaqoji psixologiyanın predmetini təşkil edir.
VI. 18. 2. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri
Yaş psixologiyası müasir psixologiya elminin əsas sahələrindən biri olmaqla yanaşı onun da özünəməxsus və bir-birini tamamlayan bölmələri vardır. Bunlara aşağıdakılar daxildir: uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gəncliyin psixologiyası, yaşlı adamların psixologiyası, uzun ömürlülük psixologiyası (herontopsixologiya).
Müasir yaş psixologiyasının qarşısında duran vəzifələr geniş və çoxsahəlidir. Yaş psixologiyasının qarşısında duran əsas vəzifə şəxsiyyətin inkişaf problemlərini, ayrı-ayrı yaş dövrlərində onun xüsusiyyətlərini, psixi inkişafın dinamikasını, ümumi qanunauyğunluqlarını öyrənməkdən ibarətdir. Şəxsiyyətin yaş aspektində inkişafının hərəkətverici qüvvələri, mexanizm, şərait və amillərinin, təlim-tərbiyə prosesində psixi inkişafın yaş xüsusiyyətlərini nəzərə almağın səmərəli yollarının və s. öyrənilməsi də yaş psixologiyasının qarşısında duran mühüm vəzifələrdən hesab edilir.
Dostları ilə paylaş: |