Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji cəhətdən əsaslandırılmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının korreksiyası məsələlərini öyrənir. Bunların hamısı vahid bir vəzifəni - şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetirməyə yönəlmiş olur.
Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji qanunauyğunluqlarını, didaktikanın, xüsusi metodikaların, problemli təlimin, proqramlaşdırılmış təlimin, əqli əməliyyatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. məsələləri tədqiq edib öyrənir.
Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixoloji istiqamətini, pedaqoji funksiyasının, pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, pedaqoji mərifət və pedaqoji ünsiyyətin psixoloji xüsusiyyətlərini və s. öyrənir.
.
VI.18.5. Yaş və pedaqoji psixologiyasının tədqiqat metodları
Yaş psixologiyasında istifadə olunan tədqiqat metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların bir qismi ümumi psixologiyadan, digər qismi differensial psixologiyadan, üçüncü qismi sosial psixologiyadan götürülmüşdür.
Uşaqlarda idrak proseslərinin və şəxsiyyətin öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixologiyadan götürülmüşdür. Bu metodlar uşaqların yaşına uyğunlaşdırılmaqla ayrı-ayrı yaş dövrlərində qavrayışın, diqqətin, hafizənin, təxəyyülün, təfəkkürün və nitqin inkişaf xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.
Differensial psixologiya yaş psixologiyasını uşaqların fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün zəruri olan metodlarla təmin etmişdir. Bu metodlar içərisində əkizlər metodu xüsusi yer tutur.
Sosial psixologiyadan götürülmüş metodlardan müxtəlif uşaq qruplarında şəxsiyyətlərarası münasibətləri, eləcə də uşaqlarla yaşlı adamlar arasındakı qarşılıqlı münasibətləri öyrənmək üçün istifadə olunur. Həmin metodlar uşaqların yaşına uyğunlaşdırılmış olur. Bunlara müşahidə, sorğu, intervyu, sosiometrik metodu, sosial-psixoloji eksperimenti aid etmək olar.
Qeyd olunan metodların bəzilərinin tətbiqi xüsusiyyətlərinə nəzər salaq.
Dostları ilə paylaş: |